Quraqlıqdan yağıntıya kəskin keçid iqlim dəyişikliyinin nə qədər mürəkkəb olduğunu göstərir
Son günlərdə dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan intensiv yağıntılar təkcə meteoroloji hadisə kimi deyil, eyni zamanda sosial-iqtisadi və ekoloji problem kimi də gündəmdədir. Küçələrin su altında qalması, nəqliyyatın iflic olması, kənd təsərrüfatında itkilərin artması və bəzi bölgələrdə sel təhlükəsinin güclənməsi cəmiyyətin bu məsələyə diqqətini xeyli artırıb.
Mütəxəssislərin fikrincə, iqlim sistemi artıq əvvəlki kimi sabit deyil. Ənənəvi olaraq müəyyən dövrlərə xas olan hava şəraiti getdikcə dəyişir, yağıntıların paylanma rejimi pozulur, ekstremal hava hadisələri tez-tez və daha güclü şəkildə baş verir. Bir tərəfdən uzunmüddətli quraqlıqlar müşahidə olunur, digər tərəfdən isə qəfil və intensiv yağışlar sel və daşqınlara səbəb olur. Bu ziddiyyətli proseslər iqlim dəyişikliklərinin nə qədər mürəkkəb və çoxşaxəli olduğunu göstərir.
Xüsusilə yaz mövsümündə yağıntıların artması adi hal sayılsa da, son illərdə müşahidə olunan qeyri-sabitlik, yağışların daha qısa müddətdə, lakin daha intensiv şəkildə yağması insanların narahatlığına səbəb olur və sual doğurur. Bu, sadəcə, mövsümi dəyişikliklərin nəticəsidir, yoxsa qlobal miqyasda baş verən iqlim proseslərinin bir parçasıdır?
İlin bu dövründə yağışların yağması təəccüblü deyil
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, ilin bu dövründə yağışların yağması ümumilikdə təəccüblü deyil və bunu birbaşa qlobal iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün yanaşma sayılmır: "Azərbaycanın yerləşdiyi iqlim qurşağı üçün yaz və payız aylarında yağıntıların olması xarakterik haldır. Lakin əsas məsələ yağışın özü deyil, onun intensiv olmasıdır. Əgər yağıntılar normaya uyğun düşərsə, bu, təbii proses hesab olunur. Amma son dövrlərdə müşahidə edilən yağışların intensivliyi artıq ənənəvi iqlim göstəricilərindən kənara çıxır. Bu isə qlobal iqlim dəyişikliyinin fəsadı kimi qiymətləndirilməlidir".
Ekoloq bildirib ki, iqlim dəyişikliklərinin əsas səbəblərindən biri atmosferdə istixana qazlarının artmasıdır: "Karbon emissiyalarının yüksəlməsi nəticəsində Yer kürəsində temperatur artır. Temperaturun yüksəlməsi isə birbaşa olaraq buxarlanma prosesini sürətləndirir. Bu isə atmosferdə daha çox su buxarının toplanmasına səbəb olur və nəticədə yağıntılar daha intensiv xarakter alır. İsti hava daha çox rütubət saxlayır və bu rütubət yağış şəklində düşdükdə güclü olur. Yəni iqlim dəyişdikcə, yağıntıların paylanma rejimi də dəyişir, az-az və uzunmüddətli yağışlar əvəzinə, qısamüddətli leysan xarakterli güclü yağışlar müşahidə edilir. Bununla yanaşı, atmosferdə baş verən digər dəyişikliklər də bu prosesə təsir göstərir. Meridianal hava axınlarının artması, siklon aktivliyinin güclənməsi və yer səthinin daha çox qızması konvektiv leysanların yaranmasına şərait yaradır. Bu isə xüsusilə dağlıq və meyilli ərazilərdə daha təhlükəli nəticələrə gətirib çıxarır".
İqlim dəyişikliyi yalnız intensiv yağışlarla deyil, həm də əks proseslərlə - uzunmüddətli quraqlıqlarla da özünü göstərə bilər. Mütəxəssis deyib ki, bəzən həddindən artıq yağıntılar müşahidə olunur, bəzən isə uzun müddət yağıntı olmur. Bu, iqlim sistemində balansın pozulmasının göstəricisidir. Qütblərin yerdəyişməsi və iqlim qurşaqlarının sürüşməsi kimi daha genişmiqyaslı proseslər də uzunmüddətli perspektivdə yağıntı rejiminə təsir göstərə bilir.
Ekspertin sözlərinə görə, son dövrlərdə intensiv yağıntılar yalnız Azərbaycanda deyil, dünyanın bir çox regionlarında ciddi fəsadlara səbəb olub. Pakistan və Əfqanıstanda güclü yağışlar insan itkiləri ilə nəticələnib, Yunanıstanda yaşayış məntəqələri su altında qalıb. Aralıq dənizi hövzəsində, Cənubi Amerikada, xüsusilə Braziliyada sel və daşqınlar geniş əraziləri əhatə edib. Rusiyanın bəzi bölgələrində, o cümlədən Dağıstanda da oxşar hadisələr qeydə alınıb. Ən çox zərər görən ölkələrdən biri isə Kolumbiya olub və burada yüz minlərlə insan bu fəlakətlərin ağrı-acısını yaşayıb.
Müharibələr və partlayışların iqlimə təsiri məsələsinə toxunan Cəmşid Bəxtiyar qeyd edib ki, bu cür faktorlar əsasən lokal xarakter daşıyır və qlobal iqlim dəyişikliklərinin əsas səbəbi kimi qiymətləndirilə bilməz. Lakin onların dolayı təsirləri - atmosferə əlavə qazların buraxılması, meşələrin məhv edilməsi, torpaq örtüyünün zədələnməsi uzunmüddətli ekoloji problemlərə yol aça bilər.
Yaranmış vəziyyət ciddi addımların atılmasını zəruri edir
Ölkə ərazisində yağıntıların intensivliyi şəhərdaxili və regionlarda özünü fərqli şəkildə büruzə verir. Cəmşid Bəxtiyarın sözlərinə görə, asfalt örtüyü suyu hopdurmadığı üçün yağıntı suları axaraq kanalizasiya sistemlərinə yönəlir. Mövcud infrastruktur isə çox vaxt bu yükü qarşılaya bilmir. Nəticədə kollektorların dolması, kanalizasiya xətlərinin yüklənməsi və subasmalar baş verir. Ekoloq hesab edir ki, yaranmış vəziyyət həm şəhərsalma, həm də ekoloji idarəetmə sahəsində ciddi addımların atılmasını zəruri edir. İlk növbədə şəhər infrastrukturunun yenilənməsi vacibdir. Kanalizasiya və suötürücü xətlər ya ayrı sistemlər şəklində qurulmalı, ya da mövcud sistemlərin gücü artırılmalıdır. Drenaj və kollektor sistemlərinin müasirləşdirilməsi subasmaların qarşısını almaqda əsas rol oynaya bilər.
"Azərbaycanda intensiv yağışların təsiri xüsusilə dağlıq və dağətəyi ərazilərdə daha qabarıq hiss olunur. Böyük Qafqazın dağətəyi zonaları, Quba, Qusar, Şamaxı, Şabran ərazilərində sel və daşqın riski artır. Son hadisələr göstərir ki, bu ərazilərdə yağan leysan yağışlar torpaq qatının yuyulmasına, sürüşmələrə və ciddi maddi ziyanlara səbəb olur. Kənd təsərrüfatında da vəziyyət birmənalı deyil. Mülayim yağışlar məhsuldarlığı artırsa da, intensiv yağıntılar torpağın münbit qatını yuyaraq onun keyfiyyətini aşağı salır. Torpağın uzun müddət nəm qalması bitki köklərinin çürüməsinə, torpağın "nəfəs" ala bilməməsinə və nəticədə məhsuldarlığın azalmasına səbəb olur. Bununla yanaşı, şəhərdən kənar ərazilərdə də kompleks tədbirlər görülməlidir. Meşələrin bərpası, eroziyaya qarşı mübarizə, torpaqların həddindən artıq yüklənməsinin qarşısının alınması vacibdir. Xüsusilə dağlıq ərazilərdə otlaq sahələrinin normadan artıq istifadə edilməsi torpaq eroziyasını sürətləndirir və intensiv yağışlar zamanı bu proses daha da dərinləşir", - deyə mütəxəssis qeyd edib.
Su idarəçiliyi də əsas prioritetlərdən biridir. Ekoloq bildirib ki, yağış sularının toplanması, su anbarlarının yaradılması, "ağıllı su" sistemlərinin tətbiqi bu sahədə effektiv həll yolları hesab edilir. Çay yataqlarının nəzarətdə saxlanılması, zəruri yerlərdə bəndlərin qurulması daşqın riskini azaltmağa kömək edə bilər. Eyni zamanda çay yataqlarında tikinti materiallarının çıxarılması kimi fəaliyyətlərin məhdudlaşdırılması da vacibdir. Kənd təsərrüfatında iqlimədavamlı bitkilərin seçilməsi, torpaq qoruyucu texnologiyaların tətbiqi və suvarma sistemlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər həm məhsuldarlığın qorunmasına, həm də torpaqların deqradasiyasının qarşısının alınmasına xidmət edir. Beləliklə, intensiv yağıntılar təkcə təbii hadisə deyil, həm də insan fəaliyyətinin və iqlim dəyişikliklərinin birgə nəticəsi kimi qiymətləndirilməlidir. Bu prosesə uyğunlaşmaq və onun mənfi təsirlərini minimuma endirmək isə həm dövlət, həm də cəmiyyət səviyyəsində koordinasiyalı yanaşma tələb edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"