Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu münasibətləri yalnız ikitərəfli əlaqələr kontekstində qiymətləndirmək düzgün olmazdı. Səfərin nəticələri Azərbaycanın Mərkəzi Asiyada mövqelərinin möhkəmləndirilməsi, iqtisadi maraqlarının genişləndirilməsi, Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi və regional təhlükəsizlik məsələlərində daha fəal aktora çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov səsləndirib.
O bildirib ki, ilk növbədə, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi dövlət maraqları baxımından mühüm siyasi nəticədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri yalnız siyasi yaxınlıq deyil, eyni zamanda, böyük məsuliyyət tələb edir. Tərəflərin beynəlxalq platformalarda, iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı dəstəyi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olan etibarlı tərəfdaşlıqlar şəbəkəsinin genişləndirilməsinə xidmət edir. Azərbaycan üçün Qırğızıstanla münasibətlərin möhkəmləndirilməsi Mərkəzi Asiyada artan siyasi və iqtisadi imkanlardan daha fəal istifadə baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv olması ölkənin regionla münasibətlərində yeni siyasi imkanlar yaradır. Bu, Azərbaycanın yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Mərkəzi Asiya ilə sıx siyasi, iqtisadi və humanitar əlaqələri olan regional dövlət kimi rolunu gücləndirir.
Deputat qeyd edib ki, səfər çərçivəsində Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə fondunun 200 milyon ABŞ dollarına qədər artırılması iqtisadi baxımdan diqqətçəkən qərarlardan biridir. Fondun fəaliyyətinin genişləndirilməsi Azərbaycan kapitalının Qırğızıstan iqtisadiyyatında daha fəal iştirakına imkan yaradır. Birgə istehsal müəssisələrinin və yeni iş yerlərinin yaradılması iki ölkə arasında iqtisadi əlaqələri ticari münasibətlərdən qarşılıqlı investisiya və istehsal əməkdaşlığı mərhələsinə keçirir. Bu proses Azərbaycan üçün həm də iqtisadi şaxələndirmə baxımından əhəmiyyətlidir. Xarici bazarlarda investisiya imkanlarının genişləndirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafına, milli şirkətlərin regional bazarlara çıxışının artmasına və ölkənin iqtisadi təsir imkanlarının genişlənməsinə şərait yarada bilər.
V.Qafarov vurğulayıb ki, Qırğızıstanla münasibətlərin inkişafı Azərbaycanın Mərkəzi Asiyaya dair uzunmüddətli strategiyasının mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Azərbaycan artıq yalnız regionlararası nəqliyyat və enerji layihələrinin iştirakçısı deyil, həm də siyasi, iqtisadi və humanitar əlaqələri vasitəsilə Mərkəzi Asiyanın regional əməkdaşlıq sisteminə daha dərindən inteqrasiya olunan dövlətdir. Əsas məsələ əldə edilmiş razılaşmaların real layihələrə çevrilməsi və davamlı nəticələr yaratmasıdır.
“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin artan əhəmiyyətini nümayiş etdirən mühüm hadisədir. Səfərin nəticəsi olaraq yaranan yeni imkanlar Azərbaycanın regionda nüfuzunun artması, iqtisadi maraqlarının qorunması və genişləndirilməsi, Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.