Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından 1987-ci ildən başladılan sonuncu deportasiyasından 38 il ötür. Hər il dekabrın 5-i qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günü kimi qeyd edilir.
Xəstə erməni təfəkkürünün məhsulu olan "dənizdən dənizə böyük Ermənistan" kimi sərsəm xülyanı həyata keçirmək üçün Ermənistan, erməni terrorçu təşkilatları, erməni diasporu və kilsəsi Azərbaycan xalqına qarşı milli zəmində silsilə şəkildə bəşəri cinayətlər törədiblər. Xarici güclər tərəfindən planlı şəkildə Cənubi Qafqaza yerləşdiriləndən və Azərbaycan torpaqları hesabına Ermənistan adlı qondarma dövlət yaradılandan sonra neonasist siyasət yürüdülərək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar üç mərhələ ərzində son nəfərinə qədər tarixi torpaqlarından kütləvi şəkildə deportasiya ediliblər. Deportasiyalar zamanı soydaşlarımıza qarşı kütləvi qırğınlar həyata keçirən erməni şovinistləri daha çox ərazilər əldə etmək üçün həm də Azərbaycana qarşı işğal siyasətini həyata keçirməyə başlayıblar. Öz tarixi yurdlarından deportasiya edilən, didərgin salınan milyondan çox soydaşımız böyük məhrumiyyətlərlə, maddi, mənəvi əzablarla müşayiət olunan qaçqınlıq, məcburi köçkünlük kimi ağır həyat yaşamağa məhkum ediliblər.
Azərbaycanın Vətən müharibəsindəki zəfəri yüz minlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətinə birdəfəlik son qoydu. 2021-ci ilin iyulundan etibarən Qarabağ və Şərqi Zəngəzura yola salınan qayıdış karvanları, Qərbi Azərbaycandan zorla deportasiya edilən soydaşlarımızın da düz dörd onilliyə yaxındır ki, ürəklərində yaşatdıqları qayıdış inamlarının işarmasına səbəb oldu. Hazırda Azərbaycan dövləti bu soydaşlarımızın da sülh yolu ilə təhlükəsiz şəkildə dədə-baba yurdlarına qayıdışının təmin edilməsi üçün bütün parametrlərdə əməli fəaliyyət göstərir.
Deportasiyanın dəhşətli mərhələləri
XX əsrdə azərbaycanlılar Ermənistandan 3 əsas mərhələdə kütləvi deportasiya ediliblər. 1918-1920-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə.
Qərbi Azərbaycan İcmasının soydaşlarımızın deportasiya haqqında məlumatında deyilir ki, Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda türk-müsəlman əhalini qətlə yetirməkdə təcrübəsi olan, təpədən-dırnağacan silahlanmış erməni dəstələri Qafqaz cəbhəsini tərk edən rus ordusu ilə birləşərək 1918-ci ilin əvvəllərində İrəvan quberniyası ərazilərinin azərbaycanlı əhalidən təmizlənməsi istiqamətində bir sıra silahlı aksiyalar həyata keçirmişdilər. Həmin vaxt İrəvan quberniyasının İrəvan, Sürməli, Eçmiədzin və Novo-Bəyazid qəzalarında erməni silahlı dəstələri tərəfindən 199 kənd qarət olunmuş və nəticədə müsəlman (azərbaycanlı) əhali yurdlarını tərk etmişdilər. 1918-ci il may ayının sonlarında İrəvan quberniyası ərazisində Cənubi Qafqazda əvvəllər sahəsi 10 min kv. km-dən çox olmayan Ararat Respublikası yaradıldıqdan sonra isə soyqırımı siyasəti artıq dövlət səviyyəsində həyata keçirilməyə başlamışdı.
17-31 avqust 1919-cu il tarixlərində Ermənistan Respublikasının ərazisində Eçmiədzin, Sürməli, İrəvan və Novo-Bəyazid qəzalarında 50-yə qədər müsəlman (Azərbaycan) kəndi dağıdılmışdı.
1919-cu ilin son iki ayında Eçmiədzin qəzasının 62 kəndi, Sürməli qəzasının 34 kəndi və İrəvan qəzasının müsəlman (azərbaycanlı) kəndlərinin hamısı (Zəngibasardan başqa) erməni silahlı dəstələri tərəfindən yenidən dağıdılmışdı.
Himayədarlıq Nazirliyinin məlumatlarına əsasən, bunun nəticəsi olaraq, 1919-cu ilin sonuna qədər Novo-Bəyazid, İrəvan və Eçmiədzin qəzalarının dağıdılmış müsəlman (Azərbaycan) kəndlərindən olan qaçqınların sayı 200 min nəfər təşkil etmişdir.
Onların əsas hissəsi Naxçıvan, Şərur, Qazax, Gəncə və Şamaxıda məskunlaşmışdı.
İcmanın məlumatında deyilir ki, Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü davam etmişdir. Bu proses xüsusilə İkinci Dünya müharibəsindən sonra güclənmiş və SSRİ-nin süqutuna qədər daimi tendensiya şəklini almışdı: "Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli Qərarı İ.Stalinin imzası ilə qəbul edilmişdi. Fərmana əsasən, Ermənistandan 100 min nəfərlik azərbaycanlı əhalinin 1948-1950-ci illər ərzində köçürülməsi nəzərdə tutulurdu".
Ancaq planlaşdırılan sayda azərbaycanlı ailənin Ermənistandan köçürülməsini müəyyən edilmiş müddətdə həyata keçirmək mümkün olmayıb. Məlumatda bildirilir ki, ona görə də 1950-ci il sentyabrın 6-da SSRİ Nazirlər Soveti "1951-1955-ci illərdə Azərbaycan SSR-in Kür-Araz ovalığının kolxozlarına köçürülmə haqqında" yeni qərar qəbul edib. Həmin qərara əsasən, müəyyən edilmiş müddət ərzində Ermənistan SSR-dən 15 min kolxozçu və digər azərbaycanlı əhalinin köçürülməsi nəzərdə tutulurdu.
1997-ci il dekabrın 18-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verilib. Fərmanda xüsusilə qeyd olunurdu ki, bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə, onun vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakına zidd olan mövqeyi də az rol oynamamışdır.
Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və öz miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1987-1991-ci illərə təsadüf edib. Qərbi Azərbaycan İcmasının məlumatında göstərilir ki, 1948-1953-cü illərdəki deportasiyadan fərqli olaraq, o, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi və buna görə də ağırlığı ilə fərqlənirdi: "Vəziyyətin azərbaycanlılar üçün ağırlığı bununla bağlı idi ki, deportasiya azərbaycanlıların yaşadığı torpaqların tarixən ermənilərə məxsus olması iddiasına hüquqazidd əməllərlə haqq qazandırmaq istəyən Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi.
Sosial tərkibinə görə, Ermənistandan olan azərbaycanlı qaçqınların əsas hissəsini tarixi yurdlarını, ata-babalarına məxsus otlaqları, əkinəyararlı torpaqları, çəmənlikləri tərk edən kəndlilər təşkil edirdi. Onların yalnız kiçik bir hissəsi kiçik sənaye şəhərlərinin və Yerevanın (İrəvanın) sakinləri idi.
Azərbaycanlılar erməni dilini bilir və ana dili olan Azərbaycan dilində olduğu kimi, bu dildə də səlis danışırdılar, lakin daimi ayrı-seçkiliyə məruz qalırdılar və hüquqları tapdalanırdı. Ermənistanda azərbaycanlılara "türk" olduqları daim hiss etdirilib".
Təkcə 1987-1991-ci illər ərzində üç yüz minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan deportasiya olunub.
Sülh yolu ilə qayıdış
Bölgədə sabitliyin, barışın və davamlı inkişafın əldə olunması üçün ilkin addım cari il 8 avqust tarixində Vaşinqton Sülh Sammitində atılıb. Ağ Evdə Azərbaycan-Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin mətninin paraflanması təkcə iki ölkənin deyil, ümumilikdə bölgə adına əldə olunan uğur kimi həm də bu coğrafiyada yaşayan xalqların firavan həyatının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu anlamda indiki Ermənistan ərazilərindən deportasiya edilən qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin olunması üçün də tarixi an yetişib. Qərbi Azərbaycana qayıdış dövlətimizin gündəliyində duran vacib məsələlərdən biridir. Davamlı olaraq bu məsələ beynəlxalq gündəlikdə qaldırılır və bu istiqamətdə işlər görülür.
1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adı 3 avqust 2022-ci ildə dəyişdirilərək "Qərbi Azərbaycan İcması" adlandırılıb. İcmanın yeni Nizamnaməsi təsdiq olunub, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanıb. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən İrəvan Qazılığının bərpa edilməsi barədə qərar da verilib. İrəvan Qazılığının Əsasnaməsi də artıq təsdiqlənib.
Beynəlxalq birlik də qərbi azərbaycanlıların qayıdış hüquqlarını dəstəkləyir. Bu il Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə qəbul edilən Xankəndi Kommünikesində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ da əksini tapıb. İyunun 21-22-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul olunması da bu qəbildəndir.
Prezident İlham Əliyevin 21 may 2025-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciəti də BMT sənədi kimi yayılıb.
Bir sözlə, Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarına qayıdışları beynəlxalq hüququn və ədalətin təmini deməkdir.
Necə ki, bu barədə Prezident İlham Əliyev bildirib: "Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"