03 Avqust 2024 08:00
316
SİYASƏT
A- A+

Yeni tarixi dövrün qələbələri

 

İlham Əliyevin yüksəliş strategiyası ölkəmizə siyasi-iqtisadi, eləcə də idman sahəsində uğurlar qazandırır 

 

Hər bir seçki yeni dövrün başlanğıcı sayılır. Bu ilin fevral ayında keçirilən prezident seçkilərində yenidən Azərbaycan xalqından etimad mandatı alan İlham Əliyev inaqurasiya mərasimində qarşıdakı 7 illik dövrün inkişaf strategiyasını təqdim etdi.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən lider bəyan etdi ki, artıq yeni dövr başlayır və qalib xalq kimi Azərbaycan xalqı bu dövrə alnı-açıq, üzüağ, başıdik daxil olur. 200 illik erməni uydurmasına son qoyub, Qarabağ münaqişəsini tarixin arxivinə göndərən İlham Əliyev bəyan etdi ki, qarşıdakı dövrün də böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib.

 

Bütün sərhədlərimizdə bayrağımız qürurla dalğalanır

Prezident çıxışında yeni dövrün başlandığını söyləyərək əsas hədəfləri göstərdi və tapşırıqlarını verdi.  Bəs qarşıda duran yeni hədəflər hansılar idi?

Prezidentin də söylədiyi kimi ilk növbədə Silahlı Qüvvələrimizin gücünə güc qatmaq, iqtisadi inkişafı sürətləndirmək, sərhədlərimizi və azərbaycançılıq ideologiyasını daha da gücləndirilmək prioritet məsələlərdir.

Düzdür, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Təkcə ötən ilin sentyabr ayında cəmi bir neçə saat davam edən antiterror tədbirləri bunun bariz nümunəsidir. Bu gün həmçinin Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı mühüm addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Bunun üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də hər il artırılır. 2024-cü ilin dövlət büdcəsində ən böyük xərcləri hərbi xərclərin təşkil etməsi bunu bir daha təsdiqləyir.

Müzəffər Ali Baş Komandanımız bu gün elə bir ordu yaradıb ki, özünün də söylədiyi kimi, kimsə bizə sataşa və gələcəkdə də belə bir fikirdə ola bilməz. Ermənistanın nə qədər havadarları olsa da, hansısa qüvvə Azərbaycanı dayandıra bilməz.

Qarşıda duran vəzifələrdən biri sərhədlərimizin daha da güclü qorunmasıdır. Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra Azərbaycanın bütün sərhədlərində bayrağımız dalğalanır. Sərhədlərimizin qorunması, eyni zamanda bizi xarici risklərdən qoruyur. Prezidentin də söylədiyi kimi, ölkə daxilində risklər olmasa da, mümkün potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Bu səbəbdən də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi ilə həm fiziki, həm də ideoloji risklərdən özümüzü qoruyuruq.

Onu da vurğulamalıyıq ki, Ermənistanla sərhədlərin demarkasiya prosesinə başlandıqdan sonra Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülüb. Qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırılıb, bilavasitə düşmənlə təmas xəttində 89 sərhəd-döyüş məntəqəsi, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verilib.

İran İslam Respublikası ilə işğaldan azad olunmuş dövlət sərhədimizdə qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 104 sərhəd-döyüş məntəqəsi, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan sərhədləri etibarlı əllərdədir.

 

Strateji valyuta ehtiyatlarımız 69,7 milyard dollar olub

Əlbəttə ki, böyük uğurlara nail olmaq üçün ən prioritet məsələ iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməkdir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının son illərdəki yüksəlişi ölkənin hərtərəfli tərəqqisini təmin edib. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi daha da möhkəmləndirib. Möhtəşəm uğurları şərtləndirən iqtisadi imkanlarımız Qarabağ və Şərqi Zəngəzuru heç kimdən yardım almadan yenidən qurmağa zəmin yaradıb. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir çətinliyin, problemlərin aradan qaldırılmasında da sözünü deyir.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb. Belə ki, ölkə iqtisadiyyatının inkişaf dinamikasında müsbət meyillərin davamlılığı qorunur. Bu ilin ilk rübündə ümumi daxili məhsulun həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 29 milyard manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7,8 faiz artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 15,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Ölkəmizdə iqtisadi artımın strateji faktoru olan investisiya fəallığının təşviqi istiqamətində görülən işlər də müsbət nəticələr verir. 2024-cü ilin ilk rübündə əsas kapitala yönəldilmiş vəsaitlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 3,8 milyard manata çatıb.

Bu ilin 6 ayında xarici ticarət balansında 4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın açıqladığı faiz dəhlizinin parametrləri haqqında məlumatda bildirilir ki, ölkəmizin strateji valyuta ehtiyatları 1,8 faiz artaraq 69,7 milyard dollar olub.

 

Qlobal nüfuz yüksəlir, tərəfdaşlarn sayı artır

Ölkəmizin geosiyasi uğurlarına nəzər salsaq, böyük nailiyyətlərin əldə edildiyini görərik. Öncə onu deyək ki, artıq dünya liderlərinin toplaşdığı əksər sammit və konfranslara, forumlara Azərbaycan Prezidenti də mütləq dəvət edilir. Çünki  İlham Əliyev sözünün sahibi və tam müstəqil siyasəti ilə etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləyib. Ona görə də dünyanın bir çox dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.

İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət edilməsi, həmçinin Türk Dövlətləri Təşkilatının liderlərinin Şuşada Zirvə görüşü, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, II Şuşa Qlobal Media Forumunun keçirilməsi, həm Azərbaycan Prezidentinin qlobal nüfuzunun, həm də ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun daha da gücləndiyini göstərir.

Azərbaycan Avropa İttifaqının bir çox ölkəsinə enerji ixrac edir. Açıq okeana çıxışı olmayan bir dövlət Avropaya dənizlərin altı ilə enerji xətləri çəkir. Bu da əlbəttə ki, İlham Əliyevin enerji siyasətinin təntənəsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın geosiyasi nüfuzu getdikcə daha da yüksəlir.

                                                                 

Böyük qayıdış - indiyədək 2036 ailə dədə-baba yurduna qovuşub

Ən prioritet vəzifələrdən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük qayıdışın təmin olunmasıdır. Böyük qayıdış planına uyğun olaraq azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş məcburi köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhər və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kənddə artıq inşaat işləri sürətlə davam edir. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Qürurverici haldır ki, artıq 2036 ailə - 7901 nəfər öz istəyilə doğma yurdlarına qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 552 ailə (2031 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 147 ailə (570 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

 

Paris Olimpiadasında Azərbaycan atletlərinin möhtəşəm uğurları

Bu gün Azərbaycanın bütün sahələrdə olduğu kimi idman sahəsində də uğurları ölkə ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb.

Fransada keçirilən Yay Olimpiya Oyunlarında atletlərimizin uğurlu çıxışı və 2 qızıl medal qazanmaları hər bir azərbaycanlını fərəhləndirib. Olimpiya tarixinin ən pis idman yarışını təşkil edən, açılış mərasimində Azərbaycana qarşı siyasi təxribatlara yol verən Fransada Azərbaycan cüdoçusu Hidayət Heydərovun məhz final matçında fransız rəqibinə qalib gələrək himnimizi səsləndirməsi bu ölkəyə hərtərəfli cavab oldu. Cüdo yarışlarında idmançımız Zelim Kotsoyevin daha bir qızıl medal qazanması isə Azərbaycanın medal sıralamasında mövqeyini bir qədər də yüksəltdi. Nəzərə alaq ki, boks yarışlarında və avqustun 5-də başlayacaq güləş yarışlarında da idmançılarımızın medallar qazanacağı gözlənilir.   

Bütün bunlara əsaslanaraq deyə bilərik ki, Prezident İlham Əliyevin yeni dövr üçün müəyyən etdiyi inkişaf strategiyası Azərbaycana hərtərəfli uğurlar qazandırır. Beynəlxalq nüfuz yüksəlir, iqtisadi imkanlar artır, sosial və həmçinin idman sahəsindəki uğurlar onu deməyə əsas verir ki, Azərbaycanı qarşıda böyük nailiyyətlər gözləyir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video