06 İyun 2026 09:15
139
Mədəniyyət
A- A+
Səhnə işığında keçən ömür

Səhnə işığında keçən ömür


Xalq artisti Rafiq ƏZİMOV: "Teatr mənim ömür yolum, həyatım, özümü təsdiq vasitəmdir"


İlk dəfə telefonla danışıb görüş vaxtını dəqiqləşdirəndə səsindəki sakitlikdən, danışığındakı mehribanlıqdan hiss etdik ki, görüşmək istədiyimiz insan ömrünün 88-ci ilini yaşasa da, vaxtın qədrini bilən, ömrünü intizama və məsuliyyətə söykəyən sənətkardır. Razılaşdığımız vaxtda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında görüşəndə də ilk baxışda diqqəti çəkən ağ saçları yox, illərin hikmətini daşıyan baxışları, çöhrəsindəki nur, səsindəki təmkin və daxilindən gələn qəribə bir rahatlıq oldu.

O, sadəcə aktyor deyil, Azərbaycan teatrının və kinosunun bir neçə nəslini yaddaşında yaşadan canlı tarixmiş. 64 ildən çoxdur ki, hər gün eyni ünvana - teatra, tamaşaya, obraza, tamaşaçı görüşünə tələsir. Söhbət Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əzimovdan gedir. Qocaman sənətkar bizi köhnə tanışı kimi mehribanlıqla qarşılayıb teatra, özünün qrim otağına dəvət edir. Mənalı baxışları ilə otağı süzüb, "bu otaq çox böyük sənətkarlar görüb", - deyir. Sonra da əlavə edir: "Oturduğum bu masada vaxtilə İsmayıl Osmanlı əyləşərdi".

Rafiq Əzimovun həyat yolunu təsadüflər yox, sənət eşqi ilə müəyyən edib. Uşaqlıq illərində yaşadığı məhəllə onun ilk universiteti olub. Azərbaycanın tanınmış şairləri, aktyorları, yaradıcı insanlarının həmin məhəllədə yaşaması, böyük sənət adamlarını yaxından görməsi gələcək aktyorun təxəyyülündə başqa bir dünya yaradıb. Kiçik yaşlarında tar məktəbinə gedib. Sazda da ifa etməyi bacarıb. Teatra gəlişindən danışan qocaman sənətkar deyir ki, ilk sənət hekayəsi dram dərnəklərində başlayıb. Əvvəl Əli Qurbanovun, sonra Lütvi Məmmədbəyovun rəhbərlik etdiyi kollektivlərdə özünü sınayıb.

Təsadüfi bir hadisə onun taleyini dəyişib. "Xalq Teatrı Lənkərana qastrola gedirdi. Tamaşada çıxış etməli olan aktyor gəlməmişdi. Həmin aktyorun yaratdığı  obrazın sözlərini əzbər bildiyimi, onu əvəz edə biləcəyimi dedim. Beləliklə, başqa çıxış yolu olmadığı üçün məni səhnəyə buraxdılar. Xalq artisti deyir ki, bəzən insanın taleyi məhz belə məqamlarda müəyyənləşir. Onun da taleyi belə olub. Sonra Rafiq Əzimov Teatr İnstitutuna qəbul edilib. 

Tələbəlik illərində görkəmli pedaqoq Məhərrəm Haşımovun sinfində təhsil alır. Həmin dövrü bu gün də minnətdarlıqla xatırlayaraq, "o müəllimlər sadəcə dərs keçmirdilər, onlar aktyor yetişdirirdilər. Hər biri ayrıca məktəb idi", - deyir. Sonra keçdiyi yolu aramla vərəqləyir. 1959-cu il. Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə hazırlıq gedir. İkinci kurs tələbəsi olan Rafiq Əzimov da seçilən gənclər arasında idi. Ədil İsgəndərovun hazırladığı "Vaqif", Tofiq Kazımovun quruluş verdiyi "Şərqin səhəri", Lermontovun "Maskarad" tamaşası və digər səhnə əsərləri Moskvanın məşhur Kiçik Teatrında nümayiş etdirilməli idi. 

Çöhrəsində qəribə bir işıq parıldayır, gülümsünür. Ağ saçları arasında gülümsər çöhrəsi bədirlənmiş ay kimi nur saçır. "İlk dəfə Moskva səhnəsinə çıxmaq bizim üçün böyük hadisə idi. Həm qürur duyurduq, həm də məsuliyyət hiss edirdik",  - deyə aktyor bildirir.

Bu səfər onun həyatında dönüş nöqtəsinə çevrilir. Moskvadan qayıtdıqdan sonra gənc aktyor artıq peşəkar teatr mühitində görünməyə başlayır, müxtəlif tamaşalarda çıxış edir. Bir müddət sonra Akademik Dram Teatrına təyinat alan iki tələbədən biri o  olur. Digəri isə sonralar Azərbaycan kinosunun əfsanəsinə çevriləcək Həsən Məmmədov idi. Beləliklə, 1962-ci ildə Rafiq Əzimov bu müqəddəs sənət ocağına gəlir. Aradan 64 il keçir, amma o hələ də həmin teatrın səhnəsindədir.

Hiss edirik ki, o, həmin illərdən ayrılmaq istəmir. Teatra gəldiyi günləri xüsusi sevgi ilə xatırlayır. İlk rollarından birini Viktor Rozovun "Şadlıq sorağında" tamaşasında oynayır. Tərəfdaşları isə artıq şöhrətin zirvəsində olan sənətkarlar idi. Əliağa Ağayev, Fatma Qədri, İsmayıl Osmanlı, Məlik Dadaşov… Adlarını sadaladıqca səsində qəribə bir ehtiram hiss olunur. 

O dövrün teatrı haqqında danışarkən tez-tez bir fikri təkrarlayır: "Hər aktyor ayrıca məktəb idi". Bu ifadə təsadüfi deyil. Çünki həmin nəsil həm də yeni aktyorlar yetişdirirdilər. "Əliağa Ağayevin mənim toyumda səsləndirdiyi fikirləri heç vaxt unutmaram. Dedi ki, Rafiq hər dəfə səhnəyə çıxanda onun əsdiyini, titrədiyini hiss edirəm, mən də səhnəyə, tamaşaçı qarşısına çıxanda o hissi yaşayıram, aktyor səhnəyə çıxanda titrəməsə, həyəcanlanmasa ondan aktyor olmaz, mən ona həmişə səhnədə titrəməyi, əsməyi arzu edirəm. Bu gün də hər səhnəyə çıxanda elə bilirəm ki, onlar məni izləyirlər".

Azərbaycan kinosunun tarixində xüsusi yer tutan "Yeddi oğul istərəm" filmi haqqında danışanda Rafiq müəllimin səsi daha da canlanır. Filmin çəkilişlərinə qədər o, artıq "Mənim əziz atam" filmində çəkilmişdi. Ancaq xalqın yaddaşında onu daha çox "Yeddi oğul istərəm" yaşatdı. "Filmə hazırlıq çox ciddi gedirdi. Günlərlə Cıdır meydanında məşq edirdik", - deyə vurğulayır. Bakı uşağı olan Rafiq Əzimov əvvəllər at sürməyi bilmirmiş. Amma kino başqa qanunlarla işləyir. Aktyorlar atlara qulluq edir, onları yemləyir, sulayır, yəhərləməyi, atla təmas qurmağı öyrənir. "Məqsəd sadəcə at sürməyi öyrənmək deyildi, atla dost olmaq lazım idi. Sonra elə sürürdük ki, dublyora ehtiyac qalmırdı", - deyə aktyor söhbətini davam etdirir. Filmdəki bütün səhnələr aktyorların iştirakı ilə çəkilib. Bu gün kompüter texnologiyalarının həll etdiyi işlər o vaxt cəsarət, iradə və zəhmətlə həyata keçirilirdi.

88 yaşın 64 ili eyni teatr, yüzlərlə tamaşa, onlarla film. "Bu qədər uzun və məhsuldar ömrün sirri nədir", - deyə ondan soruşduq. Rafiq müəllim bir qədər düşünür və sadə bir cavab verir: "Səbir". Sonra əlavə edir: "Həm də ailə". Sözlərinin davamında ömür-gün yoldaşından danışır. Hər şey onun qayğısından, anlayışından, dəstəyindən asılıdır. Sənət adamını evdə başa düşməsələr, onun işi çox çətin olar. 

Rafiq Əzimov teatr həyatının yalnız müsbət tərəflərindən danışmır. O, sənətin görünməyən üzünü də etiraf edir: "Teatrda hər şey olur, həsəd də, intriqa da". Sonra təbəssümlə əlavə edir: "Gərək hər şeyi ürəyinə salmayasan. Hər eşitdiyini eşitmiş kimi, gördüyünü görmüş kimi qəbul etməyəsən". 

Rafiq müəllimin yaradıcılığında xüsusi yer tutan obrazlardan biri Dədə Qorquddur. Nəbi Xəzrinin "Burla xatun" əsərində yaratdığı bu obraz onun yaddaşında ayrıca yer tutur. Hətta bu gün də həmin rolu yenidən oynamaq istəyir. "Dədə Qorqud mənim ən sevdiyim obrazlardan biridir. İndi yaşım da, təcrübəm də bu obraza daha çox uyğundur",- deyir.

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələrindən olan Rafiq Əliəşrəf oğlu Əzimov 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, 2018-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü olan aktyorun həyat və yaradıcılığına həsr edilmiş "Sənət sevgisi" adlı sənədli film çəkilib. 

Rafiq müəllim bu gün də səhnədədir. "Ölülər", "Natəvan", "Qarabağnamələr" və digər tamaşalarda rolları var. Əksər insanların çoxdan istirahətə çəkildiyi bir dövrdə o, hələ də tamaşaçı qarşısına çıxır, rol üzərində işləyir, səhnənin həyəcanını yaşayır. Çünki teatrı həyatı hesab edir.

 Ömrünün 88-ci baharını yaşayan sənətkarın gözlərində hələ də gənclik arzusu yaşayır: "Yenidən səhnəyə çıxmaq... Yenidən Dədə Qorqud olmaq... Və yenə də ömrünü həsr etdiyi sənət məbədində tamaşaçı alqışlarını eşitmək..." Çünki Rafiq Əzimov üçün teatr sadəcə iş yeri deyil, teatr onun ömür yolu, həyatının mənası, özünütəsdiq vasitəsi və xalqına xidmət ünvanıdır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!