28 Yanvar 2026 08:50
237
Mədəniyyət
A- A+
Tarixlərin şahidi - İsmailiyyə sarayı

Tarixlərin şahidi - İsmailiyyə sarayı


Qədim Bakı şəhərinin ən möhtəşəm memarlıq nümunələrindən biri olan İsmailiyyə sarayı təkcə daşdan hörülmüş bir bina deyil. Bu saray XX əsrin əvvəllərində Azərbaycanın ictimai fikrini, xeyriyyəçilik ənənələrini, milli faciələrini və mübarizə ruhunu özündə təcəssüm etdirən nadir tarixi-memarlıq abidələrindəndir. Onun taleyi Bakının, hətta bütövlükdə Azərbaycanın taleyinə bənzəyir...

İsmailiyyə sarayını tanınmış Azərbaycan milyonçusu, neft bumu dövrünün ən nüfuzlu simalarından biri olan Musa Nağıyev gənc yaşında dünyasını dəyişmiş oğlu İsmayıl Nağıyevin xatirəsinə inşa etdirib. Vərəm xəstəliyindən vəfat edən İsmayılın itkisi ata üçün dərin mənəvi sarsıntı olub. Bu ağrı xeyriyyəçilik ideyası ilə birlikdə möhtəşəm bir memarlıq abidəsinə çevrilib.


Xeyriyyəçilik məramının memarlıq təcəssümü


XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyəti milli maarifçilik və xeyriyyəçilik baxımından mühüm rol oynayırdı. Həmin cəmiyyətin sədri, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına müraciət edərək ayrıca qərargah binasına ehtiyac olduğunu bildirib. Xahiş olunub ki, cəmiyyətə "Kaspi" qəzeti redaksiyası ilə (redaksiya indiki Sabir bağının yerində idi) Müsəlman qız məktəbi (hazırda Əlyazmalar İnstitutu) arasındakı boş torpaq sahəsi verilsin.

Şəhər Dumasında 1905-ci il dekabrın 1-də keçirilən iclasında bu müraciətə baxılaraq müsbət cavablandırılıb. Ancaq torpaq sahəsi xeyriyyə cəmiyyətinin şəxsi mülkiyyətinə deyil, Bakıda mövcud olduğu müddətə pulsuz istifadəsi üçün verilib.

Lakin binanın tikintisinə dərhal başlanılmayıb. Novruz bayramı münasibətilə təşkil olunmuş ziyafət məclisində Ağamusa Nağıyevə oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirməyi Bakı milyonçuları təklif ediblər. 

Binanın layihəsini hazırlamaq o dövrün tanınmış mülki mühəndisi İosif Kasperoviç Ploşkoya həvalə edilib. 1907-ci ildə binanın layihəsi Ağamusa Nağıyev tərəfindən bəyənilib.

İosif Ploşkonun bu layihəsi o qədər böyük maraq doğurub ki, hətta binanın eskizləri mətbuatda dərc olunaraq şəhər köşklərində satılıb. 

1908-ci il dekabrın 21-də geniş  kütlənin, eləcə də Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Dadaşov qardaşlarının və başqalarının iştirakı ilə binanın təməlinin qoyulması Bakıda əlamətdar hadisəyə çevrilib.

 Memarlıq xüsusiyyətləri, detalların zənginliyi ilə seçilən bina Venesiya qotikası üslubunda tikilib. Çatmatağlara üstünlük verilməsi binanı yerli mühitə daha da yaxınlaşdırıb.

Tikintisi 1913-cü ildə başa çatan "İsmailiyyə" memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınıb. 


1918-ci ilin qara izi…


Nakam bir gəncin adını daşıyan İsmailiyyə sarayının taleyi keşməkeşlər içərisində keçib. 1918-ci ildə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli faciələrin - 31 Mart soyqırımının şahidi olub. Etdikləri vəhşiliklərdən daha da azğınlaşan erməni cəlladları cinayət əməllərini artırıblar. Mart hadisələri zamanı ermənilər Bakıda nəzarəti ələ keçiriblər. Həmin müsibətli günlərdə erməni silahlı dəstələri şəhərin müsəlman əhalisi ilə yanaşı, onun tarixi simasına, rəmzinə  çevrilən binalarını da hədəfə alıblar. İsmailiyyə sarayını da qarət ediblər. Sonra isə bina ermənilər tərəfindən gülləbaran edilib və yandırılıb. Dəhşətli yanğın nəticəsində binanın daxili tamamilə məhv olunub. Sarayın öz arxivi ilə yanaşı, burada fəaliyyət göstərən qurumların da arxivləri, sənədləri yanaraq külə dönüb.

"İsmailiyyə" alovdan çıxmış yaralı bir şahid kimi xilaskarlarının yolunu gözləyib. O gün gəlib. 1918-ci il sentyabrın 15-də Bakı daşnak-bolşevik birləşmələrinin işğalından azad edilib. Qafqaz İslam Ordusu şəhərə qalibiyyətlə daxil olub. İsmailiyyə sarayının qarşısında Qafqaz İslam Ordusu fəxri parad yürüşü keçirib.

Hələ 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən Birinci  Dünya müharibəsi başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. Komissiya  1920-ci ilin aprelinə qədər fəaliyyət göstərib. 

Fövqəladə Təhqiqat Komissiyasının gördüyü böyük işlərdən biri də "İsmailiyyə"də aparılmış araşdırmalardır. Belə ki, Bakı Quberniya mühəndisi Şternberq, komissiya üzvləri Məmməd Xan Təkinski, A.Kluge tərəfindən tərtib olunmuş aktda İsmailiyyə binasının acınacaqlı vəziyyəti əksini tapıb: "1918-ci il, 22 noyabrda Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası, ekspert qismində xüsusi olaraq dəvət edilmiş quberniya mühəndisi A.M.Şternberqin iştirakı ilə, "İsmailiyyə" Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yanmış binasına baxış keçirdi və aşağıdakıları aşkar etdi. Bina Nikolayevskaya küçəsində Birinci və İkinci Nikolayevskaya döngələrinin arasında yerləşir və 4 №-li məhəllənin 440 kvadrat sajen ərazisini əhatə edir". Fövqəladə Təhqiqat Komissiyasının aktında qeyd olunub ki, binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkənı tamamilə uçub, dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməyib, yanğının çox yüksək temperaturundan əyilib və qatlanmış bu tirlərlə birlikdə pilləkənin aşağı meydançasında xaotik tonqal yaradıb.

Aktda salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləməsi hərarətdən və divar daşlarının alışmasından aralandığı, bəzi yerlərdə qopub düşdüyü qeyd olunub. Bildirilib ki, əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində - daşın keyfiyyətini o dərəcədə dəyişib ki, ondan tikinti materialı kimi istifadə edilə bilməz: "Hər üç mərtəbədə tirlər ağacdan idi, tamamilə yanmışlar və damın uçması nəticəsində indi binanın bünövrəsi heç bir otaqlara bölünmə əlaməti olmadan açıq görünür. Binanın hər yerində yalnız korlanmış vəziyyətdə daş və dəmir hissələr qalmışdır və hətta fasad pəncərələrinin dəmir çərçivələrinin sement işləmələri hərarətin təsirindən uçub tökülmüşdür, bütün çərçivələr, qapılar və s. tamamilə yox dərəcəsindədir". Eskizə əsasən binanın həcmi təxminən 3000 kub sajen təşkil edir. 1907-1908-ci illərdə bu cür binanın bəzəkli işlənmə ilə tikilməsinin dəyəri bir kub sajenə görə 100-120 rubl təşkil edirdi və deməli, binanın qiyməti 330.000 rubla yaxın olmalı idi. Hal-hazırda işçi qüvvəsinin qiyməti o vaxtdan 25 dəfə, tikinti materiallarının qiyməti isə orta hesabla 20 dəfə artmışdır. Orta hesabla işçi qüvvəsinə çəkilən xərci materialın xərcinə bərabər tutsaq, binanın indi tikilməsinin qiymətinin 22 dəfə artdığını alırıq, yəni bu qiymət 7.260.000 rubl təşkil edir və bunu hazırkı aktda yazmağı qərara aldıq".


Xalqın fədakarlığı sayəsində yox olmaqdan qurtulan saray


1920-ci ilin aprelində bolşeviklərin XI ordusu Azərbaycanı işğal edib, sovet hakimiyyəti qurulduqdan sonra İsmailiyyə sarayının başının üstünü növbəti fəlakət alıb. Dağılmış, yararsız hala salınmış sarayın sökülməsinə qərar verilib. Ancaq bu qərar yerli əhalinin narahatlığına və narazılığına səbəb olub. Onlar  binanın qarşısına toplaşaraq, onun sökülməsinə imkan verməyiblər. Bu, "İsmailiyyə"nin yalnız memarlıq deyil, mənəvi dəyərə malik olduğunu bir daha sübut edib. Nəticədə bina xilas olub. 

İsmailiyyə sarayının bərpasına 1923-cü ildə başlanılıb. Bərpa işlərində sarayın ümumi plan layihəsi olduğu kimi saxlanılıb. Amma fasadında bir sıra dəyişikliklər edilib, Quran ayələri və hədislərin həkk olunduğu  medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilib. Sonradan binada növbəti təmir və yenidənqurma işləri həyata keçirilib. Bir müddət "Türk Mədəniyyət Sarayı" adlandırılan bina müxtəlif təşkilatların istifadəsində olub. 1945-ci ildən isə burada Azərbaycan SSR Elmlər Akademiyası yerləşib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti bu tarixi binada fəaliyyət göstərir.

İsmailiyyə sarayı Azərbaycan memarlığının, xeyriyyəçiliyinin və milli yaddaşının daşlaşmış salnaməsidir. Bu bina Musa Nağıyevin ata qəlbinin sarsıntısını, 1918-ci ilin faciəsini və sonrakı dirçəlişi, Azərbaycan xalqının fədakarlığını öz divarlarında yaşadır. Odur ki, bu saraya baxarkən təkcə gözəllik deyil, bir xalqın tarixinin nümunəsini görürük.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycanı strateji mövqeyə çıxarıb-Amerikalı ekspert  

10:53
28 Yanvar

Saratoqa Fondunun prezidenti: 907-ci düzəliş birdəfəlik aradan qaldırılmalıdır  

10:50
28 Yanvar

Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək  

10:49
28 Yanvar

Dünya bazarında qızıl 175 dollardan çox bahalaşıb

10:42
28 Yanvar

Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq  

10:41
28 Yanvar

Yanvar ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  

10:41
28 Yanvar

Ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb  

10:40
28 Yanvar

Azərbaycan nefti bahalaşıb 

10:40
28 Yanvar

Amerikalı ekspert: ABŞ ilə Azərbaycan arasında davamlı etimadın artdığını görəcəyik 

10:38
28 Yanvar

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

09:55
28 Yanvar

Aİ və Hindistan 19 ildən sonra azad ticarət müqaviləsini imzaladılar

09:55
28 Yanvar

Cəbrayıl sakini: Müəllim kimi Horovluda işləmək istəyirəm

09:54
28 Yanvar

Keçmiş məcburi köçkün: Doğma yurduma qayıtmağıma görə çox sevincliyəm

09:53
28 Yanvar

Cəbrayıl sakini: İllərdir yurd həsrəti çəkirdim  

09:53
28 Yanvar

Yurda dönüş davam edir

09:50
28 Yanvar

Qızılın qiyməti tarixi maksimumu yeniləyib 

09:48
28 Yanvar

Cavabsız cavab

09:45
28 Yanvar

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb 

09:41
28 Yanvar

"Bizlik deyil... Vəsaitimiz yoxdur... Səlahiyyətlərimiz xaricindədir"

09:40
28 Yanvar

Media: Sülh Şurası Trampa Qəzzanı idarə etmək üçün geniş səlahiyyətlər verəcək  

09:39
28 Yanvar

ABŞ-da yağan güclü qar səbəbi ilə ölənlərin sayı 42 nəfərə yüksəlib  

09:38
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!