Pul müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən ödəniş vasitəsidir. Onun vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir və bu mübadiləyə əmtəə tədavülü deyilir. Pul həm də elə universal məhsuldur ki, onsuz heç bir müasir cəmiyyət keçinə bilməz.
Zaman keçdikcə pulun özü də inkişaf edən texnoloji yeniliklərdən dolayı daha geniş imkanlara malik olur. Bunlardan biri də kriptovalyutadır. Kriptovalyuta virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər, elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı güman edilir. Çünki o, hər hansı bir ölkənin siyasətindən, qanunlarından, pul vahidindən asılı deyil və heç bir dövlət tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyənləşdirilir. Bu valyutanı istifadə etməyi heç kim məcbur və ya qadağan edə bilməz. Çünki rəqəmsal valyutanın dövriyyəsini və onu istifadə edənləri kimsə nəzarətdə saxlamır. Ona görə də bu gün kriptovalyuta qlobal maliyyə bazarını ələ keçirmək dərəcəsinə yaxınlaşıb. Amma mütəxəssislərin dediyinə görə, kriptovalyuta bazarı həm də ənənəvi bazarlardan fərqli olaraq kifayət qədər risklidir, baxmayaraq ki, həmin risk insanlara bu bazarda qazanmağa mane olmur.
Azərbaycanda da hər cür riski gözə alaraq kripto bazarından qazanmağa üstünlük verənlər var. Amma hər kəs də rəqəmsal valyutanın incəliklərini asanlıqla başa düşə bilmir. Bəzi mütəxəssislərin fikrincə, bu, ona görə belədir ki, kripto bazar ölkəmizdə populyar deyil. Bununla belə, bu fikri qəbul etməyən mütəxəssislərdən olan "Binance"nin Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional rəhbəri Kirill Xomyakov mətbuata verdiyi müsahibəsində qeyd edib ki, Azərbaycanda kriptovalyutaların populyarlığının aşağı olması ilə bağlı deyilənlər real vəziyyəti düzgün əks etdirmir. Məsələn, "Triple-A"nın məlumatına görə, 2023-cü ildə 10 milyondan çox azərbaycanlı rəqəmsal aktivlərdən fəal istifadə etmişdir və bu rəqəm davamlı artmışdır. K.Xomyakovun sözlərinə görə, Azərbaycanda kriptovalyutaların tənzimlənməsi ilə bağlı hazırkı vəziyyət ilkin mərhələdədir: "Əsas təkmilləşdirmə istiqamətləri bazar iştirakçılarının hüquqi müdafiəsini təmin edən, innovativ inkişaf üçün stimul yaradan və fırıldaqçılıq da daxil olmaqla, maliyyə risklərini minimuma endirən hərtərəfli qaydaların hazırlanmasıdır. Müasir texnologiyaların ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirmək üçün biznes sektoru ilə hökumət arasında səmərəli dialoqun yaradılmasına da diqqət yetirmək lazımdır". Kirill Xomyakov ölkəmizdə kriptovalyutaların tənzimlənməsində həll olunacaq məsələlərdən də söz açıb: "Növbəti 1-2 ildə Azərbaycanda kriptovalyutaların tənzimlənməsinin əsas vəzifələri aydın qanunvericilik bazasının yaradılması, eləcə də istifadəçilərin hüquqlarının müdafiəsi mexanizmlərinin hazırlanması olmalıdır. Bu baza rəqəmsal aktivlərin vəziyyətini, vergitutma və onlardan istifadə qaydalarını müəyyən edəcək".
Dünyada kriptovalyutaların sayı yüzlərlədir. Əslində, sayları çox olsa da, bir neçə kriptovalyuta birjası var ki, onlar bu sahədə həlledici rol oynayırlar. Birinci yerdə ilk rəsmi kriptovalyuta hesab edilən "Bitcoin" qərarlaşıb. Sonrakı yerləri "Ethereum", "Cardano", "Binance" və digərləri bölüşdürürlər. Digərləri kimi, "Binance" də müxtəlif kriptovalyutaların alqı-satqısını təmin edən kriptovalyuta birjasıdır. 2018-ci ilin yanvarından etibarən "Binance" əməliyyat həcminə görə dünyanın ən böyük kriptovalyuta birjasıdır. Bu birja daha əvvəl "high frequency tranding" proqramını hazırlayan proqramçı Çanqpinq Zao tərəfindən qurulub. Şirkət ilk vaxtlar Çində fəaliyyət göstərib. Amma sonra Çinin kriptovalyutaya qoyduğu qadağaların artması səbəbi ilə Çindən ayrılaraq Maltaya köçüb.
Bu gün Qazaxıstan regionda kriptovalyutanın tənzimlənməsində Mərkəzi Asiyada liderdir. Bunun səbəbi "Binance"nin Qazaxıstanın ilk kriptovalyuta birjası olması və blokceyn texnologiyalarından daha çox istifadə etməsidir. Məlumat üçün bildirək ki, "blokceyn" sistemdə nə vaxtsa həyata keçirilmiş bütün tranzaksiyaların, yəni pul vəsaitləri ilə həyata keçirilən əməliyyatların (köçürmə, çıxarma, yaxud hesaba qoyma) ictimai bazasıdır.
Bəs Azərbaycanda kriptovalyutaların və blokceyn texnologoyalarının istifadəsi, onun inkişafı ilə bağlı vəziyyət necədir? Kirill Xomyakov əmin olduğunu bildirib ki, onlar dünyanın çox yerində olduğu kimi, Azərbaycanda da qısa müddətdə inkişaf edəcək: "Biz kriptovalyuta əməliyyatlarında artımı və sənayelər arasında blokçeyn həllərinin qəbulunu gözləyirik və regionda bazarın inkişafı üçün innovasiyaları dəstəkləməkdən və beynəlxalq standartları formalaşdırmaqdan qürur duyuruq". "Binance"nin rəhbəri Azərbaycanda kriptovalyutalarla bağlı innovativ layihələri dəstəklədiklərini də dilə gətirib: "Məqsədimiz rəqəmsal aktiv ekosistemini dəstəkləmək və inkişaf etdirmək, kriptovalyutalar sahəsində yeni həllər yaratmaqda startaplara və sahibkarlara kömək olmaqdır. Biz yerli təşkilatlarla əməkdaşlığa açığıq və Azərbaycanda bazarın inkişafına töhfə verə biləcək innovativ ideyalar üçün platforma təqdim etməyə hazırıq".
Qeyd edək ki, "Binance" 2024-cü ilin may ayında Azərbaycan istifadəçilərinin kriptovalyutalara və blokçeyn texnologiyalarına münasibətini öyrənmək üçün sorğu keçirib. Məlum olub ki, respondentlərin 70 faizi 2024-cü ildə investisiya qoymağa davam etməyi planlaşdırır, 65 faizi isə kriptovalyutaların qlobal iqtisadiyyatda mühüm rol oynadığına inanır.
Z.NADİRQIZI,
"Azərbaycan"