08 Sentyabr 2026 10:55
91
Mədəniyyət
A- A+
Zamanının bənzərsizi - Fatma xanım Kəminə

Zamanının bənzərsizi - Fatma xanım Kəminə


Dövrdaşı, görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin yazdıqlarından onu belə tanıyırıq: "Fatma xanım həqiqətdə çox gözəl və zərif bir can idi. Zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi..."

Zamanının bənzərsizi - Fatma xanım Kəminənin həyatının bütün çağlarına poeziya həmdəm, yoldaş olub. 1841-ci ildə Şuşada dünyaya gələn Fatma xanımın atası Mirzə Bəybaba bəy şair idi. O, "Fəna" təxəllüsü ilə şeirlər yazırdı. Mədrəsədə təhsil almış Mirzə Bəybaba bəy həm də mahir xəttat olub. O, Şuşa şairlərinin seçmə əsərlərinin əlyazma toplusunu tərtib edib, bir neçə kitabın üzünü köçürüb. Mirzə Bəybaba bəy xanın yanında katib işləyib.

Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" kitabında yazmışdır: "Mirzə Fatma mərhum Mirzə Bəybaba Əlyarbəyzadə oğlu Tahirzadənin istəkli qızı olub. Qarabağın Şuşa əhalisindəndir". Mirzə Bəybaba bəy Cahan xanımın Fatma xanımdan başqa Mehdi bəy və Yəhya bəy adlı oğulları da olub.

Mütərəqqi fikirli ziyalılardan olan Mirzə Bəybaba bəy qızının təhsilli olmasına çalışıb. Fatma xanım mollaxanada oxuyub, fars dilini öyrənib. Dövrünün ziyalıları savadına və zəkasına görə böyük ehtiram göstərib, ona "Mirzə Fatma xanım", - deyə müraciət ediblər.

Kiçik yaşlarından ədəbiyyata maraq göstərən Fatma xanım atası Mirzə Bəybaba Fəna kimi şair təbiətli, poeziya vurğunu idi. Fatma xanım Kəminənin ilk sənət müəllimi də atası sayılır. Onu da atası Mirzə Bəybaba bəy kimi şeirləri tanıdıb, nüfuz qazandırıb. Fatma xanım Kəminənin adı dövrünün məşhur Azərbaycan şairləri sırasında çəkilib.

Ancaq Fatma xanımın sənət müəllimi, ustadı yalnız atası olmayıb. Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşanın poeziya, musiqi mühiti ömrünün ilk çağlarından ruhunu pərvazlandırıb. Poeziyaya heyranlığı onu "Məclisi-üns" və "Məclisi-fəramuşan" ədəbi məclislərinə aparıb. Fəal iştirakçısı olduğu həmin ədəbi məclislərin və sənət dostlarının Fatma xanım Kəminənin əsərlərinin məzmun və formasının müəyyənləşməsində mühüm rolu olub. O öz qəzəllərində sənət dostları olan Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəim Fəna və digər Qarabağ şairlərini minnətdarlıq hissi ilə yad edib.

Dövrünün əksər şairləri ilə həmsöhbət, sənət dostu, yoldaşı olub. Amma Xurşidbanu Natəvanla Fatma xanım Kəminə həm də yaxın rəfiqə, vəfalı dost, ürək sirdaşı, həmdərd idilər. Onlar 30 il xeyirdə-şərdə, şeir və musiqi məclislərində birlikdə iştirak edib, bir-birlərinə nəzirələr, qəzəl janrında məktublar yazıblar.

Xan qızı Xurşidbanu Natəvanın həyatının ən ağır günlərində - oğlu Abbas gənc yaşda vəfat edəndə Fatma xanım onun kədərinə şərik olub, o ağır dərdi, iztirabı belə qələmə alıb:

Natəvanın gözünün nuru Abbas almadı kam,

Bircə an olmadı rahət, ömürü oldu tamam.

Çox təəssüf ki, pənah bürcünü Ay tərk elədi,

Möhnət üz verdi seyid nəslinə bir nəhs axşam.

Xurşidbanu Natəvan öz nakam oğlunun itkisinə yana-yana şeirlər yazıb. O, "Ölürəm" rədifli qəzəlində dərdinə belə yas tutub:

Varımdı sinədə dərdü qəmi-nəhan ölürəm,

Fəda olum sənə, gəl, eylə imtəhan ölürəm.

Onun sənət və ürək dostu Fatma xanım Kəminə isə qəlbi yaralı Xan qızına deyib:

Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!

Bu dərdə carə edər visləti-həbib, ölmə!

Visalə talib olan aşiqə bəla yetişir,

Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!

Qəzəllərini klassik Şərq poeziyasının ənənəvi mövzularında qələmə alan Fatma xanım Kəminə dünyaşöhrətli Azərbaycan şairi Məhəmməd Füzuli lirikasının vurğunu olub.

O, əsərlərini doğma Azərbaycan dilində və fars dilində qələmə alırdı. Bədii təsvir vasitələrindən məharətlə istifadə edən müəllif gözəlliyi və məhəbbəti tərənnüm edirdi:

Əcəb sevdadı bu, sevdayə düşdüm,

Rəhi-eşqin tutub qovğayə düşdüm.

Nə dünyada gəzib kamə irişdim,

Nə fikri-yar ol üqbayə düşdüm.

Klassik ədəbi irsə meyil yaradıcılığının əsas dəst-xəti olsa da, şair şifahi xalq ədəbiyyatına mənən bağlı olub. Əsərlərində yeri gəldikcə, folklor nümunələrindən də bəhrələnib, onlardan istifadə edib.

Bizə Fatma xanım Kəminəni şair kimi tanıdan əsasən günümüzə gəlib çatan klassik şəkildə yazılmış əsərləridir. Amma o, müasirləri kimi bir çox aşığın şeirlərinə nəzirələr də yazmışdır.

XIX əsr Azərbaycan, xüsusilə Qarabağ ədəbiyyatında qadın şairlərin mövqeyinin möhkəmlənməsində mühüm rol oynayan sənətkarlardan olan Fatma xanım Kəminə klassik poeziya ənənələrini mənimsəməklə yanaşı, özünəməxsus poetik üslub formalaşdırıb. Onun yaradıcılığında məhəbbət, mənəviyyat, ədalət tərənnüm olunurdu.

Müasirlərinin yazdıqlarına əsaslanaraq deyə bilərik ki, Fatma xanım zəngin yaradıcılıq yolu keçib. Əfsus ki, dövrümüzə onun əsərlərinin az hissəsi yetişib. Ancaq qalanlar da Fatma xanım Kəminənin istedadlı, özünəməxsus şair olmasını söyləməyə əsas verir. Çünki hətta bir misra da şairlik məharətinin təcəssümü ola bilir. Bu baxımdan, günümüzə çatan əsərlərinin belə poetik gücü Fatma xanım Kəminənin adını Azərbaycan ədəbiyyatında XIX əsrin istedadlı şairlərindən biri olaraq tanıtmağa yetir.

XIX əsr təzkirələrində Fatma xanım Kəminənin həyat və yaradıcılığı barədə az da olsa, məlumat mövcuddur. "Təzkireyi-Nəvvab" kitabına Fatma xanım Kəminənin şeirlərini də daxil etmiş Mir Möhsün Nəvvab yazıb ki, Fatma xanım 400-ə yaxın şeirin müəllifidir. Fatma xanım Kəminənin adı Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı kitabında və başqa mənbələrdə də qeyd olunub və yaradıcılığı barədə qısa məlumat verilib.

Şairin divanı olduğu barədə də məlumatlar var. "Riyazül-aşiqin" adlı əsərində Fatma xanım Kəminəni Məhsəti, Nigar xanım, Nurcahan bəyim kimi şairlərə tən tutan şair, təzkirəçi Məhəmməd ağa Müctəhidzadə onun divanı olduğunu bildirənlərə nəinki haqq qazandırıb, həmin divanı gördüyünü bildirib. Şuşa şairlərindən İsgəndər Rüstəmbəyov isə qeyd edib ki, hələ 1883-cü ildə Fatma xanım Kəminə öz divanını "oxuyub feyziyab olmaq üçün bəylərə göndərmişdir". Bəylər onun divanını oxuyublar. Fatma xanıma fikirlərini bəyan etməyi şair Süleyman bəyin öhdəsinə buraxıblar. Süleyman bəy bu münasibətlə qəzəlində yazıb:

Ey şairə, ərbabi-süxən, ismi Kəminə,

Fəxrüşşüərasan, sənə yox burda qərinə.

Müasirləri Fatma xanımı Şuşada böyük nüfuza malik, qətiyyətli, kişilərin iştirak etdiyi məclisdə üzüaçıq oturan, yeri gələndə, öz fikirlərini söyləyib, arxasında mərd-mərdanə dayanan qadın kimi yad ediblər.

"Azərbaycan ədəbiyyatı" kitabında Fatma xanımın şəxsiyyəti və yaradıcılığı barədə yüksək fikirlər bildirən Firidun bəy Köçərli onu "Qarabağın üçüncü şaireyi-möhtərəməsi" adlandırıb.

Fatma xanım Kəminənin atası kimi, digər qohumları da Şuşada sayılıb-seçilib, nüfuz sahibi olublar. Xalq yazıçısı, ədəbiyyatşünas Əzizə Cəfərzadə yazıb: "Onlardan bir neçə hərbçi zabitlər yetişmişdirsə də, əksəriyyəti ziyalıdır. Bu ziyalılar zabitlər arasında hətta inqilabçı kimi də tanınmışdılar. Kəminənin qayınlarından Hacı bəy Sultanov Türkmənistanda, Fərəc bəy Sultanov Qafqazda azadlıq uğrunda mübarizə aparan insanlar kimi tanınmışlar. Həyat yoldaşı Sadıq bəy Mirzeynal oğlu isə Füzuli rayonunun Saracıq kəndindən idi. Onların Əşrəf bəy və Rəşid bəy adlı iki oğlu, Tutu, Humay və Qumru adlı üç qızı olub. Bu nəslə mənsub olan övladların çoxu öz işləri və əməlləri ilə həmişə seçilən məşhur simalar kimi tanınıb".

1898-ci ilin sentyabrında Şuşada vəfat edən şair Mir Həsən qəbiristanlığında torpağa tapşırılıb. Onun ölümü Qarabağ ədəbi mühitində böyük itki kimi qarşılanıb. Firidun bəy Köçərli Qarabağın öz hüznünü belə ifadə edib: "...onun vəfatı cümlə-şüəranü üzrəfayi-Qarabağda böyük bir yas oldu".

Onun ədəbi irsi Azərbaycan ədəbiyyatının zəngin poeziya ənənələrinin dəyərli nümunələrindən biri kimi bu gün də əhəmiyyətini qoruyur. Əsərlərinin böyük bir hissəsi günümüzə gəlib çatmasa da, zamanın sınağından keçmiş hər bir misrası Fatma xanım Kəminənin poeziya dünyası, istedadı və sənətə bağlılığı haqqında dəyərli məlumatlar verir.


Z.FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərenerji" ilə Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda birgə tədbirlər keçirir

11:10
08 Sentyabr

Sosial şəbəkələrdəki ideal həyat illüziyası

11:05
08 Sentyabr

Rəssamlıqda oxusa da, musiqiyə könül verdi

11:00
08 Sentyabr

Zamanının bənzərsizi - Fatma xanım Kəminə

10:55
08 Sentyabr

Kiçik rolların böyük ifaçısı

10:50
08 Sentyabr

Almaniyada təhsil aldı, ömrü sürgünlərdə keçdi

10:45
08 Sentyabr

İstiqlal ruhlu ziyalı 

10:40
08 Sentyabr

Cəfər Cabbarlı - həqiqət sirr saxlamır

10:35
08 Sentyabr

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

10:30
08 Sentyabr

Moruq yemək istəyən Göygölə gəlsin

10:20
08 Sentyabr

Cəlilabad təhsili nümunə göstərir

10:10
08 Sentyabr

Hacıqabulda aqrar müəssisələrin problemləri öyrənilir

10:00
08 Sentyabr

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

09:50
08 Sentyabr

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

09:40
08 Sentyabr

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

09:30
08 Sentyabr

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

09:20
08 Sentyabr

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

09:10
08 Sentyabr

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

Xəzərdə ölkəmizin keşiyində

08:30
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!