Dünya Meteorologiya Təşkilatı yaxın aylarda güclü "El-Ninyo" hava şəraitinin başvermə ehtimalının çox yüksək olduğunu elan edib. BMT-nin Hava Agentliyinin son hesabatına görə, iyun-avqust ayları arasında bu təbiət hadisəsinin yaşanma ehtimalı 80 faiz, onun noyabr ayına qədər davam etmə ehtimalı isə 90 faizdən çoxdur.
Bəs "El-Ninyo" nədir və o, dünyanı necə dəyişə bilər? "El-Ninyo" Sakit okeanın mərkəzi və şərqində suyun temperaturunun vaxtaşırı isinməsidir. Bu təbiət hadisəsi qlobal temperaturu kəskin şəkildə artırır, dünyanın bəzi bölgələrində dağıdıcı yağışlara və qasırğalara, bəzi yerlərində isə kəskin quraqlığa səbəb olur. Elmi araşdırmalara görə, bu hadisə okean axınları ilə yanaşı, planetin stratosfer qatındakı külək rejimini də tamamilə alt-üst edir.
Dünya Meteorologiya Təşkilatının baş katibi Seleste Saulo bildirib ki, "El-Ninyo" həm quruda, həm də okeanlarda anomal istilərə yol açacaq. Bu isə zəncirvari olaraq ağcaqanadlar vasitəsilə yayılan malyariya, denq qızdırması və zika kimi ölümcül xəstəliklərin artmasına, kütləvi su və qida qıtlığına səbəb olacaq. Xüsusilə, qlobal şokolad sənayesinin əsasını təşkil edən Qərbi Afrikadakı kakao plantasiyalarının məhv olması qaçılmaz xarakter alır ki, bu da artıq dünya birjalarında kakaonun bir tonunun qiymətinin tarixdə ilk dəfə 10 min dolları ötməsi ilə nəticələnib.
BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, "El-Ninyo" onsuz da isinməkdə olan planetimizin alovuna yanacaq tökəcək və onun dağıdıcı təsirləri sərhəd tanımadan çox sürətlə yayılacaq. O, qalıq yanacaqlardan imtina etməyi və "yaşıl enerji"yə keçidi sürətləndirməyin vacibliyini deyib. Çünki sənaye inqilabından bəri atmosferə atılan karbon qazının miqdarı rekord həddə, yəni 420 ppm-ə (milyonda bir hissəyə) çatıb. Bu qorxulu xəbərdarlıq təsadüfi bir vaxta düşmür. Mayın sonlarında Fransa və Böyük Britaniya kimi Qərb ölkələrində rekord istilərin qeydə alınması, həmçinin Hindistan və Çində anomal hava şəraitinin yaşandığı bir vaxtda dünya SOS siqnalı verir. Məsələn, Hindistanın paytaxtı Nyu-Dehlidə termometrlər ağlasığmaz həddi - 49-50 dərəcə istini göstərir. Bu da yüzlərlə insanın günvurmadan həyatını itirməsinə və elektrik şəbəkələrinin sıradan çıxmasına səbəb olub. Okean sularının temperaturu isə artıq normadan 6 dərəcə yüksəkdir. Bu, okean ekosisteminin, xüsusən də bəşəriyyətin oksigen mənbəyi olan mərcan riflərinin kütləvi şəkildə ağarması və məhv olması deməkdir.
Meteoroloqlar xəbərdarlıq edirlər ki, 2026-cı ilin iyun-avqust aylarında dünyada temperatur normadan yüksək olacaq. Sonuncu belə güclü "El-Ninyo" dövrü 2024-cü ildə tarixin ən isti ili olmasına səbəb olmuşdu. İqlimşünaslar qorxurlar ki, 2026-cı il Paris İqlim Razılaşmasında kritik xətt kimi qəbul edilən 1,5 dərəcəlik qlobal isinmə limitini daimi olaraq keçə bilər. Avropa İttifaqının "Kopernik" İqlim Dəyişikliyi Xidmətinin məlumatları da göstərir ki, Arktika və Antarktidada buzların ərimə sürəti son 30 ilin ən pik nöqtəsinə çatıb.
Qlobal iqlim dəyişikliyi artıq böyük bir təhlükəyə çevrilib. Bu problem həm iqtisadiyyata, həm də təhlükəsizliyə birbaşa təsir edir. Riskləri azaltmaq üçün dünya dövlətləri birlikdə hərəkət etməlidirlər. Günəş, külək və su enerjisindən istifadə sürətlə artırılmalıdır. Atmosferə atılan zərərli qazların miqdarı azaldılmalıdır. Kənd təsərrüfatı və su təsərrüfatı yeni şəraitə uyğun qurulmalıdır. Qida qıtlığının qarşısını almaq üçün davamlı modellər tətbiq edilməlidir. İqlim böhranından ən çox zərərçəkən Afrika və Cənubi Asiya ölkələrinə maliyyə və texnoloji dəstək verilməli, dövlətlər ekoloji siyasətlərində dəyişiklik etməlidirlər. Əks halda, yaxın gələcəkdə böyük humanitar və iqtisadi böhranlar qaçılmaz ola bilər.
Təhminə VERDİYEVA,
"Azərbaycan"