Ermənistanda hakimiyyətlə kilsə arasında gərginlik artıb. Qarşıdurma artıq daha kritik mərhələyə daxil olub. Belə ki, Erməni Apostol Kilsəsinin rəhbəri Katolikos II Qareginə qarşı cinayət işi açılıb, onun ölkədən çıxışına qadağa qoyulub. Bu isə müxalif və revanşist çevrələrdə ciddi narazılıqlar yaradıb.
Əgər cinayət işi açılıbsa, deməli, II Qareginin həbs olunması ehtimalı yüksəkdir. Ancaq ekspertlərin fikrincə, baş nazir Nikol Paşinyan hələlik buna qarşı çıxacaq. Çox güman ki, katolikosun həbsi qarşıdakı parlament seçkilərindən və yeni konstitusiyanın qəbulundan sonra gündəmə gətiriləcək.
II Qaregin və onun ətrafında toplaşanlar bölgədə gərginliyin davam etməsində maraqlı olan, Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə barışmasına qarşı çıxan revanşistlərdir. Onlar erməni cəmiyyətində düşmənçilik və nifrət dolu çağırışlarla çıxış edir, sülhə qarşı çıxırlar.
Emənistanın yeni konstitusiyasında kilsənin ölkənin ictimai-siyasi həyatına təsir imkanlarının məhdudlaşdırılması nəzərdə tutulur. Bu barədə artıq ilkin mesajlar da verilib. Başqa sözlə desək, Paşinyan kilsənin cəmiyyətdəki konstitusion mövqeyini aradan qaldırmağa çalışır.
Xatırladaq ki, Nikol Paşinyan katolikosu subaylıq andını pozmaqda, dinin nüfuzuna xələl gətirən davranışlarda və müxtəlif qalmaqallarda ittiham edib. Paşinyan hətta bu yaxınlarda II Qaregini rəsmi dini titulu ilə də deyil, dünyəvi adı, yəni Ktriç Nersisyan kimi çağırıb. O bildirib ki, "II Qaregin" adı da ondan alınmalıdır.
Ümumiyyətlə, II Qaregin Azərbaycan və Türkiyəyə qarşı işğalçı baxışları ilə tanınır. O, dəfələrlə tarixi faktları təhrif edən, düşmənçilik ruhunu qızışdıran fikirlərlə gündəmə gəlib. Ermənistan cəmiyyətində xalqımıza qarşı formalaşdırılmış şovinist təbliğatın əsas simalarından biri kimi də məhz katolikos göstərilir. Ktriç Nersisyan, sadəcə, regionda sülh təşəbbüslərinə qarşı çıxmır. Eyni zamanda o, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, uydurma "erməni soyqırımı"nın beynəlxalq miqyasda yayılması üçün təbliğat aparır. Əlbəttə, bu düşüncə Cənubi Qafqazda sülhə və sabitliyə yönələn proseslərə ziddir.
Uzun illər kilsə erməni cəmiyyətinə təsir edib. Kilsə Azərbaycana qarşı işğalçılığı dəstəkləyib və bu gün də sülhə qarşı çıxır. Nikol Paşinyan hökuməti isə Ermənistanı yeni qaydalarla inkişaf etdirmək istəyir. Bu planda II Qaregin üçün yer yoxdur. Paşinyanın sözlərinə görə, Apostol kilsəsinin yenilənməyə və dəyişməyə ciddi ehtiyacı var.
Onu da qeyd edək ki, 2026-cı ilin yayına, parlament seçkilərinə qədər Paşinyan bu problemi həll etmək niyyətindədir. Görünən odur ki, o, əgər yenidən Ermənistan hökumətinə rəhbərlik etməyə başlasa, xeyir-duanı yeni katolikosdan almaq niyyətindədir.
Təhminə VERDİYEVA,
"Azərbaycan"