Hüseyn Cavid xeyrə nə qədər işıqlı xəyallar bəsləyirdisə, şərin məhvinə bir o qədər inanırdı
Milli yaddaşımızda elə şəxsiyyətlər var ki, onları xatırladıqca adamın qəlbini sövq-təbii kədər bürüyür, zamanın çarxını geri döndərmək, həmin şəxsiyyətlərin ömürlərində düzəlişlər aparmaq istəyirsən. Bu insanların taleyini qaraltmış zülməti işığa, doğmalarının həyatını puç etmiş faciələri xoşbəxtliklərə doğru yönləndirməyə can atırsan. Amma bunun iradən xaricində olduğunu dərhal anlayırsan. Yeganə təsəllin isə belə insanlara əbədiyyət ömrü qazandırmış düşüncələri, ölməz əsərləri, sözün qüdrəti üzərində ucalan mənəvi abidələri olur. Bu ucalıqdan düşən kölgədə ovunursan.
Hüseyn Cavid belə şəxsiyyətlərimizdəndir. Qırmızı terrorun 1936-1937-ci illərindən söz düşəndə ilk xatırladığımız məşhur isimlərdən biridir. Çünki bir mübarizə adamı idi. Günahsız idi, ona qarşı edilənlər, həbsi, repressiyaya məruz qalması böyük haqsızlıq, zülm idi. Amma Cavid əfəndi zavallı deyildi. Məğrur, əyilməz, öz prinsiplərindən geri çəkilməyən şəxsiyyət idi və elə bunun da fəlakətinə uğradı. O, sözü müqəddəs sayırdı, ona xəyanəti heç zaman özünə rəva görməmişdi. Toxunduğu problemlərlə, işlədiyi mövzularla, yaratdığı qəhrəmanlarla, dünyaya, insanlara münasibəti ilə hər cür ideologiyaların, quruluşların fövqünə ucalmışdı və bunu hamıdan yaxşı özü bilirdi. Ona görə də Hüseyn Cavid zamanın şərtlərinə, özündən qat-qat cılızların diktələrinə boyun əymirdi.
Barəsində müxtəlif tribunalardan səsləndirilən haqlı-haqsız tənqidlərə, mətbuat səhifələrində yazılan qərəzli yazılara rəğmən, yenə də yolundan çəkinmədi. O, sovet quruluşuna qədər bu ideallardan yazırdı, əzilən, əzab çəkən insanların problemlərinə diqqət yönəldirdi. Lakin insanı, ədəbiyyatın ideallarını kolxoz, sovxoz səviyyəsinə endirməyin əleyhinə idi. Ən əsası isə şəxsiyyətə pərəstişi qəbul etmirdi.
I Türkoloji Qurultay və səma şairinin düşüncələri
Hüseyn Cavid 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda fəal iştirak edən görkəmli ziyalılardan biri idi. Onun bu tarixi hadisə ilə bağlılığı həm ideoloji, həm də iştirakçı müstəvisində mühüm əhəmiyyət kəsb edirdi. I Türkoloji Qurultaydan əvvəl 1922-ci ildə yaradılan xüsusi komissiyaya və Əlifba Komitəsinə Hüseyn Cavid də daxil edilmişdi. Bu komissiya latın qrafikalı əlifbaya keçid məsələləri ilə məşğul olurdu ki, bu da qurultayın əsas müzakirə mövzularından biri idi.
Arxiv materiallarını araşdıranlar qeyd edirlər ki, qurultaydan sonra dərc olunmuş stenoqramda Hüseyn Cavidin adı nümayəndələrin siyahısında yox idi. Lakin Əziz Şərif bu mötəbər tədbirin başladığı günü xatırlayıb yazırdı: "...Qurultay açıldı. Hüseyn Cavidlə yanaşı oturmuşdum. Mirzə Cəlil, Sultanməcid Qənizadə və başqaları ilə görüşdüm". Tədqiqatçı jurnalist Azər Turan isə məqalələrinin birində yazırdı: "Doğrudur, baxmayaraq ki, 1921-ci il dekabrın 30-da Darülmüəllimin salonunda şura ziyalılarının yeni türk əlifbası ilə əlaqədar keçirilən ümumi iclasına sədrlik etməyi Nəriman Nərimanov Hüseyn Cavidə tapşırmışdı, baxmayaraq ki, Azərbaycan hökumətinin Əlifba komissiyasının Krıma və Türküstana göndərdiyi nümayəndə heyətində Cəlil Məmmədquluzadə də var idi, bütün bunlara rəğmən, Hüseyn Cavidin də, Cəlil Məmmədquluzadənin də adları qurultaydan sonra dərc olunmuş stenoqramda nümayəndələrin siyahısında yoxdur. Amma həm də qurultayda iştirak edirdilər. 2003-cü ildə Hüseyn Cavid haqqında "Səma şairi" sənədli filminin ssenarisi üzərində çalışarkən filmə Türkoloji Qurultayla bağlı epizodun daxil edilməsinə ehtiyac duydum. Kinoxronikaya kinostudiyada filmin məsləhətçisi Turan Cavidlə bir yerdə gedib baxdıq. Həmin iclasda ikinci sırada əyləşmiş adamın Hüseyn Cavid olduğunu Turan xanım birmənalı şəkildə və qətiyyətlə təsdiq etdi".
Xüsusi vurğulanmalıdır ki, Cavid yaradıcılığı bütövlükdə türk dünyasının mənəvi birliyinə, "Turan" idealına və milli ruhun oyanışına xidmət edirdi. Qurultayın qarşıya qoyduğu ortaq ədəbi dil və ortaq terminologiya kimi məqsədlər şairi bir mütəfəkkir olaraq bu prosesin mərkəzinə çəkirdi. Cavid qurultayda, sadəcə, müşahidəçi deyildi. O, türk xalqlarının ortaq latın əlifbasına keçməsini qızğın müdafiə edirdi. Onun "İblis", "Peyğəmbər" və "Səyavuş" əsərlərində istifadə etdiyi dil, əslində, qurultayın hədəflədiyi "ortaq türk dili" ideyasına çox yaxın idi. Cavid hesab edirdi ki, ədəbi dil İstanbul türkcəsi ilə Azərbaycan türkcəsinin sintezi əsasında formalaşmalı, süni fars və ərəb tərkiblərindən təmizlənməlidir.
Toplantıdan sonrakı illərdə Cavidin yazdığı əsərlərdə türk dünyasının ortaq tarixi keçmişinə maraq daha da artdı. O, türk xalqlarının mədəni və mənəvi birliyini bədii obrazlarla ifadə etməyə davam edirdi, bu da onu rejimin gözündə daha təhlükəli simaya çevirirdi. Hüseyn Cavidin I Türkoloji Qurultaydakı iştirakına və bu hadisənin onun taleyinə təsiri ilə bağlı daha dərin qatlara nəzər salsaq, bir neçə mühüm detalı qeyd edə bilərik. Əvvəla Cavid əfəndi qurultayda vahid ədəbi dil ideyasının ən böyük tərəfdarlarından idi. O, türk xalqlarının bir-birini tərcüməsiz anlaması üçün ortaq bir dilin formalaşmasını vacib sayırdı. İkincisi, Cavid dilimizdə ərəb və fars tərkiblərinə qarşı çıxsa da, onun həddindən artıq sadələşdirilməsinin də əleyhinə idi. O, yüksək mədəniyyət və fəlsəfə dili yaratmağa çalışırdı. Qurultayın əsas qərarı olan latın əlifbasına keçidi böyük şair hələ 1920-ci illərin əvvəllərindən dəstəkləyirdi və bu islahatın türk dünyasını qovuşduracağına inanırdı.
Qurultay günlərində Hüseyn Cavid Bakıya gələn türk alimləri və digər respublikaların nümayəndələri ilə sıx ünsiyyətdə idi. Bu ünsiyyət onun yaradıcılığındakı ümumtürk kontekstini daha da genişləndirirdi. O, bu hadisəni, sadəcə, toplantı deyil, "Turanın oyanışı" kimi qəbul edirdi.
Hüseyn Cavid rəsmi kürsüdən məruzəçi olmasa da, kuluarlarda və bölmə iclaslarında bu islahatların vacibliyini müdafiə edən ziyalılardan olmuşdur. Qurultayda çıxış edən bir çox alim və mütəfəkkir öz çıxışlarında Cavidin yaradıcılığına, onun dil və üslub islahatlarına istinad edirdilər. Bu mənada Hüseyn Cavid qurultayda danışan deyil, haqqında danışılan və ideyaları müzakirə edilən bir sima idi. Bir çox tədqiqatçı qeyd edirdi ki, Cavid həmin dövrdə artıq formalaşmış və böyük nüfuza malik mütəfəkkir kimi qurultaya gələn qonaqlarla (Türkiyə və Orta Asiya nümayəndələri ilə) şəxsi görüşlər keçirmiş və öz fikirlərini onlarla bölüşmüşdür. Qısaca desək, böyük şair qurultayda hadisələrin gedişatına istiqamət verən mənəvi liderlərdən biri idi.
Qurultay tələsi və 1937-ci il
Elmi araşdırmalara görə, 1926-cı il qurultayı sovet hakimiyyəti üçün əvvəlcə elmi bir toplantı kimi görünsə də, sonradan bu tədbir "pantürkistlərin yuvası" olaraq damğalandı. 1937-ci ildə Hüseyn Cavidə qarşı irəli sürülən ittihamda onun bu qurultayda iştirak edən türkçü şəxslərlə - Bəkir Çobanzadə, Xalid Səyid Qocayev və başqaları ilə əlaqəsi və həmin dövrdəki türkçülük ideyaları əsas sübut kimi istifadə olundu.
Sovet hakimiyyəti belə bir qurultaya icazə verməklə, əslində, bütün "türkçü" ziyalıları bir araya toplayıb siyahıya almışdı. Toplantının keçirildiyi ərəfədə "İblis" faciəsinin nümayişi tədbirin mədəni zirvəsi olmaqla yanaşı, Cavidin sonrakı repressiya işində "pantürkist fəaliyyət"in tərkib hissəsi kimi istintaq materiallarına daxil edilmişdir. Onun irəli sürdüyü "mədəni birlik" ideyaları sonradan Cavidə qarşı əks-inqilabi fəaliyyət və pantürkist təşkilat üzvü ittihamına çevrildi.
Cavid irsinin araşdırıcıları qeyd edirlər ki, mütəfəkkir şairin yaradıcılığı yaşadığı dövrdə daim nəzərdə olub, hər əsəri ədəbi ictimaiyyətdə böyük həssaslıqla, bəzən ciddi tənqidlərlə qarşılanıb. Ümumiyyətlə, şairin yaşadığı dövrdə ədəbiyyatın insan və cəmiyyət həyatında oynadığı rol müstəsna dərəcədə əhəmiyyətli idi. Oxuculara təqdim olunan yeni bədii əsərlər, səhnəyə qoyulan dramlar, ədəbi qəhrəmanlar insanların gündəlik həyatında mühüm yer tuturdu, onların maraqlarını istiqamətləndirirdi. Ona görə də hər yeni bədii ədəbiyyat nümunəsinin, o cümlədən Cavidin əsərlərinin ciddi şəkildə təftiş olunması, bəzən müəllifin hansısa yanaşmasına görə sərt tənqidlə üzləşməsi təbii qarşılanmalı idi. Bütün bunlar ədəbi prosesin ümumi mahiyyətindən irəli gələn hal idi və müəyyən mənada hətta inkişafa, qüsurların aradan qaldırılmasına, prosesin qaynarlığına xidmət edirdi. Bundan başqa, ədəbiyyatda yeni nəsillər, cərəyanlar formalaşaraq paralel inkişaf edirdi və onların hər birinin dövrün ab-havasına, ədəbiyyatın vəzifələrinə münasibəti fərqli idi.
Reallıq budur ki, ara-sıra haqqında yazılan, səsləndirilən tənqidlərə rəğmən Cavid o dövrün ən çox pərəstiş edilən, şəxsiyyətinə hörmət bəslənən, əsərləri geniş çevrələrdə oxunan, səhnəyə qoyulan ədiblərindən idi və bunu onun hətta ən sərt tənqidçilərinin yazılarından da duymaq mümkündür.
Xalqın "xalq düşməni" elan edilən şairi
1934-cü il iyunun 13-də Azərbaycan Yazıçılar İttifaqının ilk qurultayı keçirilır. İlk çıxışçı nitqində Azərbaycan ədəbiyyatının dövrün tələblərini ödəmədiyini vurğulayır, bunun günahını ayrı-ayrı şair və yazıçılarda axtarır, onları sərt tənqid etdikdən sonra əsas fikirlərini Hüseyn Cavid yaradıcılığında konkretləşdirir. Maraqlıdır ki, məruzəçinin şairdən nə istədiyi konkret anlaşılmır. Digər çıxışçı - Ağa Hüseyn Rəsulzadə (sonradan repressiya qurbanı olub) adlı biri isə yazdığı əsərlərlə neftdən, pambıqdan, planların yerinə yetirilməsi yollarından bəhs edilməsini şair və yazıçının əsas vəzifəsi kimi göstərir. Bu qurultaydan sonra Cavidə qarşı tənqidlər sistemli xarakter almağa başlayır və onun əsərlərində məqsədli şəkildə əks-inqilabi, millətçilik meyilləri axtarılır.
1937-ci ilin martında Yazıçılar İttifaqında keçirilmiş plenumda dörd məsələ müzakirəyə qoyulur. 1.H.Cavidin məsələsi. 2.M.Müşfiqin məsələsi. 3.Ə.Cavadın məsələsi. 4.Y.Vəzirin məsələsi. Plenum üç gün davam edir, bütün yazıçı və şairlər çıxışlarını özünütənqid ruhunda qururlar. Şübhəsiz, əsas tənqid hədəfləri H.Cavid, M.Müşfiq, Ə.Cavad və Y.Vəzir olur. H.Cavid haqqında tənqidi fikirlərdən biri belə idi: "Yazıçılar içərisində Azərbaycanın həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir. Bununla bərabər, o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmamışdır".
Vaxt keçdikcə yaradıcılıq təşkilatlarında gərgin durum, çarpışma daha da artırdı. 1937-ci il iyunun 3-də M.F.Axundov adına Opera və Balet Teatrının binasında öz işinə başlayan qurultayda M.C.Bağırov S.M.Əfəndiyevi, H.Sultanovu və başqalarını "əks-inqilabçı", "xalq düşməni" elan edir. O, öz nitqində Yazıçılar İttifaqını da yaddan çıxarmır: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar! Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdır".
Qurultayda adıçəkilən yazıçılar isə artıq "NKVD" əməkdaşları tərəfindən həbs edilərək ağır işgəncələrlə sorğu-sual edilirdilər. Hüseyn Cavid 2 il Bakıda DTK-nin zirzəmisində saxlanılır. 1939-cu il iyunun 9-da "əks-inqilabi fəaliyyət" ittihamı ilə 8 il islah əmək düşərgəsinə məhkum edilir. Onu Maqadana göndərirlər. 1941-ci ilədək orada qalır. Həmin ilin sentyabrında şairi İrkutsk vilayətinin Tayşet rayonuna gətirirlər. Hüseyn Cavid 1941-ci il dekabrın 5-də 59 yaşında orada vəfat edir.
Hüseyn Cavid şəxsiyyəti ilə mühit yaradırdı. Sosializm cəmiyyətinin eybəcərlikləri ilə bir araya sığmayan şəxsiyyət meyarları müəyyənləşdirirdi. Cavidə baxıb onun kimi yaşamaq istəyənlər, belələrini özünə ideal bilənlər yeni quruluşa böyük təhlükə doğura bilərdilər. Ona görə də Cavid gec-tez aradan götürülməli idi və götürüldü də...
İradə ƏLİYEVA,
"Azərbaycan"