Müasir iqtisadiyyatın dayanıqlılığı getdikcə daha çox sahibkarlığın inkişaf səviyyəsi ilə müəyyən olunur. Sahibkarlıq artıq yalnız gəlir əldə etməyə yönəlmiş biznes fəaliyyəti deyil. O, yeni iş yerlərinin yaradılmasının, regionlarda iqtisadi fəallığın genişlənməsinin, innovasiyaların tətbiqinin və iqtisadiyyatın şaxələndirilməsinin mühüm dayaqlarından birinə çevrilib. Qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, rəqəmsallaşmanın istehsal və xidmət modellərini yenidən formalaşdırdığı indiki mərhələdə çevik və rəqabətqabiliyyətli sahibkarlıq sektorunun mövcudluğu ölkələrin iqtisadi dayanıqlılığı baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan üçün də sahibkarlığın inkişafı strateji xarakter daşıyır. Neft gəlirləri uzun illər ölkənin iqtisadi inkişafı üçün güclü maliyyə bazası yaradıb. Lakin yeni mərhələnin əsas vəzifəsi iqtisadi artımın getdikcə daha çox qeyri-neft sektoruna, özəl təşəbbüsə və sahibkarlıq fəallığına söykənməsidir. Son illərdə həyata keçirilən islahatların mühüm istiqamətlərindən birinin məhz biznes mühitinin yaxşılaşdırılmasına və sahibkarlıq təşəbbüslərinin stimullaşdırılmasına yönəlməsi də bununla bağlıdır.
Vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizmlərinin tətbiqi, sənaye zonalarının və aqroparkların yaradılması bu siyasətin əsas istiqamətlərindəndir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, KOB evlərinin və digər institutların fəaliyyəti sahibkarla dövlət arasında münasibətlərin daha çevik və xidmətyönümlü əsasda qurulmasına imkan verir.
Həyata keçirilən siyasətin nəticələri son açıqlanan rəsmi statistik göstəricilərdə də aydın görünür. Son iki ilin müqayisəsi mikro, kiçik və orta sahibkarlıq sektorunda müsbət dinamikanın davam etdiyini göstərir. Bu dövrdə KOB subyektlərinin sayı 5,8 faiz, sektorda məşğulluq 6,9 faiz, yaradılan əlavə dəyər isə 3,4 faiz artıb. Bu göstəricilər yalnız sahibkarlıq subyektlərinin sayca genişlənməsini deyil, eyni zamanda onların iqtisadi fəallıqda və əmək bazarında mövqeyinin möhkəmlənməsini ifadə edir.
Xüsusilə məşğulluğun artım tempinin subyektlərin say artımını üstələməsi diqqət çəkir. Bu, sahibkarlığın yeni iş yerlərinin yaradılmasında sosial rolunun genişləndiyini göstərir. Əlavə dəyərin yüksəlməsi isə sektorun iqtisadi nəticələrinin də yaxşılaşdığına işarədir. Başqa sözlə, sahibkarlıq artıq iqtisadiyyatda yalnız kəmiyyət göstəriciləri ilə deyil, yaratdığı məşğulluq və əlavə dəyərlə də daha nəzərəçarpan mövqe qazanır.
Bununla belə, burada əsas məsələ yalnız artımın davam etməsi deyil, onun keyfiyyətinin və dayanıqlılığının təmin olunmasıdır. Sahibkarlığın növbəti inkişaf mərhələsində daha çox müəssisənin yaradılması ilə yanaşı, mövcud bizneslərin iqtisadi miqyasının genişləndirilməsi, məhsuldarlığının və rəqabət qabiliyyətinin artırılması daha böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan sahibkarlığın maliyyə resurslarına çıxışının yaxşılaşdırılması xüsusi rol oynayır. Son hesabat dövrünün göstəricilərinə əsasən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin 99,8 faizi, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Eyni zamanda güzəştli kreditlə maliyyələşdirilən layihələrin 94,7 faizi, ayrılmış vəsaitlərin isə 72 faizi regionlara yönəldilib. Bu göstəricilər dövlət maliyyə dəstəyinin həm KOB sektorunun inkişafına, həm də sahibkarlığın regional coğrafiyasının genişlənməsinə xidmət etdiyini göstərir.
Regionlarda sahibkarlığın inkişafı ölkənin iqtisadi siyasətində ayrıca əhəmiyyət daşıyır. Yerli resursların iqtisadi dövriyyəyə cəlb olunması, yeni istehsal və emal müəssisələrinin yaradılması, məşğulluğun genişlənməsi və əhalinin gəlirlərinin artması regional inkişafın dayanıqlılığı üçün mühüm şərtdir. Bu baxımdan yerli xammala əsaslanan istehsalın, ixrac potensialına malik müəssisələrin və daha yüksək əlavə dəyər yaradan biznes layihələrinin təşviqi qarşıdakı dövrdə də mühüm istiqamətlərdən biri olaraq qalır.
Sahibkarlığın ölkənin iqtisadi inkişaf modelindəki rolu strateji sənədlərdə də aydın ifadə olunub. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat əsas prioritetlərdən biri kimi müəyyən edilib. İqtisadi artımın getdikcə daha çox qabaqcıl və səmərəli özəl təşəbbüslərə söykənməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbələrindən birinə çevrilməsi, sahibkarların maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması və innovativ özəl sektorun inkişafı burada xüsusi yer tutur.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da bu xətti davam etdirərək iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi, özəl sektorun fəallığının yüksəldilməsi, investisiya və ixrac imkanlarının artırılması üçün konkret tədbirlər müəyyən edir. Növbəti 2027-2030-cu illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması isə ölkənin iqtisadi siyasətində bu xəttin davamlı xarakter daşıdığını göstərir.
Yeni mərhələnin mühüm imkanlarından biri rəqəmsal transformasiya ilə bağlıdır. Elektron xidmətlərin genişlənməsi, rəqəmsal ödəniş sistemləri, onlayn satış kanalları, süni intellekt həlləri və yeni texnoloji platformalar biznesin təşkilində və bazara çıxış imkanlarında ciddi dəyişikliklər yaradır. 2026-2029-cu illər üçün rəqəmsal iqtisadiyyatın inkişaf strategiyası da sahibkarlıqda rəqəmsal infrastrukturun genişləndirilməsini, innovasiya əsaslı inkişafı və rəqəmsal bacarıqların gücləndirilməsini ön plana çıxarır. Bu imkanlar xüsusilə mikro və kiçik sahibkarların fəaliyyət xərclərinin azalması, yeni bazarlara çıxışı və rəqabət qabiliyyətinin yüksəlməsi baxımından əhəmiyyətlidir.
Digər mühüm inkişaf məkanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır. İşğaldan azad olunmuş ərazilərdə qurulan müasir infrastruktur, sənaye parkları, aqrar və xidmət layihələri, tətbiq olunan vergi və digər güzəştlər yeni sahibkarlıq təşəbbüsləri üçün geniş imkanlar yaradır. Bu ərazilərin iqtisadi dövriyyəyə qoşulması yalnız regional inkişaf baxımından deyil, yeni istehsal zəncirlərinin, investisiya layihələrinin və ixrac imkanlarının formalaşdırılması baxımından da mühüm perspektivlər açır.
Eyni zamanda mövcud inkişaf dinamikası növbəti mərhələnin vacib çağırışlarını da müəyyən edir. Mikro sahibkarların KOB strukturunda yüksək xüsusi çəkisi həmin bizneslərin bir hissəsinin tədricən kiçik, daha sonra isə orta sahibkarlıq səviyyəsinə yüksəlməsi üçün əlavə stimullara ehtiyac olduğunu göstərir. Əsas kapital qoyuluşlarında KOB-ların rolunun artırılması, uzunmüddətli və münasib maliyyə resurslarına çıxışın daha da genişləndirilməsi, texnoloji yenilənmənin sürətləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin sahibkarlıqla daha sıx əlaqələndirilməsi də vacib inkişaf istiqamətlərindəndir.
Burada söhbət daha çox mövcud çətinliklərdən deyil, sahibkarlığın istifadə olunmamış inkişaf ehtiyatlarının hərəkətə gətirilməsindən gedir. Azərbaycan sahibkarlığı artıq formalaşmanın ilkin mərhələsini xeyli dərəcədə geridə qoyub. İndi əsas məsələ onun keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsidir. Bu isə daha yüksək məhsuldarlıq, texnoloji yenilənmə, ixrac imkanlarının genişlənməsi, innovativ düşüncənin güclənməsi və regionlarda daha dayanıqlı biznes strukturlarının formalaşması deməkdir.
Beləliklə, Azərbaycanda sahibkarlığın inkişafını artıq yalnız biznes subyektlərinin sayındakı artımla qiymətləndirmək kifayət deyil. Yeni mərhələdə əsas hədəf daha məhsuldar, innovativ, dayanıqlı və rəqabətqabiliyyətli özəl sektorun formalaşdırılmasıdır. Dövlətin həyata keçirdiyi islahatlar, strateji sənədlərdə müəyyən olunan hədəflər, regionlarda və işğaldan azad edilmiş ərazilərdə yaranan yeni iqtisadi imkanlar bunun üçün əlverişli zəmin yaradır. Qarşıdakı dövrdə bu potensialdan daha səmərəli istifadə olunması sahibkarlığın qeyri-neft iqtisadiyyatının genişlənməsində, məşğulluğun artırılmasında və ölkənin uzunmüddətli iqtisadi dayanıqlılığının təmin edilməsində rolunu daha da gücləndirəcək.
Yaşar MƏMMƏDOV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru