"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Türkiyə-Azərbaycan münasibətlərinə dair səsləndirdiyi fikirlər təkcə iki ölkə arasındakı güclü qardaşlıq əlaqələrinin ifadəsi deyil, həm də son illərdə regionda formalaşan yeni geosiyasi reallığın ümumiləşdirilmiş təhlilidir. Bu gün Ankara ilə Bakı arasındakı münasibətlər klassik strateji tərəfdaşlıq anlayışını geridə qoyaraq təhlükəsizlik, energetika, nəqliyyat, müdafiə sənayesi, xarici siyasət və iqtisadi inteqrasiyanı əhatə edən institusional müttəfiqlik modelinə çevrilib".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türk ekspert Mehmet Gökhan Özçubukçu deyib.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin "Dünyada bir-birinə bu qədər yaxın iki dövlət yoxdur" fikri emosional yanaşmadan daha çox, mövcud strateji reallığın ifadəsidir. "Bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri digər strateji tərəfdaşlıqlardan fərqləndirən əsas xüsusiyyət əməkdaşlığın yalnız ortaq maraqlara deyil, eyni zamanda ortaq tarixə, ortaq mədəniyyətə, ortaq dilə və ortaq milli kimlik şüuruna söykənməsidir. Beynəlxalq münasibətlər sistemində ittifaqların əksəriyyəti dəyişən təhlükəsizlik təhdidləri və ya iqtisadi maraqlar əsasında formalaşır. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün Ankara və Bakı artıq, sadəcə, bir-birini dəstəkləyən dost və qardaş dövlətlər deyil, Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasına birlikdə təsir göstərən iki strateji aktordur", - deyə ekspert qeyd edib.
Mehmet Gökhan Özçubukçu bildirib ki, son beş ildə baş verən hadisələr Azərbaycanın regional rolunun əhəmiyyətli dərəcədə artdığını nümayiş etdirir. "İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq Cənubi Qafqazda güc balansını əsaslı şəkildə dəyişib. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi deyil, həm də regional nəqliyyat şəbəkələrinin, enerji təhlükəsizliyinin və iqtisadi inteqrasiyanın əsas iştirakçılarından biri kimi çıxış edir. Bu gün Avropanın enerji təhlükəsizliyindən başlayaraq Orta dəhlizin inkişafına qədər bir çox strateji istiqamətdə Bakının rolu getdikcə artır. Prezident İlham Əliyevin forumda Avropanın enerji təhlükəsizliyi ilə bağlı vurğuladığı məqamlar da məhz bu yeni geosiyasi mövqenin göstəricisidir.
"Uzun illər münaqişələr və işğallar səbəbindən qeyri-sabitliklə xarakterizə olunan region bu gün ilk dəfə genişmiqyaslı iqtisadi əməkdaşlıq və regional inteqrasiya imkanlarını müzakirə edir. Bunun reallaşması isə ilk növbədə Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin imzalanmasından asılıdır. Azərbaycan hərbi qələbəsini diplomatik və iqtisadi üstünlüklərə çevirməyə yönəlmiş siyasət həyata keçirir. Regionda nəqliyyat xətlərinin açılması, sərhədlərin normallaşdırılması, ticarətin inkişaf etdirilməsi və bağlantısallığın artırılması istiqamətində atılan addımlar bunun konkret nümunəsidir", - deyə ekspert qeyd edib.
Mehmet Gökhan Özçubukçu bildirib ki, Zəngəzur dəhlizi və Orta dəhliz layihələri bu strateji baxışın əsas elementlərindəndir. "Bu layihələr yalnız Azərbaycan ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat əlaqəsini təmin etməyəcək, eyni zamanda Türkiyəni Xəzər hövzəsi, Mərkəzi Asiya və bütövlükdə türk dünyası ilə birləşdirən strateji kommunikasiya xətti yaradacaq. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı və təchizat zəncirlərinin şaxələndirildiyi indiki dövrdə bu dəhlizlər təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Avropa ilə Asiya arasında yükdaşımaların mühüm hissəsinin Orta dəhlizə yönəlməsi Türkiyə və Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, bərpaolunan enerji sahəsinə yatırımlar, Xəzər keçidli nəqliyyat layihələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi fəal siyasət Azərbaycanın beynəlxalq nüfuzunu və diplomatik çəkisini davamlı şəkildə artırır. Buna görə də bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya geosiyasətinin formalaşmasında söz sahibi olan orta güc kimi çıxış edir", - deyə Mehmet Gökhan Özçubukçu bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə strateji müttəfiqlik Azərbaycanın regional təsir imkanlarını daha da genişləndirir. "Türkiyə ilə Azərbaycanın son illərdə ortaya qoyduğu əməkdaşlıq modeli artıq Türk Dövlətləri Təşkilatı üçün də nümunədir. Son illərdə nəqliyyat, energetika, müdafiə sənayesi, rəqəmsal transformasiya, ticarət və institusional inteqrasiya istiqamətlərində həyata keçirilən birgə layihələr türk dünyasında ortaq fəaliyyətin mümkünlüyünü praktik şəkildə nümayiş etdirib. Türk Dövlətləri Təşkilatının getdikcə daha institusional quruma çevrilməsində Ankara ilə Bakının ortaq liderliyi mühüm rol oynayır. Orta dəhlizin inkişafı, gömrük prosedurlarının sadələşdirilməsi, Xəzər keçidli nəqliyyat layihələri və ortaq investisiya mexanizmləri kimi təşəbbüslər də məhz bu əməkdaşlığın nəticəsidir və Türkiyə-Azərbaycan tərəfdaşlığının artıq türk dünyasının inteqrasiyasına xidmət edən strateji modelə çevrildiyini göstərir", - deyə o bildirib.
Ekspert sonda vurğulayıb ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər mövcud geosiyasi transformasiyanın dəqiq təhlilinə əsaslanır: "Azərbaycan bu gün hərbi uğurlarını diplomatik təsir imkanları, iqtisadi bağlantısallıq və regional liderlik potensialı ilə tamamlayan yeni xarici siyasət modeli həyata keçirir. Türkiyə ilə qurulan nümunəvi müttəfiqlik isə təkcə iki ölkənin milli maraqlarını qoruyan əməkdaşlıq deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, Avrasiyada yeni nəqliyyat və enerji şəbəkələrinin, eləcə də türk dünyasının inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Qarşıdakı dövrdə bu tərəfdaşlığın həm regional sabitlik, həm də qlobal geoiqtisadi tarazlıqlar baxımından əhəmiyyətinin daha da artacağını gözləmək olar".