2024-2025-ci tədris ilində Kürdəmir Peşə Liseyinə 32 qrupa 27 ixtisas üzrə 640 tələbə qəbul olub və qrup sayının 50-yə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, liseydə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasını təmin etmək məqsədilə geri qayıdan əhalinin məşğulluğunun davamlı artırılması istiqamətində iqtisadiyyatın tələbatına uyğun qısamüddətli təlimlər təşkil edilir. Yerli sakinlərlə bərabər, keçmiş məcburi köçkünlərə də dərzi, bərbər, vizajist, aşpaz peşələri və digər peşələr öyrədilir.
AZƏRTAC-ın əməkdaşı peşə liseyində olub, təlimlərə qatılan şəxslərlə söhbət edib.
Uzun illərdir Kürdəmirdə məskunlaşan Füzulidən olan keçmiş məcburi köçkün Gülyaz Şahbazovanın doğma rayonu indi işğaldan azaddır və dövlətimiz tərəfindən yenidən qurulur. O da digər həmyerliləri kimi yaxın zamanlarda doğma rayonuna qayıdacaq. Həmin müddətədək müsahibim sevdiyi peşəyə yiyələnmək, peşəkar saç ustası olmaq niyyətindədir. Hazırda o, bərbər-vizajist qrupunda müxtəlif dərs vəsaitlərindən istifadə etməklə, bu işin dərinliklərini mənimsəyir.
Gülyaz uşaqlıqdan bu sənəti arzuladığını və Kürdəmir Peşə Liseyinə gələrək istəyini gerçəkləşdirdiyini bildirib. O, hər kəsi arzularının ardınca getməyə səsləyib və bunun heç bir zaman gec olmadığını vurğulayıb: “İnşallah, tezliklə doğma yurdumuza qayıdacağıq, orada işləyəcəyik. Ona görə də hər hansısa bir sənətə yiyələnməyimiz önəmli amildir. Bu arzumu burada gerçəkləşdirdim. Arzuları gerçəkləşdirmək, onun arxasınca getmək heç vaxt gec deyil”.
Liseydə dərslər texniki biliklərə malik, həmçinin təlimçilik təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilir. Müdavimlərə xüsusi proqramla praktiki və nəzəri qaydada peşənin mənimsənilməsi üçün dərslər keçilir, eyni zamanda, onlara müasir avadanlıqlarla səmərəli işləmək qaydası öyrədilir.
Qrup rəhbəri Əsmər Tağıyeva ilə söhbət edirik. O, burada verilən təhsildən danışaraq deyib: "Tələbələrimiz saçın kəsilməsini, rənglənməsini, daha sonra makiyajın bütün sirlərini öyrənirlər. Üz-baxım, saç baxım vasitələri haqqında məlumat alırlar, keratindən istifadə qaydalarını, kəsimin bütün növlərini həm nəzəri, həm də praktiki şəkildə həyata keçirirlər”.
Liseydə xanımların daha çox müraciət etdikləri sahələrdən biri də dərzi peşəsidir. Bu qrupa yerli sakinlərlə bərabər, keçmiş məcburi köçkünlər də maraq göstərirlər. Qrup üçün lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqları təşkil edilib. Peşəkar mütəxəssislər tərəfindən iştirakçılara nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunur.
Nazilə Məmmədova da keçmiş məcburi köçkündür. Müəyyən səbəblərdən təhsil ala bilməsə də, bunun heç də gec olmadığını fikirləşir. Elə buna görə də Kürdəmir Peşə Liseyinə qəbul olub. O da dərzilik peşəsinə yiyələnərək, doğma yurduna qayıtdıqdan sonra, orada fəaliyyətini davam etdirmək istəyir.
Liseydə növbəti ildə aviasiya üzrə ixtisasın açılması da planlaşdırılır. Eyni zamanda, günəş panelləri və dron mütəxəssislərinin hazırlanması nəzərdə tutulur.
Kürdəmir Peşə Liseyi Publik Hüquqi Şəxsin direktoru Nurlan Abdullayev liseyin fəaliyyətindən danışır. Deyir ki, hər il əmək bazarı araşdırılır və tələbat olan ixtisasların öyrədilməsinə üstünlük verilir. Həmçinin Böyük Qayıdış proqramına uyğun olaraq, məcburi köçkünlərin qayıdışı da nəzərə alınaraq iki fərqli ixtisasın - dərzi və vizajist ixtisaslarının öyrədilməsinə başlanılıb. Onun sözlərinə görə, liseydə 40 məcburi köçkün təhsil alır və onlar yaxın gələcəkdə öz yurd-yuvalarına qayıdan zaman işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər.
Onu da əlavə edək ki, 3 aylıq qısamüddətli təlimləri uğurla bitirən şəxslərə istiqamətindən asılı olaraq ixtisas sertifikatları, digər ixtisasları bitirən tələbələrə diplomlar, həmçinin ümumtəhsil bazasından məzun olmuş tələbələrə isə diplomla bərabər, ümumtəhsil haqqında şəhadətnamələr təqdim edilir.