09 Iyul 2024 08:05
790
SİYASƏT
A- A+

Türk birliyinin inkişafı əsri

 

Ötən həftə türk dünyasının qəlbi Şuşada döyündü. 5-6-iyul 2024-cü il tarixində bu mədəniyyət məkanında Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşü uğurla baş tutdu. Görüşdə Azərbaycan, Özbəkistan, Qırğız, Qazaxıstan prezidentləri, Türkiyə Respublikasının vitse-prezidenti, Macarıstanın baş naziri, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti, Türk Dövlətləri Təşkilatının Baş katibi iştirak edirdilər. 
Belə bir Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsü idi. Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi qərarı 2023-cü ilin noyabrında Astanada - TDT-nin "Türk Əsri" çağırışı altında təşkil olunan 10-cu yubiley Zirvə görüşündə verilmişdi. Bu cür möhtəşəm tədbirlər, türk ölkələrinin liderləri arasında kommunikasiyaların daha da gücləndirilməsi, gündəmin aktual məsələləri ətrafında birgə müzakirə imkanlarının genişləndirilməsi, birliyimizin möhkəmləndirilməsi məqsədinə xidmət edir.
İldə bir dəfə keçirilməsi nəzərdə tutulan tədbirin möhtəşəmliyi, ona olan qlobal maraq və doğurduğu reaksiyalar Türk Dövlətləri Təşkilatının artıq proseslərə geniş təsir imkanlarına malik regional və qlobal güc mərkəzinə çevrilməsi reallığını bir daha göstərir. Eyni zamanda belə bir reallığın yaranmasında, təşkilatın böyük bir güc kimi yeni dünya düzənində öz yerini möhkəmləndirməsində Azərbaycanın müstəsna rolunu bir daha nümayiş etdirir. 
Tədbirdə çox mühüm qərarlar qəbul olundu. Bu baxımdan Şuşa sammitini bütün türk dünyasının həyatında tarixi sammit də adlandıra bilərik. Bu tarixiliyi şərtləndirən əsas amillərdən biri budur ki, TDT-yə daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın işğaldan azad edilmiş ərazisində keçirilən ilk beynəlxalq səviyyəli tədbir oldu. Həmçinin sammit çərçivəsində "Qarabağ Bəyannaməsi" imzalandı ki, bu mühüm sənəd də türk birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək, TDT-nin beynəlxalq nüfuzunu gücləndirəcək.

 

Bir ailə, bir dünya, bir tarix

 

Azərbaycan türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini öz xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin başçısı İlham Əliyev 14 fevral 2024-cü ildə parlamentdə keçirilən andiçmə mərasimində bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacaq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir... Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz türk dünyasıdır". 
Azərbaycan TDT-yə üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Onları birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir. Ölkəmiz təşkilatın gücləndirilməsinə xidmət edən siyasəti uğurla aparır. Türk dünyası bu gün planetimizin mənzərəsinə müsbət yöndə həlledici təsir göstərməkdən ötrü çox böyük potensialı özündə birləşdirir. Bu potensiala türk dövlətlərinin əhatə etdiyi böyük coğrafiya, sarsılmaz hərbi güc, iqtisadiyyat, zəngin təbii sərvətlər, geniş və şaxələnmiş nəqliyyat yolları, gənc və getdikcə sayı artan əhali daxildir. 

 

İntibah çağı

 

Qeyd etdiyimiz potensial zaman-zaman özünü göstərir. Türkiyənin beynəlxalq hərbi təhdidlərə qarşı atdığı uğurlu addımlar, qardaş ölkənin hər kəsin hesablaşdığı  hərbi qüdrəti, Azərbaycan Ordusunun Vətən müharibəsindəki misilsiz tarixi zəfəri türk ölkələrinin hərbi potensialının döyüş meydanlarındakı nümayişidir. Amma bu güc kiməsə qarşı yönəlməyib, çoxlarından fərqli olaraq hər hansı qəsbkar niyyətlərə xidmət etmir, əksinə, regionun təhlükəsizliyi, bu torpaqlarda sülhün, əmin-amanlığın, sabitlik və inkişaf mühitinin qorunması niyyətinə yönəlib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə müsbət demoqrafik dinamika ilə sağlam təfəkkürlü, öz yurduna, tarixinə, soykökünə bağlı, yüksək intellektli, gələcəyə aydın baxışı olan gənclik yetişir. Bu coğrafiyada elm-təhsil, mədəniyyət inkişaf edir, bəşər tarixinə bir-birindən qiymətli incilər bəxş etmiş türk birliyi öz tarixində yeni bir intibah çağının əsasını qoyur. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri ilə bir arada zəngin və qədim tarix, mədəniyyət türk dünyasının böyük sərvətidir. 
Məlum olduğu kimi, hazırda "Şərq-Qərb" nəqliyyat dəhlizinin genişləndirilməsi Azərbaycan və türk dövlətləri üçün əsas prioritetlərdəndir. Orta dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.  Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yükdaşımaların artmasını nəzərə alaraq, hazırda Bakı Gəmiqayırma Zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu beynəlxalq hava limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Türk dövlətləri ilə enerji sahəsində, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində də tərəfdaşlığımız davam edir və birliyimizin daha da gücləndirilməsi üçün yeni imkanlar yaradır. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan "Rəqəmsal İpək yolu" layihəsi də mühüm təşəbbüslərdən biridir. 
Bu il Azərbaycanın COP29 kimi mühüm bir beynəlxalq konfransa evsahibliyi etməsi, 200-ə yaxın ölkənin məhz Azərbaycanın namizədliyini dəstəkləməsi də  beynəlxalq ictimaiyyətin bizə olan böyük etimadının bariz nümunəsi kimi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük uğurudur. Çünki Azərbaycanın təşəbbüsü, fəal iştirakı ilə son onilliklərdə böyük uğurla reallaşdırılan qlobal təşəbbüslərin dolayı, yaxud birbaşa ən mühüm məqsədlərindən biri də məhz türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzi kimi öz mövqelərini, nüfuz dairəsini genişləndirməsidir. Bu mənada Azərbaycanın ardıcıl səyləri ilə XXI əsr türk əsri olmaqla bərabər, həm də türk dünyasının inkişafı əsrinə çevrilir. 
Ortaq tarixi köklər, eyni soy-kökə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə aidlik duyğusu bu təşkilatda ümumi ali məqsədlər işığında birləşmiş ölkələrimizin birliyini daha da gücləndirir. Həmçinin qloballaşma çağının dağıdıcı təhdidləri qarşısında türk ellərinin milli ruhunu, kimliyini qoruyur. Azərbaycan müştərək səylərlə TDT-nin qlobal arenanın önəmli aktoruna, güc mərkəzinə çevrilməsi üçün bütün imkanlarını ortaya qoyur və başqa türkdilli ölkələri də buna nail olmaqdan ötrü səyləri birləşdirməyə çalışır. 
Azərbaycan Türk Dövlətləri Təşkilatının cari büdcəsinin formalaşmasında, strukturunun müasir çağırışlara, qarşıya qoyulmuş hədəflərə uyğun təkmilləşdirilməsində də səylərini əsirgəmir. Ölkəmizin bu günlərdə təşkilatın Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürməsi buna bir nümunədir. 

 

Türk dünyasının birlik qalası

 

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin dövlət rəhbərlərinin qeyri-rəsmi Zirvə görüşünün Qarabağın tacı, Zəfərimizin rəmzi olan Şuşada keçirilməsinin xüsusilə böyük simvolik mənası var. Şuşa şəhəri mühüm mərkəzlərdən biri kimi tarixən Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatında böyük rol oynayıb. Qeyrət qalamız olan Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi xalqımızın böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç zaman barışmadı, qəlbimizdəki Qarabağ acısı, Şuşa nisgili qaysaq bağlamadı. Həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşadıq və şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində buna nail olduq. Məhz 2020-ci ilin 8 noyabrında Şuşanın azadlığından sonra Ermənistanın faktiki kapitulyasiya aktına qol çəkmək məcburiyyətində qalması və İkinci Qarabağ müharibəsinin başa çatması faktı nəzərə alınaraq 8 Noyabr günü Zəfər Günü elan edildi. 
Azadlığına qovuşduqdan sonra Şuşa türk dövlətlərinin siyasi-mədəni birliyində də önəmli rol oynamağa başladı. 2021-ci ildə Şuşa şəhəri "Azərbaycanın mədəniyyət paytaxtı" elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda "Şuşa ili" elan edildi. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Şuşa şəhərini 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", ICESCO isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan etdi. Azərbaycanla Türkiyə arasındakı münasibətləri ən yüksək səviyyədə rəsmiləşdirən "Şuşa Bəyannaməsi"nin 2021-ci ilin 15 iyununda məhz bu gözəl məkanda imzalanması bu əzəli-əbədi yurdumuzun türk əsrindəki tarixi rolunun ifadəsidir.  Bu mənada, Şuşa artıq həm də türk dünyasının birlik qalasıdır.
Torpaqlarımız azad edildikdən sonra Azərbaycan Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq işlərini uğurla həyata keçirir. Keçmiş məcburi köçkünlərimizin doğma yurdlara qayıdışı başlanıb. Böyük qayıdış proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insanın azad edilmiş torpaqlara qayıdışı nəzərdə tutulur. İndiyə qədər türk dövlətlərinin rəhbərləri də azad edilmiş torpaqlara ayrı-ayrılıqda səfərlər ediblər. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfər ediblər. Bir çox türk dövlətlərinin maliyyə dəstəyi ilə azad yurdlarımızın dirçəlişinə qardaşlıq töhfəsi kimi məktəblər, mədəniyyət mərkəzləri inşa olunub. 
Xüsusilə qürur doğuran həqiqət bundan ibarətdir ki, Türkiyə və Azərbaycan arasındakı doğmalığı ifadə etməkdən ötrü uzun illərdən bəri səslənən "Bir millət, iki dövlət" ideyası indi digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Artıq başqa türk dövlətləri də bu bir millət vəhdətində özlərini görür, həyata keçirdikləri siyasəti, inkişaf strategiyasını buna uyğun qururlar. Bu, türk xalqlarının XXI əsrdəki ən böyük nailiyyətidir və belə bir tarixi nailiyyətin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna rolu var.

İradə ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video