Bu il Azərbaycan ədəbiyyatının görkəmli simalarından Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür. Prezident İlham Əliyev aprelin 4-də qüdrətli şair və böyük maarif xadiminin yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair eyni zamanda realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir".
Seyid Əzim aşiqanə-lirik şeirləri ilə Füzuli ənənələrini davam etdirən şair, satiraları ilə dövrünün qaranlıqlarına işıq salan maarifçidir. O, cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Böyük şairin xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.
Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı hələ sağlığında müasirlərinin diqqətini cəlb etmiş, dövrün ziyalıları onun əsərlərlərini yüksək dəyərləndirmişlər. Firidun bəy Köçərli onun çox böyük istedada malik olduğunu, məclislərdə şövqlə gəlib bədahətən gözəl şeirlər söyləməsini, şeir sənətinin bilicisi kimi misli-bərabəri olmadığını xüsusilə qeyd etmişdir. "Bu barədə Hacı Seyid Əzim rusların Puşkininə, ingilislərin Bayronuna, polyakların Mişkeviçinə bərabər imiş" demişdir. F.Köçərli şairin müxtəlif janrlarda yazılmış şeirlərini "Füzuli Bağdadinin kəlamına əvəz" ola biləcək əsərlər adlandımışdır: "Seyid Əzimin elə gözəl və səlis qəsidələri, elə xoşməzmun müxəmməsləri və qitələri, elə ruhpərvər qəzəlləri var ki, Füzuli Bağdadinin kəlamına əvəz ola bilərlər",- söyləmişdir. Professor Feyzulla Qasımzadə, Ə.Şirvani yaradıcılığının XIX əsr Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutduğunu yazırdı: "O, məhəbbəti tərənnüm edən Füzuliyanə qəzəlləri ilə istedadlı lirik şair, maarifçi şeirləri, təmsil, mənzum hekayə və satiraları ilə görkəmli realist sənətkar kimi tanınmışdır".
Hacı Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Atası Seyid Məhəmməd Şamaxının mötəbər şəxslərindən idi. Seyid Əzim erkən yaşlarından atasını itirdiyindən ana babası molla Hüseyn onu himayəsinə götürmüşdür. O zaman babası Dağıstanın Yaqsay kəndində ruhanilik edirdi. Burada o, nəvəsinin təhsili ilə özü məşğul olur, ona fars və ərəb dillərini öyrədirdi. Molla Hüseyn Seyid Əzimi də özü kimi din xadimi görmək istəyirdi. Beləcə, gələcəyin böyük şairi Yaqsay kəndində 10 ildən çox yaşayır. Sonra isə Şamaxıya qayıdıb mədrəsədə dini təhsilini tamamlayır. Amma o, ali ruhani təhsili almaq arzusundaydı. Elə bu məqsədlə də 1856-cı ildə İraqa yollanır. Əvvəlcə Nəcəf və Bağdadda, sonra Suriyanın Şam şəhərində ali ruhani mədrəsəsində oxuyur. Təhsilini tamamladıqdan sonra Şamaxıya qayıdır və bir müddət sonra Hacı Əlabbas adlı varlı tacirin maddi köməyi ilə Məkkəyə Həcc ziyarətinə gedir, Ərəbistanın bir çox mərkəzi şəhərlərini gəzib-dolaşır, Məkkədən qayıdanda bir neçə ay da Qahirədə qalıb o zamanların məşhur ərəb şair və alimləri ilə görüşür. Bu səfər onun dünyagörüşünü daha da zənginləşdirir.
"Ey Şeyx Nizami, nizamı dağılan..."
Gənc şair hələ İraqda oxuyarkən onda dünyəvi elmlərə böyük rəğbət yaranmışdı. Bu elmlər onun dini biliklərə bağlılığını üstələyirdi. O dövr bu səviyyədə ali dini təhsil almış şəxslər, adətən, ruhani məktəblərində çalışar, öz ardıcıllarını yetişdirərdilər. Seyid Əzim Şirvani isə Şamaxıya qayıtdıqdan sonra nəinki dini məktəbdə çalışmış, hətta öz əsərləri ilə dini ehkamlar əleyhinə çıxmağa başlamışdır.
Bu səbəbdən şair o dövrdə Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən olan Şamaxının nüfuz sahibləri arasında özünə xeyli düşmənlər qazanmışdır. Ruhanilər, şəhərin bəzi məqam sahibləri onu xalqın gözündə hörmətdən salmağa çalışmış, buna müəyyən qədər nail olmuşlar. Savadsız, avam adamlar onu kafir kimi tanımışlar. Amma bu münasibət Seyid Əzimi də tutduğu yoldan çəkindirmir. O, ruhanilikdən tamamilə əl çəkib 1869-cu ildə Şamaxıda yeni məktəb açaraq ömrünün sonuna qədər burada müəllimlik edir. Klassik mollaxanalardan fərqli olaraq o bu məktəbdə uşaqlara Azərbaycan və fars dillərini də öyrədir, tarix, coğrafiya, hesab və s. kimi fənlərdən ibtidai səviyyədə də olsa, məlumatlar verirdi.
Seyid Əzim Şirvani rus dilini qismən, ərəb və fars dillərini mükəmməl bilirdi, eyni zamanda müasir dünyəvi elmlərdən az-çox xəbərdar idi. Müəllimin yüksək hazırlıq səviyyəsi onun məktəbindəki uşaqların yeni mühitdə yetişmələrinə imkan yaradırdı. Təsadüfi deyil ki, Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərimiz məhz onun məktəbində oxuyaraq yetişmişlər. Bəzi mənbələrdən onun məktəbində təxminən 40-a yaxın şagirdin oxuduğunu öyrənirik.
Seyid Əzim Sədi Şirazinin "Gülüstan" və "Bustan" əsərlərindən, "Ziynətül-məcalis"dən və başqa fars mənbələrindən tərbiyə əhəmiyyətli bədii parçaları Azərbaycan dilinə tərcümə edir, özü də kiçikhəcmli maraqlı şeirlər yazıb uşaqlara oxuyurdu. Bir neçə il bu qayda ilə dərs keçdikdən sonra o, tədris prosesində şagirdlərə oxuduğu həmin parçalardan ibarət bir dərslik hazırlayaraq çap olunmaq üçün Qafqaz Maarif İdarəsi rəisinə təqdim etmişdi. Lakin bu dərsliyin nəşrinə nədənsə imkan verilməmişdi.
Seyid Əzimin məktəbi, müasir dildə desək, özəl məktəb idi, şagirdlər burada təhsil almaq üçün həftəlik cüzi ödənişlər edirdilər. Şair öz məktəbindən başqa dövlətin açdığı rəsmi məktəblərdə də dərs keçirdi. 1874-cü ildə Şamaxıda Bakı vilayəti Ruhani məclisinin nəzarəti altında yarı mülki, yarı ruhani bir məktəb açılmışdı. Seyid Əzim Şirvani həmin məktəbə fars və Azərbaycan dilləri müəllimi təyin olunmuşdu. Amma yerli mürtəcelərin fitnəsi nəticəsində çox çəkmədən onu müəllimlikdən azad etmişlər.
1877-ci ildə isə şair Şamaxı şəhər məktəbinə Azərbaycan dili və şəriət dərsləri müəllimi vəzifəsinə təyin olunur. Burada müəllimlik edərkən Seyid Əzim xüsusən Azərbaycan dilinin təliminə böyük əmək sərf edirdi. Şagirdlərə şəriət kitabları əvəzinə, özünün müasir ruhda yazdığı şeirlərindən, eləcə də Şərqin böyük klassikləri Sədidən, Hafizdən və başqalarından etdiyi tərcümələrdən oxudurdu. Bu isə hakim dairələrdən ona qarşı müəyyən şübhələr yaradırdı. Hökumətin nəzərində Seyid Əzim Şirvani etibarsız və sədaqətsiz bir şəxs kimi görünürdü. Elə bu bəhanə ilə də onu yenidən müəllimlikdən azad edirlər. Seyid Əzimsə bu ədalətsizliklə barışmır, Tiflisə şikayətə gedir, orada Qafqaz Maarif İdarəsi rəisinə hökumət qulluğundan haqsız çıxarıldığını sübuta yetirir. Az sonra şairi yenidən işinə bərpa edirlər və o, ömrünün sonuna kimi Şamaxı şəhər məktəbində müəllim kimi çalışır.
Seyid Əzim Tiflisə gedərkən yolüstü Gəncədə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin qəbrini ziyarət edir. Zaman keçəcək və o, türbənin dağınıq halının yaratdığı təəssüratları "Ey Şeyx Nizami, nizamı dağılan" misrası ilə başlanan şeirinə köçürəcək.
Seyid Əzimin Şamaxıda müəllimlik etdiyi vaxtlarda Qori Seminariyasının şöhrəti yenicə yayılmaqda idi. Şair orada dərs deməyi arzulayırdı. Seminariyada Azərbaycan dili müəllimi vəzifəsinin boş olduğunu eşidərkən o, 1879-cu il iyunun 12-də Qafqaz Maarif İdarəsi rəisinə ərizə ilə müraciət edir. Amma o yerə başqa müəllim nəzərdə tutulduğundan rədd cavabı alır.
Şeirlərindən onun maddi vəziyyətinin o qədər də yaxşı olmadığını, aldığı az məvacibin şairi qane etmədiyini öyrənirik:
Çox etdim, dəhrdə hər karə xidmət,
Gəhi xanə, gəhi tüccarə xidmət,
Birindən olmadı rəfi-məlalım,
Keçindi möhnətü-üsrətlə halım.
"Səramədi-dövran"
Şamaxıda onun bədxahları ilə yanaşı, xətrini, hörmətini əziz tutan xeyli şəxs də vardı. Onlardan biri şairin yaxın dostu Məhəmməd Səfa idi. Seyid Əzim və Şamaxının başqa şairləri tez-tez onun evində yığışar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar. Seyid Əzimin təşkil etdiyi "Beytüs-Səfa" ədəbi məclisi belə yaranmışdı.
Onda Azərbaycanın başqa böyük şəhərlərində də belə şeir məclisləri vardı. Seyid Əzimin adı bu məclislərdə hörmətlə çəkilərdi. Qarabağdakı "Məclisi-fəramuşan"ın üzvləri, xüsusən Abdulla bəy Asi, Bakıdakı "Məcməüş-şüəra"nın üzvlərindən Əbdülxalıq Yusifi, Lənkərandan İsmayıl Qasir, Nuxadan İsmayıl bəy Nakam, Dərbənddən Mirzə Məhəmmədtağı Qumri, Gəncədən Mirzə Mehdi Naci və başqa qələm dostları ilə şeirləşər, onlara tövsiyələr verərdi. Müasirləri arasında o, "səramədi-dövran" (dövran başına gələn), ustad şair kimi ad çıxarmışdı. Bakı şairləri arasında xüsusilə çox sevilirdi. Tez-tez Bakıya gələr, burada təşkil olunan ədəbi məclislərdə iştirak edər, şeir yarışlarında özünün hazırcavab çıxışları, mükəmməl şeirləri ilə hər kəsi heyran qoyardı.
Seyid Əzim Şirvaninin milli mətbuatımızın banisi, bu il 150 yaşı tamam olan "Əkinçi" qəzetinin naşiri Həsən bəy Zərdabi ilə də sıx münasibətləri vardı. Onlar tez-tez məktublaşardılar. 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrə başlaması Seyid Əzimi çox sevindirmiş, qəzet onunla Həsən bəy Zərdabi arasında münasibətləri daha da möhkəmləndirmişdi. O, bir tərəfdən "Əkinçi"nin xalq arasında yayılmasına, geniş oxucu kütləsi toplamasına çalışır, digər tərəfdən maarifçi məzmunlu şeirlər yazaraq bu qəzetdə çap etdirərdi.
"Əkinçi" bağlandıqdan sonra Seyid Əzim "Ziya" və "Kəşkül" qəzetlərində də fəal iştirak etmişdir. 1879-cu ildə "Ziya" qəzetində onun bir neçə şeiri çıxmışdı.
Füzulinin kölgəsi
Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycan dilində olmaqla iki böyük külliyyatdan ibarətdir. Azərbaycan külliyyatını şairin həmyerlisi, cərrah Mirzə Həbib Məşədi Sadıq oğlu toplayaraq tərtib etmiş və 1892-ci ildə bu külliyyat Təbrizdə daşbasma üsulu ilə nəşr olunmuşdur.
Azərbaycan dilində külliyyat üç böyük hissəyə bölünür. Birinci hissədə qəsidələr, həcvlər, mənzum məktublar, tərci və tərkibbəndlər, müxəmməslər, təxmislər, müsəddəslər, müstəzadlar və s. toplanıb. İkinci hissədəki, əsasən, qəzəllər, rübailər, qitələr, beyt və fərdlərdir. Üçüncü hissədə isə mənzum hekayələr öz əksini tapıb.
Şairin farsca külliyyatını da Mirzə Həbib Məşədi Sadıq oğlu toplayaraq tərtib edib. Farsca külliyyat dördhissəlidir. Birinci hissədə qəsidələr, ikinci hissədə dini təziyədarlıqla bağlı qəzəllər, üçüncü hissədə aşiqanə qəzəllər, dördüncü hissədə tərci və tərkibbəndlər, müxəmməslər, təxmislər, müsəddəslər, məsnəvilər, rübailər və s. lirik əsərlər toplanıb. Külliyyatın təxminən yarısını qəsidələr təşkil edir.
Seyid Əzimin bədii irsinin böyük hissəsi lirik janrda yazılmış orijinal əsərlərdir. Onların çoxu qəzəllərdir. Şairin Azərbaycan və fars dillərində mindən çox qəzəli var. Tədqiqatçılar onun qəzəllərini mövzu etibarilə 5 qismə ayırırlar: məhəbbəti tərənnüm edənlər; şərab haqqında yazılanlar; dini ehkam və ruhanilik əleyhinə qəzəllər; müəllifin öz yaxın müasirləri və dostlarına münasibətini bildirənlər; dini və fəlsəfi məzmun daşıyanlar.
Şairin öz yaxın müasirlərinə və dostlarına münasibətini bildirən qəzəllərinin çoxu aşiqanə ruhda yazılıb. Bunları məhəbbəti tərənnüm edən qəzəllərdən ayırmaq çətindir. Şərabın tərifinə həsr olunan və dini ehkamlar əleyhinə yazılan qəzəllərdə dini ayin və mərasimlər tənqid olunub.
Seyid Əzim Şirvani, təbii ki, ateist deyildi, mükəmməl dini təhsil aldığından islam dininin dərinliklərinə bələd idi. Bununla belə onun təbiətində dini ehkamlara qarşı laqeydlik, həyata ruhən bağlılıq vardı. Onun qəzəllərində həyat sevgisi, dünyəvi nemətlərin tərənnümü, nikbin əhvali-ruhiyyə, dini etiqadlara qarşı etiraz ruhu daha çox duyulur.
Şairin aşiqanə qəzəlləri yaradıcılığında üstünlük təşkil edir. Onun lirik qəhrəmanı olan aşiq öz məhəbbətində fədakar və dönməzdir. Bu lirik qəhrəman özünün bəzi romantik xüsusiyyətləri ilə bərabər həyata real və ayıq gözlə baxır, əfsanəvi gözəli deyil, həyat gözəlini sevir və onu bütün dünya nemətlərinə qarşı qoyur. Məhəbbət yolunda çəkdiyi iztirablar bu insanı ruhdan salmır. Onun simasında kədərlə sevinc bir-biri ilə uyuşur, ikinci birinciyə qalib gəlir. Seyid Əzim məhz bu xüsusiyyətilə özünün böyük sələfi - Füzuli ilə birləşir, aşiqanə qəzəllərində onun ən məharətli davamçısı kimi meydana çıxır. Təsadüfi deyil ki, Seyid Əzim Şirvanini Füzulinin kölgəsi adlandırırlar.
"Mövti-cismani ilə sanma mənim ölməyimi"
Maarifçi və tənqidi satirik şeirlər şairin yaradıcılığında yeni bir mərhələdir. Bu şeirlərlə onun yaradıcılığında realizm önə keçməyə başlayır. Həmin şeirlərin mühüm bir hissəsini o, "Əkinçi", daha sonra "Kəşkül" qəzetlərində dərc etdirmişdir. Bu əsərlərində böyük maarifçi xalqı cəhalət yuxusundan ayılmağa çağırır, cəmiyyətin aydınlanmasına yönələn təşəbbüsləri alqışlayır. "Qafqaz müsəlmanlarına xitab", "Təlim-tərbiyə haqqında", "Əkinçi" qəzetinə yardım üçün", "Həsən bəy Məlikov Zərdabiyə", "Puşkinə heykəl" və s. şeirləri ilə Seyid Əzim Şirvani bir maarifçi kimi təhkimçi feodal-patriarxal qayda-qanunların əleyhinə çıxır, qabaqcıl ideyaları tərənnüm edir.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr də çoxdur. Onların müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Bu şeirlərin çoxu Şərq mənbələrindən, əsas etibarilə Sədidən iqtibas olunub. Öyüd və təmsillər müəllifin pedaqoji fəaliyyəti ilə də bağlıdır. Ona görə tərbiyə məsələləri bu əsərlərdə mühüm yer tutur. Şair öz təmsillərini yazarkən Şərq mənbələrinin ən qabaqcıl və müasir həyata uyğun olan cəhətlərindən bacarıqla istifadə etmişdir.
Dürüstlük, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl, nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları da onun yaradıcılığında müstəsna yer tutur. Onu öz dövrünün realist şairi kimi tanıdan da elə bu satiralarıdır. Qısaca olaraq belə deyə bilərik ki, XIX əsrin birinci yarısında Azərbaycan şeirində yaranan satiranı Mirzə Fətəli Axundzadə dramaturgiya və nəsr sahələrində necə dərinləşdirmişdisə, sonralar Seyid Əzim Şirvani də onu şeir sahəsində ən yüksək şəkildə inkişaf etdirdi. Onun kamil qələmi sayəsində satira XIX əsrin 70-80-ci illərində böyük bir inkişaf səviyyəsinə qalxdı. "Allaha rüşvət", "Yerdəkilərin göyə şikayətə getmələri", "Köpəyə ehsan", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" şeirləri şairin ən güclü satiralarındandır.
Şair 1888-ci ilin 1 iyununda Şamaxıda vəfat etmiş, şeirlərindən birindəki vəsiyyəti ilə buradakı Şahxəndan qəbiristanlığında dəfn olunmuşdur.
Mən öləndə Şaxadanda basdırın,
Çünki onun Şahidi Xəndanı var.
Seyid Əzim Şirvani dünyaya inkişaf, insanlara mənəvi azadlıq, cəmiyyətə maarif işığında tərəqqi arzusu ilə aləmə səs salmış düşüncə adamı idi. Belə şəxsiyyətlər cismən dünyadan köçsələr də, ruhən hər zaman yaşayırlar, sözün əbədi həyat gücü onları daim diri saxlayır. Özünün də yazdığı kimi:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida ölmərəm, aləmdə səsim var mənim...
Aradan daha neçə 190 illər, əsrlər, min illər keçəcək, aləmdəki səsi onu həmişə xatırladacaq, Seyid Əzim sözünə, şəxsiyyətinə sevgini yaşadacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan"