Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə müharibə dönəmində Azərbaycan diasporunun fəaliyyətinə dair dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ukrayna Ali Radasının deputatları, Kiyev vilayət və şəhər Hərbi administrasiyalarının rəhbərləri, eləcə də Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, diasporumuzun fəalları, ictimai-siyasi xadimlər iştirak ediblər.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək bildirib ki, beş ilə yaxın davam edən müharibəyə baxmayaraq, Azərbaycan diasporu Ukraynada yorulmadan fəaliyyət göstərir, dövlətimizlə yanaşı, burada yaşayan diaspor fəalları öz humanitar yardımlarını davam etdirirlər.
“Azərbaycanlılar hər zaman olduğu kimi, bu ağır müharibə günlərində də ukraynalıların yanındadırlar, çiyin-çiyinə çalışırlar. Hazırkı çətin şəraitdə inkişaf edən Azərbaycan-Ukrayna münasibətlərinə diaspor da öz töhfəsini verir”, deyə Rövşən Tağıyev vurğulayıb.
Tədbirdə çıxış edən Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko çətin dövrdə Ukraynaya dəstək göstərən Azərbaycan dövlətinə, bu ölkədə yaşayan Azərbaycan icmasına öz təşəkkürünü bildirib.
Ölkəmizin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər barədə də danışan V.Yuşşenko qeyd edib ki, Azərbaycan son bir neçə ildə onilliklər boyu yalnız xəyal edilən mühüm nəticələrə nail olub.
Ukrayna Ali Radasının deputatları, Kiyev vilayət və şəhər Hərbi Administrasiyalarının rəhbərləri, eləcə də diasporumuzun fəalları iki ölkə arasında əməkdaşlığın inkişafından danışıb, müharibə şəraitində etnik azərbaycanlıların Ukraynaya göstərdikləri dəstəyi xüsusi vurğulayıblar.
Tədbirdən sonra Viktor Yuşşenko jurnalistlərə açıqlamasında bildirib: “Biz Azərbaycanı, Azərbaycan xalqını sevirik. Prezident İlham Əliyevin siyasətinə dərin hörmətlə yanaşırıq”.
Sabiq prezident, həmçinin qeyd edib ki, Azərbaycan icması Ukraynaya öz dəstəyini davam etdirir və bu, təqdirəlayiqdir.