Qatar Rione çayı boyunca uzanan relslərin üstü ilə sürətlə Kutaisiyə doğru irəliləyirdi. İçərisi 18-20 yaşlı gənclərlə dolu olan vaqonlarda ağız deyəni qulaq eşitmirdi. Yol bitmirdi ki, bitmirdi... Əslində, bu qatarın sərnişinləri də yolun bitməsini heç o qədər də arzulamırdılar... Bəlkə də ürəklərində "kaş müharibə bitənədək qara tüstü buraxan bu parovoz fit çala-çala hərəkət edəydi" deyirdilər. Vaqonlardakı gənclərin arasında elələri vardı ki, indiyədək doğulduğu kənddən kənara belə çıxmamışdı. Evinin astanasından bayıra çıxmayan biri üçün "dünyanın o biri ucu"na müharibəyə, Hitlerin cavabını verməyə gedən, bığ yeri yenicə tərləmiş kənd uşaqlarının vəziyyətini təsəvvür etmək o qədər də çətin deyildi...
Gəncənin adlı-sanlı ziyalılarından, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə şəhərində katib işləmiş Ağamir Həşimzadənin oğlu Mirdamət Seyidov da bu qatarda idi. Mirdamət Ağamir oğlu Seyidov 25 aprel 1922-ci ildə indiki Göygöl rayonunun Qızılca kəndində anadan olub. Dövrünün maarifpərvər ziyalılarından olan Ağamir Həşimov övladlarının kiçik yaşlarından onların təhsili ilə ciddi məşğul olmuşdu. Bunun nəticəsi olaraq, Gəncə şəhər 1 nömrəli beynəlmiləl orta məktəbin birinci sinfinə qəbul olunan uşaqların hazırlığını yoxlayan görkəmli ziyalı Mircəlal Paşayev Mirdamət Seyidovun birbaşa ikinci sinfə qəbul olunması haqqında göstəriş vermişdir. Mirdamət Seyidov müharibəyə Gəncə şəhər Tibb Texnikumunun Feldşer-mamalıq fakültəsinin məzunu kimi gedirdi.
Azərbaycanlılardan və gürcülərdən təşkil olunmuş 388-ci atıcı diviziyası Kutaisidə yerləşirdi. Burada çağırışçılar həkim nəzarətindən keçir, peyvənd olunub qısa hazırlıqdan sonra birbaşa döyüş bölgəsinə yola salınırdılar. Tibbi təhsili olduğu üçün Mirdamət Seyidov diviziyanın həkim nəzarəti üzrə rəisi təyin edilir. İki günə 350 nəfəri peyvənd edib döyüşə yola salmaq əmrini alan gənc tapşırığı uğurla icra edir.
İki gündən sonra əsgərlər Poti limanından yük gəmisi ilə Sevastopola yola salınırlar. Səhərisi gün hərbçiləri aparan gəmi Sevastopola çatır... Əhalinin köməyi ilə Sevastopol şəhəri səngərlə əhatə olunmuşdu. Əmrə müntəzir əsgərlər İnkerman dərəsi ətrafında toplaşmışdılar. Elə bu zaman alman aviasiyasının hava hücumu başlayır. Bombardman nəticəsində torpağın altı üstünə çevrilirdi. Bombardmançı təyyarələr uzaqlaşdıqdan sonra sağ qalan əsgərlər bir-bir səngərdən çıxıb yaralı yoldaşlarına yardım edirdilər. Mirdamət də səngərdən çıxmaq istəyəndə sol ayağının yaralandığını hiss edir...
Diviziyanın zenit batareyası Sevastopolun şimalında yerləşirdi. Ön cərgədə döyüşən əsgərlərin əksəriyyəti Azərbaycan Kənd Təssərrüfatı İnstitutunun məzunları idi. Düşmənin qarşısıalınmaz hücumuna məruz qalan əsgər və zabitlərin çoxu qəhrəmancasına həlak olmuşdu. Şəhəri düşmən tam mühasirəyə almışdı. Mühasirə zolağı daraldıqca sovet hərbçiləri Qara dəniz sahilinə tərəf çəkilir, hələ də onlara kömək gələcəyinə ümid edirdilər. Üç tərəfdən faşistlərlə - bir tərəfdən su ilə mühasirə olunan ordu ölümlə üz-üzə qalmışdı. Bombardmançı təyyarələr bombanı yağış kimi yağdırırdılar. Belə bir vəziyyətdə bombalardan qorunmaq üçün Mirdamət ştabın yerləşdiyi tunelə getmək istədi. Səsi ilə dəhşət gətirən, yeri, göyü lərzəyə salan bomba yaxınlıqdakı buxtaya düşdü. Bombanın zərbəsindən göyə qalxan Mirdamət Seyidov gözlərini açanda özünü tuneldə gördü. Bomba düşən zaman döyüş yoldaşları Mirdamətin onlara tərəf qaçdığını görüb onu huşsuz halda tunelə aparmışdılar. Tunel alman əsgərləri ilə əhatə olunmuşdu. Onlar bir-bir meyitləri yoxlayır, ağır yaralıları yerindəcə güllələyir, sağ qalanları əsir götürürdülər. Tuneldə gizlənən əsgərlər əsir düşmək üçün faşistlərin əmrini gözləyirdilər.
Mirdamət Seyidov komsomolçu idi. Hələ üstəlik komsomol bileti də cibində idi. Bu isə real ölüm demək idi. Faşistlər komsomolçuları və kommunistləri sorğu-sualsız güllədən keçirirdilər...
Mirdamət Seyidov onun haqqında çəkilən "Unudulmuş partizan" sənədli filmində o günləri belə xatırlayır: "Tunelin girəcəyindən səs gəldi: Raus! Raus! - Bayıra çıxın.
Bir əlim yaralı idi. Tez komsomol biletimi çıxarıb şəklimi dişimlə cırıb bileti daşların arasında gizlətdim. Qırx nəfərə yaxın döyüşçü bayıra çıxdıq. Faşistlər "Hende hox" bağıraraq əsgərlərə əllərini qaldırmağı əmr edir, silahlarımızı alıb bizi sıraya düzürdülər. Faşistlər Sevastopol ordusunun ştabı yerləşdiyi tunelə yaxınlaşdılar. Ən sonda komandir və komissar ştabı tərk etdilər. Faşistlərin əmrinə tabe olmayıb əlini qaldırmayan komandir və komissar yerindəcə güllələndi".
4 iyul 1942-ci il idi. Üç-dörd gün piyada yol gedən, ac-susuz, taqətsiz əsirləri Sevastopolun kənarında yerləşən Neoşili çayının kənarında bir təpənin ətrafına cəmləşdirdilər. Dərənin aşağı hissəsində onları alman SS-ləri gözləyirdi. Yerindəcə güllələnəcək əsirlərlə sağ saxlayacaqlarını iki qrupa bölürdülər. Orada SS-lərlə birlikdə uzun əbalı bir molla da var idi. Molla yəhudilərlə müsəlmanları ayırmaqda onlara kömək edirdi. Yəhudiləri elə yerindəcə güllələyirdlər.
Mirdamət hələ Qızılcada olanda atasının alman müəllimi Otto ona alman dilini xüsusi olaraq öyrətmişdi. Vəziyyəti görən Mirdamət tez mollaya yaxınlaşıb alman dilində yəhudi olmadığını, azərbaycanlı olduğunu deyir.
Molla onu sağ qalacaq əsirlərin sırasına keçirir. Canını ölümün pəncəsindən qurtaran Mirdamət sırada duran azərbaycanlıları da göstərib onların da sağ qalmalarına kömək göstərməsini molladan xahiş edir. Sağ qalan əsirlər Canköyə, oradan da vaqonlara doldurulub silahlı almanların nəzarəti altında Ukraynaya aparılır. Qatar Ukraynadan keçərək Lunnıy ilə Xorol şəhərlərinə doğru istiqamət alır...
Əsirlik həyatının əzab-əziyyət dolu yeni səhifəsi
1942-ci il isti avqust günlərində əldən düşmüş əsirlər bombardman nəticəsində xarabalığa çevrilmiş Priyatin şəhərinə çatırlar. Xarabalıqlarda gecələyən əsirlər səhərisi gün Priruki şəhərinə yollanırlar. Prirukidə azərbaycanlılardan ibarət xüsusi legion var idi. Mirdamət də həmin legiona yerləşdirilir.
Legion həyatının üçüncü günündə əsirləri müşayiət edən alman zabiti "Kim alman dilində yazıb-oxuya bilir" soruşduqda Mirdamət Seyidov "mən" deyə cavab verir. Legionerlərin arasında bir neçə dil biləni seçib Mirqorod şəhərinə aparırlar. Mirqorod şəhərində Qafqaz, Orta Asiya və zaqafqaziyalılardan ibarət Türküstan diviziyası yaradılmışdı. Diviziyanın tərkibində gəncəli Teymur Niyazovun komandirlik etdiyi bölük var idi. Mirdaməti və alman dili bilən digər yoldaşlarını da həmin bölüyə yerləşdirdilər.
Mehdi Hüseynzadə ilə ilk tanışlıq
Mirdamətlə Mehdi Hüseynzadə Ukraynanın Proskurov şəhərində tanış olmuşdular. Mehdi Kalç şəhəri ətrafında yaralanaraq əsir düşmüş, zabit olduğu üçün onu da digər zabitlərlə birlikdə Prsurov şəhərinə, oradan da Mirqoroda gətirmişdilər. Diviziyada Mehdi, Mirdamət, Cəmil və 15 nəfərə yaxın azərbaycanlı bir otağa yerləşdirilmişdi.
Bir neçə gün sonra əsirlər Almaniyanın Bunslau şəhərinə aparılmışdılar. İndi bu şəhər Polşanın Boleslavest şəhəridir. Mirdamət bir müddət burada hospitalda müalicə aldıqdan sonra batalyonda tərcüməçi işləməyə başladı. Türküstan diviziyasının ştab rəisi Berst fon Hammerştayn idi. O, alman ordusunda xidmət etsə də, faşistləri sevmirdi. Onun evindəki xidmətçi də Ağəli adlı azərbaycanlı gənc idi. Alman dilini mükəmməl bildiyi üçün Hammerştaynla Mirdamət Seyidov arasında isti bir münasibət yaranmışdı...
Onu da qeyd edək ki, alman faşistləri Türküstan diviziyasının əsgərlərinə loyal yanaşırdılar. Faşistlərin məqsədi diviziyanın əsgərlərindən İtaliya partizanlarına qarşı döyüşdə istifadə etmək idi. Elə bu məqsədlə də orduda yaranan pərakəndəliyi, dağınıqlığı aradan qaldırmaq üçün Türküstan diviziyasını İtaliyanın şimalına aparmışdılar. İtaliya ilə yanaşı, Yuqoslaviyada da güclü partizan hərəkatı başlamışdı. Yuqoslaviya partizan hərəkatına Yuqoslaviya Kommunistlər İttifaqının sədri İosip Bors Tito rəhbərlik edirdi. Hələ 1941-ci ildə Almaniya SSRİ-yə hücum edərkən Tito xalqını faşizmə qarşı mübarizəyə çağırmışdı.
Mirdamət Seyidovun fəaliyyəti haqqında bir neçə məqalə, sənədli roman yazılıb və sənədli film çəkilib. Yazını hazırlayarkən "Partizanın acı həqiqətləri" sənədli romanının müəllifi İradə Aytellə də görüşdük. Yazıçı dedi: "Mən Yuqoslaviyada və İtaliyada Xalq Müqavimət Hərəkatının iştirakçısı, əfsanəvi partizan Mirdamət Seyidovla tanış olanda o, polkovnik rütbəsində DİN-dən təqaüdə çıxıb Qızılca kəndində yaşayırdı. Bizi beli bükülmüş, əlindəki əsanın hesabına çətinliklə yeriyən Mirdamət Seyidov özü qarşıladı. Baxışları çox iti, danışığı sərrast, cümlələri akademik səviyyədə olan polkovnikin bütün hərəkətlərindən alicənablıq yağırdı.
Partizanın keçdiyi keşməkeşli həyat və döyüş yolları, qarşılaşdığı çətinliklər, işgəncələr, Dahauda yaşadığı ölümün hər günü barədə kiçik bir reportaj hazırladıq...
Həmin gündən sonra həftədə bir-iki dəfə Mirdamət babanın evinə gedir, söylədiklərini qələmə alırdım".
Miliç Mario, İvan Russki...
Türküstan diviziyasının işçi batalyonunda almanlarla əsirlər arasında tərcüməçi kimi fəaliyyət göstərən Mirdamət Seyidovun azərbaycanlılar və başqa əsirlər arasında böyük hörməti var idi. O, 1943-cü il sentyabrın 23-dən başlayaraq faşizim əleyhinə gizli təbliğat aparırdı. İtaliyada partizan hərəkatının gücləndiyindən məlumatı olan Mirdamət Seyidov partizanlara qoşulmaq üçün yollar axtarırdı. Həm də bu yola tək çıxmaq istəmirdi. Fikrini ilk dəfə daha çox güvəndiyi, əslən Salyandan olan işçi batalyonunun mollası Miryaqub Mirsalah oğlu Ağalarova bildirirdi. Miryaqubla razılaşdıqdan sonra Türküstan diviziyasının içərisində yaratdığı partizan dəstəsinin sıralarını genişləndirməyə başlamışdı. Əsas məsələ indi partizan dəstəsinə qoşulmaq üçün yol tapmaq idi. Bu, əsirlər üçün çox müşkül bir iş idi. Amma mümkünsüz də deyildi. Arabir sloven qızları onlara yaxınlaşıb tanış olmaq istəyirdilər. Əslində, bu qızları da Sloveniyanın partizan dəstələrinin rəhbərləri əsirlərlə tanışlığa cəlb edirdilər. Onlar yaxşı bilirdilər ki, əsirlər də alman faşizminə nifrət edirlər.
"Alman zabiti" Mehdi Hüseynzadə ilə hazırlanan qaçış planı
Elə bu ərəfədə alman hərbi zabiti geyimində, belində tapança, xüsusi zabit nişanı olan Mehdi Hüseynzadə Mirdamətə yaxınlaşır. Mirqorod şəhərində bir-birindən aralı düşən dostlar mehribancasına görüşürlər. Mehdiyə özü qədər etibar edən Mirdamət sirrini ona da açır. Onu dinləyən Mehdi Mirdamətdən ona da partizan dəstəsinə qoşulmaqda yardımçı olmasını xahiş edir...
7 fevral 1944-cü ildə qızlar xəbər gətirdilər ki, gecə Mirdaməti, Mehdini, Cavadı partizanlar ştabda gözləyəcəklər. Mehdi Hüseynzadə ilə Cavad Həkimini partizanlarla tanış edən Mirdamət Seyidov yenidən işlədiyi düşərgəyə qayıtmalı olur. Mehdigilin partizanlara qoşulması legionun alman zabitlərində ciddi şübhələr yaratmışdı. Onlar əsirlərin hər hərəkətinə diqqət edirdilər.
Azərbaycanlılardan ibarət legioner batalyonu Trest yaxınlığında Kontovello qəsəbəsində yerləşirdi. Batalyona əslən Dəvəçidən olan azərbaycanlı Sadıq Qasım oğlu Nadirli komandirlik edirdi. Onun müavini isə Məmmədağa Nəzərov idi. Mirdamət Seyidov uzun müddət idi ki, oradakı legionerlərin də partizanlara qoşulmaları üçün baş sındırırdı. Belə qərara gəldilər ki, "çağırış" vərəqələri çap edib, gecəykən batalyona gedib legionerlər arasında yaysınlar. Bu zaman Bozaoviçsa kəndində olan Cəmil də ora gələrək vərəqələri paylamağa getmək istədiyini bildirdi. Partizanlar birlikdə hərəkət etmək üçün razılığa gəldilər. Kəşfiyyatçı qızlar xəbər gətirmişdilər ki, almanlar kəndlərdə partizan dəstələrinin olmasından xəbər tutublar. Kəndi yoxlamağa gəlirlər. Kəndin üzərində almanların kəşfiyyatçı təyyarələri uçurdu. Partizanlar tez Skopye kəndini tərk edib meşəyə çəkildilər. Partizanları kənddə tapa bilməyən faşistlər Velikiy Dol və yaxınlıqda olan bir neçə kəndin yerli sakinlərini vəhşicəsinə qətlə yetirib ev-eşiklərini yandırdılar...
(Ardı var)
Elşən QƏNİYEV,
"Azərbaycan"