Hər uşağın isti bir yuvası, onu qoruyan, sevən, qayğısına qalan ailəsi olmalıdır. Çünki onun qorxmadan gülməyə, güvənlə böyüməyə, arzular qurmağa və sabaha ümidlə baxmağa haqqı var. Lakin həyat heç də bütün uşaqlara bu xoşbəxtliyi bəxş etmir. Bəziləri uşaqlığın ən qayğısız çağlarını ailə münaqişələri, zorakılıq, laqeydlik, ayrılıq və kimsəsizlik içində keçirir.
Valideyn himayəsindən məhrum olan, küçə həyatı yaşayan və müxtəlif çətinliklərlə üzləşən uşaqlar üçün təhlükəsiz bir sığınacağa qovuşmaq çox vacibdir. Lakin onların ehtiyacları bununla bitmir. Yaşadıqları ağır hadisələrdən sonra yenidən özlərini güvəndə hiss etmələri, insanlara inanmağı, hiss və duyğularını ifadə etməyi, həyata sevgi ilə yanaşmağı öyrənmələri üçün xüsusi qayğı və psixoloji dəstəyə ehtiyacları var. Çünki bu uşaqlar üçün əsas məsələ itirdikləri inamı, sevinc hissini və gələcəyə ümidlərini yenidən qazanmaqdır. Hazırda 54 uşağın yaşadığı “Ümid Yeri” Uşaq Sığınacağında həyata keçirilən psixoloji reabilitasiya işləri məhz bu ehtiyacdan qaynaqlanır. Burada məqsəd onların qəlbində zamanla zədələnmiş güvən hissini bərpa etmək, yaşadıqları ağır hadisələrin psixoloji təsirlərini azaltmaq və gələcəyə inamlarını yenidən formalaşdırmaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Ümid Yeri” Uşaq Sığınacağı tərəfindən həyata keçirilən “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi də bu məqsədə xidmət edir. Layihə sığınacaqda göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsini, uşaqların reabilitasiya imkanlarının genişləndirilməsini və fərdi inkişaflarının dəstəklənməsini nəzərdə tutur. Sığınacağın gündəlik fəaliyyətinə mühüm töhfə verən layihə bu ilin son gününədək davam edəcək.
1997-ci ildən fəaliyyət göstərən, ölkənin ilk uşaq sığınacağı olan “Ümid Yeri” yarandığı gündən küçə həyatına məruz qalmış uşaqların müdafiəsini, reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını əsas missiyalarından biri kimi müəyyənləşdirib. Köhnə internat sisteminə alternativ yanaşma ilə fəaliyyətə başlayan bu ünvan zaman keçdikcə bir həqiqəti daha aydın nümayiş etdirib: uşağa sadəcə başını qoymağa bir dam, yemək və gündəlik qayğı verməklə onun həyatını dəyişmək mümkün deyil. Çünki hər uşağın özü ilə gətirdiyi görünməz bir yük, danışılmamış bir hekayə, bəzən sözlə ifadə edə bilmədiyi ağrıları var. Bəzən bir baxışda, bəzən susqunluqda, bəzən də aqressiv davranışın arxasında gizlənən bu ağrılar xüsusi diqqət, səbir və peşəkar yanaşma tələb edir.
Məhz bu ehtiyacdan çıxış edərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sığınacaqda psixoloji xidmət yenilənib, peşəkar fəaliyyət üçün xüsusi psixoloq kabineti yaradılıb. Hazırda uşaqlara psixoloji dəstək Heydər Əliyev Fondu tərəfindən sığınacağa təhkim edilmiş psixoloq Rabia Aslan tərəfindən göstərilir.
Psixoloji reabilitasiya uşağın sığınacağa qəbul olunduğu ilk gündən başlayır. İlk mərhələdə onun psixoloji vəziyyəti qiymətləndirilir, yeni mühitə uyğunlaşması izlənilir, fərdi ehtiyacları müəyyənləşdirilir. Çünki buradakı uşaqların hamısına eyni yanaşma sərgilmək doğru deyil. Onların hər birinin öz taleyi, öz ağrısı, öz qorxusu və öz dünyası var. Bir uşaqda tərk edilmə və ayrılıq narahatlığı, digərində insanlara güvənməkdə çətinlik, başqasında isə qorxu, qəzəb, təşviş, dəyərsizlik hissi və emosional laqeydlik özünü göstərə bilər. Bəzən yaşanmış travmalar davranış və emosional problemlərə, sosial münasibətlər qurmaqda və yeni mühitə uyğunlaşmaqda çətinliklərə səbəb olur.
Belə hallarda psixoloqun əsas vəzifəsi uşağı dəyişməyə məcbur etmək deyil, onun özünü təhlükəsiz hiss edə biləcəyi, duyğularını sərbəst ifadə edə biləcəyi bir mühit yaratmaqdır. Rabia Aslanın apardığı fərdi psixoloji görüşlər də məhz uşaqların fərdi ehtiyacları üzərində qurulur. Yaşadığı travmaların təsirinin azaldılması, emosiyaların tənzimlənməsi, təşviş və qəzəbin idarə olunması, güvən duyğusunun inkişaf etdirilməsi, özünəinamın və müsbət mənlik qavrayışının gücləndirilməsi istiqamətində məqsədyönlü çalışmalar aparılır.
Bu görüşlərdə uşaqlara hisslərini tanımaq və ifadə etmək, yaşadıqları çətinliklərlə sağlam şəkildə mübarizə aparmaq, başqaları ilə münasibətlər qurmaq, öz davranışlarını idarə etmək və gələcəkləri ilə bağlı hədəflər müəyyənləşdirmək öyrədilir. Çünki bəzən bir uşağın özünü ifadə etməsi, qorxusunu dilə gətirməsi, kiməsə güvənərək dərdini bölüşməsi belə onun sağalma yolunda atdığı böyük bir addımdır. Psixoloji dəstək fərdi görüşlərlə də məhdudlaşmır. Qrup məşğələləri uşaqların bir-birini dinləməsinə, fikirlərini bölüşməsinə, qarşılıqlı hörmət və anlayış əsasında münasibətlər qurmasına imkan yaradır. Hisslərin düzgün ifadə olunması, şəxsi sərhədlər, ünsiyyət, sosial uyğunlaşma və gələcək hədəflər bu məşğələlərin əsas mövzularını təşkil edir. Prosesdə uşaqlar təkcə öz hisslərini tanımağı deyil, başqalarının duyğularını anlamağı, fərqliliklərə hörmət etməyi, kollektivdə öz yerini tapmağı da öyrənirlər.
Görülən işlərin miqyası konkret rəqəmlərdə öz əksini tapır: təkcə ötən ay ərzində uşaqlarla 89 fərdi psixoloji seans keçirilib, 8 qrup məşğələsində ümumilikdə 42 iştirak qeydə alınıb. Bundan əlavə, 22 uşağın iştirakı ilə “Müəssisədaxili həmrəylik, məsuliyyət və mənəvi dəyərlər” mövzusunda seminar təşkil edilib. Sığınacaqdan kənarda, 7 saylı sanatoriyada yerləşdirilmiş 4 uşağın da psixoloji vəziyyəti və adaptasiya prosesi diqqətdə saxlanılıb. Və bu rəqəmlərin arxasında insan taleləri, kiçik, amma əhəmiyyətli dəyişikliklər, yenidən qurulan inam və böyüyən ümidlər dayanır. Çünki psixoloji reabilitasiyanın nəticəsi yalnız keçirilən seansların sayı ilə ölçülmür. Bəzən qorxularını dilə gətirə bilən bir uşaq, ilk dəfə kiməsə etibar edən bir yeniyetmə, özünü dəyərli hiss etməyə başlayan bir qəlb ən böyük uğurun göstəricisinə çevrilir.
Əslində, “Ümid Yeri”ndə görülən bütün işlərin mahiyyətində bir amal dayanır : heç bir uşağın keçmişdə yaşadığı ağrılar onun gələcəyinə hökm etməməlidir. Gələcəyin arzuları ilə yaşamasına, həyatın qarşılarına çıxardığı çətinliklərdən qorxmadan irəliləməsinə dəstək olmaq vacib şərtdir. Çünki hər uşağın qəlbində yenidən çiçəklənə biləcək bir ümid var. Bəzən həmin ümidi oyatmaq üçün bir xoş söz, uzadılan bir əl və ən əsası, tək olmadığını hiss etdirən bir ünvan kifayət edir.
Hər bir uşaq yaşadıqlarından daha böyükdür. O, yenidən sevinə, inana, sevə, arzular qura və öz həyat yolunu seçə bilər. Bunun üçün də ona anlayış, qayğı, səbir və peşəkar dəstək lazımdır. “Ümid Yeri”ndə psixoloji reabilitasiya məhz bu inamın üzərində qurulub.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”