Yaşından asılı olmayaraq hər kəsin səbirsizliklə gözlədiyi Yeni il bayramını fərziyyələrə görə, ilk dəfə qədim çinlilər keçiriblər. Daha sonra o, bir çox xalqların ənənəvi bayramına çevrilib.
Xüsusi atributlara sahib olan Yeni ilin əsas rəmzlərindən biri - Şaxta baba müxtəlif ölkələrdə fərqli adlandırılır. O, Türkiyədə Noel baba, ABŞ, İngiltərə və Avstraliyada Santa Klaus, Avstriyada Müqəddəs Silvestr, İspaniyada və Meksikada Papa Noel, Fransada Le Pere Noel, Rumıniyada Moş Carile, Hollandiyada Sinte-Klaas, Yunanıstanda isə Müqəddəs Vasilis adlanır. Şaxta babanın vətəni isə Finlandiya ərazisində yerləşən Laplandiya hesab edilir. Burada Rovaniemi şəhərinin yaxınlığında bayram ərəfəsində minlərlə turistin axın etdiyi "Santa-Klaus kəndi" yerləşir. Kəndə girəndə Santanın evini, qonaqları qarşılayan cırtdanları və maral qoşqusunu görmək olar.
Bayramın digər rəmzi olan al-əlvan işıqlarla və rəngli oyuncaqlarla bəzədilmiş şam ağacı isə həyat və yeni doğuluşun rəmzi kimi müqəddəs ağac hesab edilir. İlk zamanlar təbii ağaclardan qurulan yolka sonralar süni ağaclarla əvəz olundu.
Yer kürəsi müxtəlif saat qurşaqlarına bölündüyünə görə, Yeni ili hər kəs eyni saatda qarşılamır. 2025-ci ili ilk Sakit Okean, Tonqa, Kribati adalarının sakinləri qarşılayacaq. Bu adalarda ilin son günü Bakı vaxtilə 10:00-da Yeni il başlayacaq. Yeni il ən gec ABŞ-nin Beyker və Haulend adalarında yanvarın 1-i saat 16:00-dan etibarən başlayacaq.
12 ayı simvolizə edən 12 üzüm giləsi
Yeni ili hər xalq öz adət-ənənəsinə uyğun qarşılayır. İnsanların böyük bir qismi süfrədəki yeməklərin, geyindikləri libasların növbəti ilin aqibətini müəyyən edəcəyinə, uğur gətirəcəyinə inanırlar. Məsələn, İspaniyada 31 dekabr gecə 12 tamamda masanın altına girib 12 ədəd üzüm yemək adəti var. İspanlar hər üzüm dənəsinin növbəti ilin bir ayı üçün uğur gətirdiyinə inanırlar. Madrid və Barselona kimi daha böyük şəhərlərdə isə insanlar üzümlərini birlikdə yemək üçün əsas meydanlara toplaşır və yeni ili orada qarşılayırlar.
İtalyanlar Yeni ili bərkdən qışqıraraq qarşılayırlar. Ucadan və emosional danışmaq bu xalq üçün xarakterik olsa da, bayram günü bu xüsusiyyət daha qabarıq şəkildə nümayiş etdirilir. Urbaniya şəhərində hər Yeni il zamanı təşkil olunmuş Bafana adlı şənlikdə böyüklər cadugər paltarı geyinərək uşaqlara hədiyyə paylayırlar. İtalyanlar növbəti ili qarşılamadan öncə evdəki köhnə əşyaları pəncərədən atır, beləcə, Yeni il astanasında bütün artıq "yük"lərdən azad olurlar.
Yeni il gecəsi türklər qapının ağzında yerli bolluq simvolu olan narı sındırıb, bir-birlərinə verirlər. Onlar əmindirlər ki, bununla gələn il onları uğurlar müşayiət edəcək. Türkiyədə bayram günləri insanlar qırmızı geyimdən daha çox istifadə edirlər.
Danimarkalılar köhnə boşqab və bardaqları yaxınlarının qapısına atır, stuldan tullanmaqla pis ruhların getdiyinə inanırlar. Cənubi Afrikada da yerli əhali Yeni ilin şans və bərəkət gətirməsi üçün köhnə ev əşyalarını pəncərədən atır. Finlandiyada ərimiş metalı suya tökür, əldə edilən fiqura baxaraq gələn ili proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə evliliyə işarədir. Panamada xüsusi hazırlanan kuklalar Yeni il tonqalında yandırılır. Köhnə ili təmsil edən kuklanın yandırılması pis ruhların uzaqlaşdırılması və yeni başlanğıc deməkdir.
İngilislər isə Yeni ilin ilk saatlarında evə birinci gələcək qonağı səbirsizliklə gözləyirlər. İnanca görə, həmin qonaq ilin necə keçəcəyini müəyyən edir. Bu qonağın qadın, eləcə də sarışın və əsmər kişi olması arzuedilən deyil. Böyük Britaniyada ən uğurlu qonaq kürən kişi hesab olunur. Gələn ilk qonağın özü ilə şirin çörək, viski və kömür gətirməsi də adət halını alıb. Ev sahibləri qonağın gətirdiyi kömürü ocağa ataraq bunun sayəsində Yeni ildə ocaqlarının isti, ailələrinin daha mehriban olacağına inanırlar.
Məbəddə 108 zəng
Yaponiyada bayram simvolu küknar və bambukun calağından əldə olunan Kadomaçu ağacı hesab olunur. Ölkədə təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. İnanca görə, həmin zənglər insanların mənfi xüsusiyyətlərini aparır, pislikləri yaxşılıqlarla əvəz edir. Yeni ili ən böyük bayram hesab edən yaponlar yeni ili qarşılayarkən pis ruhların qovulması, xoşbəxtliyin, şansın gəlməsi üçün qapılarının önünə ip asırlar. Yeni ilin ilk dəqiqələrində yaponlar gülməyə başlayır, bu gülüşün növbəti 12 ayda onlara uğur gətirəcəyinə inanırlar.
Çində isə bayram ərəfəsində bir-birilərinə hədiyyə vermək adət halını alıb. Çinlilər növbəti ilin şans və bərəkət içində keçməsi üçün yeni əşyalar alır, evlərini çiçəklərlə bəzəyirlər. Saat 00:00-da yaxınların bir arada olması, növbəti ilə deyib-gülərək qədəm qoymaq uğurlu hesab edilir.
Filippində masada olan hər şeyin dairəvi olmasına diqqət edilir. Çünki bu həndəsi fiqur zənginlik əlaməti hesab edilir. Estoniyada isə inanırlar ki, bayram günü bir insan 7 növ yemək yesə, 7 nəfərin gücünə sahib olacaq. Peruda Yeni ildə Takanakuy festivalı keçirilir. Bayram gecəsi insanlar bir-birini yumruqlayır, bununla Yeni ilə daha rahat girəcəklərini düşünürlər. Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar. Boliviyada isə pulu şirniyyatların içərisinə qoyurlar. Bu şirniyyat kimə düşsə, növbəti ilin onun üçün daha uğurlu olacağına inanırlar. Çilidə insanlar yaxınlarının məzarı başında gecələyir, sibirlilər yeni ildə buzlu suya girirlər.
Dünyanın o biri başında yerləşən Avstraliyada Yeni il yay fəslinə təsadüf edir. Bu səbəbdən ada dövlətində bayramı çimərliklərdə, açıq havada qeyd edirlər. Santa Klaus isə Avropada olduğu kimi, ağ saqqala və qırmızı papağa malik olsa da, xarici görkəmi tam fərqlidir.
Yeni il süfrəsi nə qədər zəngin olarsa...
ABŞ-də bayramı qarşılamaq üçün qaragöz lobya yemək və "Auld Lang Syne" mahnısını oxumaq uğurlu hesab edilir. Amerikalılar düşünürlər ki, yeni ildə həmrəy olmaq üçün keçmiş günləri xoş əhvalla yola salmaq lazımdır. Yeni il Cənubi Amerika ölkələrində də maraqlı adət-ənənələrlə qeyd edilir. Argentinada sonuncu iş günündə havada pəncərələrdən küçələrə köhnə təqvimlər, blanklar və cürbəcür kağızlar atılır. Braziliyada isə bayramı qarşılamaq üçün toplardan atəş açılır. Atəş səsi eşidən kimi hər kəs bir-birini qucaqlayıb öpür. Braziliyalılar bununla bütün ilin xoşbəxt keçəcəyinə inanırlar. Yeni il ərəfəsində həmçinin okean çimərliyində qumların üzərində minlərlə şam yandırılır, dalğaların üzərinə gül ləçəkləri səpilir, növbəti ilin uğurlu keçməsi üçün dua edilir.
Kolumbiya sakinləri uğurlu Yeni il anlayışını səyahətlə assosiasiya edirlər. Onların fikrincə, ötən 364 gün ərzində nə qədər çox səyahət etmisənsə, deməli, ilin o qədər uğurlu keçib. Ona görə də Kolumbiyada insanlar köhnə ilin son günündə evlərin ətrafında boş çamadanlar gəzdirir, dövrə vururlar. Bununla da sonrakı ildə daha çox səyahət edəcəklərinə inanırlar.
Kuba zəngin Yeni il adətləri ilə seçilir. Burada bayram günü hər kəs evdəki qab-qacağı, stəkanları su ilə doldurur. Əqrəblər 12-ni göstərdikdə isə bütün su dolu qablar evlərin pəncərəsindən çölə axıdılır. Hesab olunur ki, bununla yeni il su kimi axar olacaq. Kubalılar da ispanlar kimi bayram gecəsi ilin aylarını simvolizə edən 12 üzüm dənəsi yeməlidir. Bu, onlara uğur gətirməlidir. Gecənin sonunda isə ada sakinləri əllərində fişəng və məşəl küçələrdə rəqs edirlər.
Yeni il deyəndə ağla ilk gələn ölkələr sırasında Belarus və Ukrayna da var. Şaxtalı havaları ilə məşhurlaşan bu ölkələr maraqlı Yeni il adətləri ilə fərqlənirlər. Həmin günlərdə ukraynalılar və belaruslar ənənəvi Yeni il yeməyi olan kişmişli şirin sıyıq və fəsəli bişirirlər. Bu xalqların nümayəndələri düşünürlər ki, Yeni il süfrəsi nə qədər zəngin olarsa, bütün ilboyu evdə belə bolluq müşahidə edilər.
Yeni ilin gəlişi Azərbaycanda da bayram əhvali-ruhiyyəsi ilə qarşılanır. Xalqımız bu bayrama həvəslə hazırlaşır, süfrələr açır, qonaq qəbul edir. Şəhərlərin mərkəzi küçələri Yeni il atributları ilə bəzədilib, hündür bəzəkli şam ağacları qurulub.
Diləyimiz odur ki, qarşıdan gələn Yeni il adət-ənənələrin fərqliliklərindən asılı olmayaraq, hər kəsə bərəkət, uğur gətirsin.
Ü.XASPOLADOVA,
"Azərbaycan"