Köməyə yağış suyu gəlir
Son illər dünyanın başı üzərində daha bir kabus dolaşır - su qıtlığı. Şirin su qaynaqlarının azalması, içməli və suvarma suları üçün yararlı olan su mənbələrinin quruması nəticəsində ortaya çıxan bu problem bəşəriyyətin bəlasına çevrilib. Ondan xilas olmaq üçün dünyanın hər yerində "SOS" siqnalı verilir. Mütəxəssislərin proqnozuna görə, yaranmış su böhranını aradan qaldırmağın yolları tapılmasa bəşəriyyəti çox böyük təhlükə gözləyir.
Təbii ki, həmin bəla Azərbaycandan da yan keçmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15 faizi qədərdir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənib. Həmin su ehtiyatlarının 67-70 faizi qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,5-30,5, qonşu ölkələrdən transsərhəd çaylarla daxil olan su ehtiyatları 19,0-20,5, yerli axım 9,5-10,0 kubkilometr təşkil edir. Kür və Araz çaylarının su ehtiyatları isə qonşu ölkələrin ərazisində də istifadə olunduğu üçün 20 faizə qədər azalıb.
Hesablamalara görə, 2100-cü ildə Azərbaycanda su ehtiyatlarının 40 faizinin azalması gözlənilir. Belə bir zamanda mövcud ehtiyatlardan səmərəli istifadə, suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, son 5 il ərzində Mingəçevir su anbarının ehtiyatları 50 faiz azalıb. 7-8 ildir ölkə ərazisində daha çox quraqlıq müşahidə edilir. Bu, yağıntının miqdarının az olması, həmçinin ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə əlaqədardır.
Məlum olduğu kimi, vəziyyətin gələcəkdə daha təhlükəli həddə çatmaması üçün Prezident İlham Əliyev hələ 2020-ci ildə su komissiyası yaradılması haqqında sərəncam imzalayıb. Ölkənin bütün ərazilərində su ehtiytlarından səmərəli istifadə etmək və su təsərrüfatının idarə olunmasını təkmilləşdirmək üçün yaradılan komissiyanın ilk iclasında mənbələrdən götürülən suya qənaət olunması qərara alınıb. Su Ehtiyatları Dövlət Agentliyi bu qərara əməl edərək qənaət rejiminə keçib. Ara-sıra paytaxtın bəzi yerlərində günün müəyyən saatlarında suyun verilməsi dayandırılır. Amma etiraf etmək lazımdır ki, bu üsul "dəryada bir damla" effekti verir.
Bəs nə etməli? İlk növbədə fəaliyyət dairəsini daha da genişləndirmək, xammaldan təkrar istifadə etmək, su hövzələrinin qorunmasında məsuliyyəti artırmaq və beynəlxalq əməkdaşlığı gücləndirməklə ekoloji problemlərin həlli yolunda olan bütün imkanlardan bəhrələnmək lazımdır. Doğrudur, ölkəmizin kənd təsərrüfatında müasir texnologiyalardan qismən də olsa istifadə edilir. Bundan başqa, kəndlərdəki torpaq kanallar betonlaşdırılır, açıq arxlar dəmir borularla əvəzlənir, bəzi təsərrüfatlarda damcı suvarma üsulundan istifadə olunur və s. Amma bunlar da qıtlığın qarşısını tam almaq üçün yetərli deyil.
İllər öncə su qıtlığı ilə bağlı problemin həlli yollarından birinin yağış sularından istifadə etmək olduğu təklifi verilmişdi. Məsələn, bu gün park və digər yaşıllıqlar içməli su ilə suvarılır. Halbuki bunun üçün ən yaxşı üsul yağış suyundan istifadədir. Mütəxəssislər deyirlər ki, yolların kənarında quraşdırılmış suötürücü qurğular vasitəsilə yağan yağışları toplayıb su anbarlarında saxlamaq olar. İri asfalt yolların kənarları ilə yağış sularını yığan yeraltı su yolu - drenajlar çəkilib. Oradakı yağış sularının da həmin anbara axmasını istiqamətləndirmək mümkündür. Bundan savayı, hər bir binanın damına toplanan və su boruları ilə axan yağış sularını anbarlara yığıb saxlamaq və həmin suyun hesabına yay aylarında yaşıllıqları suvarmaqla içməli suya xeyli qənaət etmək olar. Hələ onu demirik ki, avtomobillərin yuyulma məntəqələrində içməli sudan istifadə olunur və onu da texniki su ilə əvəz etməyin vaxtı çoxdan çatıb. Doğrudur, yağış sularının yığılması və istifadəyə verilməsi çox bahalı sistemdir. Amma Azərbaycan da kasıb ölkə deyil.
Elə bu hesaba Qarabağda artıq bu işə start verilib. Mayın 5-də Prezident İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub. Nəzərdə tutulan layihə 2040-cı ilədək Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Bundan başqa, 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmətrinin və tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması nəzərdə tutulub. Bu işlərin yerinə yetirilməsi prosesində, təbii ki, yağış sularının istifadəsi üçün mümkün üsullardan da istifadə olunacaq.
Ağdam şəhərində də yağış suları anbarlarda təmizlənib həm texniki su kimi, həm də yaşıllıqların suvarılması üçün istifadə olunacaq. Su Ehtiyatları Dövlət Agentliyinin məlumatına görə, ilk dəfədir ki, bütün bir şəhəri belə bir sistem tamamilə əhatə edəcək. Ağdamda həm içməli, həm kanalizasiya, həm də yağış suları sistemləri yaradılır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin hər bir yaşayış məntəqəsində bu sistemin yaradılması nəzərdə tutulur. Cəbrayılda bu layihə hazırdır. Orada yeraltı sulardan istifadə olunacaq. Anbarlar, paylayıcı şəbəkələrin qurulması planlaşdırılır. Bu gün tikintisi davam edən Şuşa və Kəlbəcərdə ilkin olaraq yerüstü, Laçın, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Qubadlıda isə yeraltı mənbələrdən istifadə olunması nəzərdə tutulur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"