Azərbaycanın Əməkdar jurnalisti, "Qırmızı Əmək Bayrağı" ordenli, "Qızıl qələm" mükafatı laureatı Mahmud Mirdaməd oğlu Ağalarovun anadan olmasının 100 illiyi münasibətilə Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Yüz yaşlı qəzetin 100 yaşlı redaktoru" adlı tədbir keçirilmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə RİH-in məsul nümayəndəsi, "Qələbə" qəzetinin kollektivi, veteran qələm sahibləri, yubilyarın doğmaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Mahmud Ağalarovun, "Qələbə" qəzetinin dünyasını dəyişmiş əməkdaşlarının və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında şəhid olmuş həmvətənlərimizin ruhu birdəqiqəlik sükutla yad edilmiş, yubilyarın həyat və fəaliyyətini özündə əks etdirən fotoslayd nümayiş etdirilmişdir.
"Qələbə" qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Humanitar və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, "Qələbə" qəzetinin sabiq baş redaktoru, Əməkdar müəllim Fərqanə Cəbrayılova, veteran jurnalist Rəhim Hüseynzadə, rayon ictimai ziyalılar birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Ağabəyli, "Qələbə" qəzetinin əməkdaşları Leyla Nəsirova, Təyyar Nəsirli, Əzizağa Məmmədli, rayon ziyalıları Vaqif İslamov, Hüseyn Ağayev, şair Zabil Pərviz və Lətif Zərbəliyev Mahmud Ağalarovu gözəl, səmimi, qayğıkeş insan kimi xarakterizə etmiş, onunla bağlı xatirələrindən söz açmışlar. Qeyd edilmişdir ki, mənalı ömrünün 50 ilini jurnalistikaya həsr etmiş Mahmud müəllim mənalı və ibrətamiz bir ömür yaşamışdır.
M.Ağalarov 1924-cü il dekabr ayının 25-də Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. O, orta məktəbdə oxuduğu illərdən mətbuata maraq göstərər və ilk qələm təcrübələrini rayonda çap edilən "Sosializm yolu" qəzetinə göndərərdi. 1940-cı ildə 16 yaşlı M.Ağalarovu "Sosializm yolu" qəzetində məsul katib vəzifəsinə işə götürmüşlər. Mahmud Ağalarov 1992-ci ilə kimi - yarım əsrdən çox mətbuat sahəsində çalışmışdır.
1952-ci ildən gənc jurnalist "Kommunist" qəzetinə işə dəvət edilmiş, 1956-cı ildə buradan Bakı Ali Partiya məktəbinin Jurnalistika şöbəsinə oxumağa göndərilmişdir.
1960-cı ildə ali təhsilini başa vuran Mahmud Ağalarov Qazax rayonunun "Qalibiyyət bayrağı", Qubanın "Şəfəq" qəzetlərinin redaktoru olmuşdur. 1965-ci ildən 1992-ci ilə kimi doğma Salyan rayonunda nəşr edilən "Qələbə" qəzetinə rəhbərlik etmişdir.
M.Ağalarov qəzet işini mükəmməl bilən, əməkdaşlarına həssas, isti münasibət göstərən bir rəhbər kimi tanınırdı. Həftədə 3 dəfə, orta hesabla 10 min tirajla çıxan "Qələbə" qəzetində ölkənin, respublikanın, habelə rayonun sosial-iqtisadi, mədəni həyatı çox geniş şəkildə öz əksini tapırdı.
Vaxtilə "Qələbə" qəzetində çalışmış jurnalistlərdən Vaqif Əliyev, Səxavət Qarayev, Alimə Möhsümova, Akif Bayramoğlu, Seyran Cavadov, Ziyafət Babayev, Fərman Əliyev, Əliqismət Lalayev, Qulam Sadiq, Soltan Abbas, Tofiq Kərim, Fəxrəddin Fərzəliyev və başqalarının peşəkar jurnalist kimi fəaliyyətlərində Mahmud müəllimin xüsusi rolu olmuşdur.
Mahmud müəllim Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən möhtəşəm quruculuq və abadlıq işlərinin fəal təbliğatçısı olmuşdur. 1992-ci ildən təqaüdə çıxandan sonra bir müddət rayon Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmişdir. Lakin redaksiya ilə həmişə müntəzəm əlaqə saxlamışdır. 1999-cu ilin may ayında haqq dünyasına qovuşan M.Ağalarov Azərbaycan jurnalistikasında izi qalan yazarlarımızdandır. Onun əziz xatirəsi rayon ictimaiyyəti arasında həmişə uca tutulmuşdur.
Tədbirdə iştirak edən M.Ağalarovun qızı Bahar xanım atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Rüstəm MƏLİKOV,
"Qələbə" qəzetinin baş redaktoru