Şəhidlik zirvəsinə gedən yol cəsurların, qorxmazların yoludur. Şəhidlik elə bir uca məqamdır ki, özündə qəhrəmanlığın, igidliyin və Vətənə sonsuz sədaqətin mənasını yaşadır. Bu zirvəyə aparan yol insanın dünyaya göz açdığı torpağa məhəbbətindən, doğma yurda sədaqətindən, düşmənə qarşı barışmaz mövqeyindən və Vətən uğrunda qisas hissindən keçir. İkinci Qarabağ müharibəsində də Azərbaycanın mərd və cəsur oğulları torpaqlarımızı erməni işğalından azad etmək, illər boyu Vətən həsrəti ilə yaşayan xalqımızın arzusunu gerçəkləşdirmək və şəhidlərimizin qisasını almaq üçün bu yolu tutub döyüş meydanına atıldılar. Onlar ölümün üzərinə qorxmadan şıxıdılar. Qarabağın azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəman oğullarımızın bir qismi düşmən gülləsinə tuş gəldi. Onlar canlarından da çox sevdikləri Vətən uğrunda həyatlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar. Bu gün igid oğullarımızın müqəddəs adı Azərbaycan xalqının yaddaşında qəhrəmanlığın və Vətən sevgisinin əbədi rəmzi kimi yaşayır.
Şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Fərid Vəlhəd oğlu Məmmədovdur. O, 29 aprel 1990-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində dünyaya göz açmışdı. 1997-2008-ci illərdə şəhərdəki 2 nömrəli orta məktəbdə təhsil almışdı. Orta təhsilini başa vurduqdan sonra, 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. Bununla onun çoxdan arzuladığı Vətənə əsgər olmaq istəyi gerçəkləşmişdi. Hərbi xidmət Fərid Məmmədov üçün sözün həqiqi mənasında həyat və kişilik məktəbinə çevrildi. Əyninə hərbi forma geyinib xidmətə başladığı ilk gündən təlim və məşğələlərdə fəallıq göstərərək hərbi biliklərə yiyələnir, silahların sirlərini öyrənir, ordu həyatına daha çox bağlanırdı. 2010-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Fərid Məmmədov Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işini davam etdirdi. Ordu sıralarında qazandığı döyüş təcrübəsi və hərbi biliklər sonrakı xidmətində də onun işinə yaradı.
Fərid Məmmədov kiçik yaşlarından mütaliəyə, təhsilə və özünü inkişaf etdirməyə böyük həvəs göstərmişdi. Bu arzusunu 2014-cü ildə həyata keçirə bilmişdi. Həmin il çoxdan arzuladığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşdu. Ali təhsil ocağında "Vətənin müdafiəsi" ixtisası üzrə bakalavr təhsili almışdı. 2017-ci ildə Müdafiə Nazirliyinin gizir hazırlığı kursunu uğurla başa vurduqdan sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xidmətə başlamışdı. Hələ kiçik yaşlarından zabit olmağı arzulayan Fərid Məmmədov gizir kimi doğma ordumuzun sıralarında xidmət etdikdən sonra 2019-cu ilin dekabrında Təlim və Tədris Mərkəzinin ehtiyat zabitlər kursunda təhsil almışdı. Təhsil almağa və uğur qazanmağa daim can atan Fərid bu kursu da yüksək göstəricilərlə başa vurmuşdu. Leytenant rütbəsi aldıqdan sonra "N" saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlamışdı.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda leytenant Fərid Məmmədovun xidmət etdiyi bölük də döyüşlərə göndərildi. Onun ilk döyüşü oktyabrın 6-da cəbhənin Füzuli istiqamətində oldu. Xidmət illərində qazandığı təcrübə və səriştə döyüş meydanında özünü göstərdi. Fərid döyüşlərin ilk günlərindən dəqiq atəş zərbələri ilə düşmənin mövqelərinin darmadağın edilməsində fəal iştirak etdi. Güclü hücumlar qarşısında düşmən ağır itkilər verərək geri çəkildi. Torpaqlarımızın addım-addım işğaldan azad olunması gənc zabitin qəlbini qürur və sevinc hissi ilə doldururdu. Bir müddət sonra Fəridin xidmət etdiyi bölük Cəbrayıl rayonuna gətirildi. Həmin günlər də bu istiqamətdə də gərgin döyüşlər gedirdi. Erməni silahlı qüvvələri uzun illər işğal altında saxladıqları ərazilərdən geri çəkilməmək üçün ciddi müqavimət göstərirdilər. Lakin Azərbaycan Ordusunun qarşısında bu müqavimət də davam gətirmədi. Düşmən mövqelərini tərk etməyə, silah-sursatını və digər hərbi vasitələrini atıb geri çəkilməyə məcbur oldu.
İkinci Qarabağ müharibəsində iştirak etməsi, işğalçı qüvvələrə qarşı döyüşməsi və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparması Fərid üçün böyük qürur idi. Oktyabrın 6-dan etibarən iştirak etdiyi bütün döyüşlərdə yüksək hünər və cəsarətlə vuruşurdu. Gərgin döyüş əməliyyatları zamanı dəfələrlə tabeliyində olan əsgərlərin həyatını təhlükədən xilas etmiş, çevik qərarları və cəld manevrləri ilə onların düşmən pusqusuna düşməsinin qarşısını almışdı. O, komandir kimi yalnız özünü deyil, tabeliyindəki əsgərlərin həyatını da düşünür, döyüşün ən ağır anlarında onların yanında olurdu.
Çox keçmədən Fəridin xidmət etdiyi bölük Cəbrayıldan Xocavənd rayonuna istiqamətləndirildi. Buradan isə yol Şuşaya doğru uzanırdı. Bu istiqamət böyük strateji əhəmiyyət daşıdığından düşmən əsas qüvvələrindən bir hissəsini burada cəmləşdirərək ciddi müqavimət göstərirdi. Hər qarış torpaq uğrunda ağır və gərgin döyüşlər gedirdi. Gənc zabit Fərid Məmmədov döyüşlərin ön sıralarında vuruşurdu. Oktyabrın 25-də Xocavənd istiqamətində gedən əməliyyatlar daha da şiddətləndi. Düşmən ehtiyat qüvvələrini döyüşə cəlb edərək müqaviməti gücləndirməyə çalışırdı. Leytenant Fərid Məmmədov həmin döyüşdə üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.
Həmin gün Fəridin doğulub boya-başa çatdığı evin qapısını acı xəbər döydü. Fərid Məmmədov oktyabrın 26-da doğmalarının, əzizlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Hərbi Memorial Məzarlığında torpağa tapşırıldı.
Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidlik və qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Fərid Vəlhəd oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi. Qəhrəman unudulmur, adı əbədiləşdirilir. Xırdalan şəhərində şəhid Fərid Məmmədovun da xatirəsinə bulaq inşa edilib, şəhərin küçələrindən birinə onun adı verilib. Bunlar dövlətimizin şəhidlərə və onların ailələrinə göstərdiyi diqqət və qayğının ifadəsidir.
Şəhid Fərid Məmmədov ailəli idi. Onun doğmalarına Fuad adlı bir oğlu yadigar qalıb. Fuad hələ balacadır, həyat yolunun başlanğıcındadır. Zaman keçəcək, o böyüyəcək, yaşa dolacaq və atasının necə cəsur, mərd bir döyüşçü olduğunu daha dərindən anlayacaq. O, hər zaman atası ilə qürur duyacaq, fəxr edəcək. Yəqin ki, gələcək həyatında atasının Vətən sevgisini və mərdliyini özünə örnək götürəcək.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"