Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda ATİB sədri Mürsəl Rüstəmov çıxış edərək bildirib ki, təşkilat üzvləri həm tikinti və infrastruktur layihələrində, həm də sosial layihələrdə yaxından iştirak edib, eyni zamanda işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaqla yeni iş yerləri yaradıb, iqtisadiyyatın inkişafına təkan veriblər.
“Bu gün məqsəd ATİB-in üzvlərinin fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, ATİB olaraq Azərbaycanın inkişafı və rifahı naminə bütün fəaliyyətlərdə əlimizdən gələni əsirgəmədiyimizi və bundan sonra da əsirgəməyəcəyimizi nümayiş etdirməkdir. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri də Qarabağın yenidən qurulması və bərpası prosesindən kənarda qalmayıb, hər biri müvafiq sahədə aparılan işlərə öz töhfələrini veriblər”, - deyə ATİB sədri vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olub, siyasi və mənəvi dəstək göstərib, tarixi qardaşlıq bağlarımız strateji müttəfiqlik mərhələsinə yüksəlib. Müharibədən sonrakı dövrdə də qardaş ölkənin şirkətləri Qarabağın bərpasına ilk qoşulanlardan olub.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib. KOBİA sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri paralel şəkildə iqtisadi həyatın formalaşmasına zəmin yaradır. Onun sözlərinə görə, dövlət bu ərazilərdə infrastruktur qurur, yaşayış məntəqələri salır, enerji və nəqliyyat təminatını yaradır.
“Bu proseslər biznes üçün də aydın və proqnozlaşdırılan mühit formalaşdırır. KOBİA olaraq biz bu prosesdə sahibkarın yanında olmağı prioritet hesab edirik. Məqsədimiz təşəbbüslərin təşviqi ilə yanaşı, onların real iqtisadi dövriyyəyə çevrilməsinə dəstək verməkdir. İşğaldan azad olunmuş ərazilərlə bağlı KOBİA ya daxil olan minlərlə müraciət bunu açıq şəkildə göstərir. Bu müraciətlər sahibkar marağının ölçüsünü və bazarın gözləntisini əks etdirir”, - deyə KOBİA sədri vurğulayıb.
Orxan Məmmədov qeyd edib ki, bu mühit birgə layihələrin, ortaq investisiyaların və yeni əməkdaşlıq modellərinin yaranmasına şərait yaradır: “İşğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin fəal iştirakı da bu əməkdaşlığın real nəticəsidir. KOBİA həm də Türkiyənin bölgələri ilə biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir”.
Konfransda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, cari ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard manatdan çox və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilib, əlavə dəyər iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,2 faiz artıb. Onun sözlərinə görə, iqtisadi artım işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. 2019-cu il yanvarın 1-i ilə müqayisədə 2025-ci il noyabrın 1-i tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 min nəfərdən çox olub: “Qeyri-neft sektorunun genişlənməsi, sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır. Bu siyasətin mərkəzində isə sahibkarlığın inkişafı dayanır. Bu kontekstdə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı xüsusi yer tutur. Türkiyə bizim üçün sadəcə ticarət tərəfdaşı deyil – strateji müttəfiq, qardaş ölkə və ortaq iqtisadi taleyə sahib tərəfdaşdır. Bizim bizneslərimizin dili, mədəniyyəti, riskə baxışı və gələcək ambisiyaları üst-üstə düşür. Bu gün artıq klassik ixrac–idxal modelindən danışmaq kifayət etmir. Qarşımızda - birgə istehsal, sənaye kooperasiyası, texnologiya və bilik transferi, regional və qlobal bazarlara birlikdə çıxış kimi böyük hədəflər var”.
M. Musayev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda yaranan yeni iqtisadi reallıq Azərbaycan biznesi üçün tamamilə yeni bir səhifə açıb. Azad edilmiş ərazilərdə formalaşan sənaye zonaları, yaşıl enerji layihələri, logistika və infrastruktur imkanları təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi xəritəsini dəyişir.