17 Sentyabr 2026 08:40
198
Mədəniyyət
A- A+
Çobankərəli Saleh kişi

Çobankərəli Saleh kişi


1918-ci il mayın 29-da İrəvan siyasi mərkəz kimi ermənilərə güzəştə gediləndə çobankərəlilərin yaşam taleyi daha da ağırlaşdı, yerli əhali nə qədər çalışsa da, erməni dövlətinin silahlı birləşmələrinin fasiləsiz hücumlarının qarşısını ala bilmədi. Terror və qırğınlar kənd camaatını əldən salmışdı. Heç bir yerdən dəstək almayan çobankərəlilərin pulu, qızıl-zinət əşyaları, xalı-xalçası əlindən alınaraq vəhşicəsinə qətlə yetirilir, ev-eşiyi ilə birlikdə yandırılırdı... 1918-ci ildə kənd ermənilər tərəfindən tam boşaldılır, bu qırğında qaçıb canını salamat qurtaran əhali İrana, Türkiyəyə, habelə Azərbaycanın kənd və şəhərlərinə üz tutur. Bu zaman Saleh Musayev və yaxınları Türkiyəyə, İğdır vilayətinə gedirlər. Lakin el-oba xiffəti az müddətdən sonra onları geri dönməyə məcbur edir. Arazı keçəndən sonra Saleh kişi tanış-bilişdən Çobankərənin taleyi ilə maraqlanır. Vəziyyətin əvvəlkindən də betər olduğunu biləndə Saleh kişi ailəsi ilə Naxçıvanın Xanlıqlar kəndində məskunlaşmalı olur.

Haqsızlığa dözməyən 66 çobankərəli 1922-ci ildə yenidən doğulub boya-başa çatdığı kəndə dönür. Məlum olur ki, İrəvanın yaxınlığında, Zəngi çayı ilə Qarasu çayının arasında, səfalı məkanda yerləşən, 5000 nəfərdən çox əhalisi olan  qədim Çobankərədən azərbaycanlılar tamamilə çıxarılıb, onların ev-eşiklərində gəlmə ermənilər yerləşdirilib. Gedənlər Çobankərəyə yaxın ərazilərə üz tutmalı olurlar.  1930-cu ildə isə Çobankərə kənd kimi, ümumiyyətlə, Yer üzündən silinir, burada hərbi aerodrom yaradılır. İndi həmin ərazidə Ermənistanın məşhur Zvartnots Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. 

Əslən Qərbi Azərbaycandan olan akademik Budaq Budaqov "Həyat anlarımdan olan səhifələr" kitabında yazır: "1918-ci ildə Çobankərə kəndinin əhalisi erməni silahlı qüvvələri tərəfindən qovulduqdan sonra kəndə od vurub yandırmışdılar. Ailəmiz Çobankərəyə qayıdandan sonra biz uşaqlar kəndin xarabalıqları arasında dolanır və orada gizlənpaç oynayırdıq". 

Bu "gizlənpaç" oyunlarını ermənilər çobankərəlilərin yaşlı sakinləri ilə, el-oba təəssübü çəkən qeyrətli oğulları ilə oynayırdılar. Harada gözə dəyən, erməniyə "bəli" deməyən türk görsəydilər, dərhal axırına çıxırdılar. Erməni məmurlar Mürsəqulular (Dəvəçilər də deyirlər) nəslindən olan Vəli kişinin oğlu Salehi əliçıraqlı axtarırdılar. 

Saleh  Musayev 1889-cu ildə Çobankərədə dünyaya göz açmışdı, adlı-sanlı nəslin sayılanı idi. Molla yanında "Quranı-Kərim"i başa vurandan, ərəb əlifbası ilə yazıb-oxumağı öyrənəndən sonra beşsinifli rus-tatar məktəbini bitirmişdi. Boyu qalxandan əmisi Rüstəm kişidən qalma tacirliklə məşğul olurdu. Tehranda, Təbrizdə, Ankarada, Qarsda, Trabzonda, Orta Asiya və Suriyadan belə yaxşı tacir kimi tanınırdı. Hətta bu ölkələrdə alqı-satqı işləri ilə əlaqədar aylarla, bəzən illərlə yaşamalı olurdu. 

56 baş dəvəsi var idi, özü də karvanbaşı idi, karvanı yolda qaçaq-quldurdan özü qoruyardı. Bundan əlavə, ailənin sürü ilə mal-qarası və qoyun-quzusu vardı. 

Naxçıvanda bolşevik hökuməti xüsusiyyətçiliyə son qoymaq üçün  ümumi təsərrüfat yaradanda Salehin mal-qarasını və qoyun sürüsünü tamamilə artelin tövləsinə apardılar. 1927-1928-ci illərdə isə kolxoz quruculuğu başlayanda Saleh kişi ailəyə məxsus bir sürü mal-qarasını, habelə dəvələrin yarısını, yəni 28-ni kolxoza bağışlayır. Lakin ondan tələb edirlər ki, qalan 28 dəvədən də 25-ni kolxoza verməlisən. Saleh kişi bu təklifdən imtina etdiyinə görə, ilkin repressiya tədbiri kimi onu səsvermə hüququndan məhrum edirlər.  Vəziyyəti belə görən Saleh Musayev dəvələrin 25 başını Araz çayından keçirib İranda qızıl pula satır. Qayıdandan sonra ona qarşı təzyiqlər artdığından Saleh kişi  Ordubad rayonunun Keçili kəndində başlanmış üsyana qoşulur... 

Xanlıqlar kəndində hamı 1931-ci ilin ikinci Novruz çərşənbəsini qeyd edirdi. NKVD-çilər tam yəqin edirlər ki, bu əziz gündə Saleh kişi mütləq evində olar. Odur ki, axşamtərəfi həyətdə tonqallar yandırılanda NKVD işçiləri Saleh kişinin evinə gəlir, fürsəti fövtə verməyib onu birbaşa rayon miliş şöbəsinə aparırlar. 

Milis şöbəsinin rəisi onu görən kimi "Saleh kişi, qar əriyəndə hər şey üzə çıxır" deyə əlindəki qovluğu ona göstərərək "Siz sovet dövlətinin düşmənisınız. Bu qovluqda yığılanlar sizin haqqınızdakı məlumatlardır. Bu il yanvarın 5-də verilmiş qərarla siz həbs olunursunuz...

Get, müstəntiq Simonyan gəlib hər şeyi həll edər".

Azərbaycan Dövlət Siyasi İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Simonyan bu barədə ad çıxarmışdı, SSRİ Xalq Komissarları Sovetinin 2 fevral 1930-cu il tarixli "Mülkədarlarla mübarizə işinin təşkili və bütün SSRİ ərazisində kolxozların təşkili" barəsində qərarının maddə və müddəalarını xüsusi canfəşanlıqla  yerinə yetirmək üçün əlindən gələni edirdi. İlk növbədə məğrur azərbaycanlılardan qisas alırdı. Andronikin sadiq əsgərinə tabe olmayanları istədiyi kimi güdaza verirdi.

Saleh kameraya girəndə gördü ki, burdakıların hamısı onunla birlikdə ermənilərə qarşı vuruşan adamlardı. Salamlaşıb bir-bir hal-əhval tutdu. Adamın çoxluğundan burada güclə oturmaq olurdu. Gecədən keçirdi, birdən nəzarətçinin gür səsi eşidildi:

- Saleh Vəli oğlu, sizi müstəntiq gözləyir.

Saleh astaca ayağa durdu, qaranlıqda məhbuslara toxuna-toxuna qapının ağzında zəif yanan çırağa tərəf getdi.

Saleh müstəntiqin otağına daxil olanda gördü ki, uzunburun, sifəti  kələ-kötür, alçaqboylu bir adam başıaşağı yazı yazır. Diqqətini qarşısındakı sənədlərdən ayırmadan Salehin adını, atasının adını, təvəllüdünü, ailəli olub-olmadığını  soruşdu.  

O, "neçə uşağın var" sualına "yoxdu" cavabı alanda özündən çıxdı:

- Necə yəni yoxdu, axı burada yazılıb ki, sən ikiarvadlısan (Uzun illər övladı olmadığından Saleh bəy həyat yoldaşı Leylanın təkidli təşəbbüsü və qohum-əqrəba ağsaqqallarının məsləhəti ilə ikinci dəfə Tərlanla evlənmişdi). Bu da sovet hökumətinin qanunlarına ziddir. İkinci yoldaşınız sizdən 20 yaş kiçikdir. Ondan da bir oğlunuz var, adı Rüstəmdir. Belə çıxır ki, ilk istintaqdan yalan danışırsınız. Buna görə bir maddə də əlavə olunur. Yəni dövlət istintaq orqanlarını aldatdığınıza görə bir ildən üç ilə qədər iş sizin işinizin üstünə gələcək.

Bu sözləri dedikcə Dövlət Siyasi İdarəsinin (QPU) xüsusi işlər üzrə müstəntiqi Simonyan  fikirlərini daha ciddi şəkildə əsaslandırmağa çalışaraq: 

- Sizin kimi adamlar Sovet hökumətinin qanun-qaydasını pozur, dini yaymaqla məşğul olur. Hər həyətdə tonqal qalayırsınız ki, baxın, ay yazıq ermənilər, sizi beləcə odda yandıracağıq. Elə dünən çərşənbə axşamı tonqal yandırdığınız üçün də sizə yeni bir maddə açacağam ki, o da bir ildən üç ilə qədər iş deməkdir. Hələlik altı il həbsiniz var. Köhnə işləri müəyyənləşdirib, yəqin ki, sizə ölüm hökmü verəcəklər. Ermənilərə göz verib-işıq vermirsiniz. Naxçıvandan, Vedidən bəri hansı ermənini dindirirsən, sənin əlindən dad edir. Neçə vaxtdır səni axtarırıq. Yaxşı yadıma düşdü, bir il bundan əvvəl daxili işlər idarəsinin üç nəfər nümayəndəsi kəndin ətrafında sizdən soruşublar ki, dəvəçililərdən Vəli kişinin oğlu Saleh kənddədir? Siz onlara demisiniz ki, bax, o, dağda dəvələrin yanındadır. Onlar dağa çıxanda siz qaçmısınız... Bilmirdin ki, səni əvvəl-axır həbs edəcəyik, indi qaç görüm hara qaçırsan?! 

Əlindəki yazılı vərəqi ona sarı uzatdı: "Gəl, qol çək!"

- Ver oxuyum, sonra.

- Siz dediniz savadsızam.

- Savadsızam, amma türk və rus dilində yazıb-oxuya bilirəm. Beşillik rus-tatar məktəbini bitirmişəm... 

Samson Salehin cəsarətli danışığından hiss etdi ki, bu adam başqa adamlar kimi deyil, səsinin tonunu bir az aşağı salıb "hə, neynək, onda qol çək, artıq gecə keçir. Sizin oxumağınız lazım deyil, məhkəmədə hamısını oxuyacaqlar", - dedi.

- Yox, oxumamış qol çəkməyəcəm. 

Müstəntiq əsəbiləşib növbətçini çağırdı: - Aparın bunu içəri salın, nə vaxt ağıllanar, onda gətirərsiniz. Özünü də təkadamlıq kameraya salın, qoy onu gündə yarım saat çölə çıxarsınlar, heç kəslə əlaqəsi olmasın... 

Kiçik məmur Salehi 7 nömrəli kameraya salıb, qapını üç yerdən kilidlədi.  Kamera zülmət qaranlıq idi, göz-gözü görmürdü. Tavandan iynənin ucu qədər işıq düşürdü. İstədi ayağını uzatsın, hiss etdi ki, hər tərəf divardı. Başını əlləri arasına alıb ailəsini, oğlu Rüstəmi, müstəndiqin verdiyi ikibaşlı sualları xəyalında saf-çürük etməyə başladı. 

Salehi nə vaxt yuxu aparmışdı bilmədi, onu səhərə yaxın kamera qapısının cıngiltisi və nəzarətçinin "Müstəntiq səni yanına çağırır" amiranə səsi yuxudan oyatdı.

Saleh müstəntiqin otağına daxil olar-olmaz o dilləndi:  

- Hə, Saleh kişi, deyirsən ikiarvadlı deyilsən?! 

- Yox.

- Onda bu suala cavab ver. Bilirdin ki, Şura hökuməti kolxoz qurur. Yəni kəndin bütün mal-qarasını toplayır bir yerə, nə bəy olacaq, nə rəiyyət, hamı bərabər yaşayacaq. Sən də aparıb dəvələri satmısan qızıl pula, məqamında qaçasan Türkiyəyə, bacın Ağgülün yanına...

Sonra da qoşulmusan Ordubadda "Keçili bandası"na,  Dərələyəzdə Abbasqulu bəy Şadlinskinin əks-inqilabçı dəstəsinə. Ətrafına özün kimi silahlı adamlar toplayaraq  bolşeviklərə qarşı qırğınlar, təxribatlar törətmisən, elə bilirdin bilməyəcəyik?!     

- Bəli, olmuşam, amma mən bolşeviklərə qarşı yox, erməni silahlılarına qarşı vuruşmuşam. Adını bolşevik qoyan "Daşnaksütyun" partiyasının silahlı dəstələri kəndbəkənd hücum edib dinc əhalini qılıncdan keçirir, onların malını, var-dövlətini arabalara yığıb aparırdılar, camaatı kənddən qaçmağa məcbur edirdilər...

- Bəs Ordubad rayonunda "Keçili üsyanı"nda iştirakın necə? Azərbaycan Baş Siyasi İdarəsinin Naxçıvan Diyar Şöbəsinin rəis müavini Orbelyanın verdiyi məlumatlara görə, xalq sizin törətdiyiniz haqsızlıqlara görə ayağa qalxmışdı. 

- Yox, Orbelyan vəzifəsindən istifadə edərək iki ərik ağacı, beş keçisi olanı  "mülkədar" adlandırıb, ailəsini başsız qoyub, camatın malını, mülkünü müsadirə edib, özünü də qazamata, güllələnməyə  məhkum edirdi, xalq buna görə ayağa qalxmışdı. Keçililərə kömək eləmək mənim borcum idi. 

- Qılınc Qaya istiqamətində ermənilərin toplum halında qılıncdan keçirilməsində sən və sənin başçılığın altında bir neçə nəfər onlarca erməni öldürmüsünüz, niyə, o zavallı ermənilərin günahı nə idi?!

- Onlar "Daşnaksütyun" partiyasının qoşunları idi. Əyinlərinə bolşeviklərin geydiyi paltardan geyib, dinc əhalini üsyançı, sovetləşməyə qarşı çıxanlar adıyla qırırdılar, onda daha möhkəm hücuma keçdik... 

- Mən sizə göstərəcəm sovet hökumətinə qarşı təxribat aparmaq nə deməkdir. Həm ermənilərə, həm də Şuraya qarşı vuruşmusan. Sizin kökünüzü kəsəcəm, sizləri  güllələyəcəm, əziyyət verəcəm. 

Əlindəki vərəqi başından yuxarı qaldıraraq, "Saleh bəy, görürsən, bu 98 bəyin hamısını bu qələmimlə güllələyəcəm, heç səsləri də çıxmayacaq" dedi. 

Beləliklə, Azərbaycan Dövlət Siyasi İdarəsinin 187 N-li orderinə və  idarənin əməkdaşı Samson Avanesovun təklifinə əsasən, Saleh Vəli oğlu Musayevin 55 nəfər həmfikirlisi ilə birlikdə "Şəxsi iş"i məhkəməyə göndərilir. İşdə kollegiyanın qərarından çıxarış ümumiləşdirilərək günahlandırma qərarına daha 54 nəfər də əlavə edilir.  Bununla da Üçlüyün Məhkəmə Kollegiyasının 5 mart 1931-ci il tarixli qərarı ilə 1889-cu ildə İrəvan mahalının Çobankərə kəndində anadan olmuş  Musayev Saleh Vəli oğlu Azərbaycan SSR CM-nin 64-cü maddəsi ilə "Keçili bandası" ilə əlaqədə təqsirli bilinərək, əmlakının bir hissəsi müsadirə olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum edilməklə həbs düşərgəsinə göndəriləcəyi bəyan edilir.

Şərur dəmir yolu stansiyasında yazın həlim nəfəsi gecəyə və dustaqlara rahatlıq gətirmişdi. Birdən əlisilahlı əsgərin amiranə səslə "Məhbuslar, düzlənin!" deməsi onları xəyallardan ayırdı, hamı cəld sıraya düzüldü.

Gecənin qaranlığında hər vaqona 60 nəfər yerləşdirildi. Vaqonun qapısının bağlanmaq əmrini gözləyən əlisilahlı, yanı itli əsgərin qapının digər küncündə dayanan yoldaşına "təlimata əsasən kim qanunu pozarsa, yerindəcə güllələnəcək, meyiti yerə atılacaq..." deməsini Saleh aydınca eşitdi. Odur ki, yoldaşlarına bərk-bərk tapşırdı ki, heç kim artıq-əskik hərəkət etməməlidir...

"Cinayətkarlar"la dolu qatar yavaş-yavaş yola düşəndə hamı sükut və hüznlə gəldikləri tərəfə baxır, nəyi isə xatırlayırdı. Qatar sürətini artırdıqca xəyallar da yollarda ilişib qalırdı. Beləcə, "cinayətkarlar"ın gedəcəyi ünvanı heç kimə bildirməyən "qara qatar" günlərlə yol qət etdi. Vaqondakılara gündə bir qədər quru çörək, bir qədər də su verilirdi. Dünyasını dəyişənləri qatar gedə-gedə yerə atır, ya da hardasa çayın üstündən keçəndə suya tullayırdılar. Acından ölməmək üçün onların dadına Salehin qardaşı Rzanın verdiyi  keçi dərisinə yığılmış qovrulmuş ət və bir kisə qurudulmuş lavaş çatırdı. Vaqonda bu qovurmadan və lavaşdan hamı istifadə etmişdi, hətta keşikçi əsgərlər də... 

Üzüntülü günlərdən sonra, nəhayət, qatar Qazaxıstanın şimalına, qarlı-şaxtalı Sibirə çatır. Gətirilən dustaqlar əlitüfəngli adamlar və yanlarındakı böyük itlərlə mühasirəyə alınırlar. Məhbusların döşündəki nömrələri, habelə ad və familyalarını ucadan oxuyaraq, ölənləri-itənləri çıxmaqla qeydiyyata götürürdülər. Heç kimin bir-biri ilə danışa bilmədiyi bu yerdə məsələni qəlizləşdirən həm də dustaqların rus dilini bilməməsi idi. Birdən zabit əsəbi və amiranə səslə "Sizin içinizdə rus dilini bilən varmı", - deyə müraciət edəndə rəisin nə dediyini bilmək üçün hamının nəzər-diqqəti bir anlığa Salehə yönəldi. Saleh bir addım irəli durub  "Mən bilirəm" dedi.

Zabit Salehin sinəsindəki nömrəyə diqqətlə baxaraq "21.456 nömrəli Saleh Musayev, irəli gəl, mənim dediklərimi məhbuslara tərcümə et" dedi. 

- Kiminsə buradan qaçması ölüm deməkdir, yəni Sibir elə bir yerdir ki, ayağını səhvən başqa yerə qoyan özü də bilmədən yarğanın dərinliyinə gedə bilər. Buralarda ancaq bələdçi vasitəsilə hərəkət etmək olar. Kim qanunu pozarsa, yerindəcə güllələnəcək. Aydındır?! İndi yolu davam edək.

 Saleh deyilənləri dustaqlara tərcümə etdikdən sonra insan axını yola düzəldi. Xeyli gedəndən sonra meşənin dərinliklərində, açıq bir ərazidə məhbusları saxlayıb əmr etdilər ki, dayanın, təlimata görə gecə hərəkət etmək olmaz, dincəlin, sübh tezdən məhbus düşərgəsinə yollanacağıq.

Səhər açılar-açılmaz dustaqlar yola düzəldi. Elə ki, axın düşərgəyə çatdı, Saleh "sıraya düzlən!" deyən zabitin hər kəlməsini açıqlamaqla, kimin cibində  nəyi varsa, birinci posta təhvil verməsini tələb etdi. 

Sonra  məhbuslar yerbəyer edildi. Yenicə düzəldilmiş baraklardan yaş şam ağacının özünəməxsus iyi hələ çəkilməmişdi. 60 nəfərlik barakda iki nəfərdən ibarət yataq taxtları düzəldilmişdi. Salehgilin barakındakıların hamısı Şərurdan bir yerdə çıxanlar idi.

Sabahı düşərgə rəhbəri hər bir baraka briqadir-rəhbər təyin edirdi ki, onlar məhbusların hərəkətləri barədə məmurlara dəqiq məlumat versinlər. Həmin adam barakda olan dustaqların gündəlik iş normasının yerinə yetirilməsinə cavabdehlik daşısın. İyirmi səkkiz nömrəli barakın qabağında dayanan zabit "Sizə bu adamı  briqadir təyin edirəm" deyərək, Salehi işarə ilə qabağa çağırdı və dedi:

- Hər briqadanın ayrı sahəsi var. Bir nəfər bələdçi-sibirli ilə gedib ağac qıracaqsınız. Adama 100 ağac. Gündəlik normanı kim doldurmasa, elə buradaca güllələyəcəyik. Yaşamaq istəyirsinizsə, işləmək lazımdır. Mənim sözüm bu qədər.

Saleh ilk gündən kollektiv qarşısında belə bir məsələ qoydu ki, bu 60 nəfərin 60-nın da evinə sağ-salamat qayıtması üçün hamı işləməlidir. Müəyyən səbəbdən normanı yerinə yetirə bilməyənin əvəzinə mütləq ağac qırılmalıdır ki, itkimiz olmasın.

Beləcə, günlər ayları, aylar illəri əvəzləyirdi. Salehin rəhbərliyi altında 60 nəfər həm yaxşı işləyir, həm də nizam-intizama riayət etdiklərindən sayları azalmırdı. Bəlkə də bu səbəbdəndir ki, işgüzarlığı, dustaqlara qayğısı, heç zaman haqqı-nahaqqa verməyən Salehin düşərgədə hörməti-izzəti gündən-günə artırdı. Onu düşərgənin yeməkxanasına müdir təyin edəndə dustaqların sevinci yerə-göyə sığmırdı. Artıq Saleh türmədə ikinci  adam hesab olunurdu. Həmyerlisi Cəfəri də yanına işə götürmüşdü. Bütün müsəlmanlara yaxşıca kömək edirdi. Yeməyin keyfiyyətini artırdığından, səliqə-sahman yaratdığından dustaqlar rəisdən, rəis də ondan razılıq edirdi. 

Artıq 1940-cı il idi, Sibir düşərgəsi ilə vidalaşmağa sayılı günlər qalırdı. 

Saleh Sibirlə, 9 ildən artıq bir yerdə duz-çörək kəsdiyi insanlarla ayrılanda sənədlərdən məlum oldu ki, ona Naxçıvanın Xanlıqlar kəndində yox, Azərbaycanın Yevlax rayonunda yaşamaq hüququ verilib.

Saleh atasının Qubadlı tərəflərdən olan ailə dostu Paşa bəyin oğlu (sonradan əmisi oğlu Çayqıraqlı Qasıma oğulluğa verilmiş) 1932-ci ildə Qarabağda milis nəfəri işləyərkən erməni basqınlarının qarşısının alınmasında fədakarlıq göstərdiyi üçün daşnakların əli ilə Qazaxıstan çöllərinə sürgün edilən,  orada da azərbaycanlı ailələrini aşağılayan erməniəsilli məmura şillə vurduğu üçün Sibirə həbs düşərgəsinə göndərilən İsmixanın vaxtından iki il əvvəl azadlığa buraxılmasına nail olur. O, axşam İsmixana "hazırlaş, artıq getməyin vaxtıdır, sabah yola düşürük" deyəndə İsmixan qulaqlarına inanmadı: - Axı mənim... 

Saleh kişi qoymadı ki, o, sözünün ardını gətirsin: "Sən yaxşı işlədiyinə görə rəhbərlik vaxtından iki il əvvəl azadlığa buraxılmağın haqqında qərar verib, al, bu da sənədlərin". 

Saleh Musayev Sibirdən Yevlaxa qayıdanda artıq oğlu Rüstəm 14 yaşında idi.  Qısa müddətdə Yevlaxda da el-obanın hörmətini qazandı. Oğul-qız toyu etdi...1947-ci ildə Yevlax rayon NKVD rəisi Saleh kişini yanına çağırtdırıb "sən dövlətin düşmənisən, Sibirdən vaxtından 6 ay tez gəlmisən. Özün də rahat adama oxşamırsan... Səni yenidən həbsə göndərəcəm " deyib, ona 5 il həbs cəzası təyin edir. Saleh kişi bu dəfə cəzasını çəkmək üçün Murmanskdakı həbsxanaya göndərilir. Bir neçə aydan sonra düşərgə rəisinin təklifi ilə, təcrübəsi nəzərə alınmaqla, o, buradakı yeməkxanaya müdir təyin edilir. Beş ili tamam olduqdan sonra rəis onu yanına çağırır. Saleh kişi kabinetə daxil olarkən həbs müddəti bitdiyi üçün rəisə "yoldaş" deyə müraciət edir. O isə Saleh kişiyə "nə" "yoldaş", sənə əlavə olaraq 5 il həbs cəzası vermişəm, ona  görə də "vətəndaş" deyə müraciət etməlisən" deyir. Beləliklə, Saleh kişi yenidən 5 il də həbsxana həyatı yaşamalı olur.

1953-cü ildə Stalinin ölümündən sonra, SSRİ rəhbəri Xruşşovun verdiyi amnistiya əsasında Saleh Musayev 1955-ci ilin mart ayında həbsdən azad olunur, Azərbaycana, Yevlaxa qayıdır.  Özü və övladları Rüstəm, Əhməd, Həmid, nəvələri Eldar, Xanlar, Şahmar, Yelmar, Şahlar, Tərlan, İlyas, Knyaz, Niyaz və Bahar, eləcə də nəticələri müstəqil Azərbaycan dövlətçiliyinə xidmətdə əllərindən gələni əsirgəmirlər. Saleh kişinin tərbiyəsi ilə böyüyən, onun ailə ənənələrini ləyaqətlə yaşadan və davam etdirən nəvə-nəticələri, eləcə də Mürsəqulular, Yavuxlular tayfalarının Yevlaxda,  Bərdədə, Ağcabədidə, Şəmkirdə, Naxçıvanda, İğdırda, başqa ölkə və şəhərlərdə yaşayan nəsil davamçıları bu gün Çobankərəyə qayıtmaq arzusu ilə yaşayırlar, Prezident 

İlham Əliyevin müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində Mürsəqulular nəslinin davamçıları, eləcə də Yevlax və onun ətraf kəndlərində yaşayan, qədim İrəvan mahalından qovulan, deportasiya olunan yüzlərlə ailənin törəmələri yaxın gələcəkdə öz dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.  

Ailədə, qohum-əqrəba yanında böyük nüfuz sahibi, el ağsaqqalı Saleh kişi  həmişə doğma Çobankərənin - dədə-baba yurdlarının xiffətini çəkirdi, o yerlər haqqında nəvələrinə, yaxınlarına danışmaqdan doymurdu. Bu minvalla çobankərəli Saleh kişi Yevlaxda 40 ildən artıq ömür sürdü. 1981-ci ildə 91 yaşında həyatla vidalaşmalı oldu. Məzarı Yevlaxın Dəvəçilər qəbiristanlığındadır. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Ü.Z.Quliyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:13
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!