17 Aprel 2026 08:50
924
Mədəniyyət
A- A+
Yeri görünən insan

Yeri görünən insan


Bu yaxınlarda Lənkəran Dövlət Dram Teatrının səhnəsində "Gəlinlik paltarı" romanımın motivləri əsasında hazırlanan tamaşanın nümayişi keçirildi.  Dəyərli dostlarım - dünyaşöhrətli Xalq yazıçısı Çingiz Abdullayev, professor Elman Quliyev,  Rövşən Ağayev, Bəxtiyar Qaraca və digər sirdaşlarımla bərabər premyerada iştirak etmək üçün Bakıdan Lənkərana getmişdik. Dostlarımın əhatəsində oturmuşdum, amma ürəyimdə hüzn, yanımda bir boşluq vardı. 

O boşluq sənə aid idi, unudulmaz dostum, əvəzsiz sirdaşım Hadı…. Gözlərim qeyri-ixtiyari yan tərəfə dikilirdi. Elə bilirdim indi əlini çiynimə qoyub, özünəməxsus enerjinlə qulağıma təbəssümlə nəsə pıçıldayacaqsan. İndi içimdə elə bir sükut var və mən o boşluqda sənin səsini, özünü axtarıram, əziz dostum. 

Tamaşadan sonra Bakıdan gedən adını çəkdiyim dostlarım fikirlərini bölüşdülər, onların arasında sənin yerin necə də görünürdü, Hadı...

Səninlə keçən 70 illik dostluğumuz, sadəcə, təqvim yarpaqları deyil, hər sətri birgə yazdığımız bütöv bir kitab imiş, indi o kitabın son səhifəsi qəlbimə ağır bir daş kimi çöküb. 

Bizə həmişə "qoşa qanad" deyərdilər. Sənin ağır dəfn günündə Milli Məclisdəki həmkarımız Fəzail İbrahimlinin göz yaşları içində dediyi o sözlər hələ də qulaqlarımda səslənir: "Siz qoşa qanad idiniz, indi o qanadın biri qırıldı. Sənə bundan sonra o tək qanadı qorumaq  düşür..."

Ötən gecə qəribə, nurlu bir yuxu gördüm. Hər tərəf bəmbəyaz qara bürünmüşdü, sanki dünya bütün çirkinliklərdən arınıb paklanmışdı. Mən idim, sən idin, bir də üzünü dumanlı gördüyüm başqa bir dostumuz. Uşaq kimi şənlənərək bir-birimizə qartopu atır, gülüşür, zarafatlaşırdıq. O qədər real yuxu idi ki... Səhər oyananda "Allah xeyrə calasın" pıçıldadım. Düşündüm ki, anım günün ərəfəsində bu şəkildə yenidən özünü xatırladıb yaddaşımı təzələyirsən. Halbuki aramızdan cismən ayrıldığın 2 il ərzində sən bir gün də olsun mənim yadımdan çıxmayıbsan. O nurlu yuxu mənə pıçıldayır ki, sən artıq bütün dünya ağrılarından arınıb, bizim o ən məsum və qayğısız anlarımıza - əbədi uşaqlığımıza qayıtmısan.

Biz səninlə  yalnız dost deyildik, Hadı, iki ayrı bədəndə döyünən bir ürək idik. Köklərimiz Lənkəranın o rütubətli,  bərəkətli torpağına, 2 nömrəli orta məktəbin ibtidai sinif partasına qədər uzanır. Sən mənim uşaqlığımın, gəncliyimin və ən əziz xatirələrimin canlı şahidi idin. 

Səninlə uşaqlıq xatirələrimiz "Spartak" kinoteatrının önündəki səs-küylü izdihamda, doğma Lənkəranın küçələrində yaşayır. Bir dəfə bərk dalaşmışdıq, bizimki uşaqlıq inadı idi. Amma sən də kin saxlamazdın, ürəyin tərtəmiz idi. Cəmi bir saat sonra iki dost qol-boyun olub yenə şəhəri gəzirdik. 

Yadındadır, Hadı,  sənin anan, nur üzlü pedaqoq Firuzə müəllim məni də özünə oğul bilərdi. Mənim anama zarafatla deyərdi: "Hüseynbalanı sən yox, mən doğmuşam". Biz halal ocaqların çörəyi ilə böyümüşük. Cəmi 12 yaşımız olanda kişi kimi işləyib məktəb ləvazimatlarımızı öz zəhmətimizlə alırdıq. Valideynlərimizdən gizlin loto oynayanda da, idman meydançalarında tər tökəndə də ruhumuz bir idi. Yadındadır, sənin 15 yaşın tamam olanda sizin evdə ilk dəfə "Tri semyorka" çaxırının dadına da baxmışdıq. 

İllər keçdi, tale bizi yüksək zirvələrə apardı. Hər ikimiz müxtəlif sahələrdə məsuliyyət tələb edən rəhbər vəzifələrdə çalışdıq. Amma nə vəzifə, nə də məsafə bizim qəlbimizdəki sarsılmaz dostluq tellərini ayırmadı, Hadı. Ölkənin ayrı-ayrı bölgələrində olanda belə - sən Şəkidə birinci katib işləyəndə də, mən Bakıda məsul vəzifələrdə olanda da az qala hər gün bir-birimizdən xəbər tuturduq. 

Sən təkcə dostum deyildin, həm də haqqın keşikçisi idin.  Xatirimdədir, Dövlət Tərcümə Mərkəzi Ulu Öndər Heydər Əliyev haqqında kitabı ispan dilində çap edəndə texniki bir xəta ucbatından müəllif kimi mənim adım qeyd olunmamışdı, sadəcə, digər həmmüəllifin adı getmişdi. Sən bunu görən zaman sanki özünə qarşı haqsızlıq edilibmiş kimi ayağa qalxdın, dərhal zəng edib iradını bildirdin. İki həftə keçməmiş kitab mənim də adım qeyd olunmaqla  yenidən nəşr olundu. Sən belə bir dost idin, özünə əziz bildiyinin haqsızlığa uğramasına, kölgədə qalmasına imkan verməzdin. Qəlbin çox böyük idi sənin, yaman dostcanlı idin. Səninlə söhbətlərimizi, xoş zarafatlarımızı, birgə keçirdiyimiz gözəl günləri minnətdarlıqla xatırlayıram. 

Milli Məclisdə 15 il çiyin-çiyinə oturduq. Sən tribunaya çıxanda sanki zaman dayanırdı. O qədər enerjili, o qədər atəşin danışırdın ki, bəzən zamanın necə keçdiyini unudurdun. Sən Azərbaycan parlamentinin ən işgüzar, ən fəal simalarından biri kimi tarixə düşmüsən. Sənin üçün ən böyük orden Ulu Öndərin verdiyi nəsihət idi: "Düz ol, təmiz ol!" Sən bu kəlamı özünə həyat kredosu seçmişdin. 

Vəfatından bir neçə gün əvvəl o qədər şən idin ki... "Şənbə günü hamını yığacam, hər şey mənim boynumadır" demişdin. Həmin şənbə, doğrudan da, yığışdıq. Amma onun süfrəsi arxasında deyil, onun xatirəsi ətrafında... İndi də sənin dəyərli ailənlə görüşürük, söhbətləşirik, səni sevgiylə, ehtiramla anırıq. Övladların mənə "sən atamızın yadigarısan" deyir. 

2024-cü ilin  17 aprel günü ürəyin dözmədi. Bəlkə də qaçqınların, köçkünlərin illərlə çəkdiyi o ağır dərd-səri öz ürəyindən keçirdiyin üçün könlün yoruldu, sızladı və dayandı.

Amma bir böyük təsəllim var ki, sən 44 günlük Zəfərimizi gördün, qələbə müjdəmizi eşitdin. Ömrünü, enerjini həsr etdiyin məcburi köçkünlərin öz yurduna qayıdışını gördün. Bilirəm ki, bu, sənin üçün ən böyük mükafat idi.

Bu il sənin aramızdan ayrılmağından 2 il ötür. Məzarının üstünə ürəyidolu gəlirəm, Hadı. Elə bil məzar daşından baxan nurlu baxışlarınla soruşursan: "İşlərin necədir, Hüseyn?" Mən isə sənə hesabat verirəm: "Çox çətindir, Hadı. Sənsiz tək qalmışam. Dostlarım çoxdur, Allah canlarını sağ eləsin, amma sənin yerin tamam başqa idi..."

Sən işıqlı adam idin, Hadı. Və o işıq daim bizim qəlbimizi nurlandırır və isidir.  Ölüm səni məndən fiziki olaraq ayırsa da, dostluğumuzun sarsılmaz, möhkəm körpüsü hələ də qəlbimdədir, mən hər gün o körpüdən keçib səninlə xəyallarımda görüşürəm. Unudulmaz şair Səməd Vurğunun dediyi kimi: 


Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.…


Ruhun şad olsun, əvəzsiz dostum! Sən cismən indi bizimlə olmasan da, yazdığın-yaşadığın o şərəfli ömür kitabın hələ çox oxunacaq...


Hüseynbala MİRƏLƏMOV,

yazıçı-dramaturq

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

“Volvo” yeni elektromobilini təqdim edib

20:07
25 May

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!