Masallı ölkəmizin həm səfalı, həm də şəfalı yerlərindəndir. Rayonun ərazisi qərb istiqamətindən silsilə dağlar, şərqdən isə mavigözlü Xəzər dənizi ilə əhatə olunur. Səsi-sorağı əsrlərin o tayından gələn bu diyarın keçmişini özündə əks etdirən, qoruyb saxlayan tarixi abidələr bu gün də yaşayır.
Viləş, Alvadıçay, Tatyan çayları rayonun ərazisindən axıb keçərək dənizə qovuşur. Uzunluğu 115, eni təqribən 8 kilometr, hövzəsinin sahəsi 935 kvadratkilometr olan Viləşçay su dəryaçasının bünövrəsi 1976-cı ildə Heydər Əliyev tərəfindən qoyulmuşdur. Masallı durnadözlü bulaqları ilə də məşhurdur. 37 bulağı olan Ərçivan kəndini dünya bulaqlarının muzeyi də hesab etmək olar. Onların hər birinin öz adı, öz dadı, öz tarixi var. Bir hissəsi də Masallı rayonu ərazisində yerləşən Qızılağac qoruğunda isə 248 quş və 54 balıq növü qorunur. Belə bir təbii resurslara və təkrarsız təbiətə malik olması Masallını ilin hər fəslində istirahət bölgəsinə çevirmişdir. O üzdən rayonda turizm şəbəkələrinin sayı ildən-ilə artır. Hazırda fəaliyyət göstərən istirahət mərkəzlərinin sayı 34-dür. Onların əksəriyyəti Qəriblər kəndinin ərazisindədir. "Gölüstü", "Viləş", "Gülüstan", "Baba bulağı", "Ailə sevinci", "İstisu" sanatoriyası, "Zirvə", "Beşqardaş", "Turist", "Cənnət bağı", "Hotel", "Masallı", "Dəmirağac" istirahət mərkəzlərinə ilin yay günlərində gələnlərin sayı-hesabı olmur. Bakıdan, müxtəlif bölgələrdən, habelə xarici ölkələrdən gələn turistlərə nümunəvi qulluq göstərmək üçün obyektlər fəaliyyətlərini ildən-ilə təkmilləşdirməyə səy göstərirlər.
"Masallı" istirahət mərkəzi 2025-ci ildən fəaliyyət göstərir. İcraçı direktor Elman Cəlalzadə deyir ki, 2 il əvvəl burada indi gördüklərinizin heç biri mövcud deyildi: "Kotteclər tikdik, su hovuzu yaratdıq, yol, su, işıq çəkdik, iaşə obyektləri inşa etdik, ağaclar, güllər əkdik. Əlimizdən gələni etdik ki, müəssisəmiz turistlər tərəfindən bəyənilsin. Onlara göstərilən yüksəksəviyyəli xidməti özümüzün birnömrəli işimiz hesab etdik. İşçilərimizə bununla əlaqədar təlimlər keçdik. Ərazimiz 10 hektardır. Quruculuq, abadlıq işlərini daha da genişləndirmək fikrindəyik".
"Yaşıl Park" ailəvi istirahət mərkəzi nadir meşə ağacları ilə örtülmüş ərazidədir. Ağacların yaşıl çətiri günəş şüalarının qarşısına sanki çəpər çəkib. Buna görə də ərazidə sərinlik hökm sürür. İstirahət mərkəzi sahibkar Kənan Əliyevə məxsusdur. Onun müavini Kənan Əbülfəzli ilə görüşdük. Bildirdi ki, istirahət mərkəzində 13 nəfər çalışır: "Bakıdan, Rusiya Federasiyasının müxtəlif şəhərlərindən, respublikamızın ayrı-ayrı yerlərindən gələn turistlər üçün 14 kottecimiz var. Çalışırıq ki, qonaqlara nümunəvi qulluq göstərək. Menyumuzun hamısını təbii kənd məhsulları təşkil edir. Turistlərin mənalı və şən istirahəti üçün Bakıdan və Masallı rayonundan olan konsert briqadalarını, eləcə də tanınmış müğənniləri dəvət edirik. Turist gəzintilərimiz də olur. Müxtəlif növ idman yarışları da öz yerində".
Masallının istirahət mərkəzlərindən biri də Fatimeyi-Zəhra "İstisu" sanatoriyasıdır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda "İstisu" adı ilə şəfa ocaqları çoxdur. Onların əksəriyyəti termal su, bəziləri də yerdən isti çıxan palçıq vulkanları ərazilərində yerləşir. Dərin qatlardan xeyirli mineralları özü ilə yerin təkindən çıxarıb gətirən bu cür sular bir çox xəstəliklərin müalicəsində əvəzsizdir. Lənkəranda, Astarada, Salyanda, Qubanın Xaltan kəndindəki "İstisu" müalicə ocaqları xüsusən yel xəstəliyindən, hər cür ağrılardan, dəri xəstəliklərindən, sonsuzluqdan əziyyət çəkənlərin tez-tez üz tutduqları ünvanlardır. Torpaqlarımız düşmən tapdağı altından xilas edildikdən sonra onların sırasına Kəlbəcərin dünyaşöhrətli "İstisu"yu da qoşulub. Erməni vandallarının darmadağın etdikləri Kəlbəcər "İstisu Müalicə-İstirahət Kompleksi"ndə (sanatoriyasında) hazırda genişmiqyaslı tikinti-bərpa işləri gedir. 145 nömrəlik hotel binası, 10 kottec, inzibati binalar, restoran, boulinq və uşaq əyləncə mərkəzi olacaq mərkəz, çox güman ki, yaxın vaxtlarda istifadəyə veriləcək.
"İstisu" adı ilə tanınan müalicə ocaqlarından biri də qədim Lənkəran torpağındadır. Bir neçə il öncə o, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində əsaslı şəkildə yenidən qurulub. Açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdikləri sanatoriya şəfalı xüsusiyyətlərinə, gözəl mənzərələrinə, saf havasına görə turistləri və müalicəyə ehtiyacı olan hər kəsi özünə cəlb edir.
Ərazicə çox da böyük olmayan ölkəmizin müalicəvi məkanlarından biri də, qeyd etdiyimiz kimi, Masallı rayonundakı "İstisu" şəfa ocağıdır. Dilimizdə "ocaq" sözünün bir mənası da inanc, ümid yeri deməkdir. Masallı şəhərindən 12-13 kilometr məsafədə, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilində yerləşən bu şəfa qaynağının nə vaxt yerin təkindən özünə yol tapıb üzə çıxdığını doğru-dürüst heç kim bilmir. Qədimdən insanlar yay aylarında bura gələrək təbiətin yaratdığı gölməçələrdəki isti suya girmiş, ətrafdakı meşələrdə istirahət etmişlər. Bunun onların sağlamlığına yaxşı təsir etdiyini, müxtəlif ağrılarının çəkilib getdiyini görüb hər il yay aylarında bura üz tutmuşlar. Beləliklə, Masallı "İstisu"yunun adı zaman keçdikcə məşhurlaşmışdır.
Ərazidən çıxan isti suyun tərkibini keçən əsrin 60-cı illərində əslən Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı - Sarəng kəşf edib. O, aşkar edib ki, buradan çıxan isti suyun tərkibində hidrogensulfid, natriumxlor, kalsium, maqneziumkarbohidrat və hər litrə 30 milliqram yod var. Yerin təkindən çıxan suyun hərarəti 62-63 dərəcədir. Yeri gəlmişkən qeyd edək ki, Masallı "İstisu"yu hələ sovetlər zamanında ittifaq səviyyəsində tanınan termal su mənbələrindən olub. O vaxtlar ittifaqın 12 alimi "İstisu" şəfa ocağına gələrək əlavə tədqiqatlar aparıb və həmyerlimizin rəyini təsdiqləyiblər.
Zaman keçib, SSRİ süquta uğrayıb, Azərbaycan müstəqilliyini bərpa edib. Doğrudur, müstəqilliyin ilk illərində əvvəllər qurulmuş iqtisadi əlaqələrin qırılması bir çox çətinliklər yaratmışdı. Lakin Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər həmin çətinliklərin aradan qaldırılmasına təkan vermiş, nəticədə fəaliyyətsiz qalan istehsal müəssisələri və xidmət obyektləri özəlləşdirilərək yenidən qurulmuş, müasir texnologiyaların tətbiqi sayəsində inkişaf etməyə başlamışdır.
İş adamı Hacı İldırım Allahyarov tərəfindən özəlləşdirilən "İstisu" sanatoriyasında da keçmişdən, demək olar ki, heç bir əsər-əlamət qalmayıb. Əvvəllər primitiv olan vanna otaqları müasir tələblər səviyyəsində yenilənib, turistlərin qalmaları üçün standartlara cavab verən kotteclər, həkim otaqları, iaşə obyektləri, istirahət guşələri və s. tikilib, Viləş çayının sahilində salınan möhtəşəm istirahət parkında bütün yaşdan olan qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Çayın sağ sahilində isə çimərlik var. Sanatoriya rəhbərliyi Masallı-Yardımlı şose yolunun kənarındakı şəlaləni görmək, təbiət mənzərələrini seyr etmək, rayonun tarixi və görməli yerləri ilə tanış olmaq istəyənlər üçün turlar təşkil edir. Bir sözlə, burada müalicə olunmaq, istirahət etmək üçün hər cür şərait mövcuddur. Bu səbəbdəndir ki, hər ilin yaz-yay fəslində sanatoriyaya kütləvi axın olur.
Ağabala İsgəndərov Saatlı rayonunun Hacıqabul kəndindəndir. Deyir ki, uzun müddət rəhbər vəzifədə çalışıb. Hazırda təqaüdçüdür, 85 yaşı var, Saatlı Rayon Ağsaqqallar Şurasının sədr müavinidir, Əmək veteranıdır. "İstisu"ya 10 günlük müalicəyə gəlib. Buradakı xidmətdən razı qaldığını, hər gün həkim müayinəsindən keçdiyini, vanna, masaj aldığını və nəticədə diz qapaqlarındakı ağrıların xeyli azaldığını bildirir.
Surxay Abasov Ordubaddan gəlib. Dediyinə görə, çiynində möhkəm ağrılar varmış. Bir həftədən sonra həmin ağrılar çəkilib. "Sağlıq olsun, gələn il yenə bura gələcəyəm", - deyir. Sabirabad rayonundan "İstisu"ya gələn Aydın İmanov və başqaları da müalicəsinin xeyrindən, pasiyentlərə göstərilən nümunəvi xidmətdən danışdılar.
Masallı "İstisu" sanatoriyasına təkcə ölkəmizdən deyil, xarici ölkələrdən də hər il yüzlərlə turist gəlir. Onlar buradan sağlam və xoş təəssüratla ayrılır və yenidən gəlmək arzusunda olduqlarını bildirirlər. Sanatoriyanın rəy və təkliflər kitabını vərəqləyərkən də bunun şahidi olmaq mümkündür.
Seyran CAVADOV,
"Azərbaycan"