Avropa İttifaqı (Aİ) və Hindistan qlobal ÜDM-in 25 faizini və dünya ticarətinin təxminən üçdəbirini əhatə edən azad ticarət müqaviləsini yekunlaşdırıblar. Aİ-nin Mətbuat xidməti bunu çərşənbə axşamı - yanvarın 27-də açıqlayıb.
Aİ və Hindistan hər il dəyəri 180 milyard avrodan çox mal və xidmət ticarəti həyata keçirir və Aİ-də təxminən 800 min iş yerini təmin edir. Bu müqavilənin Aİ-dən Hindistana ixrac edilən malların 96,6 faizinə tarifləri ləğv etməklə və ya azaltmaqla 2032-ci ilə qədər Aİ-nin Hindistana ixracını ikiqat artıracağı gözlənilir. Ümumilikdə tarif endirimləri Avropa məhsullarına ildə təxminən 4 milyard avro rüsum qənaət edəcək.
"Bu gün Aİ və Hindistan dünyanın ən böyük demokratiyaları arasında tərəfdaşlığı dərinləşdirməklə tarix yaradırlar. Hər iki tərəf üçün iqtisadi fayda gətirən 2 milyard insan üçün azad ticarət zonası yaratdıq. Biz dünyaya qaydalara əsaslanan əməkdaşlığın əla nəticələr verməyə davam etdiyi mesajını göndərdik", - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Hindistanın Baş naziri Narendra Modi öz növbəsində vurğulayıb ki, dünya miqyasında insanlar bu müqaviləni "bütün müqavilələrin anası" adlandırırlar. Onun dediyinə görə, bu müqavilə Hindistanda 1,4 milyard, Avropada isə milyonlarla insan üçün böyük imkanlar açacaq.
Müqavilə əsasən kənd təsərrüfatı, avtomobil və xidmət sektorlarına fayda verəcək. Avropa avtomobillərinə tariflər tədricən 110 faizdən 10 faizə endiriləcək və avtomobil ehtiyat hissələrinə tariflər 5-10 il ərzində tamamilə aradan qaldırılacaq. Maşınlara 44, kimyəvi maddələrə 22 və əczaçılıq məhsullarına tətbiq olunan 11 faiz tariflər də əsasən götürüləcək. Aİ şərablarına rüsumlar 150 faizdən 75, zeytun yağına tariflər isə 45 faizdən 0 faizə endiriləcək. Makaron və şokolad kimi emal olunmuş məhsullara da Hindistan rüsumları tamamilə aradan qaldırılacaq. Müqavilə həmçinin Aİ şirkətlərinə maliyyə xidmətləri və dəniz nəqliyyatı kimi əsas sektorlar da daxil olmaqla Hindistan xidmət bazarına güzəştli giriş imkanı verəcək. Hindistan və Aİ arasında müqavilənin rəsmi imzalanmasının 5-6 ay davam etməsi gözlənilən hüquqi araşdırmadan sonra nəzərdə tutulur.
Aİ və Hindistan müqavilə üzərində işləməyə 2007-ci ildə başlayıblar. Danışıqlar dəfələrlə yarımçıq qalıb və 2013-cü ildə dayandırılıb. Müzakirələr 2022-ci ildə yenidən başlayıb.
Aİ və Hindistan həmçinin təhlükəsizlik müqaviləsi imzalamağa hazırlaşırlar. Bildirilir ki, bu, dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik və terrorizmə qarşı mübarizə kimi sahələrdə konkret nəticələr verəcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"