04 May 2025 08:35
1314
Mədəniyyət
A- A+
Zəfər naxışlı xalça

Zəfər naxışlı xalça


Düz birqərinəlik zamanın o üzündə Qarabağdakı bütün evlərdə xalça ritmi, xalça aurası, xalça ruhu duyulardı...

Nəsillərdən-nəsillərə ötürülən bu qədim və ecazkar sənət növü ilə məşğul olan nənələr anaları, analar da qızlarını ilmələrin rəqsi, rənglərin ahəngi, naxışların sirri ilə tanış edər, xalçaların sehirli cazibəsinə salar, onun mistik aləminə dərindən baş vurardılar. 

Düz 30 ilin əvvəlində Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında... durna qatarı kimi hanaların arxasında sıralanan nənələrin, qız-gəlinlərin xınalı barmaqları al-əlvan ilmələri ərişlərə bir-bir bənd etdikcə boy atan çinlər gah əfsanələrimizdən çıxıb gəlmiş qəhrəmanları, gah Qarabağın qədim tarixini, füsunkar təbiət mənzərələrini, gah da elə bu qoçaq, zəhmətkeş xanımların qəlblərindən, könüllərindən süzülüb gələn sevgini naxışlarda  əks etdirərdi...  

Qarabağ qadınları gözlərinin nuru, alınlarının təri, ürəklərinin istisi, əllərinin sığalıyla böyük səbirlə, həvəslə ərsəyə gətirdikləri bu xalçalara ilmə-ilmə xalqımızın tarixini, yaşamını, mədəniyyətini, sözün əsl mənasında ruhunu toxuyardılar. 

O xalçalar seçilmiş əşyalar kimi evlərin yuxarı başında divarları bəzəyərdi, ən hörmətli qonaqlara, yeni evə köçənlərə hədiyyə edilərdi, gəlinlərin cehizinə qoşulardı...

Tam mübaliğəsiz demək olar ki, Qarabağ bölgəsində yaşayan ailələrin evlərində onlarca xalça olardı. Bu həm də var-dövlət, zənginlik nişanəsi sayılardı. 

Kəlbəcərin Sınıqkilsə kəndində (indiki Hacıkənd) yaşayan ata babam Yunisgildə də nənəm Bağdagülün, bibilərim Maral, Bulud və Dumanın məharətli əllərindən çıxan bir-birindən gözəl onlarca xalı-xalça vardı. Onlar bu xalçaların yununu özləri yumuş, didmiş, daraqdan keçirmiş, əyirmiş, təbii boyalarla boyamışdılar. Üzərində yupyumru rəngli yumaqların sıralandığı hana, onun arxasında əyləşərək biz balacalara nağıllar danışa-danışa ərişləri ilmələrlə bir-bir bəndə salan nənəmin, bibilərimin həmin xalçalara necə həvəslə naxışlar vurduqlarından 30 ildən çox zaman keçməsinə baxmayaraq, hələ də uşaq yaddaşımı oyadan ən gözəl xatirələrdəndir. 


Xalça harayı


Təəssüf ki, Qarabağ xalçalarının tuş gəldikləri kədərli tale də ağrı-acılı izlərlə qəlbimizə, beynimizə həkk olunub. 

İşğal dövründə Qarabağ elinin xalı-xalçası da düşmən əlində qalmış, quruca canlarını götürüb doğma yurd-yuvalarını tərk edən insanların zəhmətinin, əməyinin bəhrələri olan xalçalar da erməni girovluğuna düşmüşdü... Sonralar internet resurslarında dolaşan videolardan da ürək ağrısı ilə seyr edirdik ki, düşmən qarabağlıların xalı-xalçasını daşıyıb aparmaq üçün maşın karvanlarından istifadə etmişdi... 

2017-ci ildə Azərbaycan mediasında belə bir xəbər verilmişdi ki, Los-Ancelesdə erməni bədnamlarının "Antik Ermənistan - Qarabağ xalçası" adı altında hərraca çıxardıqları iki Qarabağ xalçasından birinin üzərinə azərbaycanca "Anasından əbədi yadigar..." yazısı toxunub. Həmin zaman ABŞ-də yaşayan həmyerlilərimizdən biri bundan xəbər tutaraq xalçaları əsl yiyəsinə qaytarmaq üçün hərracda alır. Ancaq nə qədər axtarılsa da, o xalçaların yiyəsi tapılmır və beləliklə, "Bağçadagüllər xalçası" kompozisiyalı xalçalar Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilir...  

İlahi, bir xalçanın kədərli taleyinin fonunda bütövlükdə Qarabağ elinin yaşadığı ağrı-acını dərinliyinə qədər hiss etmək də varmış qismətimizdə...   

Yaşı əsrlərə dayanan Qarabağın qədim xalçaçılıq ənənəsi məcburi köçkünlük illərində Azərbaycanın digər bölgələrində yaşadılmağa başlanmışdı. 

Düzdür, toxunan xalçalar əvvəlkilərtək rəngarəng, həmin çeşnilərdə, ölçülərdə olurdu, amma baxanda dərhal hiss edirdin ki, elə bil nəsə əskikdir... 

Bəli, işğal dövründə toxunan bütün Qarabağ xalçalarında o torpağın ruhu çatışmırdı... 

Ta ki Şuşa zəfərinə, Qarabağın azadlığına qədər... 


Qarabağ xalçalarının qədim və zəngin tarixi


2004-cü il dekabrın 7-də "Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun qəbul edilib. Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət başçısının 2016-cı il mayın 5-də imzaladığı sərəncama əsasən, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Həmin tarix Xalçaçı Günü kimi qeyd edilir.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Məhz birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

2022-ci ildə "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı yeni xalça kolleksiyası Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb. 8 il ərzində ərsəyə gələn və qədim sənətə yeni nəfəs verən kolleksiyada "Yaranış", "Şikargah", "Xan ovu", "Cəng və barış", "Bəndi-rumi", "Şəbəkəli", "Adəm və Həvva", "Ağaclı", "Narlı", "Göllü", "Ləçək-turunc", "Dörd fəsil", "Tağlı", "Cəmadət" xalçaları, "Cənnət quşları" və "Cənnət bağı" dəstxalı - gəbələri yer alıb. "Azərbaycan xalçası - ilmələrin rəqsi" kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat eyniadlı kitabda yer alıb.

Biz də artıq 9 ildir ki, ölkəmizdə qeyd edilən Xalçaçı Günüdə "Azərbaycan" qəzetində Qarabağ xalçalarının keçdiyi tarixi və keşməkeşli yola qısa nəzər salmaq istədik.  

Qarabağ xalça mədəniyyətinin tarixinin çox qədim və zəngin olduğunu deyən xalçaçı rəssam, eyni zamanda texnoloq Ağasadıq Süleymanov söylədi ki, Qarabağda 

X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzinin olması mənbələrdən məlumdur: "Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə, Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdirlər və onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli". 

Xalçaçı rəssam məlumat verdi ki, XVII əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. "Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası" və sair çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı-gəbələr geniş yayılmışdır. 


"Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası" və "Bulud xalçası"


"XIX əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və digər çeşnilər toxunurdu" deyən texnoloq qeyd edir ki, öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər.

Xalçaçı rəssamın sözlərinə görə, 26 sentyabr 1985-ci ildə Şuşa Xalça Muzeyi Azərbaycan Milli Xalça Muzeyinin filialı olaraq general Səməd bəy Mehmandarova məxsus XIX əsr abidəsi olan malikanədə fəaliyyətə başlamışdır. Muzeydə milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənmişdir. Filial beş il ərzində, 8 may 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Ağasadıq Süleymanov dedi ki, Şuşa filialının eksponatları əvvəl Bərdəyə, daha sonra isə Bakı şəhərinə Azərbaycan Milli Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdi: "Onilliklər keçdikdən sonra Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə sayəsində Şuşa şəhəri azadlığına qovuşdu və düşmən tərəfindən dağıdılan Şuşa Xalça Muzeyi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunaraq yenidən fəaliyyətə başladı". 


Zəfər xalçası


2023-cü il mayın 10-da - hər zaman Şuşanı Azərbaycanın göz bəbəyi adlandıran Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak etmələri həm də Qarabağ xalçaçılıq ənənələrinin bərpa olunmasına rəmzi işarə idi. 

Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.

Məlumata görə, Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.

Hazırda Şuşada yeni xalça ekspozisiyası təqdim olunur. Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə etməsi üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir.

Artıq Qarabağ və Şərqi Zəngəzura qayıdış köçləri həyata keçirilir və o yurdlarda qız-gəlinlərimiz toxuduqları xalçalarla Qarabağ xalçaçılıq ənənələrini yenidən dirçəldirlər, ona yeni nəfəs verirlər…

Bu, bir elin tarixinin, keçmişinin, adət-ənənələrinin, yaşam tərzinin, mədəniyyətinin əks olunduğu füsunkar Qarabağ xalçaları haqqında qısa hekayə idi. O hekayə ki, içərisində xalqımızın tuş gəldiyi işğal da, qazandığı parlaq Zəfər də bütün çalarları ilə toxunub, sadəcə bu dəfə sözlərlə... 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!