"Teknofest" Aviasiya, Kosmos və Texnologiya Festivalı ilk dəfədir ki, Türkiyənin hüdudlarından kənarda keçirilir. Bu ünvanın məhz Azərbaycan seçilməsi xalqlarımız arasında dostluğun, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin yeni və daha yüksək mərhələyə adlamasını təsdiqləyir. Sərgi bu gün başlasa da, artıq neçə gündür ki, bakılılar türk şahinlərinin paytaxtın səmalarındakı uçuşlarını maraq və sevinclə izləyirlər.
Bu gündən başlayaraq "Teknofest Azərbaycan" tədbiri mayın 29-dək "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçiriləcək. "Türkiyə Texnologiya Komandası"-T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi festivalın təşkilatçılarıdır.
Əvvəlcə onu qeyd edək ki, festival 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan bu tədbirə ilk dəfə 3 il sonra - 2021-ci ildə qatılmışdır. Budəfəki sərgidə "Teknofest Azərbaycan" çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ" Hakatonu, "Take Off" Azərbaycan Startap Sammiti və "Rocket League" videooyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunub. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototipləri və STEM layihələri nümayiş etdirir, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotları sərgilənir.
Vertolyotdan söz düşmüşkən: Türkiyənin sabiq baş naziri Binəli Yıldırım demişdir: "Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, Qarabağ sizin haqq işinizdir. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi". Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. Vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. İndi Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir.
Artıq xəbər verildiyi kimi, "TEKNOFEST" İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuq Bayraktar və Türkiyənin sənaye texnologiya nazirinin müavini Mehmet Fatih Kacır Bakıdadırlar.
Ən maraqlısı odur ki, festivala Azərbaycanın çoxsaylı orta məktəblərində hazırlıq getmişdir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət "Analitik", "Young İnventers" komandaları və "Kəşf robot" layihəsi festivalda iştirak edəcəklər. Naxçıvanlı məktəblilər "Kəşf robotu", "Yol təhlükəsizlik" və "Heyvandarlıq təsərrüfatında avtomatik yemləmə sistemi" layihələrini təqdim edəcəklər. Onu da qeyd etmək vacibdir ki, tədbirə digər rayonların da məktəbliləri, ölkənin ali təhsil müəssisələrindən tələbələr qatılacaq.
Eyni zamanda festivalda alimlərimiz də öz bilik və bacarıqlarını göstərəcəklər. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu festival çərçivəsində təşkil olunan sərgidə süni intellektə əsaslanan və ağciyər xərçənginin təyin edilməsində insanın qan plazmasından istifadəni nəzərdə tutan yeni texnologiya təqdim edəcək. Yeni model süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə identifikasiya etməyə imkan verir. Artıq tədqiqat işi çərçivəsində 47 sağlam şəxsin və 50 ağciyər karsinoması xəstəsinin qan nümunələri tədqiq olunmuşdur. Yaradılan model sağlam qan nümunələrini 80 faiz, xərçəng hüceyrəsi nümunələrini isə 90 faiz dəqiqliklə müəyyən etməyə imkan vermişdir.
AMEA Neft-Kimya Prosesləri İnstitutu və Yüksək Texnologiyalar Parkının rezidenti olan "İNKOR" Məhdud Məsuliyyətli Cəmiyyəti "TEKNOFEST Azərbaycan" Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan elmini yüksək səviyyədə təmsil etməyi planlaşdırır.
Akademik Vaqif Abbasov "TEKNOFEST Azərbaycan" festivalının ölkəmizdə keçirilməsini yüksək qiymətləndirmişdir. Akademik bu festivalın Azərbaycan və Türkiyənin iqtisadi, hərb və mədəniyyət sahələri ilə yanaşı, həm də elm və texnika sahəsində də birliyini nümayiş etdirdiyini diqqətə belə çatdırmışdır: "Bu qardaşlığın iki ölkə ilə yanaşı, eyni zamanda bütün dünya üçün böyük faydası var. Hesab edirəm ki, bu mötəbər tədbir vaxtında təşkil olunmuş festivaldır və burada elmimizi yüksək səviyyədə təmsil etməliyik". V.Abbasov həmçinin sərgidə AMEA üçün böyük sahəni əhatə edən xüsusi pavilyonun ayrılmasını olduqca sevindirici hadisə kimi dəyərləndirmiş və qeyd etmişdir ki, bu pavilyon AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan ən yüksək nailiyyətləri nümayiş etdirməyə və elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açır.
Festivalın gündəliyi isə zəngindir. Bu günlər ərzində əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin "Türk Ulduzları" və "Solo Türk" aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
Bahadur İMANQULİYEV,
"Azərbaycan"