Neftçalada arpa biçininə başlanılıb
Neftçala arpa biçininə ən tez başlayan rayondur. Bunun da başlıca səbəbi torpaq və iqlim şəraitidir. Buradakı əkinəyararlı torpaqlar bir vaxtlar Xəzər dənizinin suları altında olan, dənizin geri çəkilməsi ilə quruya çevrilmiş sahələrdir.
Şübhəsiz ki, bu proses əsrlər öncə baş vermişdir. İndi həmin sahələr qumsal olduğundan günəşin istiliyini daha aktiv qəbul edir ki, bu da bitkilərə öz təsirini göstərir. Rayonun Xəzərkənd kəndindəki ərazilər bu cəhətdən daha xarakterikdir. Xəzərkənd torpaqları suvarılmadığı üçün burada taxıl daha tez yetişir.
Rayonda bir neçə gündür biçinə start verilib. İlk günlər bu iş seçmə yolu ilə həyata keçirilir. Fermerlər mütəxəssislərlə birlikdə arpa zəmilərinə baxış keçirdikdən sonra kombaynlar sahəyə girir. İki-üç gündən sonra biçin kütləvi şəkildə hər tərəfdə aparılacaq.
İyun ayının 3-nə kimi 500 hektarda biçin aparılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 25,8 sentnerdir ki, bu da əvvəlki illərin göstəricilərindən çoxdur. Taxılçı fermerlər məhsuldarlıqdan razılıq edirlər.
Yazın yağmurlu keçməsi bəzi sahələrdə kənd təsərrüfatına müəyyən ziyan vursa da, əksinə, taxılçılığa xeyirli olmuşdur. Buğda zəmilərindən daha yüksək məhsuldarlıq gözlənilir. Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün keçən ilin payızında Neftçalada 43 min 598 hektara taxıl toxumu səpilib. Bunun 5 min 100 hektarı buğda, qalan 38 min 498 hektarı arpadır. Əkin zamanı toxumla birlikdə torpağa ammofos gübrəsinin verilməsi və aqrotexniki tələblərə vaxtında, habelə keyfiyyətlə əməl olunması yüksək məhsuldarlıq üçün zəmin yaratmışdır.
Biçinin optimal müddətdə itkisiz və qəzasız aparılması üçün "Aqroservis" ASC rayon filialında mütəxəssislərin, fermerlərin və kombaynçıların iştirakı ilə müşavirə keçirilib. Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində biçinlə əlaqədar qərargah yaradılıb. Biçin kampaniyasının gedişinə nəzarət olunur. Sahələrdə 120 kombayn işləyir.
S.QUBADOĞLU,
"Azərbaycan"