08 Sentyabr 2026 10:35
144
Mədəniyyət
A- A+
Cəfər Cabbarlı - həqiqət sirr saxlamır

Cəfər Cabbarlı - həqiqət sirr saxlamır


Azərbaycanın görkəmli dramaturqu, şair və nasiri, rejissor və teatr xadimi Cəfər Cabbarlı milli mədəniyyətimizin və ictimai fikrimizin inkişafında misilsiz xidmətləri olan şəxsiyyətlərdəndir. XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatına qədəm qoyan bu qüdrətli sənətkar cox qısa - 35 illik ömür yaşamışdır. Lakin yaradıcılığı ilə bütün bir dövrün ruhunu, cəmiyyətin ağrılarını, xalqın azadlıq və işıqlı gələcək uğrunda mübarizəsini əks etdirmişdir. 

O, sadəcə, bir yazıçı deyildi, həm də dövrünün əsl ziyalısı, milli oyanış hərəkatının əsas simalarından biri idi. Cəfər Cabbarlının yaradıcılığı Azərbaycan dramaturgiyasında yeni bir mərhələnin - psixoloji realizmin və ideya-fəlsəfi dramın əsasını qoymuşdur. Onun qələmə aldığı əsərlər bu gün də aktuallığını qoruyur, səhnələrdən düşmür və hər bir azərbaycanlının mənəvi dünyasının zənginləşməsinə xidmət edir.

Qüdrətli sənətkar üç siyasi şəraitdə - çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə yaşayan, yaşından xeyli irəli getmiş yaradıcılıq dühası ilə hər zaman hamını heyrətləndirməyi bacarmışdır. Onun böyüklüyü onda idi ki, qələmə aldığı əsərlərlə həmin illərin hər birinin tarixi mənzərəsini yarada bilmişdir. İnqilaba qədərki dövrdə romantik ruhlu şeirlər və ilk dram əsərləri -  "Vəfalı Səriyyə", "Solğun çiçəklər"i qələmə almışdı. Azərbaycan Xalq Cümhuriyyəti illərində demokratik ruhlu ziyalılardan və onların ideallarından ilhamlanaraq "Aydın", "Oqtay Eloğlu" kimi əsərlərində azadlıq, milli qürur və sənətkar taleyi kimi mövzuları qabartmışdır. Sovet hakimiyyətinin qurulmasından sonra da maarifçilik missiyasını davam etdirən sənətkar "Sevil", "Almaz", "Yaşar" və "Od gəlini" kimi şah əsərlərini yazmışdır. Bu əsərlərdə o, xüsusilə qadın azadlığı, cəmiyyətin geriliyə qarşı mübarizəsi, elm və mədəniyyətin təbliği istiqamətində mühüm ideyalar irəli sürmüşdür.

Ədibin formalaşmasında Bakıdakı maarifçi mühit, xüsusilə də məşhur "Nicat" və "Səfa" cəmiyyətlərinin fəaliyyəti mühüm rol oynamışdır. Gənc yaşlarından ictimai işlərə fəal qoşulan Cəfər Cabbarlı mətbuatda şeirləri, məqalələri və tərcümələri ilə çıxış etmiş, 1917-ci ildən etibarən isə dramaturq kimi tanınmağa başlamışdır. Cəfər Cabbarlının həyatı və yaradıcılığı sovet dövrünün ilk onilliklərində - kütləvi siyasi repressiyaların və ideoloji təzyiqlərin güclənməyə başladığı mürəkkəb bir dövrə təsadüf edir. Hərçənd o, 1937-ci ilin dəhşətli qırğınlarını görmədi, 1934-cü ilin dekabrında vəfat etdi, lakin ömrünün sonuna qədər təqiblərə, gizli nəzarətə və repressiya təhdidlərinə məruz qalan sənətkarlardan oldu.


Gizli partiya

 

Cəfər Cabbarlının siyasi dünyagörüşünün formalaşmasında yaxın dostu və həmkarı Mirzə Bala Məmmədzadənin böyük rolu olmuşdur. O, dostunun təsiri ilə həm "Yaşıl qələm" Cəmiyyətinə, həm də Müsavat Firqəsinə üzv yazılmış və firqənin işində fəal iştirak etmişdir. C.Cabbarlı qurultaylardakı çıxışları ilə Azərbaycan kəndlisinin acınacaqlı durumundan bəhs edir, torpaq islahatlarının aparılmasının zəruriliyini bildirirdi. Səsləndirdikləri kəskin tənqidi fikirlərə görə onu və dostlarını radikal sol müsavatçılar da adlandırırdılar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Cəfər Cabbarlı parlamentdə stenoqrafçı-katib işləyir, parlamentin rəsmi orqanı olan "Azərbaycan" qəzetində tərcüməçilik fəaliyyəti ilə məşğul olur və milli istiqlal ruhlu şeirlər, dram əsərləri yazırdı. Azərbaycan Məclisi Məbusanının sonuncu fövqəladə iclasının keçirildiyi və qırmızı ordunun təhdidləri ilə hakimiyyətin bolşeviklərə verildiyi 27 aprel gecəsi bir qrup gənc vətənpərvər ana yurdunun gələcək taleyinin, istiqbalının müzakirəsi üçün bir yerə toplaşır. Cəfər Cabbarlının şəhər kənarındakı iqamətgahında toplaşan vətən mücahidləri ilk dəfə olaraq gizli Partiya "Mərkəzi-Ümumi"sini qurmuşlar. Cəfər Cabbarlı bu partiyada Mərkəzi Komitəyə rəhbərlik edirdi. 

Bu insanlar Şərq xalqlarının azadlıq mübarizəsində, Azərbaycanın müstəqilliyinin təmin olunmasında yeni hökumətlə də əməkdaşlığa hazır idilər. Hətta xalq komissarı Həmid Sultanov vasitəsilə Azərbaycan İnqilab Komitəsinə bu barədə bəyannamə də təqdim etmişdilər. Amma yeni hökumət bu bəyannaməyə təqiblərlə, bolşevik irticasının sərt üzü ilə cavab verirdi. 1922-ci ilin payızından artıq onların həbsinə hazırlıq gedirdi. Məsələ Zaqafqaziya Fövqəladə Komissiyasının (ÇK) sədr əvəzi V.Pankratovun birbaşa nəzarətində idi. ÇK agentləri partiyanın digər fəal təmsilçiləri kimi, Cəfər Cabbarlının da fəaliyyətini diqqətlə öyrənir, onun şəxsi əlaqələrini üzə çıxarmağa çalışırdılar. Azərbaycan Fövqəladə Komissiyasının Agentura şöbəsinin 5 may 1923-cü il tarixli məxfi məlumatında isə onun yaşayış yerinin - Bakı şəhəri, Böyük Salyan küçəsi, ev 4 ünvanının həbs üçün dəqiqləşdirildiyini görürük (professor Asif Rüstəmli, "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" kitabı). 

1923-cü ilin 14 iyun axşamı, işdən sonra onu evində həbs edirlər və mənzilində axtarış aparırlar. Əməliyyata Danilyan soyadlı erməni rəhbərlik edirdi. Axtarış və həbs orderini isə Azərbaycan ÇK-nın sədri Mircəfər Bağırov imzalamışdı. Axtarış zamanı hökumət əleyhinə nəsə aşkar edilməsə də, ədibin bütün sənədləri, bədii əsərlərinin əlyazmaları yoxlanılmaq üçün müsadirə edilmişdi. Həmin gecə Cəfər Cabbarlı ilə birgə 15 nəfər tanınmış ziyalı, ictimai-siyasi xadim, jurnalist də həbs olunmuşdu. Onların sırasında Əbdül Vahab Məmmədzadə, Məmməd Sadıq Quluzadə, Seyid Hüseyn Sadıq, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılzadə, Həmid Qarayev, Novruz Ağazadə, Nəriman bəy Nərimanbəyli, Əli Əfsər Nəcəfzadə, Məhəmməd Səid Axundzadə, Əli Əkbər Süleymanzadə kimi mübariz istiqlal mücahidləri, gənc vətənpərvər və millətsevər ziyalılar var idi.

Həbsindən iki gün sonra - iyunun 16-da müstəntiqlər onu ilk dəfə dindirirlər. Azərbaycan ÇK-nın Qeydiyyat-Statistika hissəsi tərəfindən adına 454 nömrəli cinayət işi açılır. İstintaqın ilk günü müstəntiqlər bütün fiziki təzyiq və işgəncə metodlarından istifadə etsə də, Cəfər Cabbarlıdan ciddi bir söz qopara bilmirlər.


İstintaq prosesi və dindirilmələr


Ədibin ÇK-nın katibi və kollegiya üzvü Ə.Axundova 28 iyul tarixli bir məktubundan belə anlaşılır ki, onun məhbəs günləri Bayıl həbsxanasında yox, XI ordunun xüsusi şöbəsinin zirzəmisində keçib. Cəfər Cabbarlını ÇK-nın Valik və Vladimir adlı iki müstəntiqi sorğu-sual ediblər. Onu gizli Müsavat partiyasında təbliğat-təşviqat sahəsinə rəhbərlik etməkdə, Gürcüstan menşevikləri ilə danışıqlar aparmaqda günahlandırıblar. Mirzə Bala deyirdi ki, Cəfər Cabbarzadə partiyanın təbliğat-təşviqat işinə cəlb edildikdən sonra cəmi iki ay işlədi. Bundan sonra o, işdən yayınmağa və tamamilə kənarlaşmağa başladı. O özünü, əməyini və təhsilini teatr işinə həsr edirdi. Səhnəyə qoyulmaq üçün əsərlər yazır və tamamilə bu işlə məşğul olurdu.

İstintaqın aparıldığı bütün mənbələrdə Mirzə Bala Məmmədzadənin ciddi axtarıldığı xüsusi vurğulanırdı. Lakin o, mühacirət etdiyi üçün həbsi mümkün olmadığından bolşeviklər bu partiya ilə bağlı gələcək fəaliyyətləri izləməkdən ötrü gözlənilməz taktika seçdilər. Həbs olunan müsavatçıların, o cümlədən Cəfər Cabbarlının imzası ilə "Kommunist" qəzetinin 14 avqust 1923-cü il nömrəsində "Müsavatçıların bəyannaməsi" adlı material dərc edildi. Bəyannamədə şura hökumətinin inkişaf platformasına dəstək verilir, müsavatın məxfi təşkilatının buraxıldığı bəyan edilirdi. Bəyannamənin qəzetdə dərcindən bir gün əvvəl isə onları azadlığa buraxdılar. Onların azadlığa çıxmasında Azərbaycan ÇK-nın katibi və kollegiya üzvü vəzifəsində çalışan, sonralar isə "Azərnəşr"in direktoru işləmiş Əsəd Axundovun böyük rolu olmuşdu. Əfsuslar ki, Ə.Axundov özü də sonralar Mircəfər Bağırovun qəzəbinə gəldi və 1937-ci ildə həbs edilərək 2 il sonra güllələndi.


Sonu görünməyən təqiblər


Cəfər Cabbarlının və əqidə yoldaşlarının azadlığı uzun sürmədi. 1923-cü il oktyabrın 5-dən 6-na keçən kecə istiqlal fədailərinin böyük və fəal bir qrupu - 20 nəfər yenidən həbs edildi. Cəfər Cabbarlı da onların arasında idi. Bu dəfə gəncləri sol müsavatçıların gizli nəşri olan və 19 sayı işıq üzü görmüş "İstiqlal" qəzetinin mətbəəsinə görə həbs etmişdilər. Gizli mətbəə qonşulardan birinin milisə satqınlığı nəticəsində aşkar olunmuşdu. "İstiqlal" qəzeti üçün məqalələrin yazılmasında və materialların çapa hazırlanmasında Cəfər Cabbarlı fəal iştirak etmişdi. Amma istintaqçılar onunla söhbətdə ən çox Mirzə Bala Məmmədzadənin yerini öyrənmək istəyirdilər. Cəfər Cabbarlının onunla yaxın dost olduğunu bildiklərindən istədikləri məlumatları almaqdan ötrü ədibə sonsuz işgəncələr verir, onu soyuq payız günündə su dolu quyuya salırdılar. Amma bu sısqa vücuddakı dəmir iradəni qırmaq mümkün deyildi. 

"Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" kitabında göstərilirdi ki, arxiv sənədləri diqqətlə nəzərdən keçirildikcə həbsxana divarları arasında fiziki zorakılığa məruz qalan, qol-qabırğası sındırılan, lakin mənən sınmayan, mətanət və iradə nümayiş etdirən gənc ədibin ləyaqətinə və şəxsiyyətinə heyran qalmamaq mümkünsüzdür. Cabbarlıya qarşı intensiv "işgəncə kursu" oktyabrın 5-dən 13-dək davam etdirilmişdir.

Ədibin ikinci həbs müddəti oktyabrın 29-na qədər çəkir. Onun həbsdən buraxılmasını sürətləndirən qəribə bir təsadüf repressiya illərində insan talelərinin səlahiyyət sahiblərinin əlində necə oyuncağa çevrildiyini göstərir. Cəfərin ad və soyadının ÇK sənədlərində səhvən "Djabar Zade Kafar" kimi yazılması onun həyatını xilas edir. Belə ki, Gəncədən Mircəfər Bağırova məktub yazaraq üç ay əvvəl həbs olunub Bakıya gətirilmiş həyat yoldaşının istintaqının sürətləndirilməsini xahiş edən Dilbər Kafiyeva soyadlı bir şəxsin müsbət dərkənarlı ərizəsini istintaq orqanları "Djabar Zade Kafar"la səhv salırlar. Onun 791 saylı cinayət işi digər istiqlalçıların işindən ayrılır. İşə baxılması sürətləndirilir. Yekun qərarda Cəfər Cabbarlının ləğv edilmiş Müsavat partiyası ilə heç bir əlaqəsinin olmadığı göstərilir və o, oktyabrın 30-da azadlığa buraxılır.

Sovet dövründə tədqiqatçılar zəmanənin ağır şərtlərindən irəli gələrək ədibin yaradıcılıq irsindən əsasən sosializm realizminə gərək olanları götürüblər. Onun milli ruh, istiqlal duyğuları ilə zəngin bir çox tamaşa və pyeslərini, poeziyasını isə ən yaxşı halda ad çəkmədən məfkurəvi cəhətdən ziyanlı, bədii cəhətdən zəif əsərlər kimi səciyyələndiriblər. 

Cəfər Cabbarlının 1917-ci ildə Osmanlı tarixi ilə bağlı qələmə aldığı "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi" kimi pyesləri on illər boyu gün işığına çıxarılmadı. Onlar türk məişətini, qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar və sovet tənqidi tərəfindən "pantürkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanırdı. Az sonra isə tamamilə səhnədən çıxarılıb. Bu əsərlər ötən əsrin 80-ci illərinin sonlarına qədər arxiv qəfəslərində "məhbəs həyatı" yaşamalı olub.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəssamlıqda oxusa da, musiqiyə könül verdi

11:00
08 Sentyabr

Zamanının bənzərsizi - Fatma xanım Kəminə

10:55
08 Sentyabr

Kiçik rolların böyük ifaçısı

10:50
08 Sentyabr

Almaniyada təhsil aldı, ömrü sürgünlərdə keçdi

10:45
08 Sentyabr

İstiqlal ruhlu ziyalı 

10:40
08 Sentyabr

Cəfər Cabbarlı - həqiqət sirr saxlamır

10:35
08 Sentyabr

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

10:30
08 Sentyabr

Moruq yemək istəyən Göygölə gəlsin

10:20
08 Sentyabr

Cəlilabad təhsili nümunə göstərir

10:10
08 Sentyabr

Hacıqabulda aqrar müəssisələrin problemləri öyrənilir

10:00
08 Sentyabr

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

09:50
08 Sentyabr

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

09:40
08 Sentyabr

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

09:30
08 Sentyabr

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

09:20
08 Sentyabr

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

09:10
08 Sentyabr

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

Xəzərdə ölkəmizin keşiyində

08:30
08 Sentyabr

Sülh Azərbaycanın öz gücü ilə təmin olundu

08:20
08 Sentyabr

Azərbaycan-Tacikistan strateji əməkdaşlığı uğurlu gələcəyə hesablanıb

08:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!