Kosovo üzrə Xüsusi məhkəmə Haşim Taçini və digər üç təqsirləndirilən şəxsi 1998-1999-cu illər müharibəsi zamanı özbaşına həbs, qəddar rəftar, işgəncə və qətldə təqsirli bilib. 58 yaşlı Taçi 25 il həbs cəzasına məhkum edilib, onun əlbirləri isə 13 ildən 25 ilə qədər həbs cəzası alıblar. Taçi günahsız olduğunu bildirib.
Xüsusi məhkəmənin qərarına əsasən, Haşim Taçi, Kadri Veseli, Yakup Krasniçi və Reçep Selimi 385 nəfərin özbaşına həbsində, 49 nəfərə qarşı qəddar rəftarda, 303 nəfərin işgəncəsində və 96 nəfərin qətlində təqsirli biliniblər.
Eyni zamanda məhkəmə prokurorluğun mülki əhaliyə qarşı geniş yayılmış və ya sistematik hücumlar barədə kifayət qədər dəlil təqdim etmədiyini və dörd nəfərin insanlığa qarşı cinayətlərdə təqsirli bilinmədiyini müəyyən edib.
Məhkəmə müəyyən edib ki, Taçi və onun əlbirləri Kosovo Azadlıq Ordusunun (KLA) siyasi və hərbi məqsədlərinə qarşı çıxan hesab etdikləri şəxslərin, o cümlədən digər qüvvələrə qoşulmuş Kosovo albanlarının, Serbiya hakimiyyəti ilə əlaqələrində şübhəli bilinən şəxslərin, qaraçılar və serblər də daxil olmaqla etnik azlıqların müəyyən üzvlərinin qanunsuz təqibinə əhəmiyyətli dərəcədə təsir göstəriblər.
Məhkəmə qurbanların cinayətkar fəaliyyətdə iştirak etdiklərinə və ya KLA üçün təhlükə yaratdıqlarına dair heç bir dəlil tapmayıb.
Prosesə sədrlik edən hakim qeyd edib ki, məhkəmə KLA-nın qanuniliyini və ya Kosovonun müstəqilliyinə nail olmaq məqsədini araşdırmır. O, sadəcə, qurumun bəzi üzvlərinin məqsədlərinə çatmaq üçün istifadə etdiyi metodları araşdırır. Hakim bildirib ki, bu məhkəmə prosesi Serbiya hərbi və hərbiləşdirilmiş qüvvələri tərəfindən Kosovo albanlarına qarşı törədilən cinayətlərə toxunmayacaq.
H. Taçi hökmdən apellyasiya şikayəti verə bilər.
O, 1990-cı illərdə Kosovo Azadlıq Ordusunun qurucularından biri olub. Məhkəmə qərara alıb ki, Baş Qərargah üzvü və Siyasi Departamentin rəhbəri kimi Taçi cinayətlərdə əsas rol oynayıb. O, həmçinin 13 parlament üzvünün həbsində və dindirilməsində, eləcə də alban fəalının həbsində və qətlində şəxsən iştirak edib.
Məhkəmə qərarına görə, Baş Qərargah üzvü, mətbuat katibi və KLA-nın rəis müavini kimi Yakup Krasniçinin də rolu bu işdə əsas olub və Taçi kimi o da 25 il müddətinə azadlıqdan məhrum edilib.
Kadri Veseli həm müharibə zamanı, həm də sonralar sülh dövründə kəşfiyyata rəhbərlik edib. Məhkəmə onu 18 il müddətinə azadlıqdan məhrum edib və qeyd olunub ki, bir çox insanın saxlanılmasına və ya öldürülməsinə əsaslanan "kəşfiyyat məlumatları" əsasən təsdiqlənməmiş şayiələrdir.
Recep Selimi KLA-nın baş müfəttişi idi və məhkəməyə görə, digər təqsirləndirilən şəxslərə nisbətən daha az təsir gücünə malik olub. O, 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bir çox kosovolu tərəfindən qəhrəman hesab edilən Haşim Taçinin tərəfdarları hökmün elan edildiyi gün Priştina və Haaqada toplaşıblar.
Kosovo 2008-ci ildə Serbiyadan ayrılıb müstəqilliyini elan etdikdən sonra o, qismən tanınmış ölkə hökumətində baş nazir, baş nazirin birinci müavini və xarici işlər naziri vəzifələrində çalışıb.
H. Taçi 2016-cı ildən 2020-ci ilə qədər Kosovo Respublikasının Prezidenti olub. Kosovo üzrə Xüsusi prokurorluq tərəfindən ittiham edildikdən sonra istefa verib və o vaxtdan bəri Haaqada həbsdədir.
O, 2020-ci ildə istefa verdikdən sonra deyib: "Mən sülh dövründə siyasi səhvlər etmiş ola bilərəm, amma heç vaxt müharibə cinayətləri törətməmişəm".
Rizvan CƏFƏROV,
"Azərbaycan"