11 Mart 2026 08:40
147
Mədəniyyət
A- A+
"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"


Tariximiz yalnız hadisələrdən ibarət deyil, onun əsas dayaqlarını qoruyan, yaşadan, onun simasını formalaşdıran dahi şəxsiyyətlərimizdir. Nadir şah Əfşar kimi böyük sərkərdələr Azərbaycan türklərinin dünya tarixində iz qoyan nümayəndələridir. Nadir şah Əfşar kimi liderlər yalnız Azərbaycan xalqının deyil, bütün regionun tarixində dərin iz qoymuşdur. Onların həyatı, fəaliyyəti və prinsipiallığı təkcə keçmişimizi anlamaq üçün deyil, eyni zamanda gələcək nəsillərə dəyərlərimizi ötürmək üçün bir örnəkdir. Tarixi şəxsiyyətlərimizə sahib çıxmaq, onları düzgün öyrənmək və qiymətləndirmək hər birimizin vəzifəsidir. 

"Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində həyata keçirilən tədbirlər - Ümummilli Lider, "Dahi azərbaycanlı Heydər Əliyev"lə başlayan, ulu keçmişimizə "Vətən qeyrətli qadın hökmdarımız - Tomris"lə davam etmiş, orta çağlara və yeni dövrə səyahət edərək "Cavanşir", "Babək", "Atabəy Eldəniz", "Cahan şah", "Uzun Həsən", "Şah İsmayıl",  "Şah Təhmasib Səfəvi", "Nadir şah Əfşar", "Ağa Məhəmməd şah Qacar" və neçə-neçə digər tarixi şəxsiyyətimizin təbliğinə həsr edilmiş elmi konfranslar, "dəyirmi masa"lar, ali məktəb tələbələri, orta məktəb şagirdləri ilə görüşlər - akademik Yaqub Mahmudovun həyat fəlsəfəsinin dəyərli istiqaməti olmuş və bu gün də davam etməkdədir.

Bu layihə akademik Yaqub Mahmudov tərəfindən Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin irsini qorumaq, tədqiq etmək və gənc nəslə çatdırmaq məqsədilə həyata keçirilən mühüm təşəbbüs olmuşdur. Belə ki, 2016-cı ildən başlayaraq insanlığın "korona" bəlası - "SARS-CoV-2 virusu" qadağalarına qədər Yaqub müəllim elmi kürsülərdən, yüksək elmi tribunalardan Azərbaycan tarixinin saxtalaşdırılması və görkəmli tarixi şəxsiyyətlərin ləkələnməsi cəhdlərinə qarşı, dövlət xadimlərinin rolunu elmi əsaslarla üzə çıxarmaq uğrunda öz çıxışları ilə mübarizə aparmışdır. 

Bu yaxınlarda AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudov və Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tofiq Mustafazadənin birgə ərsəyə gətirdiyi "Dünya hərb sənətinin Nadir şah zirvəsi" adlı mükəmməl monoqrafiya işıq üzü gördü. Bu monoqrafiya Nadir şah Əfşar şəxsiyyətinin dərindən araşdırılması və bu şəxsiyyətin düzgün qiymətləndirilməsi baxımından bu günədək onun haqqında yazılmış bütün əsərlərdən daha yüksəkdə dayanır. Tədqiqat əsərini, əslində, tarixi şəxsiyyətlərimizə sahib çıxmağımızın əyani sübutu, professor Tofiq Mustafazadənin Rusiya, İran arxivlərindəki uzun sürən elmi axtarışlarının nəticəsi və akademik Yaqub Mahmudovun həyat fəlsəfəsinin zirvəsi hesab etmək mümkündür.

Kitabın elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Kocakaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, rəyçiləri ortaəsrşünas alimlər Tahirə Həsənzadə, Güntəkin Nəcəfli və İradə Məmmədova, redaktorları tarixçilər Sevinc Məlikzadə, Elnur Nəciyev və Nazim Xəlilov, dizayner və texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

19 bölümdən ibarət olan "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kitabında çox mühüm məsələlər öz əksini tapmışdır. Kitabın qələmə alınmasının əsas məqsədi "Ön söz"də vurğulanmışdır: "Dahi şəxsiyyətimiz haqqında bu əsəri qələmə alarkən xüsusilə Qərb və Rusiya tarixşünaslığında yol verilmiş bir ayrı-seçkiliyə münasibət bildirməyi də özümüzə borc bildik. Axı nə səbəbə dünyanın Makedoniyalı İsgəndər, Böyük Pyotr, Napoleon Bonapart kimi bir çox görkəmli tarixi şəxsiyyətlərindən bəhs edərkən Qərb və Rusiya tarixçiləri bu tarixi simaları ancaq müsbət mövqedən qiymətləndirir, lakin Atilla, Əmir Teymur, Sultan Süleyman, Şah Abbas və Nadir şah kimi böyük türk tarixi şəxsiyyətlərini isə yalnız "yırtıcı", "qaniçən" hökmdarlar kimi qələmə verirlər?! Nadir şaha həsr olunmuş bu kitabı yazmaqda əsas məqsədlərimizdən biri də tarixi həqiqəti üzə çıxararaq onu dünyaya məhz dahi Azərbaycan sərkərdəsi kimi tanıtmaqdır. Məlumdur ki, bütün Qərb və Şərq tarixçiləri Nadir şahın mənşəcə türk olduğunu qeyd etsələr də, həmişə onu "İran hökmdarı", "fars sərkərdəsi" kimi qələmə verirlər. Biz ilk mənbələrə əsaslanaraq öz tədqiqatımızda bu stereotipi də qırmağa çalışmışıq".

"Tarixçilər və ilk mənbələr Nadir şah haqqında" adlanan bölümdə müəlliflər Nadir şah haqqında ilk mənbələrin - Şərq və Qərb mənbələrinin, rusdilli arxiv sənədlərinin məlumatlarında və müasir tarixçilərin elmi ictimaiyyətə Nadir şahı necə təqdim etməsi haqqında ətraflı məlumat vermişlər. 

Bildiyimiz kimi, sovet dövründə əsasən Azərbaycan tarixşünaslığında Əfşar dövləti və Nadir Əfşarın fəaliyyətinin (1732-1747) tarixi ilə bağlı demək olar ki, ətraflı və dolğun əsərlər yaradılmamışdır. Bəzi müəlliflər isə bu və ya digər problemlərə həsr olunmuş tədqiqatlarında Əfşar dövlətini Azərbaycan deyil, İran dövləti adlandırmış, Azərbaycanın digər görkəmli dövlət xadimləri kimi Nadir Əfşarın da həm hərbi, həm də dövlət quruculuğu sahəsində fəaliyyətini saxtalaşdırmışlar. Nadir şah kimi qüdrətli tarixi şəxsiyyətdən bəhs edərkən bir qayda olaraq onu mənfi şəxsiyyət kimi təqdim etmiş, ona işğalçı, yadelli damğası vurmuşlar.

Müəlliflər düzgün olaraq qeyd edirlər ki, Nadir Əfşarın fəaliyyəti sovet dövrü tarixşünaslığında əsasən marksist-leninçi metodologiya çərçivəsində şərh edilmiş, bu isə onun dövlətçilik təcrübəsinin və siyasi irsinin birtərəfli qiymətləndirilməsinə səbəb olmuşdur. Sovet dövrü tədqiqatlarında Nadir şahın dahiliyi etiraf edilsə də, ona qarşı birtərəfli münasibət özünü göstərməkdədir. Həmin əsərlərdə Nadir şahın qazandığı mühüm qələbələrdən, onun dünya hərb tarixinə gətirdiyi yeniliklərdən fərqli olaraq rastlaşdığı və düçar olduğu çətinliklərin qabardılmasına daha çox cəhd olunmuşdur. 

Müəlliflər 1958-ci ildə Moskvada çap edilmiş erməniəsilli sovet müəllifləri Marianna Arunova və Klara Əşrəfyanın birbaşa Nadir şah Əfşar dövlətinin tarixinin tədqiqinə həsr edilmiş (Arunova M., Aşrafən K. Qosudarstvo Nadir-şaxa Afşara: Oçerki obhestvennıx otnoşeniy v İrane 30-40-x qodov XVIII veka. İns-t Vostokovedeniə Akademii Nauk SSSR. Moskva, "İzd-vo vost. lit.", 1958.) əsərindən ətraflı bəhs edərək, yeri gəldikcə bu tədqiqatın düzgün tənqidi qiymətini də vermişlər. Müəlliflər Əfşar dövlətinin tarixi ilə bağlı Şərq mənbələrini və Qərbi Avropa alimlərinin əsərlərini də tədqiqata cəlb edə bilmiş, o cümlədən Nadir şah dövrünün mənbəyi hesab olunan Məhəmməd Kazımın "Tarixi aləmarayi Nadiri" əsərindən kifayət qədər faydalana bilmişlər. Əsərdə Nadir şah imperiyasının yaranması və genişlənməsi barədə mühüm məlumatlar verilsə də, müəlliflərin Nadir şahı demək olar ki, hər addımda kiçiltməyə cəhd etdiyini izləmək mümkündür. Nadir şahı talançı və vəhşi obrazında təqdim edən müəlliflər fəslin yekununda belə qənaətə gəlirlər ki, bu görkəmli şəxsiyyət, sən demə, hərbçi kimi də tərifəlayiq deyilmiş. Guya onu "Şərqin Napoleonu" adlandıranlar, yaxud Makedoniyalı İsgəndərlə müqayisə edənlər də ciddi mübaliğəyə yol vermişlər.

Kitabda tarixi mənbələrdə Nadir şah haqqında bəzi təhrif edilmiş məlumatların, onun  haqqında yanlış iddiaların səslənməsinə səbəb olduğu xüsusi vurğulanır, ciddi elmi araşdırmalarla bütün bunların, sadəcə, məqsədli iddialardan ibarət olduğu öz təsdiqini tapır. 

Növbəti bölümdə Nadir şahın hakimiyyətə gəlməsi ərəfəsində "Səfəvi dövlətinin vəziyyəti" - iqtisadi çöküş, 1722-ci ildə əfqan müdaxiləçiləri tərəfindən ölkənin paytaxtı İsfahanın ələ keçirilməsi, Səfəvi dövlətinin şimal və qərb torpaqlarının Rusiya və Osmanlı dövlətləri arasında bölüşdürülməsi, 1724-cü il İstanbul müqaviləsi, Əfqan müdaxiləçilərinin İstanbul müqaviləsinə daxil edilməmiş Səfəvi torpaqlarında möhkəmlənmək uğrunda mübarizəsi yeni faktlarla təqdim edilmişdir. Həmin bölümdə "Dahi sərkərdənin çətin gənclik illəri, ilk hərbi uğurları və hakimiyyət zirvəsinə yüksəlişi" yolunda onun ağır keçən uşaqlıq və gənclik illərinin həyat dərsləri; Nadirin özünü şah elan etmiş şahzadə II Təhmasib Səfəvi ilə birləşməsi və Məşhəd şəhərini alması, əfqan müdaxiləçiləri üzərində mühüm qələbələri, o cümlədən Herat qələbəsi, İsfahanın azad olunması və əfqan müdaxiləsinə son qoyulması; Nadirin işğal olunmuş Səfəvi torpaqlarını azad etmək üçün osmanlılara qarşı müharibəyə başlaması; Abdali əfqanlarını itaət altına alması, II Təhmasibin osmanlılara qarşı hərbi əməliyyatlarda məğlubiyyəti və hakimiyyətdən kənarlaşdırılması və s. məsələləri əks etdirən kifayət qədər ilkin mənbələr və rusdilli arxiv sənədləri tarixçi alimlərimiz tərəfindən tədqiqata cəlb edilərək oxunaqlı bir dildə oxuculara çatdırılır.

Digər bölümdə dahi sərkərdənin hakimiyyət başında olarkən gördüyü mühüm işlər - işğal olunmuş Səfəvi torpaqlarını azad etmək üçün Osmanlı imperiyasına qarşı müharibəni davam etdirməsi; II Təhmasib dövründəki məğlubiyyətə möhtəşəm qələbə ilə cavab verməsi; Məhəmməd xan Bəluc qiyamının yatırması; Qafqaz yürüşləri ilə Osmanlılara qarşı mübarizənin yeni mərhələsinin başlanması; Muğan qurultayı və Nadirin şah seçilməsi kimi məsələlər ətraflı şəkildə təqdim edilmişdir. 

Müəlliflər Nadir şahın  ordu quruculuğundan bəhs edərək onun muzdla xidmət edən və birbaşa mərkəzi hakimiyyətə tabe olan güclü vahid ordu yaratmaq siyasətini, yaratdığı Əfşarlar imperiyasını dünyanın qüdrətli dəniz dövlətinə çevirmək üçün gördüyü mühüm tədbirləri və bu sahədə qazandığı uğurları mühüm faktlarla təqdim edə bilmişlər. Bu bölümdə Qəndəhara çətin yürüş, şəhərin mühasirəsi və böyük sərkərdənin parlaq qələbəsi, Dahi sərkərdənin Qəndəharı aldığı gün İslamda məzhəb ayrılığına qarşı açıq savaşa başlaması, Nadir şahın Hindistan səfəri - Kabulun alınması, Nadir şahın Hindistan səfərinə çıxarkən oğluna nəsihəti, Cəlalabaddan Dehliyə yürüşün görünməmiş çətinlikləri və parlaq Karnal qələbəsi, Hindistan fatehinin Dehlidə qarşılanması kimi məsələləri də izləmək mümkündür.

Kitabda dahi sərkərdənin Türküstan yürüşü; Nadir şahın böyük elçiliyinin Rusiya sarayında təmtəraqlı şəkildə qəbul edilməsi, Dağıstana növbəti yürüşlə əlaqədar Rusiya ilə münasibətlərin gərginləşməsi və burada baş verən ümumxalq narazılıqları, mərkəzi hakimiyyətə qarşı iğtişaşlar təqdim edilmişdir.

Dahi sərkərdənin "Osmanlı İmperiyası ilə müharibələrin başa çatması"ndan sora gördüyü işlər, həll etməyə çalışdığı mühüm məsələlr, o cümlədən, Nadir şahın Türk-İşlam dünyasında məzhəb ayrılığının, sünnü-şiə ədavətinin aradan qaldırılmasına yönəlmiş sonuncu təşəbbüsü - "Nəcəf vəsiqəsi" haqqında ətraflı məlumat verilmişdir. 

Kitabın növbəti bölümündə Nadir şahın Osmanlılara qarşı yeni uğurlu hərbi əməliyyatlara başlanması və bu zaman mərkəzi hakimiyyətə qarşı baş verən üsyanlar, bu yeni iğtişaşlar səbəbindən hərbi əməliyyatların dayandırılması; daha sonra Osmanlılara qarşı hərbi əməliyyatların davam etdirilməsi və Muradtəpə qələbəsi; mərkəzi hakimiyyətə qarşı üsyanların yeni dalğası və imperiyanın süqutu ərəfəsində olan gərgin vəziyyət öz əksini tapmışdır. 

"Dünya tarixində Nadir şah şəxsiyyəti" adlanan son fəsildə Nadir şahın heyrətamiz fiziki və mənəvi keyfiyyətləri, dünya hərb sənəti tarixinin Nadir şahı və şahın ailəsi kimi maraqlı məsələlər öz əksini tapmışdır.

"Son söz" - "Tariximizdə Nadir şah faciəsi, onun ağır nəticələri və ibrət dərsləri" ("Ön söz"ün davamı)" adlı bölümdə dünya nadirşünaslığı tarixində ilk dəfə olaraq Nadir şahın yaxın ətrafı tərəfindən öz çadırında qətlə yetirilməsinin Azərbaycan tarixi üçün ağır nəticələri açıqlanmış və düzgün qiymətini almışdır:

"Nadir şahın 1747-ci ildə qətlə yetirilməsi Azərbaycan tarixinin ən ağır faciələrindən biridir. 1747-ci il qətli ilə sadə xalq içərisindən çıxmış və sülalə mənsubiyyətinə görə deyil, fitri hərbi istedadı, igidliyi, qəhrəmanlıqları ilə misilsiz sərkərdə və müdrik hökmdar səviyyəsinə yüksəlmiş təkrarsız dahinin həyat çırağı söndürüldü. Nadir şahın qətlə yetirilməsilə süquta uğramış və torpaqları yadelli təcavüzkarlar tərəfindən bölüşdürülmüş Azərbaycan Səfəvi imperiyasını bərpa etməyi bacaran, Səfəvilərdən daha böyük bir imperiya - Əfşarlar imperiyasını yaradan, tarixə Hindistan fatehi kimi daxil olan dahi sərkərdənin həyatına son qoyuldu.

1747-ci il qətli ilə ümumdünya tarixi inkişaf prosesində tarixin gedişini dəyişməyə nail olan ən qüdrətli şəxsiyyətlərdən biri məhv edildi. Əgər bütün ömrünü yadelli təcavüzkarlara qarşı müharibələrdə keçirən Nadir şahın parlaq qələbələri olmasaydı, ərazisi bütünlüklə qonşu imperiyalar və əfqan müdaxiləçiləri tərəfindən bölüşdürülmüş böyük Səfəvi imperiyasına daxil olan ölkələrin, habelə bütövlükdə Yaxın və Orta Şərqin sonrakı tarixi tamamilə başqa istiqamətdə inkişaf edəcəkdi" (s.409).

Kitabın "Ön söz"ündə təqdim edilən fəlsəfi və çox hikmətli bir sual bu gün hamımızı düşündürməlidir: "Nadir şahı amansızlıqda, kütləvi qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu, həqiqət deyil! Həqiqət budur ki, Nadir şahın kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. Lakin dahi sərkərdə Vətən torpağını işğalçılardan təmizləmək naminə keçirdiyi döyüşlər zamanı qorxaqlıq göstərənlərə, fərarilərə, satqınlara, mərkəzi hakimiyyətə qarşı çıxanlara, qiyamçılara qarşı amansız idi və belələrini cəzalandırırdı. Bunsuz Dərbənddən Türküstanın və Hindistanın içərilərinə, Hind okeanı sahillərinə qədər uzanıb gedən, geniş əraziləri əhatə edən böyük bir imperiyanı əldə saxlamaq mümkün idimi?!" 

Nadir şah haqqında obyektiv araşdırmaların aparılması və "Dünya hərb sənətinin Nadir şah zirvəsi" kimi əsərlərin yazılması bu gün öz torpaqlarını 30 illik düşmən işğalından qurtarmış bir ölkənin vətəndaşlarına, əsasən də gənclərimizə bu şəxsiyyəti daha obyektiv qiymətləndirmək imkanı verir.


Güntəkin NƏCƏFLİ,

tarix elmləri doktoru, Dövlət mükafatı laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

10:02
11 Mart

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

10:01
11 Mart

Nazir müavini: 200-dən çox ABŞ şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir

09:52
11 Mart

Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

09:51
11 Mart

UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb

09:50
11 Mart

Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

09:50
11 Mart

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

Dəniz sahilində, göydələnlər arasında

08:55
11 Mart

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

08:50
11 Mart

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

08:45
11 Mart

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

08:40
11 Mart

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

08:35
11 Mart

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

08:30
11 Mart

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

08:25
11 Mart

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

08:20
11 Mart

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

08:15
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!