Bəzən aktyorları dünyanın ən bəxtəvər adamları hesab edirlər. Çünki onlar teatr tamaşalarında, filmlərdə yaratdıqları obrazları ilə şöhrət qazanır, sevilir və insanların yaddaşlarında qalırlar.
O da var ki, sənətdə əbədi qalmaq, obrazları ilə tamaşaçı sevgisi qazanmaq heç də hər aktyora nəsib olmur. Çünki bu, heç də çoxlarının düşündüyü kimi asan yol deyil. Ona yalnız istedadlı, bacarıqlı, daim öz üzərində çalışan, ürəyində tükənməyən güc, sonsuz ilham olan aktyorlar çata bilirlər - televiziya tamaşalarında və filmlərdə bir-birindən maraqlı, yaddaqalan obrazlar yaratmış, böyük tamaşaçı sevgisi qazanmış, yaddaşlarda dərin iz salmış görkəmli aktyor Məcnun Hacıbəyov kimi.
Məcnun Salam oğlu Hacıbəyov 5 oktyabr 1935-ci ildə Qubanın İkinci Nügədi kəndində dünyaya göz açıb. Orta təhsilini kəndlərindəki məktəbdə bitirəndən sonra Sumqayıtdakı zavodlardan birində işə düzəlib. Onu uğurlara aparacaq həyat yolunu burada tapıb.
Günlərin birində işdən çıxıb şəhərin küçələrindən keçəndə divardan asılmış afişa diqqətini cəlb edib. Afişadan öyrənir ki, Quba Dövlət Teatrının aktyorları Sumqayıtda tamaşa göstərəcəklər. Məcnunun hələ kiçik yaşlarından aktyorluq sənətinə böyük marağı olub. Afişanı oxuyandan sonra ürəyindəki, qəlbindəki bu maraq yenidən oyanıb. Göstəriləcək tamaşaya baxmaq üçün teatra gedib. Bu gediş onun həyatını tamamilə dəyişib.
Bir neçə gündən sonra Məcnun Hacıbəyov Quba Dövlət Teatrının direktorunun yanına gedir, özü haqqında ətraflı məlumat verir, aktyor olmaq arzusu ilə yaşadığını deyir. Direktor Məcnundan "Bayatı-Şiraz" muğamını oxumağı xahiş edir. Məcnun muğamı oxuyur. Direktorun onun səsindən də, davranışından, sənətkarlığından da xoşu gəlir. Sınaqdan uğurla keçən Məcnun Hacıbəyov Quba Dövlət Teatrına aktyor kimi işə qəbul edilir. Beləcə, gələcəyin aktyoru arzusuna çatır, teatrda maraqlı obrazlar yaradır. Qısa müddət ərzində oynadığı rolları, bacarığı və istedadı ilə diqqəti cəlb edir, tamaşaçı sevgisi qazanır.
Bəzən kiçik bir təsadüf insanların böyük məqsədlərinə çatması üçün geniş yol açır. Məcnun Hacıbəyovun da həyatında belə bir hadisə baş verir. Günlərin birində Milli Dram Teatrının rejissoru Tofiq Kazımov Quba teatrında tamaşa qurur. Tamaşa zamanı Məcnunun bacarığı, istedadı görkəmli rejissorun diqqətini cəlb edir. Bir müddətdən sonra Məcnun Hacıbəyov Tofiq Kazımovun məsləhəti ilə sənədlərini İncəsənət Universitetinə verir, illərdən bəri ürəyində gəzdirdiyi arzusuna çatır. Məcnun Hacıbəyov 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirir və Milli Dram Teatrında işə düzəlir. Sənət yollarında yüksəlməyə, tanınmağa və sevilməyə başlayır. Aktyor ömrünün 50 ilini səhnəyə həsr edir. Akademik Milli Dram Teatrında, Azərbaycan televiziyasında, "Azərbaycanfilm" kinostudiyasında bir-birindən maraqlı, irili-xırdalı, lakin yaddaqalan obrazlar yaradır. "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" və s. film və televiziya tamaşalarında ifa etdiyi rollar özünəməxsus ifadə vasitələri ilə tamaşaçıların rəğbətini qazanır. Oynadığı rollar zamanı dediyi sözlər xalq arasında aforizmə çevrilib.
Aktyor tamaşaçıların yaddaşında daha çox "Qatarda" televiziya tamaşasındakı Fatı və "Yarımştat" tamaşasındakı Murtuz kimi qalıb. "Qatarda" tamaşasında yaratdığı Fatı obrazı ona böyük tamaşaçı sevgisi qazandırıb. Məcnun Hacıbəyov yaratdığı bu obrazı ilə bir daha bacarıqlı, istedadlı olduğunu sübut edib. Bəlkə də həmin obrazı M.Hacıbəyov yox, başqası oynasaydı, bu cür uğurlu alınmazdı. Məcnun Hacıbəyov Milli Dram Teatrında sonuncu dəfə Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında səhnəyə çıxıb. Bununla görkəmli aktyorun səhnə ömrü başa çatıb.
Məcnun Hacıbəyovun əməyi yüksək qiymətləndirilib. Teatr və kino sahəsində göstərdiyi xidmətlərə görə 1989-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Görkəmli sənətkar 16 noyabr 2021-ci ildə 86 yaşında koronavirusdan dünyasını dəyişib.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"