23 Fevral 2025 08:00
2227
SİYASƏT
A- A+
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir

Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir


Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin siyasi-hüquqi strukturu, ictimai münasibətlər sistemi ümumxalq iradəsi əsasında müəyyənləşən,  beynəlxalq hüquq normaları ilə uzlaşan fundamental prinsiplərə söykənir. 

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca şərtlərindəndir. Hüquqi dövlətin mahiyyəti isə cəmiyyətin əsas qanunu, bazisi qismində çıxış edən Konstitusiyanın ümumbəşəri demokratik dəyərlərə nə dərəcədə uyğun olub-olmaması ilə şərtlənir. 

Hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən, dünya nizamına inteqrasiya kursunu əzmlə həyata keçirən Azərbaycanda da Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan, insan, dövlət və cəmiyyət münasibətlərinin əsaslarını tənzimləyən normalar sistemidir. Azərbaycan Konstitusiyası nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə edən əsas qanun olmaqla, insan və vətəndaşın hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, xalqın özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası qismində çıxış edir.    

Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı sərəncamında deyilir: "Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir". 

Konstitusiya və suverenlik bir-birini tamamlayan və sıx əlaqədə olan məfhumlardır. Suverenlik bir dövlətin həm daxili, həm də xarici siyasi fəaliyyətində tam müstəqilliyə malik olmasıdır. Siyasətini milli mənafelər və xalq maraqlarına müvafiq qura bilməyən bir dövlətin müstəqilliyi ya müəyyən çərçivələrlə məhdudlaşaraq formal xarakter daşıyır, ya da onun müstəqil davranışından bəhs etmək belə düzgün deyil. Prezident İlham Əliyevin imzaladığı sənəddə də xüsusi qeyd olunur ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bu baxımdan Əsas Qanunumuzun bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə müstəqil dövlət olaraq ilk Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü qeyd etməyimiz yaşadığımız ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsinə məntiqi əsaslar yaradır. 

Prezident İlham Əliyev tərəfindən fevralın 12-də "Konstitusiya və Suverenlik İli" ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında daha bir sərəncam imzalanıb. Tədbirlər Planında 20 sentyabr - 12 noyabr tarixləri müddətində Azərbaycan Dövlət Suverenliyi Gününün və Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinin geniş qeyd olunması, bununla əlaqədar yerli və beynəlxalq əhəmiyyətli toplantıların keçirilməsi nəzərdə tutulub. İl ərzində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda tədbirlərin təşkilinə geniş yer veriləcək, silsilə yazılar dərc olunacaq.

 

Müstəqilliyin ilk Konstitusiyası 


1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin ictimai-syasi həyatında əlamətdar bir hadisə oldu. Müstəqillik aktı 1991-ci ildə qəbul edilsə də, onun hüquqi əsasını təşkil edən Konstitusiya 1995-ci ildə işlənib hazırlandı. Bunun bir səbəbi keçmiş "Dağlıq Qarabağ problemi" ilə bağlı idisə, digəri müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar edilməsinə mane olan məlum hadisələrin baş verməsi ilə əlaqədar idi.

Dövlət quruculuğu prosesinin reallaşması ilk növbədə ictimai sabitliyin təmin olunmasından asılı idi. Azərbaycanda da dövlət quruculuğuna başlamaq üçün ilk növbədə daxili ictimai-siyasi sabitsizliyə son qoyulması idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı  bu sahədə bir sıra mühüm addımların atılması ilə nəticələndi və həmin dövr, əslində, Azərbaycanın yeni tarixinə müstəqil dövlət quruculuğu prosesinin başlanğıc mərhələsi kimi daxil oldu. Ayrı-ayrı silahlı dəstələrin ləğvi və aqressiv müxalifət qüvvələrinin zərərsizləşdirilməsi hakimiyyətə ölkənin ictimai-siyasi  həyatının bütün sahələrinə qanun çərçivəsində nəzarət etmək imkanı verdi və buna görə də sonrakı mərhələdə respublikanın ümumi mənafelərinə xidmət edən mühitin yaradılması mümkün oldu. 

Cəmiyyətin təhlükəsizliyinə təminat verən idarəetmə sisteminin formalaşması isə hələ uzun bir dövrü əhatə edən islahatların aparılmasını tələb edirdi. Həmin islahatları müharibə amilinin gündəmdə qaldığı bir vaxtda sürətlə həyata keçirmək əlbəttə ki, çətin idi və bu mənada 1994-cü ildə imzalanmış atəşkəs sazişi olduqca mühüm tarixi əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki, sazişdən sonra Azərbaycan çox qısa vaxt ərzində böhrandan və tənəzzüldən qurtulmağa nail oldu. Hakimiyyətin konkret və qəti addımları ölkənin ictimai həyatında böyük uğurlara aparan yeni bir strategiyanın gerçəkləşdirilməsinə gətirib çıxardı ki, bu da beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq əlaqələrinin qurulması ilə nəticələndi.

Elə həmin il "Əsrin müqaviləsi"nin imzalanması iqtisadi potensialın dövlət quruculuğu prosesinə cəlb edilməsinə imkan verən unikal layihələrin həyata keçirilməsini təmin etdi. Bu layihələr Azərbaycanı nəinki iqtisadi böhrandan qurtarmış oldu, eyni zamanda onu regionun real iqtisadi və siyasi güc mərkəzinə çevirdi.

Yeni neft strategiyasının uğurlu nəticələri təkcə vətəndaşların sosial rifahının təmin olunmasını deyil, həm də dövlətin zəruri əsaslarının möhkəmləndirilməsini həyata keçirməyə şərait yaratdı. Lakin Azərbaycanda demokratikləşmə prosesi dövlət quruculuğu prosesi ilə paralel həyata keçirildiyindən onun özünəməxsus çətinlikləri və problemləri meydana çıxırdı. Bu iki prosesi vahid bir harmoniyaya tabe etmək, onların birgə reallaşmasına imkan verən islahatlar konsepsiyası işləyib hazırlamaq üçün böyük dövlətçilik təcrübəsinə və universal siyasi baxışlar sisteminə əsaslanan dəyişikliklər lazım idi. Azərbaycanın bəxti məhz onda gətirdi ki, həmin dövrdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə rəhbərlik Ulu Öndər tərəfindən aparılırdı. Əks halda hansı sosial-siyasi təlatümlərin baş verə biləcəyini təsəvvür etmək o qədər də çətin deyildi. Demokratik təsisatların formalaşması və demokratiyanın təməl prinsiplərini təşkil edən ənənələrin sürətli təşəkkülü respublikamızda dövlət quruculuğu prosesində ciddi nailiyyətlərin qazanılmasını sürətləndirən mühüm amil rolunu oynayırdı.   

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası idi.

Tarixə nəzərən bir faktı da qeyd etmək yerinə düşər ki, ötən əsrin əvvəllərində Xalq Cümhuriyyəti hökuməti nə Konstitusiyanın qəbuluna, nə də tam suverenliyin təmin edilməsinə nail ola bilmişdir. O dövrün ictimai-siyasi reallığı xalqımızın minlərlə vətən övladının qanı bahasına əldə edilmiş müstəqilliyin qorunub saxlanılmasına imkan verməmişdir. Qısa sürən dövlətçilik tarixi Konstitusiyanın qəbulu üçün də kifayət etməmişdir. 

Həmin illər xalqımızın tarixində qanlı dövr olmaqla yanaşı, ziddiyyətli hadisələrlə də müşayiət olunmuşdur. Məsələn, torpaqlarımızın bir qisminin daşnak Ermənistan tərəfindən işğalı, sonra isə min illər boyu türk yurdu olan ərazimizdə erməni dövlətinin yaradılması göstərir ki, iki ilə yaxın dövrü əhatə edən ürkək müstəqillik tarixində suverenliyimizin tamlığı barədə danışmaq da təəssüf ki, mümkün olmamışdır. 

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Əsas Qanunumuz və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra bərpa etdiyimiz dövlət suverenliyimiz xalqımızın təkcə əsrləri əhatə edən arzusu deyil, həm də tariximizin bizim qarşımızdakı tələbi idi. Azərbaycan xalqı öz rəhbərinin liderliyi ilə bu möhtəşəm sınaqdan üzüağ çıxmağı bacardı və müstəqillik yolunda növbəti mərhələnin bünövrəsini qoymağa müvəffəq oldu. İndi tam əsasla deyə bilərik ki, Əsas Qanunumuz tariximizin ilk və yeganə müstəqillik Konstitusiyasıdır!


Heydər Əliyev ideyaları və dövlətçilik ənənələri


Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən, xalqımız 2023-cü ili "Heydər Əliyev İli" kimi qeyd etmişdir. Həmin sərəncamda qeyd edilir ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul olunur. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.

Bugünkü modern Azərbaycan məhz Heydər Əliyev ideyaları və dövlətçilik ənənələrinə sadiqliyinin bəhrəsidir. Xalqımızın hər gün Zəfər gününü yaxınlaşdırması, bunun üçün hər bir fərdin cavabdeh olduğu sahədə fəal çalışması, vətəndaşların Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənin üzərinə endirilən "dəmir yumruq" olması və nəticə etibarilə ölkəmizin nüfuzunu dünya miqyasında yüksəklərə qaldıran, tarixi ədalətin bərpasına səbəb olan Qələbəmizə nail olması məhz Ulu Öndər Heydər Əliyev yoluna sadiqliyinin bariz göstəricisidir.

1993-1994-cü illərdə ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsi Konstitusiyanın qəbulu istiqamətində konkret addımlar atmağa imkan verməmişdi. Dövlətçiliyə qarşı yönəlmiş qəsdlərin qarşısı alındıqdan sonra 1995-ci ilin may ayında Milli Məclisin iclasında Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edilmişdi. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci il iyun ayının 5-də ilk iclasını keçirmişdir. Komissiyanın iclasında geniş nitq söyləyən Heydər Əliyev bir sıra dəyərli tövsiyə və məsləhətlərini vermişdir. "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun... Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" deyən Ulu Öndər Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişindən, milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.

Ulu Öndər Heydər Əliyev müstəqillik Konstitusiyamıza müəlliflik etməklə və onun qəbuluna nail olmaqla həm Azərbaycan xalqının ötən əsrin əvvəllərindən yarımçıq qalmış və reallaşmamış arzusunun və tarixi vəzifəsinin gerçəkləşməsinə, həm də dövlətimizin sabit, firavan, əhalisinin rifah halında yaşadığı və müstəqilliyinin dönməz olduğu gələcəyə qədəm qoyması yolunda qanuni əsasların yaradılmasına nail olmuşdur. Ümummilli Lider ali qanunun qəbul edilməsi ilə müstəqil Azərbaycanın bir dövlət kimi mövcudluğunun əsasını qoymuşdur. Bu tarixdən etibarən vətəndaşlarımız dövlət atributlarının və qanunun aliliyinin qorunduğu ölkədə yaşamağa başlamışlar. Konstitusiyanın qəbulu hüquqi dövlətin parametrlərinin müəyyən olunması, ictimai-siyasi həyatın sanksiyalaşdırılması və sosial-iqtisadi inkişaf yollarının müəyyən olunmasına şərait yaratmışdır. 

Dövlət quruculuğu prosesinin ən zəruri məqamlarından biri hüquqi sistemin təkmilləşdirilməsi ilə bağlı idi. Heydər Əliyev Azərbaycanda hüquqi dövlət modelinin yaradılması və inkişafına yönəlmiş fundamental strategiyanın müəllifi kimi bütün sahələrdə mükəmməl qanunların hazırlanmasına müvəffəq olmuşdur. 

Konstitusiyada ali hakimiyyətin xalqa məxsus olduğu bildirilir ki, bu da Azərbaycanın məhz demokratik yolla inkişafının qaçılmazlığını nəzərdə tutur. Əsas Qanunumuzda öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək xalqımızın suveren hüququ kimi təsbit olunur. 

Konstitusiyada dövlətin əsas vəzifələri, Azərbaycanın başqa ölkələrlə münasibətlərinin hansı prinsiplər üzərində qurulması öz əksini tapmışdır. Diqqətçəkən ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, insan hüquqlarının qorunmasının zəruriliyi Əsas Qanunumuzda kifayət qədər aydın şəkildə göstərilib və bu, prioritet vəzifələrdən biri kimi xarakterizə edilib.

Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipləri də dəqiq şəkildə verilmişdir. Hakimiyyətin üç qolu arasında səlahiyyətlərin bölünməsi ölkədə mükəmməl idarəetmə sisteminin yaradılmasına xidmət edir və onun əhəmiyyətini başa düşmək üçün sadəcə Əsas Qanunda öz əksini tapmış müddəaların mahiyyətinə diqqət yetirmək kifayətdir.

Ana dilimizin qorunması və inkişafı da müvafiq qanunuvericilik aktları və Konstitusiya ilə tənzimlənir. Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində - Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə böyük aktuallıq kəsb etmişdir. Lakin  o zaman nə İstiqlal Bəyannaməsində, nə də Konstitusiya aktında dövlət dili haqqında maddə öz əksini tapmışdı. 1977-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası hazırlanmağa başlayanda respublikaya Heydər Əliyev rəhbərlik edirdi və o, Azərbaycan dilinin Əsas Qanunda dövlət dili kimi təsbit olunması ilə bağlı təşəbbüslə çıxış etmişdi. Ulu Öndərin nümayiş etdirdiyi əzmkarlıq və qətiyyət nəticəsində 1978-ci ilin aprelində qəbul edilən yeni Konstitusiyanın 73-cü maddəsində Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Beləliklə, Azərbaycan dili dövlət dili statusu aldı və bu, respublikada xalqın milli ruhunun oyanışında, mədəni-tarixi inkişafının stimullaşdırılmasında mühüm əhəmiyyətli rol oynadı. Ana dili hüquqi statusunun dövlət dili səviyyəsinə qaldırılması xalqımızın tarixi nailiyyəti idi.


Zamanla səsləşən islahatlar


Konstitusiya hüquqi sistemin nüvəsini təşkil etməklə digər qanunların mahiyyətini müəyyən edir. Ölkədə fəaliyyətdə olan və müxtəlif sahələrin işini tənzimləyən bu qanunlar Əsas Qanunla ziddiyyət təşkil etməməli, əksinə, onu tamamlamalıdırlar. Azərbaycanın ali qanununu hazırlamaq və ona müəlliflik etmək missiyası Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirildi. Çünki məhz Heydər Əliyev xalqımızın müstəqillik hərəkatı nəticəsində əldə etdiyi azad Azərbaycanın parçalanmasının, düşmən tərəfindən ərazilərimizin işğalının və qardaş qırğınının qarşısının alınması prosesinin önündə durmuş, 31 il öncəki tariximizin acı və qorxulu fəsadlarının aradan qaldırılmasına nail olmuşdur.

Heydər Əliyev Azərbaycan iqtisadiyyatının təməlini qurmuş, nizami ordu quruculuğunun əsasını qoymuş, ictimai-siyasi sabitliyə nail olmaqla xalqımızın uzun illər üçün inkişaf strategiyasını müəyyən etmişdir. Bütün bu tarixi hadisələrin qanun çərçivəsində gerçəkləşməsi isə Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın tənzimləmə funksiyası hesabına başa gəlmişdir. Çünki məhz Konstitusiya dövlətin başlıca məram və inkişaf prinsiplərini müəyyən edən, siyasi və iqtisadi fəaliyyətin təşkili, sosial və mənəvi həyatın işləmə mexanizmini tənzimləyən Əsas Qanundur.

Azərbaycan Respublikasının Konstitusiyası 30 il ərzində çox geniş təkmilləşdirmə və inkişaf yolu keçmişdir. Üç dəfə - 2002-ci, 2009-cu və 2016-cı illərdə Azərbaycan Respublikası Konstitusiyasının mətnində referendum yolu ilə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər əsas etibarilə cəmiyyətin inkişafı, yeni çağırışların ortaya çıxması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilmişdir. 24 avqust 2002-ci ildə keçirilən referendumda Konstitusiyanın 24 maddəsində 29 əlavə və dəyişiklik olunmuşdur. Bu dəyişikliklər insan hüquqlarının qorunması, seçki sisteminin təkmilləşdirilməsi və dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi kimi sahələri əhatə etmişdir. 18 mart 2009-cu il tarixdə  keçirilən referendum isə Azərbaycan Respublikası Konstitusiyasının 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik olunmuşdur. Bu dəyişikliklər arasında prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması və bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması kimi mühüm yeniliklər yer almışdır. 

26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədi daşıyırdı.

Konstitusiyada aparılan dəyişiklikdən sonra 2017-ci ilin fevralında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilən Mehriban xanım Əliyevanın bu vəzifədə dövlətimizə, xalqımıza, cəmiyyətimizə verdiyi tarixi töhfələr idarəetmədəki bu yeniliyin nə qədər mütərəqqi xarakter daşıdığını və vaxtında atılmış addım olduğunu bir daha göstərir. 

2016-cı il ümumxalq səsverməsindəki (referendumundakı) dəyişikliklər hakimiyyətlərarası münasibətlərin tənzimlənməsi, dövlət hakimiyyəti qolları arasında səlahiyyətlərin daha dəqiq bölünməsi və icra orqanlarının fəaliyyətinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.


Gələcək hədəflərə doğru


2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçilmiş və hakimiyyətinin ilk anlarından etibarən Ulu Öndərin dövlətçilik konsepsiyasını uğurla reallaşdırmağa başlayan cənab İlham Əliyevin çoxşaxəli və uğurlu fəaliyyətinin əsasında duran yeganə amal  və hədəf işğalda olan torpaqlarımızın geri qaytarılması idi. Bunsuz Azərbaycan xalqının şanlı tarixi missiyasını tam hesab etmək mümkün deyildir. Müstəqil Konstitusiyamızın tam suverenlik olmadan fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu strategiyasının icra edilməmiş qalması anlamına gələ bilərdi. Bu baxımdan dövlətin fəaliyyətinin bütün sahələri Azərbaycan  Prezidenti tərəfindən Qələbə məqsədi naminə səfərbər edilmişdir. Güclü iqtisadiyyatın yaradılması, qüdrətli ordunun qurulması, effektiv xarici siyasət, dövlətin və cəmiyyətin müxtəlif sahələrində həyata keçirilən islahatların başlıca hədəfi məhz düşmən üzərində zəfərə, tarixi ədalətin və suverenliyin bərpası amallarına xidmət edirdi. 

2020-ci ilin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz, sonrakı üç il ərzində dövlətin bu tarixi hərbi-siyasi uğurunu möhkəmlətmək istiqamətində atdığı addımlar, 2023-cü ildə isə cəmi bir günə Azərbaycan ərazisindəki separatizmə son qoyması suverenliyin bərpası salnaməsinin əsasını təşkil edir. Bununla müstəqillik tariximizdə ilk dəfə sərhədlərimizin bütövlüyünə və vətənimizin ən ucqar guşəsində belə müqəddəs üçrəngli bayrağımızın dalğalanmasına nail olduq. 

Bununla belə suverenliyin bərpası təkcə siyasi və hərbi proses deyil, bu həm də xalqımızın mənəvi birliyinin, bütövlüyünün, həmrəyliyinin təcəssümü, reallıqdakı əksidir. Azərbaycan xalqının Lideri - Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olduğumuz bu dəyərlər mənbəyini 1995-ci ilin 12 noyabrından - ilk müstəqillik Konstitusiyamızın qəbul edildiyi gündən götürür. O Konstitusiya ki Ulu Öndər Heydər Əliyevin tükənməz vətən sevgisinin məhsulu olaraq, qəlbinin xalqla döyünməsi və müəllifliyi ilə ərsəyə gəlmişdir.

2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi xalqımızın, xüsusilə yeni nəslin gələcək inkişafının hansı istiqamətdə müəyyən olunması baxımından tarixi əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xalqı özünün yeni inkişaf tarixinə qədəm qoyub. İndi dövlət suverenliyi tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.


İradə ƏLİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub  

19:07
30 Mart

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb  

18:36
30 Mart

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub  

17:39
30 Mart

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir  

17:13
30 Mart

Almaniya klubunun baş məşqçisi istefaya göndərilib  

16:10
30 Mart

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!