Qazaxıstan və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Nasiha Kenjina AZƏRTAC-a müsahibəsində iki qardaş xalq arasında mədəni əlaqələr, dostluğun möhkəmlənməsində ədəbiyyatın rolu barədə mülahizələrini bölüşür, həmçinin Azərbaycana, Qarabağa və Xocalı faciəsinə həsr etdiyi kitablarından bəhs edir.
- Bakıya ilk səfərinizdə ən güclü təəssüratınız nə oldu? Bu şəhər, onun tarixi və insanları dünyagörüşünüzə və yaradıcılığınıza necə təsir etdi?
- Mən ilk dəfə 2017-ci ildə Bakıya səfər etdim. Bu, heyrətamiz bir şəhərdir və mən dərhal ona aşiq oldum. Yerli sakinlərlə çox vaxt keçirdim və onlar mənim Qazaxıstandan, Almatıdan olduğumu bilən kimi, ölkəmizə qarşı səmimi bir nostalji hissini ifadə etdilər. Bunlar sovet dövründə yaşamış, ortaq xatirələri və taleləri olan insanlar idi.
Şəhərin gözəlliyi, memarlığı və tarixi məkanları məni heyran etdi. Dahi Heydər Əliyevin və Azərbaycanın digər görkəmli şəxsiyyətlərinin dəfn olunduğu Fəxri xiyaban, həmçinin Şəhidlər xiyabanı məni dərin təsirləndirdi.
Şəkərburanın dadına ilk dəfə baxdım və hətta ev üçün 25 ədəd aldım.
Ən əsası, Azərbaycan xalqını daha dərindən tanıdım, qonaqpərvər, vətənpərvər, ünsiyyətcil və hörmətcil insanlarla tanış oldum. Qeyd edim ki, sovet dövründə doğulub böyümüşəm və mənim üçün qardaş ölkədə Bakı sakinləri ilə ünsiyyət qurmaq çox asan oldu. Aramızda bir tanışlıq və yaxınlıq hissi var idi.
Bakıda olduğum bir neçə gün ərzində Qarabağ, onun ətrafında baş verən münaqişə və Xocalı soyqırımı haqqında bir çox hekayə öyrəndim. Əlbəttə ki, maraqlanmağa, oxumağa və internetdə axtarmağa başladım, amma ən canlı qarşılıqlı əlaqələr şəhər sakinləri ilə oldu. Onlar mənə Qarabağ haqqında çox acı-ağrı ilə danışırdılar. Bu insanlar torpaqlarına qayıdacaqlarına, sülhün bərqərar olacağına inanırdılar. Mən onların üzlərində inamsızlıq, ümidsizlik və ən əsası, bədbinlik hiss etmədim - sadəcə inanırdılar və gözləyirdilər.
Artıq Bakıdakı oteldə kitabım formalaşmağa başladı. O, daha çox xatirələrə, bir növ Qazaxıstandan səyahətnaməyə bənzəyirdi. Almatıya gedənə qədər də hər gün və gecə yazırdım.
Beləliklə, Azərbaycanın müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr etdiyim “Bakı Qazaxıstan qadınının gözü ilə” kitabım ərsəyə gəldi. Hətta şeir də yazırdım.
- Xocalı faciəsinə həsr olunmuş əsərlərinizdə müasir tarixin ən ağrılı səhifələrindən
birinə toxunursunuz. Bu faciəni təsvir etmək və xalqın acı-ağrısını poeziyaya çevirmək nə dərəcədə çətin idi?
- Təkrar edirəm. Soyqırımı haqqında Bakı sakinlərinin hekayələrindən öyrəndim və sonra mənbələrə əsaslanaraq tarixin konkret tədqiqatına başladım. Bu kitabı göz yaşları ilə yazırdım, sözün əsl mənasında ürəyim ağrıyırdı. Hətta nasistlər belə bu vəhşilikləri törətməyib. Bu, əsl soyqırımıdır. Sonra Bakıda danışdığım insanların gözlərini xatırlayırdım. Onlarda dərin kədər var idi. Xocalı mövzusu ürəyimdə əbədi olaraq yerləşmiş kimi görünürdü.
Rusiyanın Kemerovo şəhərində müxtəlif yaşlarda onlarla uşağın öldüyü və ya diri-diri yandığı dəhşətli yanğını xatırlayırsınızmı? Həmin yanğın mənə müharibələrin, soyqırımının və yanğınların qurbanları olan uşaqlar haqqında kitab-albom yazmaq və tərtib etmək ideyasını verdi. Kitab iyunun 1-də qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün nəşr olunub. Burada Xocalı soyqırımı, həlak olan uşaqlar, işğalçıların vəhşilikləri və çəkdikləri əzablar haqqında yazdım.
Adətən, əvvəlcə əlyazmanı yazıram, sonra onu kompüterə köçürürəm. Hər vərəq göz yaşlarımla islanırdı - bir ananın, bir nənənin, bətnində uşaq daşıyan və onu böyüdən bir qadının göz yaşları. Bunu yazmaq çox çətindir.
Mən “Xocalıya Ədalət!” kampaniyasında iştirak etdim, Bakıda televiziya proqramında da fikirlərimi bildirdim. Azərbaycan mediası üçün yazdım və Almatıda tədbirlər keçirdim. Xüsusən də qazaxlara Xocalı həqiqətlərini çatdırmaq, onlara soyqırımının nə olduğunu göstərmək, Azərbaycan xalqının faciəsindən danışmaq üçün. Onlara sübut edirdim ki, Azərbaycanlılar müsəlmandır, xristian deyil. Tarixdən heç nə bilməyən, Qarabağın və ya müharibənin nə olduğunu anlamayan insanlar var idi. Bu, ürəyimi daha da coşdurdu!
Allaha şükürlər olsun ki, nəhayət ki, indi onlar qardaş xalqlar olduğumuzu başa düşürlər. Xocalı həqiqətlərini hər kəsə çatdırdığım üçün məmnun oldum. Azərbaycanlılar kimi, mən də bu dəhşətli cinayəti - Xocalı soyqırımını unutmamışam.
Çox isti münasibətlərim olan mərhum Qənirə Paşayevanın kitablarını paylamağa kömək etdim. İnanıram ki, həqiqət xalqa poeziya, musiqi, mahnı və ürək dili ilə çatdırılmalıdır.
Həmçinin haqqında şeir yazdığım qızı - Zəhranı da unutmayacağam. Bu məsum uşaq içimdəki hər şeyi tamamilə dəyişdirdi.
2020-ci il Vətən müharibəsi başlayanda, həmin 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin hər bir uğurunu gecə-gündüz izlədim. Hər dəfə Qarabağın rayonları azad ediləndə, sevinirdim və şad olurdum. Kitabı pandemiya dövründə yazdım. Parad elan ediləndə də sevinc göz yaşlarına boğulmuşdum və həyəcandan nəfəs ala bilmirdim. Nəhayət, arzuladığım gün gəlmişdi!!!
Həmin anda gözlərim önündə şəhidlərin, gənclərin, zabitlərin, Qələbə uğrunda canlarını fəda edən oğulların şəkilləri, Gəncə, Tərtər və Bərdənin ermənilər tərəfindən atəşə tutulmasının görüntüləri, günahsız uşaqların ölümü, Xocalıdakı soyqırımı, Şuşa canlandı. Sanki nitqim tutulmuşdu. Əvvəlcə özümü elə hiss etdim ki, sanki özüm də o cəhənnəmdən keçib sağ qalmışam. Sonra qəribə bir hiss yarandı: Bakıda keçirilən paradı öz gözlərimlə görmək istəyirdim. Pandemiya, karantin və Bakıya uçuşların ləğvi bu arzuma mane oldu.
“Qarabağ: Evə aparan uzun yol” kitabı 8 noyabr - 2020-ci il Vətən müharibəsində Azərbaycanın Zəfər Günündə təqdim edildi.
Mənim missiyam, ilk növbədə, Xocalı, Qarabağ haqqında bütün həqiqəti Qazaxıstanın hər bir vətəndaşına və bütün dünyaya çatdırmaqdır. Ermənistan ordusundan götürülən qənimətləri görəndə ürəyim çox sıxıldı, çünki bu silahların və raketlərin mülki əhalini necə bombaladığını, uşaqları, əsgərləri və zabitləri necə öldürdüyünü təsəvvür edirdim. Nəyin naminə bunları edirdilər?
- Yaradıcılığınızda qazax könüllüsünə həsr olunmuş “Yerbol - Qarabağ şəhidi” kitabı xüsusi yer tutur. Bu hekayəni danışmağınız nə üçün vacib idi və həmin əsər Qazaxıstan ilə Azərbaycan arasındakı münasibətlərdə nəyi simvolizə edir?
- Cənubi Qazaxıstanın Cambil kəndindən olan 19 yaşlı qazax oğlanımız Yerbol Barımbetovun hekayəsi mənim kitabım sayəsində geniş şöhrət qazandı. Bu, təkcə bir insanın deyil, bütün Azərbaycanın və Qarabağın hekayəsidir.
Yerbol Birinci Qarabağ müharibəsində qəhrəmanlığın, dostluğun, qarşılıqlı həmrəyliyin, vətənpərvərliyin və əsgər qardaşlığının rəmzinə çevrilmiş bir körpüdür. O, cəsarətin, şərəfin və yüksək nəcibliyin simvoludur.
Onun məzarında and içərək bütün dünyaya vətənpərvərliyin, əsl dostluğun mövcudluğunu və qardaş xalqın, konkret halda Azərbaycanın köməyinə ilk gəlməyə hazır olmağı danışmaq mənim üçün vacib idi. Bu, türk torpağıdır və o, bunun uğrunda həlak oldu. Çünki bu torpaqda əzab çəkən Azərbaycan xalqı üçün sülh və azadlıq istəyirdi.
Bütün bunlar insandan böyük bir ürək və inanılmaz cəsarət tələb edir.
- Sizə Azərbaycanın “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” ordeni verilib. Bu mükafatı şəxsi xidmətlərin təqdir olunması, yoxsa bütün humanitar missiyanıza verilən qiymət kimi qəbul etdiniz?
- Düzünü desəm, bu, mənim üçün gözlənilməz oldu. Xüsusilə bu ordeni təqdim etmək üçün Almatıya uçmaq lazım gəldi. Bunu dərhal anlamadım, çünki mənim üçün ən dəyərli mükafat cəmiyyətin, xalqın təqdiridir. Ən əsası isə, bu, mənim tərəfimdən Xocalı, Qarabağ, Azərbaycan Prezidenti, qardaş millətimiz haqqında həqiqətləri çatdırmağın nəticəsidir.
Bu, Vətən müharibəsindən əvvəl - 2016-2017-ci illərdə olub. Amma həmvətənlərim mənim üçün sevindilər, çünki ordenlə təltif olunan yeganə qazax qadını idim. İnanıram ki, ictimai fondun ilk və gözləmədiyim mükafatı ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinə kiçik töhfəmin başlanğıcını qoyub.
- Sizcə, bu gün ədəbiyyat Qazaxıstan və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmaya töhfə verə bilərmi?
- Kitab yazıçının ürəyi, vaxtı, sağlamlığı və hissləri ilə yaradılan canlı bir əsərdir və bütün həqiqəti ehtiva edir. Axı insanlar həqiqəti, başqa bir millətin tarixini və dövrünü öyrənirlər.
Əlbəttə ki, məsələn, mənim kitablarımı (yeri gəlmişkən, hamısı Qazaxıstan və Azərbaycan milli kitabxanalarının veb-saytlarında yerləşdirilib) oxuyan qazaxıstanlılar əvvəllər bilmədikləri şeyləri öyrənirlər və Azərbaycan xalqının bizimlə qardaş olduğunu, ortaq türk köklərini paylaşdığını anlamağa başlayırlar. Məlumat alırlar ki, gözəl Bakısı olan şanlı Azərbaycan Xəzər dənizinin o tayında yerləşir.
Məmnunam ki, Qazaxıstanda yaşayan azərbaycanlılar, repressiyaya məruz qalanların və deportasiya olunanların övladları getdikcə öz etnik qruplarının adət-ənənələrinə bağlanırlar və əcdadlarının vətənlərini unutmurlar.
Kitabı sevmək və müəlliflə birlikdə onun hər sətri ilə yaşamaq lazımdır. Ədəbiyyat Qazaxıstan ilə Azərbaycan arasında mədəniyyətləri birləşdirən, qarşılıqlı anlaşmanı inkişaf etdirən və oxucuların daxili dünyalarını zənginləşdirən körpü kimi əsas rol oynayır. O, əlaqələri dərinləşdirir, üfüqləri genişləndirir, ortaq hekayələr və təcrübələr vasitəsilə insanları daha da yaxınlaşdırır.
Azərbaycan Şərqin parlaq və qiymətli incisidir və bu ölkənin ən böyük xəzinəsi onun xalqıdır. MƏhz insanları bu incinin məzmunudurlar. Əgər Azərbaycanı bu qədər sevməsəydim, Qarabağ və Xocalı haqqında məlumat əldə etməsəydim, bəlkə də bu kitablar ərsəyə gəlməzdi.
Şuşada dörd dəfə, Gəncədə iki dəfə, Füzulidə iki dəfə, eləcə də Xankəndi, Laçın, Murovdağ, Ağdam, Xocalı və Əsgəranda olmuşam.
Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun anasının Sumqayıtdakı evini ziyarət etdim. İndi arzum Yerbolun həlak olduğu Tərtəri (Ağdərə kanalı) görməkdir. İkinci arzum isə Zəhranın Füzuli rayonundakı məzarını görmək və üzərinə qazax kuklamızı qoymaq, onun haqqında yazdığım şeirləri valideynlərinə təqdim etməkdir.
Hazırda sovet dövrünün iki lideri, Sov.İKP Siyasi Bürosunun üzvləri Heydər Əliyev və Dinməhəmməd Kunayev haqqında kitabı tamamlamışam.