Ədəbiyyat üzrə Nobeli kim qazandı?
Qədim dünyanın hikməti ilə müasir insanın duyğularını bir araya gətirən, şeirlə düşüncənin, miflə gerçəkliyin sərhədlərində özünəməxsus ədəbi aləm 76 yaşlı kanadalı yazıçı Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Bəzən ədəbiyyatın gücü uzun-uzadı cümlələrdə deyil, bir sözün arxasında gizlənən minillik yaddaşda, bir misranın içində nəfəs alan insan taleyində üzə çıxır. Söz keçmişlə bu gün arasında körpüyə çevriləndə, qədim miflər müasir insanın ağrıları, sevgisi və axtarışları ilə yenidən danışmağa başlayanda isə ədəbiyyat öz sərhədlərini aşır. Bu il Ədəbiyyat üzrə Nobel mükafatı məhz belə bir yaradıcılıq dünyasının müəllifi Enn Karsona verilib.
İsveç Akademiyasının qərarına əsasən, kanadalı şair və yazıçı klassik ənənə ilə oyunvari dialoqa girərək müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və novator yaradıcılığına görə mükafatlandırılıb. Beləliklə, antik dünyanın səsi ilə çağdaş insanın düşüncələrini bir araya gətirən müəllifin ədəbi axtarışları dünya ədəbiyyatının ən nüfuzlu mükafatlarından biri ilə qiymətləndirilib.
1950-ci il iyunun 21-də Kanadanın Toronto şəhərində anadan olan Enn Karson şair, yazıçı, esseist, tərcüməçi və klassik ədəbiyyat üzrə alim kimi tanınır. Onun yaradıcılığında qədim yunan ədəbiyyatı sadəcə keçmişin yadigarı deyil, bu günün insanını anlamaq üçün canlı bir düşüncə mənbəyidir.
Karson qədim mətnlərə yeni nəfəs verir, mifoloji obrazları müasir dünyanın tənhalığı, sevgi, itki, arzu və özünü axtarış mövzuları ilə üz-üzə gətirir. Onun əsərlərində poeziya ilə nəsr, fəlsəfi düşüncə ilə şəxsi duyğular, klassik irslə müasir ifadə formaları bir-birinə qarışır. Bu yaradıcılıq üslubu oxucunu yalnız mətni izləməyə deyil, sözlərin arxasında gizlənən mənaları yenidən kəşf etməyə dəvət edir.
Yazıçının diqqətçəkən əsərlərindən biri olan “Qırmızının avtobioqrafiyası” qədim yunan mifologiyasındakı Geryon obrazını müasir bir hekayənin mərkəzinə gətirir. Mifoloji qəhrəmanın taleyi vasitəsilə sevgi, rədd edilmə və insanın öz kimliyini tapmaq mübarizəsi bədii dillə ifadə olunur. Karsonun “Acı-şirin Eros” əsəri isə qədim yunan ədəbiyyatı kontekstində sevginin və arzunun təbiətini araşdırır. Onun yaradıcılığında hisslər yalnız yaşanan duyğular deyil, həm də insanı öz daxilinə baxmağa məcbur edən suallardır.
Nobel mükafatının Karsona verilməsi bir daha göstərir ki, ədəbiyyat keçmişi qorumaqla kifayətlənmir, onu yenidən danışır, yeni suallarla zənginləşdirir və hər nəslin özünü tanımasına kömək edir. Qədim miflərin müasir insanın həyatında yenidən məna qazanması da söz sənətinin zamana sığmayan gücündən xəbər verir.
Bu baxımdan Karsonun yaradıcılığı iki ayrı dünyanın görüşüdür: bir tərəfdə minilliklərin sınağından çıxmış klassik irs, digər tərəfdə isə cavab axtaran, sevən, itirən və yenidən başlamağa çalışan müasir insan. Onun ədəbiyyatında bu dünyalar bir-birinə yad deyil, əksinə, biri digərinin suallarını daha dərindən anlamağa imkan yaradır.
2026-cı il Nobel mükafatları tarixində xüsusi əhəmiyyət daşıyır. Mükafatın təsis edilməsinin 125 ili tamam olur. 1901-ci ildən etibarən Nobel mükafatları elm, ədəbiyyat və sülh sahələrində bəşəriyyətə mühüm töhfələr verən şəxslərin və təşkilatların əməyini qiymətləndirir. Yubiley ili münasibətilə Nobel Fondunun mükafat məbləğini 1 milyon İsveç kronu artıraraq 12 milyon krona, təxminən 1,2 milyon dollara çatdırdığı bildirilir.
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi ilə bağlı qərar da bu əlamətdar ildə söz sənətinin yenilikçi gücünə verilən qiymət kimi diqqət çəkir. Çünki zaman dəyişir, dillər yenilənir, nəsillər bir-birini əvəz edir, amma insanın özünü, dünyanı və başqalarını anlamaq ehtiyacı dəyişmir.
Bəlkə də ədəbiyyatın əbədi möcüzəsi elə bundadır: əsrlər əvvəl söylənmiş bir fikir bu gün bizim içimizdə yenidən səslənə, qədim bir mif öz taleyimizi xatırlada, bir şeir isə heç vaxt tanımadığımız bir insanın qəlbinə yol tapa bilər.
Enn Karsonun yaradıcılığına verilən Nobel mükafatı da bu həqiqəti xatırladır : söz yalnız keçmişin yaddaşı deyil, gələcəyin də dilidir.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”