05 Dekabr 2025 09:10
120
Mədəniyyət
A- A+
Dövlətçilik tariximizdə şərəfli yer tutan siyasi xadim

Dövlətçilik tariximizdə şərəfli yer tutan siyasi xadim


XX yüzillik Azərbaycan tarixinə yeni siyasi baxışlar əsri kimi daxil olmuşdur. Qabaqcıl ziyalılarımız böyük ictimai-siyasi hadisələrlə zəngin olan bu dövrün təlatümlü,  ağrılı ilk onilliklərində xalqın azadlıq mücadiləsində, milli istiqlal hərəkatında müstəsna rol oynamışlar. Rusiyanın və Qərbin inqilabi hərəkatlarla yaşadığı bir vaxtda Azərbaycan müsəlman ölkəsi kimi daha ciddi maneələrlə rastlaşmışdı. Belə bir vaxtda bütövlüyümüzü və milli mənafeyimizi qorumaq ən zəruri məsələlərdən biri idi. Məhz azad düşüncə sahibləri olan milli ruhlu ziyalılarımız ayıq təfəkkürləri və mütərəqqi fikirləri ilə yeni siyasi-ideoloji mühitin əsasını qoymuş, milli hərəkatı xalqımızın istiqlalına qədər yüksəldə bilmişlər. 

Belə tarixi şəxsiyyətlərdən biri də Şərqdə ilk Demokratik Respublikanın yaradıcılarından öncülü Fətəli xan Xoyski olmuşdur. O, Azərbaycanda milli istiqlal hərəkatının və Xalq Cümhuriyyətinin təməl daşını qoymuş, zəngin və keşməkeşli mübarizələrlə dolu ömür yaşamışdır.

Bu il Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, cümhuriyyətin banilərindən biri və ilk baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda istiqlal mücahidinin fəaliyyətinə yüksək qiymət verilmiş, dövlətçilik tariximizdə şərəfli yeri və xidmətləri xüsusi vurğulanmışdır: "Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir".


Əsilli-nəcabətli ailənin övladı


Fətəli xan Xoyski 1875-ci ilin dekabrında Şəki şəhərində anadan olmuşdur. Atası İsgəndər xan Xoyski rus ordusunun general-leytenantı idi. Əsilli-nəcabətli ailəyə mənsub olan Fətəli xanın babası İsmayıl xan Xoyski və ulu babası Cəfərqulu xan X1X əsrin əvvəllərində qədim və zəngin mədəniyyət ənənələri ilə məşhur olan Şəki xanlığının hakimi olmuşlar. Cəfərqulu xan 1814-cü ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdir. 1819-cu ildə İsmayıl xanın vəfatı ilə Şəki xanlığı ləğv olunmuş və Rusiyanın tərkibinə qatılmışdır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. O cümlədən Fətəli xan Xoyski də dövrünün qaynar və zəngin ictimai-siyasi hadisələrində öz dəst-xətilə, vətəninə və xalqına sədaqəti ilə seçilən, dövlətçilik tariximizdə mühüm yeri olan şəxsiyyətlərdəndir. 

Fətəli xan ibtidai təhsilini Şəki şəhərində aldıqdan sonra ailəsinin Gəncəyə köçməsilə əlaqədar şəhərdə klassik gimnaziyanı, 1901-ci ildə isə Moskva Universitetinin Hüquq fakültəsini bitirmişdir. Tələbəlik illərində universitetin gənclər hərəkatına qoşulmuş, Rusiyada nəinki insanlar, həm də xalqlar arasında yürüdülən ayrı-seçkilik siyasətinin şahidi olmuş və buna qarşı etirazlarını bildirmişdir. Geniş dünyagörüşlü siyasətçi kimi formalaşan bu gənc ziyalı əvvəlcə Gəncədə, sonra isə Gürcüstanın Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. 1905-ci ilin avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I qurultayında yaradılan "İttifaqi müslimin" təşkilatının işində fəal iştirak etmiş, hüquq və iqtisadiyyat komissiyalarının tərkibində gərgin fəaliyyət göstərmişdir. 1907-ci ildə Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilmişdir. Bu, F.Xoyskinin ictimai fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından İkinci Dövlət Dumasına nümayəndə seçilmiş və Dumanın müsəlman fraksiyasına daxil olmuşdur.


Dövlət Dumasının deputatı


Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini kəskinliklə tənqid etmişdir. Bu zaman Azərbaycandan Xoyski ilə yanaşı, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Zeynal Zeynalov, Mustafa Mahmudov və başqaları millət vəkili missiyasını daşıyırdılar. F.Xoyski dumanın müsəlman deputatları fraksiyasına daxil idi. O, Rusiyanın müstəmləkə xalqlarına məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. Göstərirdi ki, yerli xalqların hüquqlarının pozulmasına və torpaqların imkanlı adamların əllərinə keçməsinə yol vermək olmaz. Çarizmin köçürmə siyasəti torpaq məsələsi ədalətlə həllini tapana qədər dayandırılmalıdır.

Fətəli xan deputat səlahiyyətlərindən istifadə edərək X.Xasməmmədov və M.Mahmudovla birlikdə Rusiyanın müdafiə nazirinə sorğu göndərmiş, hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş etmişdir. Bundan başqa, o, 173 deputatın imzası ilə milli və dini fərqlərə görə, vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına layihə təqdim etmişdir. Lakin 1907-ci il iyunun 3-də çarın manifesti ilə ikinci Dövlət Duması öz işinə xitam verdiyi üçün F.Xoyskinin və onun həmkarlarının qaldırdıqları məsələlər öz həllini tapmamışdı.

Fətəli xan sonralar Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üçün andçı-müvəkkil, hüquq məsləhətçisi vəzifələrini icra etməklə yanaşı, siyasi xadim kimi də fəaliyyətini dayandırmamış, xalq arasında böyük nüfuz qazanmışdır. O, 1917-ci ilin martında Bakıda yaradılmış Milli Müsəlman Şurası müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Həmin ilin aprelində isə Bakıda çağırılmış Ümumqafqaz Müsəlmanları Qurultayında iştirak etmişdir. 

F.Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən "Türk ədəmi-mərkəziyyət partiyası"- "Müsavat"ın I qurultayının iştirakçısı olmuş, müxtəlif məsələlərlə bağlı çıxışlar etmiş və həmin qurultayda irəli sürülən "Azərbaycana muxtariyyət" şüarını kəskinliklə müdafiə etmişdir. 

Tədqiqatçıların araşdırmalarında göstərilir ki, Fətəli xanın bioqrafiyasında parlaq səhifələrdən biri onun Bakı Şəhər Dumasının sədri seçilməsidir. Onun 10 mindən çox səs almış müsəlman blokunu təmsil edən şəxs kimi Dumanın sədri seçilməsi o dövr üçün çox böyük göstərici idi. F.Xoyskinin rəhbərlik etdiyi dövrdə Bakı Şəhər Duması hakimiyyəti kütləvi, amansız qırğınlar yolu ilə ələ keçirməyə nail olan Bakı Sovetinin yeganə rəqibi olmuşdur. 

Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan 1918-ci ilin mayında Leninə göndərdiyi teleqramda "Xoyskilərə qarşı" əldə silah mübarizə aparacaqlarını yazırdı. Fətəli xanın qətiyyətli, çevik, konkret fəaliyyəti isə o zaman hamını heyran qoyurdu. 

Az sonra Tiflisdə Zaqafqaziya qanunvericilik orqanı olan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlardan ibarət Zaqafqaziya seymi fəaliyyətə başlamışdır. Seymin müsəlman fraksiyasına F.Xoyski də daxil olmuşdur. O, Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikasının maarif naziri vəzifəsini icra etmişdir.  Lakin Zaqafqaziya Federasiyası da nə xarici, nə də daxili siyasətdə elə bir mühüm dəyişikliyə nail ola bilməmişdi. 


Cümhuriyyətin baş naziri


1918-ci il mayın 27-də F.Xoyskinin də daxil olduğu seymin azərbaycanlı deputatları Azərbaycan Milli Şurasını yaratmışlar. Mayın 28-də isə Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni elan etmişdir və təkcə türkdilli xalqlar arasında deyil, bütün müsəlman dünyasında birinci dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan xalqımızın ilk müstəqil hökumətini təşkil etmək bitərəf F.Xoyskiyə tapşırılmışdı. Bir saatlıq fasilədən sonra Fətəli xan hökumətin təşkili haqqında məruzə ilə çıxış etmişdir. Bir faktı da qeyd edək ki, Azərbaycanın müstəqil respublika elan olunması haqqında dünyanın əsas siyasi mərkəzlərinə 30 may 1918-ci ildə radioqram göndərmək şərəfi də hökumət başçısı F.Xoyskiyə nəsib olmuşdur. Hökumətin təşkili ilə bağlı Üzeyir bəy Hacıbəyli yazırdı: "Yeni vücuda gəlmiş Azərbaycan hökumətinin birinci rəisi-vüzərası olmaqla Azərbaycan tarixində mühüm mövqe tutmuş Fətəli xan həzrətləri bu yeni dövlətin vəziyyətini taxta paralarından əmələ gəlmiş bir gəmiyə bənzədir ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat, hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin istedad və məharətinə bağlamışdır... Bu zəif gəmini bu fırtınalı gündə bu dağın, bu daşın arasından salamat keçirmək və sahili-nicata çıxarmaq kimi çətinliyi Fətəli xan həzrətləri öz boynuna götürməyi qəbul etdi və gəmisini kamali-ehtiyat və ehtimal ilə sahili-nicata çıxarmaqda, fırtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirməkdə böyük ustalıq və məharət göstərdi". Fətəli xan hökumətdə həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tutmuşdur.

Ölkədə yaranmış vəziyyətlə bağlı 1918-ci il iyunun 16-da Milli Şura və hökumət Gəncəyə köçmüşdü. İyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən, Fətəli xan Xoyskinin rəhbəliyi ilə müxtəlif partiyaların nümayəndələrinin təmsil olunduğu ikinci hökumət kabineti təşkil edilmişdi. Həm də Milli Şuranın buraxılması və bütün qanunverici hakimiyyətin müvəqqəti hökumətin əlində cəmləşməsi haqqında qərar verilmişdir. O zaman hökumət proqramı ilə çıxış edən Xoyski bildirmişdir ki, onun başlıca vəzifəsi Azərbaycanın azadlıq və istiqlalı uğrunda mübarizə aparmaqdır. 

Bu aylarda Müvəqqəti hökumət Bakı uğrunda mübarizə aparmaqla yanaşı, dövlət aparatını qurmaqla məşğul idi. Ən böyük problem milli kadrların çatışmaması ilə bağlı idi. Çarizmin siyasətinin Azərbaycana vurduğu ən böyük zərbələrdən biri dövlət aparatına yerli əhalinin buraxılmaması idi. Yeni yaranmış dövlət orqanları məmurlarının xeyli hissəsini qeyri-millətlərin nümayəndələri təşkil edirdi. Odur ki, Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli fərmanında deyilirdi: "Dövləti lisan türk (Azərbaycan) dili qəbul edilərək, irəlidə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istimalına müsaidə edilsin". Bununla da həmin gün Azərbaycan dili dövlət dili elan edilmişdir. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olunmuşdur.

Müvəqqəti hökumətin diqqətini cəlb edən işlərdən biri də avqust ayında yaradılmış Fövqəladə Təhqiqat Komissiyası idi. Bu komissiyanın funksiyasına yerli əhaliyə qarşı vəhşiliklərin, o cümlədən mart qırğınlarının dəqiq öyrənilməsi, günahkarların müəyyən edilməsi və onların məhkəməyə verilməsi daxil idi. Bir sözlə, paytaxt Bakıya köçürülənə qədər F.Xoyski hökuməti ölkənin iqtisadi və siyasi həyatı ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirmişdi.


"Bizim də həyatda azad yaşamağa hüququmuz vardır"


1918-ci il sentyabrın 15-də Bakı oyuncaq Sentrokaspi qüvvələrindən təmizləndikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxta köçmüşdür. Bu münasibətlə Fətəli xan çıxış edərək demişdir: "Bizim də həyatda yaşamağa, azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, məftilli çəpər, mina və s. texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər". 1918-ci il noyabrın 9-da hökumət baçısının məruzəsi üzrə Azərbaycan  özünün üçrəngli bayrağını təsdiq etmişdir, milli valyutamız dövriyyəyə buraxılmışdır.

Azərbaycan dövlətçiliyinin tarixində ən böyük hadisələrdən biri də 1918-ci il dekabrın 7-də Məclisi-məbusanın (parlamentin) açılışı olmuşdur. M.Ə.Rəsulzadədən sonra parlamentdə çıxış edən F.Xoyski sevinc içərisində millət vəkillərinə müraciətlə demişdir: "Möhtərəm Azərbaycan parlaman əzası! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz, azərbaycanlılar yuxuda da görməzdik. Bu gün o günümüzdür ki, milli müqəddəratımızı öz əlimizə almışıq. Hökumət məni vəkil etmişdir. Bu bayram münasibətilə sizi təbrik edirəm. Hökumət sizin hüzurunuzda məsul olduğundan borcudur öz fəaliyyəti və nə kimi şərait altında işlədiyi haqqında sizə məlumat versin". Görülən işlər barədə danışan Fətəli xan ayrı-ayrı firqələr arasındakı ziddiyyətləri xatırladaraq demişdir ki, iki qardaş arasında da mübahisə olur. Fəqət, mübahisəli məsələlərimiz dostanə surətdə həll edilməlidir.

Parlament Müvəqqəti hökumətin istefasını qəbul etdikdən sonra yeni Nazirlər Kabinetinin tərkibini müəyyən etməyi və hökumətə başçılığı yenidən Fətəli xan Xoyskiyə tapşırmışdı. Fətəli xan səhhətinin pisləşməsi ilə əlaqədar milli hökumətə başçılıq etmək iqtidarında olmadığını bildirməsinə baxmayaraq, bu məsul vəzifə təkidlə ona həvalə edilmişdir. 1918-ci il dekabrın 26-da təşkil edilən üçüncü hökumət kabinetində o, Nazirlər Kabinetinin sədri və xarici işlər naziri vəzifəsini tutmuşdur. 

F.Xoyskinin dövründə Azərbaycanda dövlətçiliyin əsası qoyulmuşdur. Yelizavetpol şəhəri və quberniyası yenidən Gəncə və Gəncə quberniyası adlandırılmış, Qaryagin qəzası Cəbrayıl qəzası adı ilə əvəz edilmiş, çoxpartiyalı parlament sisitemi yaradılmış, Azərbaycan Respublikasının pul və poçt markaları buraxılmış, ana dilində məktəb və seminariyalar açılmış və digər mütərəqqi islahatlar həyata keçirilmişdir. Professor V.İ.Razumovskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" sərlövhəli məqalədən məlum olur ki, Bakı Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsus olmuşdur. Həmin illərdə sinfi ziddiyyətlərin qalmasına baxmayaraq, bütün görülən işlər bu dövr üçün əhəmiyyətli və müsbət xarakter daşımışdır.

Nizami Azərbaycan ordusunun yaradılmasını F.Xoyski milli müstəqilliyə doğru atılmış ən böyük addım kimi qiymətləndirmiş, dövlətçiliyin etibarlı təməl daşı hesab etmişdir. Zaqafqaziyanın maarif naziri işləyərkən o, Azərbaycanda ibtidai və ali məktəblərin açılmasına cəhd göstərmişdir. Tiflis şəhərində Zaqafqaziya darülfününün təsis məsələsi qaldırılmışdır. O zaman maarif naziri işləyən Fətəli xan  bu məsələ barəsində demişdir: "… nə üçün Tiflisdə? Axı burada həm ali texniki məktəb, həm də Gürcüstan Universiteti var. Yaxşı olmazmı, bu darülfünun hər bir şəraiti olan Bakıda təsis edilsin…" Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarının təsisi məsələsində F.Xoyski və onun başçılıq etdiyi kabinet xüsusi rol oynamışdır. Fətəli xanın vaxtilə Dövlət Dumasında qaldırdığı torpaq məsələsi onun rəhbərlik etdiyi kabinet tərəfindən həyata keçirilmişdir. Torpaqların kəndlilərə paylanması üçün komissiyalar yaradılmışdır. Bütün bunlar vətən və millət mənafeyini müqəddəs amala çevirən ziyalının saf əqidəsindən, məsləkindən irəli gəlirdi. 

1919-cu ilin martın əvvəllərində F.Xoyskinin başçılıq etdiyi hökumət kabineti istefaya çıxmışdı. 

Fətəli xan Xoyski Nəsib bəy Yusifbəylinin 1919-cu il dekabrın 23-də təşkil etdiyi ikinci hökumət kabinetində xarici işlər naziri vəzifəsini icra etmişdir. 


Azadlıq və istiqlal mübarizəsinin önündə

 

1920-ci il yanvarın 2-də RSFSR-in xarici işlər üzrə xalq komissarı G.V.Çiçerin ağ qvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etmişdir. Həmin ayın 19-da Fətəli xanın verdiyi cavabda göstərilirdi ki, Azərbaycan Respublikası sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir. Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə də həmin məsələyə qayıdır. F.Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirir, onun təklifini rədd edir.

1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunmuşdur. Martın axırında Çiçerin sonuncu notanı göndərir, aprelin 27-də F.Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI ordunun Bakıya yaxınlaşdığı xəbəri alınır. 

Bu hadisədən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedir. 1920-ci il iyunun 19-da F.Xoyski məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisin İrəvan meydanından keçərkən muzdlu erməni qatilləri tərəfindən güllə atəşinə tutulur. X.Xasməmmədov yaralanır, Fətəli xan isə həlak olur. Görkəmli ictimai-siyasi xadim F.Xoyskinin məzarı Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin qəbri yanındadır.

Fətəli xan Xoyski ömrünün sonuna qədər vətəninə və torpağına sədaqətlə xidmət etmişdir. Dövlətçilik tariximizdə şərəfli yeri və peşəkar siyasətçi dəst-xətilə seçilmişdir. Görkəmli istiqlal mücahidinin xidmətləri tariximizin yaddaşına əbədi həkk olunmuşdur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

Prezident: Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir  

10:00
05 Dekabr

İlham Əliyev: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini zaman-zaman məhv etmişdir  

09:59
05 Dekabr

Əziz Ələkbərov: Qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik  

09:59
05 Dekabr

“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına  

09:58
05 Dekabr

Azərbaycan nüfuzlu reytinqdə Mərkəz Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb  

09:57
05 Dekabr

Lökbatanda baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır  

09:54
05 Dekabr

ABŞ Sakit okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib  

09:52
05 Dekabr

Tramp: Düşünürəm ki, əvvəl-axır Rusiya-Ukrayna müharibəsinin həllinə nail olacağıq  

09:51
05 Dekabr

Azərbaycan süvariləri BƏƏ-də milli bayramı münasibətilə keçirilən tədbirdə çıxış ediblər  

09:49
05 Dekabr

Ceyhun Bayramov gürcüstanlı həmkarına Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı məlumat verib  

09:48
05 Dekabr

Azərbaycanla İrlandiya arasında regional və beynəlxalq gündəlikdə duran məsələlər nəzərdən keçirilib  

09:47
05 Dekabr

Ceyhun Bayramovla ATƏT-in Baş katibi arasında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib  

09:45
05 Dekabr

Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə edilib  

09:45
05 Dekabr

Ceyhun Bayramov norveçli həmkarı ilə görüşüb  

09:44
05 Dekabr

Vaşinqtonda Trampın vasitəçiliyi ilə Konqo və Ruanda arasında sülh sazişi imzalanıb  

09:43
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!