17 Sentyabr 2026 09:10
157
Mədəniyyət
A- A+
Sözün əbədiyyəti

Sözün əbədiyyəti


Bəzi şairlər dövrlərinin hadisələrini qələmə alır, bəziləri isə yaşadıqları zamanın mənəvi yaddaşına çevrilirlər. Onların sözündə bir xalqın tarixi, torpağın nəfəsi, ayrılığın ağrısı, azadlıq arzusu və insanın varlığı qarşısında düşündüyü suallar yaşayır. Belə sənətkarların yaradıcılığı ədəbi hadisə deyil, eyni zamanda milli düşüncənin, mənəvi özünüdərkin ifadəsidir. 

Məmməd Araz Azərbaycan poeziyasında məhz belə ucalıq qazanan söz ustadlarındandır. Şairin  şeirlərində Vətən, sadəcə, coğrafi məkan, xəritədəki sərhəd və ya doğulub yaşanılan torpaq deyil, həm də şairin qəlbində başlayan, yaddaşından keçən, ağrısı ilə onu yaşadan böyük mənəvi dünyadır. Dağ, daş, çay, ağac, bulaq, ana dili və xalqın taleyi Məmməd Araz poeziyasında bu dünyanın ayrı-ayrı nişanələrinə çevrilir. Məmməd Arazın poeziyası oxucunu yalnız duyğulandırmır, onu düşünməyə, vətəndaşlıq məsuliyyətini dərk etməyə çağırır. Elə buna görə də şairin adı Azərbaycan ədəbiyyatında milli ruhun, vətəndaş qeyrətinin və istiqlal düşüncəsinin qüdrətli ifadəçilərindən biri kimi yaşayır.

Məmməd Araz 1933-cü ildə Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Doğulduğu dağlıq mühit, xalqın zəngin folkloru, təbiətin sərt və əzəmətli mənzərələri onun poetik dünyasının formalaşmasında mühüm rol oynayıb. Şairin yaradıcılığında dağların, qayaların, çayların və doğma yurd mənzərələrinin bu qədər canlı görünməsi təsadüfi deyil. Şair təbiəti yalnız gözəllik mənbəyi kimi deyil, həm də xalqın xarakterini və taleyini ifadə edən mənəvi obraz kimi təqdim edirdi.

Məmməd Arazın yaradıcılıq yolu poeziyamızın inkişaf mərhələləri ilə sıx bağlıdır. O, şeir, publisistika və ədəbi fəaliyyətin demək olar ki, bütün sahələrində məhsuldar çalışıb, sözə məsuliyyətlə yanaşan, sənətin ictimai və mənəvi gücünə inanan sənətkar kimi tanınıb. Şairin yaradıcılığı zaman keçdikcə daha da dərinləşib, şəxsi duyğularla ictimai düşüncə, Vətən sevgisi ilə insan taleyi bir-birini tamamlayıb. Məmməd Arazın yaradıcılıq kredosunu ifadə edən misraları onun sənət dünyasına açar verir: 


Məni şeirimdə gəz bir insan kimi, 

Qəlbimdə nə varsa ona demişəm. 

Anadan-bacıdan gizlətdiyimi, 

Kağızdan, qələmdən gizlətməmişəm.


Bu misralarda şairin sənətə münasibəti aydın görünür. Şeir onun üçün yalnız bədii ifadə vasitəsi deyil, insanın özünü açdığı, daxili həqiqətini etiraf etdiyi mənəvi məkandır. "Məni şeirimdə gəz" çağırışı oxucunu şairin zahiri bioqrafiyasından daha dərin bir aləmə - onun qəlbinə, düşüncələrinə və mənəvi iztirablarına dəvət edir. Burada səmimiyyət, sadəcə, hisslərin açıq ifadəsi deyil, həm də söz qarşısında dürüstlükdür.

Məmməd Araz yaradıcılığının mühüm xüsusiyyəti Vətən anlayışını yüksək mənəvi dəyərə çevirməsidir. Onun şeirlərində Vətən sevgisi pafoslu çağırışlarla məhdudlaşmır; bu sevgi torpağın daşına, qayasına, təbiətinə, dilinə və insana münasibətdə ümumiləşir. Şair üçün Vətənə bağlılıq təkcə sevmək deyil, həm də onun ağrısını öz ağrın bilmək, taleyinə cavabdehlik daşımaqdır. Məmməd Arazın məşhur misraları bu düşüncəni son dərəcə yığcam, amma təsirli şəkildə ifadə edir:


Vətən mənə oğul desə, nə dərdim, 

Mamır olub qayasında bitərdim. 

Bu torpaqsız harda, nə vaxt, nə dərdim,

Xəzanımdır, xəzanımdır, xəzanım.


Bu şeirdə şair özünü Vətəndən ayrı təsəvvür edə bilmir. "Mamır olub qayasında bitərdim" ifadəsi Vətənə bağlılığın qeyri-adi poetik obrazıdır. Mamır qayaya yapışaraq onunla bir varlıq təsiri bağışlayır. Şair də öz varlığını doğma torpağın varlığı ilə birləşdirir. Burada Vətən sevgisi romantik duyğudan daha təsirlidir - insanın mənəvi mövcudluğunun şərtinə çevrilir. Məmməd Arazın "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı" fikri də onun vətəndaşlıq anlayışını aydınlaşdırır. Bu misrada "daş" sözü, sadəcə, maddi varlıq deyil, eyni zamanda möhkəmlik, sədaqət, dayaq və torpağa bağlılıq rəmzidir. Şairin düşüncəsinə görə, vətəndaşlıq yalnız hüquqi mənsubiyyət yox, Vətənin taleyinə münasibətdə mənəvi mövqe tutmaqdır. Bu yanaşma onun başqa bir misrasında da özünü göstərir:


Mənim yurdum hardan başlar? 

- Ürəyimin kandarından.


Şair duyğusunda, düşüncəsində Vətən xəritənin sərhədindən əvvəl insanın ürəyinin kandarından başlayır. Məmməd Arazın yurdu onun yaddaşında, duyğusunda, dilində və mənəvi kimliyində yaşayır. 


Azərbaycan!..… 

Qayalarda bitən bir çiçək...… 

Azərbaycan, çiçəklərin içində qaya...… 

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.


Bu misralarda "çiçək" və "qaya" obrazlarının qarşılaşdırılması diqqəti cəlb edir. Çiçək zərifliyin, gözəlliyin, həyatın, qaya isə möhkəmliyin, əzəmətin və davamlılığın rəmzidir. Azərbaycan bu iki xüsusiyyəti özündə birləşdirən bütöv varlıq kimi təqdim olunur. Şairin könlü dünyaya Azərbaycan pəncərəsindən baxır. Deməli, milli kimlik onun üçün dünyadan təcrid olunmaq yox, dünyanı mənəvi dəyərlərin işığında dərk etməkdir.

Məmməd Arazın yaradıcılığında Araz çayı xüsusi yer tutur. Araz onun poeziyasında, sadəcə, coğrafi məkan deyil, bölünmüş Vətənin, ayrılmış talelərin və bütövlük arzusunun rəmzinə çevrilir. "Arazın nəğməsi", "Bu gecə yuxumda Arazı gördüm", "Araz üstə çinar gördüm", "Yenə Arazı gördüm", "Mən Araz şairiyəm" kimi əsərlərində bu mövzu müxtəlif poetik çalarlarla işlənib.

"Qələm gəldi əlimə - Araz gəlir dilimə" misrası Araz mövzusunun şairin yaradıcılığında nə qədər təbii və üzvi yer tutduğunu göstərir. Arazın adı şairin dilinə gələndə bütöv Azərbaycan düşüncəsi, ayrılıq nisgili və milli yaddaş danışmağa başlayır. Şair Arazı tarix kimi görür. Çayın axarı zamanın axarını, iki sahili isə ayrılmış Vətənin ağrısını xatırladır. Bu obrazın gücü ondadır ki, Araz həm təbiət hadisəsi, həm də insan taleyinin poetik ifadəsidir. Onun səsində ayrılığın harayı, axarında isə bütövlüyə doğru davam edən ümid duyulur. Araz mövzusu şairin azərbaycançılıq düşüncəsinin mühüm dayaqlarından biridir. Şairin yaradıcılığında Azərbaycan yalnız keçmişin xatirəsi deyil, gələcəyin idealıdır. Bu idealın içində milli birlik, azadlıq, ərazi bütövlüyü və mənəvi bütövlük anlayışları bir-birini tamamlayır.

Məmməd Arazın poeziyası milli istiqlal düşüncəsinin də mühüm ifadə mənbələrindəndir. XX əsrin sonlarında Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr şairin yaradıcılığında dərin iz buraxıb. "Ayağa dur, Azərbaycan", "Ata millət, ana millət ağlama", "Bizi vətən çağırır", "Əsgər oğul", "Dilənçi qaçqın", "Kəlbəcər qaçqınlarına" kimi əsərlərdə xalqın azadlıq arzusu, Qarabağ dərdi, qaçqınlıq və köçkünlük faciəsi öz əksini tapıb.

"Ayağa dur, Azərbaycan" şeirindəki:

Atın məni tank altına, 

Qundaqdakı bir körpəni xilas edim. 

Neçə "səni", neçə "məni" xilas edim.

misraları şairin vətəndaşlıq mövqeyini qətiyyətli şəkildə ifadə edir. Burada fədakarlıq fərdi qəhrəmanlıq nümayişi kimi deyil, insan həyatını qorumaq, xalqın gələcəyini xilas etmək məsuliyyəti kimi təqdim olunur. "Bir körpə" obrazı gələcəyin, davamlılığın və ümidin rəmzidir. Şairin özünü onun yolunda qurban verməyə hazır olması Vətən sevgisinin mənəvi miqyasını göstərir. Məmməd Arazın istiqlal şeirlərində ağrı ilə mübarizə əzmi yanaşı dayanır. O, xalqın dərdini yalnız təsvir etmir, bu dərdin içindən ayağa qalxmaq iradəsi də axtarır. Buna görə şairin poeziyası həm nisgilin, həm də dirənişin poeziyasıdır.

Məmməd Arazın yaradıcılığının mühüm cəhətlərindən biri də Azərbaycan dilinin poetik imkanlarından ustalıqla istifadə etməsidir. Şairin şeirlərində sözlər təsadüfi seçilmir; hər kəlmə fikrin, duyğunun və obrazın yerinə uyğun gəlir. Şairin dili həm xalq danışığının canlılığını, həm də yüksək poetik düşüncənin dərinliyini daşıyır. Məmməd Arazın sözə münasibəti onun bu misralarında da hiss olunur: "Ürəyimsiz kəlmə yazan deyiləm". Bu fikir şairin yaradıcılıq prinsipini ifadə edir. Söz Məmməd Araz üçün yalnız texniki vasitə deyil, ürəkdən keçən həqiqətin daşıyıcısıdır. Buna görə də şairin şeirlərində xalq dilindən gələn ifadələr, təbiət obrazları, qədim sözlər və canlı danışıq intonasiyası xüsusi təbii harmoniya yaradır. Məsələn:


Dolular qırımlı, daşlar döyənək, 

Sən kimə gərəksən, mən kimə gərək.


Bu misralarda sözlərin səslənişi və mənası arasında daxili uyğunluq var. "Qırımlı", "döyənək" kimi ifadələr şeirin emosional gərginliyini artırır. Şairin dili həm sərt, həm də canlıdır. O, təbiətin və insanın ağrısını eyni poetik nəfəsdə birləşdirir. Məmməd Arazın sənətkarlığı onda görünür ki, mürəkkəb fikirləri belə yaddaqalan, sadə və tutumlu ifadələrlə çatdırmağı bacarır. Şairin şeirləri xalqın dilindən doğulmuş kimi səslənir, lakin bu təbiiliyin arxasında böyük söz seçimi dayanır.

Məmməd Arazın dünya və insan taleyi haqqında düşüncələrini ümumiləşdirən ən məşhur əsərlərindən biri "Dünya sənin, dünya mənim, dünya heç kimin" şeiridir. 1976-cı ildə yazılmış bu əsər insanın dünya ilə münasibətini, həyatın ötəriliyini və sahiblik iddiasının nisbi olduğunu fəlsəfi dillə ifadə edir. Şeirin əsas misrası təkrarlandıqca adi bir cümlədən daha çox məna qazanır:


Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik. 

Bir zərrənin işığına milyonlar şərik, 

Dünya sənin, dünya mənim, 

Dünya heç kimin...


"Cütlənmiş zər" obrazı insan talelərinin bir-birinə yaxınlığını, lakin nəticələrinin eyni olmadığını göstərir. İnsanlar eyni dünyanın içində yaşasalar da, hər biri öz taleyini yaşayır. "Bir zərrənin işığına milyonlar şərik" misrası isə insanın dünyadakı yerini daha geniş miqyasda düşünməyə çağırır. Hər kəs həyatın işığından pay alır, amma heç kim dünyanı əbədi olaraq öz mülkünə çevirə bilmir.

Şeirin son bəndindəki "Mən özümlə oynadığım şahmata güldüm…" misrası insanın öz iddialarına kənardan baxa bilməsi kimi səslənir. Şair burada dünyanın və həyatın mürəkkəbliyini dərk edən bir təbəssümə gəlir. Bu, sadəcə, gülüş deyil, faniliyi anlamağın doğurduğu fəlsəfi nəticədir.

Məmməd Araz 2004-cü ildə dünyadan köçdü. Lakin şairin yaradıcılığı Azərbaycan ədəbiyyatında yaşayır və yeni nəsilləri Vətən, dil, milli yaddaş, azadlıq və insan məsuliyyəti haqqında düşünməyə çağırır. Şairin şeirləri zamanın dəyişən mənzərələri içərisində mənəvi dəyərini qoruyur. Çünki həqiqi poeziya yalnız yazıldığı günün deyil, insanın dəyişməyən duyğularının da ifadəsidir. Heç kimə qalmayan dünyada heç kim də əbədi deyil. İnsan ömrü ötəridir, zaman hər kəsi öz axarına alıb aparır. Lakin sənətkarın taleyi yalnız yaşadığı illərlə bitmir. Şairin sözü xalqın yaddaşında yaşayır, misraları dillərdə səslənir, düşüncəsi yeni nəsillərin mənəvi dünyasına işıq salır. Məmməd Araz özü köçdü, əbədi olaraq sözü qaldı. Onun sözü Vətənin daşında, Arazın axarında, ana dilinin zənginliyində və Azərbaycan insanının yaddaşında yaşamaqda davam edir. Dünya sənin, dünya mənim, dünya heç kimin… Amma söz xalqın yaddaşında qaldıqca sənətkarın ömrü də əbədiyyətə qovuşur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Ü.Z.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:13
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!