İstər sənətdə, istərsə də ədəbiyyatda bütün yaradıcı insanların öz yolu olur. Onlar yaradıcılıqları və ömürləri boyu özləri də hiss etmədən üzərilərinə düşən missiyanı yerinə yetirirlər. Yaratdıqları əsərləri ilə tanınır və sevilirlər.
Yazıçı-nasir və dramaturq Nahid Hacızadənin də ədəbiyyat dünyasında, incəsənət aləmində öz missiyası olub. Görkəmli ədib yazdığı bir-birindən dəyərli əsərləri ilə bu işin öhdəsindən bacarıqla gəlib. Minlərin, milyonların sevgi və rəğbətini qazanıb.
Nahid Hacızadə 14 mart 1936-cı ildə Gədəbəyin Düzrəsullu kəndində dünyaya göz açmışdı. Uşaqlıq illəri çətinliklər içində keçmişdi. Anadan yetim qalsa da, heç vaxt taleyindən, insanlardan küsməmişdi, əksinə, həyatı daha çox sevmişdi. Bacarığı və əzmkarlığı ilə çətinlikləri dəf etmiş, onu qoynuna alan həyata alışmışdı. Olduqca zəngin, amma əzab-əziyyətlərlə dolu, çoxlarına nümunə olacaq ləyaqətli bir ömür yaşamışdı.
1955-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olan Nahid bu tanınmış ali təhsil ocağında Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs almışdı. Nahid üçün bu görkəmli şəxsiyyətlərlə təmasda olmağın özü böyük bir həyat məktəbi idi.
Nahid Hacızadə tələbəlik illərindən taleyini Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə bağlamışdı. 1959-cu ildən başlayaraq, burada müxbir, redaktor, şöbə müdiri, baş redaktor işləmişdi. Bacarığı və istedadı ilə sədrin birinci müavini vəzifəsinə qədər yüksəlmişdi. 20 il televiziyanın Ədəbi-dram verilişləri baş redaksiyasına rəhbərlik etmişdi. Bu illər ərzində bir-birindən dəyərli əsərlər yazmış, ədəbiyyatımızı daha da zənginləşdirmişdi.
Sonrakı illərdə Azərbaycan "Bilik-Maarifçilik" cəmiyyəti sədrinin müavini, "Dalğa" və "Gələcək" qəzetlərinin baş redaktoru olmuş N.Hacızadə Diplomatiya Kollecində (indiki Avrasiya Universiteti) mətbuat və informasiya mərkəzinin baş direktoru, "Şur" nəşriyyatının direktoru işləmişdi. Daha sonra Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdı. Harada işləməsindən asılı olmayaraq, yaradıcılığından uzaq düşməmişdi.
Nahid Hacızadənin ədəbiyyata gəlişi 1969-cu ilə təsadüf edir. Həmin il onun "Ulduz" jurnalında "Lirik miniatürlər"i dərc olunmuşdur. İlk qələm nümunəsi olan bu müniatürlər sonrakı illər onun əlindən tutaraq pillə-pillə ədəbiyyatın zirvəsinə yüksəldib, yazıçıya bir-birindən dəyərli uğurlar qazandırıb. "Ulduz" jurnalından sonra Nahid Hacızadə müntəzəm olaraq "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Sovet kəndi" qəzetlərində, "Azərbaycan" jurnalı və başqa mətbu orqanlarda janrca bir-birindən fərqli olan, oxucu rəğbətini qazanmış əsərlər dərc etdirmişdir. Görkəmli yazıçının yaradıcılığının məhsulu olan hekayə, roman, povest və pyesləri oxucular tərəfindən maraqla qarşılanmış, müəllifinə böyük şöhrət gətirmişdir. Yazıçının hekayə və məqalələri keçmiş ittifaq dövründə çox məşhur olan "Oqonyok", "Nedelya", "Moskovski komsomolets" kimi mötəbər ədəbi orqanlarda çap edilmişdir.
Böyük maraq kəsb edən bədii əsərləri ilə oxucu qəlbinə asanlıqla yol tapan yazıçı-nasir Nahid Hacızadənin "Bir ana tanıyırdım" adlı ilk kitabı 1972-ci ildə çap olunmuşdu. Ondan sonra müxtəlif illərdə "Dağlar yuxuma girir", "Bir ürəyin çağırışı", "Ömür gözləmir bizi", "Məhəbbət ölüncə var", "Qərib axşamlar" və başqa kitabları ilə oxucularını sevindirmişdir. Bunlardan əlavə, Nahid dövrünün mötəbər "Sovetski pisatel" nəşriyyatında yazıçının "Dağlar yuxuma girir" və "Hələ gec deyil" kitabları çox böyük tirajla rus dilində çap olunmuşdur.
Bu gün də əsərlərini maraqla oxuduğumuz, pyeslərinə heyranlıqla baxdığımız Nahid Hacızadə eyni zamanda istedadlı dramaturq kimi tamaşaçıların sevimlisinə çevrilmişdir. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan, Bakı və Ağdam teatrlarında səhnəyə qoyulmuşdur. "Qisas qiyamətə qalmaz" və "Məhəbbət yaşadır" pyesləri isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunmuşdur.
Nahid Hacızadə milli kinomuzun inkişafına da töhfə vermişdir. Onun ssenariləri əsasında 30-dan çox sənədli, bədii, televiziya və kino filmi çəkilmişdir. Onun "Yaşa, ey haqq" və "Qayalarda qalan səs", "Sevilin bacıları", "Muğan qızı", "Şamama", "Uzunömürlü ağaclar", "Tələbə avtoqrafları", "Bəxtiyar Vahabzadə", "Yurd yeri", "İstiqlal şairi" və başqa qısametrajlı sənədli televiziya və kino filmləri bu gün də maraqla baxılmaqdadır. Müəllifin "Son qəmin olsun, Vətən!", "Qayalarda qalan səs" və "Yaşa, ey haqq" filmləri bədii dəyərinə, yüksək sənətkarlığına görə Qızıl fonda daxil edilmişdir. Onun "Son qəmin olsun, Vətən!", "Torpağın yeddi ağısı", "Yaz gününün işığı", əsərləri ağrılı mövzumuz olan Qarabağa həsr olunmuşdur.
"Yada düşdü" xatirə kitabı Əməkdar mədəniyyət işçisi Nahid Hacızadənin yaradıcılığında xüsusi yer tutur. Adından da göründüyü kimi, yazıçı bu əsərində yaşadığı uzun və şərəfli ömür yolunu qələmə almışdı. Böyük səbirlə yazdığı "Xatirə" kitabı ilə ədib yaşanıb arxada qalmış ömür yoluna güzgü tutmuşdu. Keçdiyi ömür yolu ilə sevimli oxucularını da tanış etmişdi.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Nahid Hacızadə haqqında qələmə aldığı məqalələrinin birində oxucuları üçün maraqlı olacaq bir məqama toxunub: "Deyirlər, insan öz zamanının övladı olur. Burada bir həqiqət vardır. İnsan bəzən zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır, zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir. Nahid müəllim "zamanın övladı" olmaqdan üstün çıxdı".
Görkəmli yazıçı, dramaturq və publisist Nahid Hacızadə uzun sürən xəstəlikdən sonra 2018-ci il yanvarın 18-də dünyasını dəyişib. Amma Nahid Hacızadə ölməz sənətkarlardandır. Görkəmli ədib yaxınlarının, doğmalarının və oxucularının yaddaşında işıqlı, nurlu çöhrəli bir insan kimi qalıb. Hər dəfə Xalq artisti Mübariz Tağıyevin ifasında "Qalx, qalx, ulu torpaq!" mahnısı səslənəndə yazıçı-nasir, dramaturq Nahid Hacızadənin işıqlı çöhrəsi gözlərimiz qarşısında canlanır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"