Azərbaycanın dövlət idarəçiliyində tətbiq etdiyi "ASAN xidmət" modeli həm daxili ictimai xidmətlərin keyfiyyətini yüksəldən innovativ təşəbbüs, həm də strateji xarici siyasət aləti və yumşaq güc elementidir. Bu model dövlətin nüfuzunu, beynəlxalq təsir şəbəkəsini və qlobal əməkdaşlıq imkanlarını gücləndirən bir niş diplomatiya alətinə çevrilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankara Sosial Elmlər Universitetinin Regional Tədqiqatlar İnstitutunun şöbə müdiri Mürsəl Bayram söyləyib.
O bildirib ki, "ASAN xidmət"in beynəlxalq arenada qəbul olunması uzunmüddətli prosesin nəticəsidir. Azərbaycan modeli 30 ölkə və beynəlxalq təşkilatla paylaşılır, bir çox dövlət bu təcrübəni öz ictimai xidmət sistemlərində tətbiq etmək məqsədilə sazişlər imzalayır. Bu çərçivədə İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstan kimi ölkələrdə ASAN əsasında mərkəzlər yaradılıb, indi isə Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb. Bu genişlənmə klassik diplomatik münasibətlərdən kənara çıxaraq, praktik islahat təcrübələrinin ixracı üzərindən həyata keçirilən bir diplomatiya formasıdır.
"Məlum olduğu kimi, vətəndaşlara “vahid pəncərə” prinsipi əsasında dövlət xidmətləri təqdim edən "ASAN xidmət" şəffaflığı, xidmət keyfiyyətini və vətəndaş məmnunluğunu artıran bir dövlət idarəçiliyi paradiqması kimi ön plana çıxır. Birləşmiş Millətlər Təşkilatının ekspert qiymətləndirmələrində də modelin ictimai xidmətlərin idarə olunmasında innovativ nümunə kimi beynəlxalq səviyyədə tanındığı vurğulanıb. Bu baxımdan "ASAN" Azərbaycan dövlət modelinin brendləşmiş forması kimi qəbul edilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu modeli Azərbaycanın intellektual məhsulu kimi xarakterizə edib ki, bu yanaşma "ASAN xidmət"in xarici siyasət aləti kimi istifadəsinin ideya əsasını əks etdirir.
Bu çərçivədə "ASAN xidmət"in yumşaq güc funksiyası üç istiqamətdə təzahür edir. Birincisi, "ASAN "xidmət"in uğuru beynəlxalq miqyasda tanındıqca və müxtəlif mükafatlarla təsdiqləndikcə Azərbaycanın “innovativ, vətəndaşyönlü dövlət” imici möhkəmlənir. İkincisi, "ASAN" modeli dövlətlərarası texniki əməkdaşlıq, təlim və potensialın artırılması layihələri üçün zəmin yaradır. Üçüncüsü, Pakistan kimi müsəlman əhalisi çoxluq təşkil edən ölkələrdə modelin paylaşılması həmin ölkələrlə ortaq siyasi-mədəni dəyərlərin və idarəçilik anlayışının güclənməsinə töhfə verir",- deyə M.Bayram vurğulayıb.
Xüsusilə Afrika qitəsində “ASAN xidmət” konsepsiyasına böyük maraq göstərildiyini deyən ekspert əlavə edib ki, modelin ixracı Azərbaycan–Afrika münasibətləri baxımından tərəfdaşlıq və təcrübə paylaşımı əsasında qurulan yeni nəsil əməkdaşlıq formatı kimi qiymətləndirilə bilər. Bu model Azərbaycanın Afrikada funksional və texnokratik aktor kimi mövqeyini gücləndirir.
Mürsəl Bayram qeyd edib ki, "ASAN xidmət" klassik yumşaq güc anlayışını aşaraq, dövlət idarəçiliyi sahəsində Azərbaycanın özünəməxsus niş sahə formalaşdırmasına imkan yaradır. Niş diplomatiya anlayışı dövlətlərin müəyyən sahədə (məsələn, ictimai səhiyyə, dövlət idarəçiliyi, təhsil və s.) malik olduqları ixtisaslaşmanı xarici siyasət alətlərinə çevirməsini ifadə edir. Bu diplomatiya Azərbaycan üçün məhz "ASAN xidmət" vasitəsilə konkret məzmun qazanır. Modelin tətbiqi ilə bağlı imzalanan ikitərəfli sazişlər münasibətlərin dərinləşməsinə xidmət edir. Məsələn, Pakistanla imzalanmış protokol yalnız texniki standartların ötürülməsi deyil, eyni zamanda, qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılmış addımdır. "ASAN" modeli inkişaf etməkdə olan ölkələr üçün ictimai xidmətlərin təşkili sahəsində bir simvola çevrilməkdədir ki, bu da Azərbaycana yeni xarici siyasət imkanları açır. BMT ilə bağlanmış töhfə sazişi isə modelin çoxtərəfli diplomatiya müstəvisinə inteqrasiya olunduğunu göstərir.
"ASAN xidmət" modelinin ixracı Azərbaycanın xarici siyasət alətləri toplusunu zənginləşdirən mühüm yumşaq güc təşəbbüsüdür. Bu model Azərbaycana həm niş diplomatiya, həm də “ölkə brendləşməsi” sahələrində əlavə üstünlüklər qazandırır. "ASAN xidmət"in uğuru qlobal dövlət idarəçiliyi islahatları prosesində Azərbaycanı təsirli aktora çevirə bilər",- deyə Mürsəl Bayram əlavə edib.