Dövlətlərin və xalqların istər tarixində, istərsə də taleyində lider faktoru hər zaman böyük rol oynamışdır. İstənilən inkişaf etmiş, dünyada sayılıb-seçilən dövlətin tarixinə və uğurlarına nəzər salsaq bunu aydın görmək mümkündür. Müstəqil Azərbaycanın da inkişafı, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsi, ilk növbədə, lider amili ilə bağlıdır. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu, bu gün isə möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs və inkişaf strategiyası Azərbaycanı dünyanın sayılıb-seçilən dövlətləri sırasına yüksəltmişdir.
Heydər Əliyevin yaratdığı etibarlı dövlətçilik təməli
Bu gün öz tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksələn, torpaqlarını döyüş yolu ilə azad edən, ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan dövləti hər birimizin qürur və fəxarət mənbəyidir. Bütün bunlar barədə bəhs edərkən müstəqilliyimizin bərpasının ilk illərində məruz qaldığımız böhranlı vəziyyəti, üzləşdiyimiz siyasi-iqtisadi çətinlikləri, faciələri də xatırlayırıq. Və o zaman təsəvvür belə edə bilməzdik ki, vaxt gələcək Azərbaycan həm Cənubi Qafqaz regionunda, həm də qlobal səviyyədə yüksək ehtiram sahibi olan dövlət kimi tanınacaq.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında çox vacib və təxirəsalınmaz siyasi və sosial-iqtisadi vəzifələr dayanırdı. Bunlardan ən mühümləri əsas milli hədəflər olaraq Ermənistanın respublikamıza qarşı başlatdığı təcavüzkarlığın qarşısını almaq, ərazi bütövlüyümüzü təmin etmək və müstəqil dövlət quruculuğunu həyata keçirmək idi. Çox təəssüf ki, müstəqilliyimizin ilkin dövründə bir-birini əvəz edən hakimiyyətlər, xüsusilə, AXC-Müsavat iqtidarı respublikamızı ağır siyasi və iqtisadi böhrana sürüklədi. Hakimiyyətə top-tüfənglə gələnlərin yürütdüyü səbatsız və xəyanətkar siyasət nəticə etibarilə ərazilərimizi Ermənistanın hərbi hücumları qarşısında müdafiəsiz qoydu. Digər tərəfdən, ölkə daxilində milli birlik, vətəndaş hüququ pozuldu, separatizm baş qaldırdı. 1993-cü ildə Azərbaycan faktiki olaraq vətəndaş müharibəsində idi. Bundan daha faciəlisi dövlətçiliyimizin və müstəqilliyimizin itirilmək təhlükəsi qarşısında qalması idi.
Belə bir ağır vəziyyətdə xalqımızın böyük təkid və istəyi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz bütün təhlükələrdən xilas oldu. Görkəmli dövlət xadimi, təcrübəli siyasətçi kimi Heydər Əliyev ilk və təxirəsalınmaz addım kimi respublikamızın hərbi təhlükəsizliyini və müdafiəsini təmin etmək yönündə məqsədyönlü fəaliyyət ortaya qoydu. Bütün qanunsuz hərbi birləşmələri ləğv edən Ulu Öndər nizami, vahid komandanlığa əsaslanan Azərbaycan Ordusunu yaratdı. 1993-1994-cü illərdə uğurlu əməliyyatlar həyata keçirilərək torpaqlarımızın bir qisminin işğaldan azad olunması Azərbaycanın cəbhə xəttindəki mövqelərini möhkəmləndirdi, Ermənistanın işğal planlarının davam etdirilməsinə imkan verilmədi.
1994-cü ildə cəbhə xəttində Ermənistanla atəşkəs razılaşmasının əldə olunması qarşıda dayanan milli vəzifələrin həyata keçirilməsi üçün tarixi şərait formalaşdırıldı. Artıq 1994-cü ilin sentyabr ayında tanınmış neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyev siyasi kursuna olan inamın və Azərbaycanın tədricən beynəlxalq mövqelərini gücləndirməsinin təzahürü idi.
Ulu Öndər zəngin siyasi və idarəçilik təcrübəsinə söykənərək mütərəqqi dövlət quruculuğunu uğurla həyata keçirdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu, dövlətin demokratik, hüquqi və dünyəvi xarakter daşıdığı kimi əsas prinsiplər öz əksini tapdı. Genişmiqyaslı islahatların aparılması, elm, təhsil, mədəniyyət və ədəbiyyatın inkişafı sahəsində görülən işlər ölkə vətəndaşlarında dövlətçilik təfəkkürünün formalaşmasına mühüm təsir göstərdi. Həmçinin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı.
Heydər Əliyev 1990-cı illərin ortalarından başlayaraq, bazar iqtisadiyyatı münasibətlərinə keçidlə bağlı strateji vəzifələri müəyyən etdi. Dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələri nəzərə alınaraq, keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşdırılması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Əlverişli biznes mühitinin yaradılması ölkəmizə xarici investisiya qoyuluşunu sürətləndirdi. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq əsl sahibinə - kəndliyə qaytarıldı. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.
Müstəqilliyimizin dönməzliyini və əbədiliyini təmin edən Heydər Əliyev müasir Azərbaycanın memarı kimi həm də dövlətçiliyimizin təməl prinsiplərini müəyyən etdi. Məlumdur ki, ideologiyasız dövlətçilik mümkün deyil. Xalq ideologiyaya söykənmədən irəli gedə bilməz. Dünyanın inkişaf etmiş dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq onların müəyyən prinsiplərə söykəndiyini görərik. Bu baxımdan, Heydər Əliyev həm də müasir Azərbaycan dövlətinin ideoloji təməl prinsiplərini müəyyənləşdirdi. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunların aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı kimi prinsiplər əsasında inkişaf edən Azərbaycan dünya birliyində özünə layiqli yer tutdu.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində 1993-2003-cü illərdə respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu. O dövrdə Azərbaycanın ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, respublikamız, sözün əsl mənasında, mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib.
Azərbaycanı tarixinin ən qüdrətli dövləti səviyyəsinə yüksəldən lider
Müasir Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri də İlham Əliyevin timsalında müəyyən etdiyi siyasi xətti və strateji inkişaf kursunu qətiyyətlə davam etdirəcək siyasi varisini yetişdirməsi idi. Ulu Öndər görkəmli dövlət xadimi, təcrübəli siyasi strateq kimi özünün təcrübəsinə əsaslanaraq Azərbaycanın məhz İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün problemləri həll edəcəyinə, xalqımızın İlham Əliyevin liderliyi ilə tarixi nailiyyətlər qazanacağına inanırdı. Bu inam Ulu Öndərin 2003-cü ilin oktyabrın 1-də xalqımıza etdiyi müraciətdə də öz əksini tapıb. "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə Heydər Əliyev müraciətində bildirmişdir.
Azərbaycan ictimaiyyəti həm də cənab İlham Əliyevin buna qədər daşıdığı bütün vəzifələrdə dövlətə və xalqa layiqli şəkildə xidmət etdiyini, ona göstərilən etimadı uğurla doğrultduğunu yaxşı bilirdi. Buna qədər cənab İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdi. Möhtərəm İlham Əliyev 1995-ci ildən Milli Məclisin deputatı kimi nümunəvi fəaliyyət ortaya qoymuşdu. Deputat olduğu dövrdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri olan cənab İlham Əliyev Ermənistanın işğalçı siyasətini qətiyyətlə ifşası istiqamətində təqdirəlayiq fəaliyyət həyata keçirmişdi.
Məhz İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyindən sonra ölkəmizdə Olimpiya hərəkatı vüsət almış, idmançılarımız Yay Olimpiya Oyunlarında ilk qızıl medallarını qazanmışdılar.
2003-cü il avqustun 4-dən isə möhtərəm İlham Əliyev Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmuşdu. Baş nazir kimi qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə cənab İlham Əliyev milli maraq və mənafeləri təmin edən bir fəaliyyət nümunəsini yaratmışdır.
Əlbəttə ki, bütün bunlar 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərinin nəticələrində mühüm rol oynadı və cənab İlham Əliyev xalqını etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi. 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində etdiyi proqram xarakterli nitqində cənab İlham Əliyev Azərbaycan Prezidenti kimi fəaliyyətinin prioriteti olacaq məsələlərin nələrdən ibarət olacağını bəyan etdi. Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrdən biri bütün imkanlardan yararlanaraq Azərbaycanın inkişafının sürətləndirilməsi idi. "Bizdə bütün imkanlar - təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik", - deyə andiçmə mərasimində Prezident İlham Əliyev bildirmişdir.
Ötən 22 ilin bütün iqtisadi və sosial statistik göstəriciləri respublikamızın yüksəlişinin nə qədər dinamik və əzəmətli olduğunu təsdiqləyir. Lakin onu da qeyd etməliyik ki, Prezident İlham Əliyevin hələ 2003-cü ildə elan etdiyi iqtisadi inkişaf prioritetləri 2008-ci ilədək olan dövrü əhatə edirdi və onların hamısı beş ildə uğurla yerinə yetirilmişdi. Bu sırada Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin əsas uğurlu hadisələri olmaqla bərabər, iqtisadi sahədə qarşıya qoyulan vəzifələrin layiqincə həyata keçirilməsini təmin etdi. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı.
22 ilin zirvəsindən baxdıqda isə dövlətimizin uğurları sadəcə heyranlıq doğurur. Bu dövrdə Azərbaycanın keçdiyi inkişaf öz dinamizmi, məzmunu və əhatəliliyi ilə fərqlənir. Çünki bu inkişaf məhdud sfera ilə kifayətlənməyərək cəmiyyət həyatının bütün sahələrini əhatə edir və tarixinin ən qüdrətli Azərbaycanını dünyaya təqdim edir. Bu illər ərzində Azərbaycanda iqtisadiyyat ilə yanaşı, elm, təhsil, səhiyyə, idman inkişaf edib, respublikamız kosmik kluba daxil olub. Bu dövrdə "Cənub qaz dəhlizi"nin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın regional və qlobal mövqeləri möhkəmlənib, respublikamız Cənubi Qafqazda lider statusunu qazanıb.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, kosmik klubun üzvü, mühüm tranzit qovşağıdır.
Bu illər ərzində Azərbaycan həm də demokratik inkişafı ilə diqqəti çəkib. Bu gün respublikamızdakı söz və mətbuat azadlığı, siyasi partiyaların seçkili orqanlardakı iştirak səviyyəsi, Milli Məclisdə rəhbər vəzifələrdə müxalifət partiyalarının nümayəndələrinin təmsilçilərinin təmin olunması Azərbaycanın demokratiya yolu ilə inkişafının təcəssümüdür. 11 siyasi partiyanın VII çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür.
Prezident İlham Əliyevin hər zaman humanizm dəyərlərinə üstünlük verməsi də cəmiyyətimizdə yüksək ovqatı təmin etməklə yanaşı, respublikamızın məhz bu cür prinsiplər əsasında inkişafını şərtləndirmişdir. Dövlət başçısı tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil olunub. Bu dövrdə Azərbaycanda 5 dəfə amnistiya elan olunub. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsünün irəli sürülməsi bir daha dövlətimizin başçısının humanizm dəyərlərinə sadiqliyinin göstəricisi kimi ictimaiyyət tərəfindən dərin razılıqla qarşılanır.
Qalib dövlət, Müzəffər Ali Baş Komandan
Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu başqa bir prioritet milli hədəf torpaqlarımızın işğaldan azad olunması idi. Azərbaycanın öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyini bildirən Prezident İlham Əliyev sonrakı çıxışlarında da bəyan edirdi ki, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Danışıqlar prosesində Prezident İlham Əliyev hər zaman qətiyyətli mövqe ortaya qoydu, Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmasına imkan vermədi. Ancaq Ermənistanın işğalçı xislətinin və ATƏT-in Minsk qrupunun ermənipərəst mövqeyi nəticəsində danışıqlar nəticəsiz qaldı. Əslində isə Minsk qrupu vasitəçilik missiyası adı altında problemin dondurulmasına, işğal faktının unutdurulmasına və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ilhaq edilməsinə çalışırdı. Minsk qrupu heç vaxt işğalçını öz adı ilə çağırmadı, daim ikili standartlardan çıxış etdi.
Azərbaycan danışıqlar prosesi zamanı şərtlərindən, qətiyyətli mövqeyindən və hücum diplomatiyası xəttindən geri çəkilmədi. Bununla yanaşı, cənab İlham Əliyev daim açıq şəkildə bəyan etdi ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan işğal altındakı ərazilərini döyüş yolu ilə azad edəcəkdir. Buna görə Ulu Öndərin ordu quruculuğu siyasəti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə yeni dövrün tələblərinə uyğun davam etdirildi və Azərbaycan modern hərbi quruculuq həyata keçirərək, Silahlı Qüvvələrin döyüş imkanlarını ən müasir standartlar səviyyəsinə yüksəltdi.
Ordu quruculuğuna paralel olaraq Prezident İlham Əliyev mükəmməl hücum diplomatiyası həyata keçirdi. Bu diplomatiya beynəlxalq səviyyədə erməni yalanlarının, Ermənistanın təcavüzkar siyasətinin ifşasına yol açdı, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, dostlarımızın sayını artırdı. Eyni zamanda bunun nəticəsində Azərbaycan Ermənistan istisna olmaqla bölgə ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrini genişləndirdi. Beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar siyasətini pisləyən sənədlər, qətnamələr qəbul edildi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistandan Azərbaycan ərazilərini işğaldan azad etməyi tələb edən 4 qətnamə qəbul olundu. Prezident İlham Əliyevin qətiyyətli xarici siyasət kursu nəticəsində BMT, Qoşulmama Hərəkatı, İslam Konfransı Təşkilatı, Avropa Şurası kimi təşkilatlar tərəfindən Ermənistanın işğal siyasətini pisləyən sənədlər qəbul edildi.
Sözdən və danışıqlardan anlamayan Ermənistanın fitnəkarlıqları nəticəsində 2016-cı ildə baş verən Aprel döyüşlərində ilk dəfə olaraq Azərbaycan hərb meydanında öz gücünü nümayiş etdirdi. Ermənistan bu döyüşlərdə ağır zərbə aldı və Azərbaycan göstərdi ki, problemin döyüş yolu ilə həlli tamamilə mümkündür. Lakin Ermənistan və onun havadarları bundan dərs almadılar və danışıqlar prosesində yenə də destruktiv mövqedən, ikili standartlardan çıxış etdilər. Ermənistanın işğal siyasətini yürütmək istəməsi, Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid etməsi, Qarabağda həyata keçirdiyi qanunsuz məskunlaşdırma, 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində törətdiyi təxribat artıq danışıqlar prosesini dalana dirəmişdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi yeni hərbi təxribat isə hərbi əməliyyatların başlanmasını qaçılmaz etdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi, Ermənistan döyüş meydanında diz çökdürülərək kapitulyasiya aktına imza atmağa məcbur olundu.
Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin ən möhtəşəm hadisəsi işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpasıdır. Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
2023-cü ilin sentyabr ayında isə Qarabağdakı separatçılar darmadağın edildilər, tarixin səhnəsindən silindilər. Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda ermənilərin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş torpaqlarımıza qayıdan dinc əhalinin, bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlanılması və uğurla başa çatdırılması Azərbaycanın növbəti zəfəri oldu. Bununla da Azərbaycan dövləti bütün əraziləri üzərində milli suverenliyini və konstitusiya quruluşunu bərqərar etdi. Bu hadisə Prezident İlham Əliyevin qətiyyəti ilə tariximizə həkk olunan növbəti böyük nailiyyət oldu. Cənab İlham Əliyev faktiki olaraq müstəqilliyimizin bərpasından sonra meydana çıxan əsas milli vəzifənin yerinə yetirilməsini təmin etdi.
Bu zəfərlər regionda yeni reallıqlar yaradıb. Ən əsas reallıqlardan biri, əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. 2020-ci ildən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri bir daha cənab İlham Əliyevin vətənpərvərliyindən və quruculuq əzmindən xəbər verir. Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı", 8 şəhərin baş planı, 3 şəhərin isə müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. İndiyə qədər Qarabağ və Şərqi Zəngəzura təxminən 21 min nəfər keçmiş məcburi köçkünün qayıdışı təmin edilib. Bütün bunlar həm də onu təsdiq edir ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasının müəllifidir.
Torpaqlarımızın işğaldan azad olunmasını, respublikamızın ərazi bütövlüyünü bərpa edən Prezident İlham Əliyev həm də lider qətiyyəti ilə regionda sülhü və təhlükəsizliyi təmin edir. Bu il avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasi kursun və milli maraqları inamla rəhbər tutan diplomatiyamızın qələbəsidir. Beləliklə, Prezident İlham Əliyev regionda sülh və təhlükəsizlik istiqamətində həyata keçirilən siyasətin memarı kimi də tarixə öz imzasını yazır. Sülh sazişi layihəsinin paraflanması, dekabrın 1-də ATƏT tərəfindən Minsk prosesinin və onunla əlaqəli strukturların ləğvinin tam başa çatdırılması göstərir ki, Prezident İlham Əliyevin siyasi qətiyyətinin nəticəsi kimi Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi də imzalanacaq.
Siyasi müdriklik və qətiyyətli diplomatiya
Bu gün Cənubi Qafqaz dünyanın elə bir coğrafi ünvanıdır ki, burada siyasi qütblərin maraqları kəsişir. Lakin bu siyasi qütblərin mənafelərini uzlaşdırmaq və bu fonda Azərbaycanın maraqlarını təmin etmək üçün siyasi müdriklik və qətiyyətli diplomatiya tələb edir. Regionumuzla bağlı son illərdə baş verən hadisələr, yeni nəqliyyat və enerji dəhlizləri ideyalarının təşəbbüsdən reallığa çevrilməsi, Azərbaycanın Çin və ABŞ kimi dövlətlərlə strateji tərəfdaşlığı Prezident İlham Əliyevin yürütdüyü müstəqil və qətiyyətli siyasi-diplomatiyadan xəbər verir. Azərbaycan həm də regionun lider dövlətidir. Diplomatiyamızın sədaları uzaq Latın Amerikasından, Afrikadan, Cənub-Şərqi Asiyadan gəlir. Dünya Azərbaycanı qalib, nüfuzlu, beynəlxalq əməkdaşlığa və dünyanı narahat edən problemlərin həllinə töhfə verən dövlət kimi tanıyır.
1993-cü ildən respublikamızda Heydər Əliyevin başlatdığı, 2003-cü ildən isə Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasət həm də onu göstərir ki, Azərbaycan öz yolundan dönməyən, gələcəyinə doğru inamla irəliləyən dövlətdir. Heydər Əliyev yolunun layiqli davamçısı kimi Prezident İlham Əliyev dünyanın nüfuzlu və ehtiram göstərilən siyasi liderləri ilə bir cərgədə dayanır. Təkcə son aylarda baş verən bir sıra siyasi hadisələr, o cümlədən Prezident İlham Əliyevin ABŞ və Çinə səfərləri, BMT Baş Assambleyasının 80-ci sessiyasında, "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə Görüşündə, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə, Yaxın Şərq Sülh Sammitində, MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı bunu təsdiq edir.
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bu siyasətin və xalqın sevgisinin nəticəsidir ki, cənab İlham Əliyev 2003-cü ildən sonra keçirilən bütün prezident seçkilərinin qalibi olmuşdur. Qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirilməsi və xalqın sevgisi cənab İlham Əliyevin müxtəlif illərdə keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmasına həlledici təsir göstərmişdir.
Hazırda beş fundamental nəticə - qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah Azərbaycanın dinamik inkişafını xarakterizə edən əsas keyfiyyət göstəriciləridir. Bu nailiyyətlər ərazi bütövlüyümüzün bərpası nəticəsində qədəm qoyduğumuz yeni mərhələdə Azərbaycanın yeni inkişaf simasının formalaşmasına təsir edən əsas amillər olacaq. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə xalqımız yeni nailiyyətlərə şahidlik edəcək.
Mübariz QURBANLI,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü