Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə geniş əks-səda doğurub. Siyasətçilər və ekspertlər müsahibədə ifadə olunan fikirləri təhlil edir və müəyyən proqnozlar verirlər.
Ölkədaxili aktual məsələlər, region üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi problemlər və qlobal miqyasda gedən siyasi proseslərin xüsusiyyətləri ilə bağlı geniş və dərin fikirlər irəli sürən dövlət başçısının konseptual yanaşması böyük maraq doğurur. Dünya mediası Azərbaycan Prezidentinin irəli sürdüyü tezisləri geniş təhlil edir.
Analitiklər bu fikirlər əsasında bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsini yaratmağa çalışırlar. Yəni Azərbaycan liderinin fikirləri regional və qlobal geosiyasi mənzərənin formalaşdırılmasında ciddi nəzəri-konseptual əhəmiyyət daşıyır.
Yeni geosiyasi kontekst
Hazırda dünyada müşahidə edilən siyasi və geosiyasi proseslərin Azərbaycanın regional lider kimi xarici siyasəti kontekstində qiymətləndirilməsi həm konseptual, həm də praktiki yenilikdir. Azərbaycan Prezidenti, faktiki olaraq, müstəqil Azərbaycanın xarici siyasətinin regional miqyası aşaraq qlobal səviyyədə əhəmiyyət kəsb etməyə başladığını sübut etmiş olur. Vurğulanan mövqedən Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi aşağıdakı fikirlərə nəzər salaq: "...Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. Torpaqlarımız işğal edildikdən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr 27 il ərzində kağız üzərində qaldı və əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. Bizim müharibəmiz ədalətli müharibə idi və biz öz ərazimizdə vuruşurduq. Biz heç bir başqa ölkəni işğal etməmişik, heç bir ölkəyə hücum etməmişik. Hərbi əməliyyatları BMT Nizamnaməsinin 51-ci maddəsinə, xüsusilə özünümüdafiə hüququna əsaslanaraq həyata keçirmişik".
Burada ölkə rəhbəri Azərbaycanın xarici siyasətinin mahiyyətini açıb. Birincisi, beynəlxalq hüququn norma və prinsipləri işləmir. İkincisi, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr bir sıra hallarda həyata keçirilmir. Üçüncüsü, konkret olaraq, Azərbaycan bu cür yanaşmanın ilk qurbanlarından biri olub. Dördüncüsü, bütün bunlara görə Azərbaycan öz torpaqlarını azad etmək, yəni beynəlxalq hüquq normalarını təmin etmək üçün müharibə etməyə məcbur oldu. Beşincisi, Azərbaycanın apardığı müharibə ədalətlidir və ölkəmiz heç kimin ərazisini işğal etməyib.
Deməli, Azərbaycan xarici siyasətin çağırışlarına ədalətli, hüquqi və konstruktiv cavab verib. Onun konkret təzahürü Vətən müharibəsində qələbənin regionda sülhün və əməkdaşlığın bərqərar olmasına istiqamətləndirilməsi ilə bağlıdır.
Prezident İlham Əliyev müsahibədə vurğulayır: "Beynəlxalq hüquq pozulanda güclü olan haqlıdır. Bu, bizim seçimimiz deyil. Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb. Lakin dünya dəyişib. Biz kağız - BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm".
Buradan belə nəticə çıxır ki, Azərbaycanın xarici siyasətin çağırışlarına reaksiyası kompleks xarakterlidir. Azərbaycan dövləti həm ərazi bütövlüyünü beynəlxalq hüquq normaları çərçivəsində bərpa edib, həm də paralel olaraq, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu güclü dövlət konseptini XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirməkdədir.
Azərbaycan Prezidenti müsahibədə irəli sürdüyü tezislərin hər birini məhz güclü dövlətin fəaliyyəti kontekstində təqdim edir. Belə ki, müsahibədə dövlət başçısı güclü Azərbaycanın daxili və xarici siyasətinin mühüm tərəflərini xarakterizə edib və onları dünya siyasətinin başlıca meyilləri fonunda qiymətləndirib. Bununla yanaşı, Azərbaycan lideri çox əhəmiyyətli proqnostik tezislər irəli sürüb. Onların sırasında suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyi xüsusi yer tutur.
Suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsi
Azərbaycan Prezidentinin müsahibədə səsləndirdiyi bir neçə mühüm fikrə müraciət edək. Çünki onların hər biri müxtəlif aspektlərdə suverenlik və təhlükəsizliyin təmin olunması ilə birbaşa bağlıdır.
Ölkə rəhbəri müsahibədə vurğulayıb: "İkinci Qarabağ müharibəsindən beş il keçdiyini nəzərə alsaq, aydın şəkildə görürük ki, bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edib. Beləliklə, biz yerindəcə reallıq yaratdıq. Mən bunu artıq bir neçə dəfə xatırlatmışam - ovaxtkı ATƏT-in Minsk qrupu ilə çoxsaylı görüşlərim zamanı onlar Azərbaycana reallıqları qəbul etməyi tövsiyə edirdilər. Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq və beynəlxalq hüququn pozulması ilə bağlı bütün arqumentlərim isə yenə də qəti səssizlik ilə qarşılanırdı".
Sitatda Azərbaycan rəhbərinin suverenliyin və təhlükəsizliyin təmini kontekstində gərgin fəaliyyətinin bir istiqaməti qeyd olunub. Müharibədən öncə hansı inadkarlıqla Azərbaycanın təbii haqq və hüquqlarını tanımaq istəmirdilərsə, Vətən müharibəsindəki qələbədən sonra da eyni inadkarlıqla addımlar atmağa cəhd göstərmişlər. Təsəvvür edək: müharibədən əvvəl özlərinin "reallıq" adlandırdıqları işğalı Azərbaycana qəbul etdirmək istəyirdilər. Bunun fonunda isə Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq və beynəlxalq hüququn pozulması ilə bağlı bütün arqumentləri "qəti səssizlik ilə qarşılanırdı"
Bütün bu haqsızlıqlara Azərbaycan lideri layiqli cavab verib. Müsahibədə Prezident İlham Əliyev həmin kontekstdə vurğulayıb: "Mən də dedim: yaxşı, onda biz bu reallıqları dəyişəcəyik. Biz bunu etdik və bu gün bütün dünya bunu tanıyır. Qondarma "Dağlıq Qarabağ Respublikası" heç kim tərəfindən tanınmamışdı, bu, qeyri-qanuni bir qurum idi. Lakin bizim qələbəmiz və azad edilmiş ərazilər üzərində suverenliyimiz bütün dünya, eləcə də Ermənistan tərəfindən tanınır".
Bu iqtibasda bütün dünyaya ibrət ola biləcək və müstəqil dövlətlərin nümunə kimi öyrənməli olduğu bir həqiqət aydın ifadə edilib: Azərbaycan azad edilmiş ərazilər üzərində öz suverenliyini tam təmin edib və bu reallığın bütün dünya tərəfindən qəbul edilməsi qaçılmazdır!
Mürəkkəbləşən qlobal geosiyasət
Təəssüf ki, dünyanın böyük dövlətlərinin yaranmış mürəkkəb və ziddiyyətli geosiyasi mənzərəni sadələşdirmək niyyətində olmadıqları aydın görünür. Bunu indi əksər siyasi liderlər açıq etiraf edirlər. Həmin cəhət xüsusilə Venesuela, Qrenlandiya, İran və başqa hadisələr fonunda daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Lakin illər öncə ilk olaraq Ulu Öndər Heydər Əliyev, daha sonra isə Prezident İlham Əliyevin vurğuladıqları beynəlxalq hüququn pozulması və ədalətsizliyin baş alıb getməsi halları o zamanlar susanların öz başlarına gəlir. Bununla belə, Azərbaycan Prezidenti yenə də bütün dünya üçün faydalı olan mövqeyindədir və kimsənin haqqına girmir. Bu kontekstdə Prezident İlham Əliyev müsahibəsində əhəmiyyətli fikirlər səsləndirib.
Ölkə rəhbəri müsahibədə xüsusi vurğulayıb: "Amma bir daha deyirəm, bir neçə il əvvəl bəzi düşməncəsinə hərəkətləri yarım-beynəlxalq hüquq düsturları ilə ört-basdır etməyə cəhdlər olurdusa, indi belə deyil. İndi isə heç kəs kim nə deyir, hansı təşkilat hansı qətnaməni qəbul edir kimi məsələlərə əhəmiyyət vermir. Dünyada baş verən hadisələr - müharibələr, münaqişələr göz önündədir. Bəs guya demokratik Avropada nə deyirlər? "Biz narahatıq, vəziyyəti izləyirik, mövqeyimizi nəzərdən keçiririk".
Başqa sözlə, bu məsələ bütün dünya üçün aktual olaraq qalır. Ona görə də belə neqativ hallara qarşı mübarizə kollektiv formada aparılmalıdır və hər bir müstəqil dövlət buna fayda verməlidir. Azərbaycanın dövlət başçısı bunu bir nümunə üzərində çox böyük ustalıqla izah edib. Prezident İlham Əliyev müsahibədə vurğulayır ki: "... beynəlxalq arenadakı əsas oyunçular, - ən azı zahirən, - beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi.
Amma hər hansı ərazi iddiası üçün "öz müqəddəratını təyinetmə" bəhanəsi Azərbaycana çox yaxşı tanışdır. Biz haqlı olduğumuzu dünyaya izah etməyə çalışarkən, "öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə qarşı qoyula bilməz və təcavüzkar separatizm qınanmalıdır" deyərkən, yenə qəti səssizlik, laqeydlik və bəlkə də bir qədər də təkəbbürlə üzləşirdik, ta ki biz torpaqlarda vuruşub düşməni məğlub edənə qədər. Ondan sonra vəziyyət dəyişdi.
Buradan iki istiqamətdə mühüm qənaətə gəlmək olar. Birincisi, Azərbaycan rəhbərliyi keçən əsrin son onilliyi və XXI əsrin ilk onillikləri müddətində bir sıra böyük dövlətlərin ölkəmizə qarşı tutduğu mövqeni unutmur və onu indiki fəaliyyətində də nəzərə alır.
İkincisi, Azərbaycanın hazırda ən mürəkkəb siyasi-diplomatik manipulyasiyalara, terminoloji spekulyasiyalara qarşı dayanıqlı mübarizə təcrübəsi formalaşıb. Prezident İlham Əliyev bu təcrübəni yaradıcı şəkildə zənginləşdirir və böyük uğurlara imza atır. Bunun təsdiqi əldə edilən siyasi-diplomatik nailiyyətlər və artıq müəyyən edilmiş strateji fəaliyyət kursudur.
ABŞ-Azərbaycan münasibətləri: Vaşinqton razılaşmasından sonra
Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlərə daha çox önəm verməsi strateji müdriklik və milli maraqlara uyğun siyasətin təzahürüdür. Hazırkı reallıqlar göstərir ki, Amerika qlobal dünya nizamını yenidən formatlaşdıran əsas dövlətdir. Onun Azərbaycanın müstəqil dövlət kimi hüququnu tam qəbul etməsi şərti ilə strateji tərəfdaş olması, əlbəttə, uğurdur. Prezident İlham Əliyev Vaşinqtonda məhz buna nail oldu. Ermənistanla sülh sazişinin paraflanması ilə yanaşı, ABŞ ilə strateji tərəfdaşlığa qədər yüksələ bilən əlaqələrin qurulması istiqamətində işlərin başlaması, sözün əsl mənasında, tarixi hadisədir.
Bu kontekstdə Azərbaycan liderinin aşağıdakı fikirləri tamamilə yerindədir. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb: "...Sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında birnömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi".
Deməli, iki dövlət arasındakı münasibətlərin müasir tarixçəsi heç də sadə mənzərə yaratmır. Arada olan ziddiyyətləri qaldırmağın fəlsəfəsi hər şeyi həll edəcəkdi. Məhz bu baxımından Azərbaycan Prezidentinin fəaliyyəti dövlətçiliyin inkişafı baxımından dahiyanədir. Prezident müsahibəsində ayrıca qeyd edib: "...bu gün çox fəal diplomatik hərəkət var. Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur. Yəni ümidlərimiz böyükdür, nəticələr də kifayət qədər təsirlidir. Ona görə bu nöqteyi-nəzərdən 2025-ci ili təbii ki, çox uğurlu və tarixi il saymaq olar".
Eyni yaradıcı və tam müstəqil dövlətçi ruh 2025-ci ildə xarici siyasətin digər istiqamətlərində də özünü göstərib. Bu baxımdan Çin xüsusi yer tutur.
Çin strateji tərəfdaş kimi
ABŞ ilə münasibətləri dərin təhlil etdikdən sonra ölkə rəhbəri Çin faktorunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev jurnalistin verdiyi suala cavab olaraq ifadə edib: "Mən hesab edirdim ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər".
Siyasi və geosiyasi baxımdan Azərbaycanın ciddi uğuru ondan ibarətdir ki, ölkəmiz hazırda böyük rəqabət aparan və dünyanın iki ən güclü dövləti hesab edilən ABŞ ilə Çin istiqamətlərini milli maraqlara uyğun şəkildə balanslaşdıra bilir! Dövlət başçısı məharətli siyasi-diplomatik fəaliyyəti ilə hər iki istiqamətdə strateji tərəfdaşlığa praktiki məzmun verir. Bu, əlbəttə, müstəqil Azərbaycanın çox əhəmiyyətli nailiyyətlərindən biridir. Onun əhəmiyyəti Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə strateji müttəfiq olmasından heç də az deyil. Deməli, söhbət Azərbaycan Prezidentinin dərin strateji zəkasından və həyata keçirdiyi kursun müasir tələblərə cavab verməsindən gedir.
Bu tezisin fonunda D-8 təşkilatı ilə əlaqələr də diqqət çəkir. Prezident müsahibəsində bu məqamın üzərində xüsusi dayanıb.
Azərbaycan: D-8-in yeganə yeni üzvü
Bu təşkilata üzvlüklə bağlı Azərbaycan Prezidenti müsahibəsində aşağıdakıları deyib: "...biz D-8 təşkilatına üzv olduq. Mən bunu da çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Ona görə bu günə qədər adı da D-8-dir. Yeganə yeni üzv Azərbaycan olmuşdur. Nəzərə alsaq ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və bizi seçmək, əgər belə demək mümkündürsə, əlbəttə ki, böyük uğur sayıla bilər".
Qeyd edək ki, D-8-in ciddi perspektivləri mövcuddur. Dövlət başçısı onun əhalisinin 1 milyarddan çox olmasını, ümumi iqtisadiyyatının həcminin 4 trilyon ABŞ dollarını aşmasını xüsusi qeyd edib. Bu göstərici Azərbaycanın çox mühüm siyasi addım atdığını sübut edir.
Bundan başqa, dövlət başçısı Azərbaycanın bu təşkilatda fəal iştirak edəcəyini söyləyib. Prezident İlham Əliyev deyib: "Bizim təşəbbüsümüzlə Azərbaycanda təşkilatın bir neçə mərkəzi yaradılmışdır - media, iqlim, ekologiya, energetika, nəqliyyat və biz də təbii ki, bu təşkilatda fəal üzv kimi iştirak edəcəyik".
Mərkəzi Asiya uğuru
Azərbaycan Mərkəzi Asiya regionuna coğrafi baxımdan aid olmayan yeganə dövlətdir ki, siyasi və geosiyasi mənada Mərkəzi Asiyada əməkdaşlığı C5 formatından C6 formatına çevirib. Həmin regionun 5 dövlətindən 4-nün türkdilli olmasına baxmayaraq, son illərə qədər qarşılıqlı əlaqələrdə müəyyən məhdudiyyətlər mövcud idi. Lakin məhz Prezident İlham Əliyevin siyasi-diplomatik fəallığı və liderlik məharəti sayəsində vəziyyət tamamilə dəyişdi. Bu kontekstdə Azərbaycan Prezidentinin müsahibədə səsləndirdiyi aşağıdakı fikirlər reallığı dəqiq əks etdirir. Dövlət başçısı vurğulayıb: "Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik".
Bununla da Azərbaycan Prezidenti geosiyasi aspektdə mühüm nailiyyət əldə edib - birincisi, Azərbaycan dövlət olaraq Xəzəryanı regionda birləşdirici funksiyada aparıcı qüvvəyə çevrilib, ikincisi, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Orta dəhlizin işlək olması üçün uyğun nəqliyyat-logistika və təhlükəsizlik mühiti yaradıb. Bu yeni vəziyyət sinxron olaraq Zəngəzur dəhlizinin dünya siyasətindəki statusunu daha da yüksəldib.
TDT: əməkdaşlıq və təhlükəsizliyin yeni mərhələsi
2024-cü ildə andiçmə mərasimində Prezident İlham Əliyev xüsusi vurğulamışdı ki, Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirmək Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısı həmin mövqeyini getdikcə inkişaf etdirir və konkret təşəbbüslər irəli sürür. Onlar bütöv halda Azərbaycanın TDT-ni inkişaf etdirmək istiqamətində əməkdaşlıq və təhlükəsizlik platformasını yeni səviyyəyə yüksəltdiyinin ifadəsidir. Müsahibədə bu tezisi təsdiq edən fikirlər kifayət qədərdir. Ölkə rəhbəri deyib: "Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır".
Fikirlərinə davam edərək ölkə rəhbəri ifadə edib: "Qəbələdəki Zirvə görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda praktik nöqteyi-nəzərdən buna ehtiyac var".
Beləliklə, Azərbaycan Prezidenti TDT istiqamətində fəal siyasət həyata keçirir və ciddi uğurlar əldə edib.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə məzmun və məqsəd baxımından mükəmməl, sistemli siyasi kursun növbəti təqdimatlarından biridir. Azərbaycan lideri yığcam və dəqiq ifadələrlə 2025-ci ildə həyata keçirilən işləri vurğulamaqla yanaşı, strateji əhəmiyyət kəsb edən istiqamətləri də diqqətə çatdırıb. Bununla Azərbaycan Prezidenti 2026-cı ildə xarici siyasətin başlıca aspektlərini aydınlaşdırmaqla yanaşı, onların təhlilinin aktuallığını da gündəmə gətirib.
Azərbaycan rəhbəri, həmçinin dövləti əhəmiyyəti olan aktual məsələləri və qarşıda duran vəzifələri cəmiyyətlə bölüşmək kimi demokratik ənənəni formalaşdırır. Yerli media nümayəndələrinə verdiyi müsahibələrdə, bir qayda olaraq, Azərbaycan, region və dünya üçün aktual olan məsələləri yüksək konseptual səviyyədə təhlil etməklə kifayətlənmir, həm də dərin proqnozlar irəli sürür. Bununla xalq-iqtidar birliyinin yeni səviyyəyə yüksəlməsi ilə yanaşı, dünya miqyasında Azərbaycanın müstəqil dövlət kimi nüfuzu da dinamik şəkildə artır.
Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətər üzrə ekspert