Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı ilə “Zirvələrdən çiçəklənməyə: Türk dövlətlərində dağ və xizək kurortlarının birgə inkişafı və qlobal turizmə inteqrasiyası” mövzusunda sammit təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Özbəkistanın Amirsoy Dağ Kurortunda keçirilən sammitdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyənin dağ və xizək kurortlarının rəhbər şəxsləri və nümayəndələri, dövlət rəsmiləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində İttifaqın son iki ildə həyata keçirdiyi layihələr, görüşlər və toplantılar, eləcə də yay və qış mövsümlərində təşkil edilən idman tədbirləri barədə videotəqdimat nümayiş olunub.
Tədbirdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov son iki il ərzində İttifaqın qısa müddətdə üzv kurortlar arasında əməkdaşlığı gücləndirən, ortaq layihələrin həyata keçirilməsini təşviq edən, Türk dünyasının qış və dağ turizmi potensialının beynəlxalq səviyyədə vahid turizm istiqaməti kimi tanıdılmasına töhfə verən mühüm əməkdaşlıq platformasına çevrildiyini bildirib.
O, ittifaqın fəaliyyətinin genişlənməsi, Türk dünyasında nüfuzunun artması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və üzv kurortların sayının 4-dən 9-a çatdırılmasının təşkilatın davamlı inkişafının, regionun aparıcı dağ turizmi platformalarından birinə çevrilməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
Amirsoy Dağ Kurortunun baş meneceri Rüstəmjon Raimcanov Türk dövlətlərinin təcrübəsinin, turizm potensialının və zəngin mədəni irsinin bir araya gətirilməsinin qış və dağ turizmi sahəsində vahid, güclü və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli brendin formalaşmasına mühüm zəmin yaradacağını bilirib.
O deyib ki, üzv kurortlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və ortaq təşəbbüslərin inkişafı Türk dünyasının dağ turizmi imkanlarının beynəlxalq aləmdə daha geniş tanıdılmasına, həmçinin regionun qlobal turizm bazarındakı mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verəcək.
Sammit çərçivəsində ittifaq üzvləri arasında əməkdaşlığın genişləndirlməsi və birgə layihələrin hazılanması, birlik ölkələrində yay mövsümü ərzində dağ turizminin inkişafı, kurortlarda standartlara cavab verən infrastrukturun yaradılması, o cümlədən dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi, iqlim dəyişiklikləri və global konfliktlərin turizmə təsiri və bu cür hallara qarşı önləyici tədbirlərin görülməsi, kurortların fəaliyyətində süni intelektin imkanlarında istifadəsi, peşəkar kadırların hazırlanması mövzularına həsr olunan panel müzakirələr və müxtəlif təqdimatlar keçirilib.
Tədbirdə birliyin nizamnaməsinə uyğun olaraq, İttifaqa sədirlik Azərbaycandan Qazaxıstana təhvil verilib, həmçinin yeni üzv seçilən kurortlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə 2024-cü ilin sentyabr ayında yaradılıb. İttifaqa Azərbaycanın, Özbəkistanın, Qazaxıstanın və Türkiyənin 9 dağ kurortu daxildir. Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının növbəti sammiti Türkiyənin Kayseri şəhərindəki Erciyes Dağ Kurortunda təşkil olunacaq.