05 Noyabr 2025 08:05
5279
Elm və texnika
A- A+
Zəfərə aparan elmi idarəçilik

Zəfərə aparan elmi idarəçilik


Azərbaycan Respublikası bu il müstəqilliyinin bərpasının  34-cü ildönümünü qeyd etdi. Tarixi baxımdan bu, çox qısa dövr olduğuna baxmayaraq, ölkəmiz bu illərdə inkişafın müxtəlif istiqamətlərində çox böyük nailiyyətlər əldə etmişdir. Bu uğurlar arasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbə ilə bitmiş 44 günlük şanlı Vətən müharibəsi, onun nəticəsində ölkənin ərazi bütövlüyünün bərpası xüsusi əhəmiyyət daşıyır. Bu qələbə ilə ölkə öz gücü hesabına beynəlxalq hüququ tam bərpa etdi, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirdi, dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edilməsinə yönəldilmiş və 24 saatdan az vaxt tələb edən uğurlu antiterror əməliyyatının keçirilməsi üçün şərait yaratdı. 

Bu tarixi qələbənin əldə edilməsində əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilən müasir ölkə quruculuğu istiqamətində uğurlu çalışmalar, innovativ dövlət idarəçiliyi sahəsində böyük bacarıqlar durur. Bu siyasətin həyata keçirilməsi nəticəsində ölkədə iqtisadi yüksəlişə nail olunmuş, sosial sahənin məqsədyönlü inkişafı təmin edilmiş, hərbi quruculuq istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bunlarla yanaşı, Vətən müharibəsində qələbəni, ölkənin ərazi bütövlüyünün bərpasını təmin edən digər amillər arasında qlobal miqyasda reallaşdırılan çevik və uğurlu diplomatik fəaliyyət, dünyanın aparıcı televiziya kanalları, beynəlxalq qəzet və jurnallara  verilən müsahibələrin çox böyük əhəmiyyəti olmuşdur. Bütün bu fəaliyyətlər Prezident İlham Əliyev tərəfindən şəxsən böyük peşəkarlıqla həyata keçirilmişdir. 

Azərbaycan Respublikasının Vətən müharibəsində qazandığı tarixi qələbə mükəmməl hərbi və ümummilli təhlükəsizlik siyasətinə əsaslanır. Lakin bununla yanaşı, qazanılmış zəfəri, ən müasir elmə əsaslanan və təcrübədən uğurla çıxan davamlı və inklüziv inkişaf siyasətini təmin edib. Ölkə Prezidenti İlham Əliyevin dövlət idarəçiliyi sahəsində dünyada ilk dəfə tətbiq etdiyi yeni siyasət və texnologiyalar ölkənin hərtərəfli inkişafını təmin edərək, dövlətin ərazi bütövlüyünə və suverenliyinə səbəb oldu. 

Hazırda "Böyük qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərin iqtisadi, sosial, ekoloji və humanitar reabilitasiyası uğurla həyata keçirilir və artıq 50 mindən çox insan, o cümlədən 20 mindən çox məcburi köçkün öz yurdları olan Qarabağ və Şərqi Zəngəzura qayıtmaq imkanı qazanmışlar. Ölkəmizdə işğaldan azad olunmuş ərazilərin həyata qaytarılması prosesi öz miqyası və mahiyyətinə görə unikaldır və dünyada onun analoqu yoxdur. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçilir. Bu prosesdə "yaşıl inkişaf" və "ağıllı kənd və şəhər" yanaşmalarının tətbiqi həm yerli resurslarla, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində mümkün olub. BMT-nin şəhərsalma sahəsində ixtisaslaşmış agentliyi olan UN-Habitat bu əməkdaşlıqda əsas tərəfdaşdır. Qeyd edilməlidir ki, şəhərsalma ilə məşğul olan beynəlxalq təşkilatlar arasında BMT-nin bu strukturu dünyada ən ali, birnömrəli qurumdur. Azərbaycanın bu təşkilatla əməkdaşlığının ilk irimiqyaslı tədbiri 2022-ci ildə Ağdamda keçirilmiş "Davamlı inkişaf və yeni şəhər gündəliyi - azad edilmiş ərazilərin bərpasının hərəkətverici qüvvəsi kimi" adlı beynəlxalq forum olmuşdur. Bu foruma 40 ölkədən 400-dən çox iştirakçı qatılmışdı. Forum iştirakçıları ölkəmizdə işğaldan azad edilmiş ərazilərin reabilitasiyasında tətbiq edilən innovativ fəaliyyətlərlə də tanış olmuşlar. Ölkənin davamlı və inklüziv inkişaf edən yaşayış məntəqələrinin salınması sahəsində BMT ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə Xankəndi şəhərində şəhərsalma forumu keçirilmişdi. Forumda azad edilmiş ərazilərdə "ağıllı şəhər və ağıllı kənd" layihələrinin, "yaşıl enerji" və infrastrukturun tətbiqi müzakirə edilmişdi. 2026-cı ildə isə Azərbaycanda qlobal əhəmiyyət daşıyan 13-cü Dünya Şəhərsalma Forumu keçiriləcək.  Göründüyü kimi, dövlət idarəçiliyində Prezident İlham Əliyev tərəfindən davamlı inkişaf siyasəti çərçivəsində tətbiq edilən yeni rezonans və komplementar texnologiyalar çoxməqsədli və uzunmüddətli layihələrin həyata kəçirilməsini şərtləndirir.

Dövlət idarəçiliyində yeni olan və Azərbaycanda ilk dəfə kompleks şəkildə tətbiq edilən yeni texnologiyalar öz yüksək səmərəliliyini Azərbaycan Respublikasının enerji transformasiyası prosesi, işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji"yə keçid layihələrinin həyata keçirilməsi prosesində də göstərir. Buna parlaq misal olaraq Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə keçirdiyi davamlı inkişaf siyasəti  çərçivəsində tətbiq etdiyi yeni rezonans və komplementar idarəçilik texnologiyalarının səmərəliliyi göstərilə bilər.

Azərbaycan Respublikasında enerji transformasiyası sahəsində dövlət səviyyəsində fəaliyyətlərin başlanğıcı 2004-cü ilə aid edə bilər. Həmin ilin sentyabr ayının 21-də 462 nömrəli sərəncamla Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bərpaolunan enerji üzrə Milli Proqram"ı təsdiq etdi. Bu, strateji addımın nə dərəcədə uzaqgörən olduğu qərarın qəbul edilməsi zamanı ölkədə mövcud olan vəziyyətin təhlilindən aydın olur. 2004-cü il İlham Əliyev cənablarının ilk prezidentlik ilidir. Ölkənin 20 faiz ərazisi işğal altındadır, əhalinin 13 faizi qaçqın və məcburi köçkündür, Dünya Bankının məlumatları əsasında həmin il ölkədə yoxsulluq da yüksək səviyyədə idi. Eyni zamanda həmin ildə ölkədə artıq 2020-ci ildə ərazilərin işğaldan azad edilməsi, 2023-cü ildə suverenliyin ölkənin bütün ərazisində bərpası üçün hazırlıq işləri aparılırdı. Bunun üçün ölkədə  iqtisadi və sosial sahələrin yenidən qurulması və inkişafı həyata keçirilirdi, tam yeni səviyyədə hərbi və ümumi təhlükəsizlik sistemi qurulurdu, diplomatiya və media sahələrində intensiv fəaliyyətlər gücləndirilirdi. Belə bir şəraitdə eyni zamanda bərpaolunan enerjinin istifadəsi istiqamətində təşəbbüslərin irəli sürülməsi onu göstərir ki, çoxməqsədli və uzunmüddətli davamlı inklüziv inkişaf siyasəti ölkənin əsas strateji məqsədi kimi formalaşdırılmışdır. Bu siyasətin davamı olaraq ölkədə 2009-cu ildə "yaşıl energetika"nın inkişafı üçün ixtisaslaşmış dövlət qurumu yaradıldı, sonrakı 2009-2023-cü illərdə isə bu məqsədə xidmət edən 14 fərman və sərəncam imzalandı.

Hərbi quruculuq sahəsində olduğu kimi, bərpaolunan enerjiyə keçid və ümumiyyətlə, enerji transformasiyası sahəsində 2004-cü ildə qəbul olunmuş qərar öz nəticələrini 20 il sonra göstərdi. Dünya İqtisadi Forumunun 2023-cü ildə dərc edilmiş hesabatına əsasən, enerji transformasiyasına görə Azərbaycan Respublikası dünyada 32-ci yerdə qərarlaşıb və bu sahədə qazandığı nailiyyətlərə görə, Belçika, İtaliya, Çexiya, Polşa, Litva, Yunanıstan və iqtisadi baxımdan yüksək inkişafa nail olmuş digər ölkələri geridə qoymuşdur. Bu, ölkədə tətbiq edilən davamlı inklüziv inkişaf siyasətinin və onun həyata keçirilməsi zamanı səfərbər  edilən yeni dövlət idarəçilik texnologiyalarının nəticəsidir. Bu innovativ idarəçilik texnologiyalarının yüksək səmərəyə malik olması BMT, Dünya Bankı, Dünya İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda öz əksini tapır. 

Nəzərə almaq lazımdır ki, 2004-cü ildə Azərbaycan enerji ilə tam təmin olunmuşdu, hətta dünyada neft və qaz ixracatçısı kimi tanınırdı. Belə bir şəraitdə ölkənin "yaşıl enerji"yə müraciət etməsi innovativ inkişaf istiqamətində növbəti addım idi. Bu, Prezident İlham Əliyevin qlobal inkişafın perspektivləri haqqında dərin bilik və gələcəyi düzgün proqnozlaşdıra bilmək istedadına əsaslanan qərar idi. Vətən müharibəsinin parlaq Zəfərlə 44 günə bitməsi, antiterror əməliyyatı üçün 24 saatdan az vaxt tələb olunması da bunu sübut edir. 

Dövlət idarəçiliyinin səmərəliliyini müəyyən edən sadə bir tənlik mövcuddur: "imkan + idarəetmə = nəticə". Bu tənliyə görə, əgər məhdud imkanlar şəraitində yüksək nəticənin əldə edilməsi müşahidə olunursa, bu, idarəetmənin yüksək səviyyəsindən xəbər verir. Beynəlxalq standartlara görə, bir çox halda imkan kimi alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla ABŞ dollarında ifadə olunmuş  ÜDM (ümumdaxili məhsul) dəyəri, onun istifadəsi ilə yaradılan məhsulun dəyəri isə nəticə kimi istifadə olunur. "Yaşıl enerji" keçidinin iqtisadi səmərəliliyi şəkil 1-də təqdim edilib. Burada imkan kimi alıcılıq qabiliyyəti nəzərə alınmaqla 1000 ABŞ dollarının istifadəsi nəticəsində neçə vahid enerji keçid indeksinin müqayisəli təhlili aparılır.

Şəkil 1. Enerji keçidi prosesinin idarə edilməsinin iqtisadi səmərəliliyi: ÜDM-in hər vahidinə (1000 ABŞ dolları, alıcılıq qabiliyyəti pariteti ilə) qazanılmış enerji transformasiya indeksinin (ETİ) dəyəri. Mənbə: Dünya İqtisadi Forumu, 2024, Dünya Bankı, 2025.



Şəkil 1-də Azərbaycan Respublikası ilə yanaşı təmsil olunmuş ölkələr enerji transformasiyası baxımından dünya liderləridir: İsveç - dünya üzrə, Litva - keçmiş SSRİ ölkələri ilə müqayisədə, Norveç isə neft və qaz ixrac edən ölkələr arasında. Göründüyü kimi, Azərbaycan Respublikası elmə əsaslanan innovativ dövlət idarəçilik texnologiyalarının tətbiqi nəticəsində "yaşıl enerji"yə keçid proseslərinin idarə edilməsində ən yüksək səmərəliliyi nümayiş etdirir və alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla hər 1000 ABŞ dollarına 2,62 dəyərində enerji transformasiya indeksi yaradır. Dövlət idarəçiliyində səmərəlilik universal bir prosesdir və hazırda beşilliyini qeyd etdiyimiz Vətən müharibəsinin parlaq Zəfər ilə cəmi 44 günə bitməsi də yüksəksəviyyəli elmə əsaslanan idarəetmənin nəticəsidir.

Azərbaycanda idarəetmənin yüksək səviyyədə olmasının digər bir göstəricisi də ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpasına hazırlıq gedən zamanı, onun gedişi vaxtında, işğaldan azad edilmiş ərazilərin bərpası prosesində ölkədə uğurlu sosial siyasətin həyata keçirilməsidir. Bu sahədə böyük nailiyyətlərin əldə edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Onun rəhbərliyi və şəxsi iştirakı ilə həyata keçirilən layihələr həm milli, həm də qlobal miqyasda davamlı inkişafa, sosial ədalətə və inklüziv cəmiyyətin formalaşmasına xidmət edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dövlət idarəçiliyində innovasiya kimi tətbiq edilən dövlət-özəl tərəfdaşlıq formatına yeni, olduqca mühüm bir tərəfdaş - Heydər Əliyev Fondu timsalında vətəndaş cəmiyyəti cəlb edilib. Bu, dövlət idarəçiliyində yeni formatdır və müharibə, onun nəticələrinin aradan qaldırılması şəraitində ölkəyə bir çox yeni uğur gətirmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin dünyada imicinin formalaşması üçün olduqca əhəmiyyətlidir, Vətən müharibəsində qazanılan qələbə və müharibədən sonrakı mərhələlərdə ərazilərin reabilitasiyası üçün çox mühümdür.  Son 10 ildə əhalinin sosial təminatı kifayət qədər yaxşılaşmışdır və bu istiqamətdə işlər davam edir. Belə ki, statistik məlumatların təhlili göstərir ki, son on ildə sosial siyasət ölkənin birinci dərəcəli prioritetidir və 2025-ci ildə 2015-ci illə müqayisədə orta pensiyanın dəyəri 3,1 dəfə artıb və hazırda 538 manat təşkil edir. 

Azərbaycan Respublikasında orta pensiyanın dəyərinin nə dərəcədə beynəlxalq səviyyəyə uyğun olmasını müqayisəli təhlil etmək üçün alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla bu məbləğ ABŞ dollarına çevrilməlidir. Bu paritetin müəyyən edilməsi Dünya Bankı tərəfindən "istehlak səbəti" üsulu ilə həyata keçirilir. Bunun üçün müxtəlif ölkələrdə eyni tərkibli ən azı 600-800 mal və xidmətdən təşkil edilmiş istehlak səbətinin dəyəri müqayisə edilir və hər ölkə üçün müvafiq əmsal müəyyən edilir. Bundan sonra həmin əmsallar vasitəsilə hər nəfərə düşən milli valyutada ifadə olunan maliyyə vəsaiti alıcılıq qabiliyyətini nəzərə almaqla ABŞ dollarına çevrilir. Bu maliyyə vasitəsi eyni zamanda beynəlxalq ABŞ dolları kimi də məlumdur. Beynəlxalq səviyyədə iqtisadi və sosial müqayisələr aparmaq üçün Azərbaycan Respublikasında 2015-2025-ci illərdə orta pensiya beynəlxalq ABŞ dollarında aşağıdakı kimi təsvir edilə bilər (Şəkil 2).

Şəkil 2. Azərbaycan Respublikasında orta aylıq pensiyanın dəyəri, ABŞ dolları alıcılıq qabiliyyəti pariteti ilə. Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2025; Dünya Bankı, 2025.




Şəkil 2-dən göründüyü kimi, son on ildə ölkədə orta pensiya hər il artmaqdadır. Bu artım 2020-ci ildən sonra daha da sürətlidir. Beynəlxalq müqayisələr göstərir ki, ölkədə həyata keçirilən uğurlu sosial siyasət göstəricisi olan orta pensiyanın səviyyəsi bir sıra Avropa İttifaqında təmsil olunmuş ölkələr səviyyəsindədir (Şəkil 3). 



Şəkil 3. Orta aylıq pensiyanın dəyəri  (ABŞ dolları alıcılıq qabiliyyəti pariteti ilə): Azərbaycan və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr. Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2025; Dünya Bankı, 2025.

Vətən müharibəsi dövründə KİV ilə əlaqələrə xüsusi diqqət yetirilirdi. Müharibənin gedişi və sonrakı zamanlarda Prezident İlham Əliyev müxtəlif dillərdə bir sıra müsahibələr verirdi və bu zaman ölkənin beynəlxalq səviyyədə qazandığı nailiyyətlərə də toxunurdu. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev Nyu-Yorkda fəaliyyət göstərən ABŞ-nin aparıcı televiziya kanallarından olan "Fox News"-un  müxbirinə 20 oktyabr 2020-ci ildəki müsahibəsində Azərbaycan Respublikasının müstəqillik illərində qazandığı bəzi nailiyyətləri sadaladı və ABŞ jurnalistinə təklif etdi: "Öz ölkən ilə müqayisə et". O da qeyd olunmalıdır ki, beynəlxalq statistikaya əsasən, bir sıra istiqamətlərdə bu müqayisə ABŞ-nin xeyrinə deyildi. Müsahibə zamanı bu prosesdə iştirak edən "Fox News"  kanalının əməkdaşı Prezident İlham Əliyevin ABŞ siyasətindən yaxşı məlumatlı olduğunu qeyd etdi. Prezident İlham Əliyevin cavabı çox lakonik oldu: "Mən məlumatlı adamam". Bu, ölkəmizin inkişaf strategiyası və taktikasının nə dərəcədə müasir olmasının, Prezident İlham Əliyevin isə dövlət başçısı kimi dünyada hansı dərəcədə yüksək nüfuz sahib olmasının bir göstəricisidir.

 Azərbaycan Respublikasının Vətən müharibəsində qələbə qazanması, işğal olunmuş əraziləri azad etməsi və bununla beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün və suverenliyinin bərpası ölkə və regionda inkişaf üçün yeni bir şərait yaratdı. Yaranmış yeni imkanların yüksək səmərə ilə idarə edilməsi, dövlət idarəçilik sahəsində kadr potensialının formalaşması və təkmilləşdirilməsi növbəti uğurların qarantı kimi çıxış edir. Əminəm ki, bu yeni reallıq ölkəmizi yeni zirvələrə qaldıracaqdır.


Urxan ƏLƏKBƏROV, 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru,  akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

Xarici işlər naziri: Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir

18:08
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!