21 Fevral 2025 08:00
2288
SİYASƏT
A- A+
Şərəfli missiya

Şərəfli missiya


Mövcud ənənələri yaşadanların missiyası nisbətən asandır. İllərlə toplanmış zəngin təcrübə, müəyyən edilmiş yol, istiqamət bu ənənələri inkişaf etdirməyə şərait yaradır. Amma ənənələrin özünü yaratmaq, yeni təcrübələr formalaşdırmaq, ən mühümü isə bunun saysız çətinliklərini bilərək belə ağır bir işi üzərinə götürmək asan deyil və bu, tarixi şəxsiyyətlərin missiyasıdır. Burada söhbət təkcə hansısa vəzifəni layiqincə yerinə yetirməkdən, göstərilən etimadı doğrultmaqdan getmir. Görülən işlərlə gələcək nəsillər üçün dəyərli bir irs formalaşdırmaq, başqaları üçün də örnək yaratmaq bu missiyanın bəlkə də daha əhəmiyyətli hissəsidir.  


Milli dövlətçilik tariximizə yazılmış gün


Düz səkkiz il əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Vətəndaşlarımızın ürəyindən xəbər verən bu qərar adi bir vəzifə təyinatı deyildi. Son illər ölkəmizdə aparılan ardıcıl islahatların, baş verən dəyişikliklərin bundan sonra daha da sürətlənəcəyinin, Azərbaycanda müsbətə doğru əsaslı dəyişikliklərin baş verəcəyinin, idarəetmə sistemində və ümumən cəmiyyətimizdə tamamilə yeni bir dövrə keçidin xoş müjdəsi idi. Bu təyinata qədər Mehriban xanım müasir tariximizdəki bir çox ilklərin müəllifi olmuşdu - Azərbaycanda müasir meyarlar baxımından heç bir ənənəsi olmayan birinci xanım institutunu formalaşdırmış, qısa müddətdə bu ictimai təsisatın ən mükəmməl fəaliyyət nümunəsini yaratmışdır. 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli humanitar fəaliyyəti ilə bu sahədə də əhəmiyyətli bir ilkə imza atmışdır. Mehriban xanım Ulu Öndərin adını daşıyan fondla, bu tarixi şəxsiyyətin əbədi irsi ilə təşkilatın insanların həyatına, ümumən bəşəriyyətə gətirdiyi mühüm töhfələr arasında sintez yaratmış, beynəlxalq aləmdə qazandığı rəğbətlə, layiq görüldüyü  ictimai titullarla, müxtəlif ölkələrin, qlobal qurumların ali mükafatları ilə Azərbaycan qadınının adını tarixboyu yüksəldiyi ən uca mərtəbələrə ucaltmışdır. 

Azərbaycanın Birinci vitse-prezidenti təyinatı 2016-cı il sentyabrın 26-da keçirilmiş  referendumla ölkə Konstitusiyasına edilmiş dəyişikliklər əsasında yaradılmışdı. Bu dəyişikliyə qədər Azərbaycanın idarəetmə sistemində belə bir təsisat mövcud deyildi. 

Özünü doğrultmuş bu mütərəqqi dünya təcrübəsinin Azərbaycanda da yaradılması bir sıra məqsədlərə xidmət edirdi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün aparılan sistemli islahatlar fonunda vitse-prezidentlik institutu dövlət idarəetməsinin daha səmərəli və çevik hala gətirilməsinə töhfə verir. Daxili və xarici siyasətdə səmərəliliyin əldə olunmasına, bir çox məsələnin, layihənin icrasında daha operativ qərarların qəbuluna, onların icrası vəziyyətinin həssaslıqla nəzarətdə saxlanmasına şərait yaradır, ölkənin iqtisadi və sosial inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayır. 


Xalqın sosial sifarişi


Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə məhz Mehriban xanım Əliyevanın təyin edilməsi xalqımızın sosial sifarişi idi. Vətəndaşlarımız əmin idilər ki, bu təsisatı ən mükəmməl şəkildə məhz Mehriban xanım formalaşdıra, bu vəzifənin öhdəliklərini layiqincə yerinə yetirib cəmiyyətimizin, insanlarımzın həyatına yeni faydalar gətirə bilər. Mehriban xanım Əliyeva xalqımızda bu təəssüratı ötən əsrin 90-cı illərinin ortalarından etibarən cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakı, gördüyü işlər, yerinə yetirdiyi uğurlu layihələrlə yaratmışdı. 

8 il əvvəl Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi cəmiyyətə təqdim edərkən dövlət başçısı İlham Əliyev onun Yeni Azərbaycan Partiyasının Sədr müavini, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, ölkəmizdə keçirilmiş "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinin, I Avropa və IV İslam Həmrəyliyi Oyunları Təşkilat komitələrinin rəhbəri kimi gördüyü işləri diqqətə çatdırmış, bütün bu çoxşaxəli, uğurlu fəaliyyətin bu qərarı qəbul etməyində əsas rol oynadığını bildirmişdi: "Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir". 

Prezident İlham Əliyevin bu qərarı bir tərəfdən Azərbaycan naminə görülmüş işlərin, ardıcıl fəaliyyətlə dövlətimiz, cəmiyyətimiz üçün yaradılmış faydaların layiqli qiyməti, digər tərəfdən isə cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verilən dəyərin ifadəsidir.  Mehriban xanım bu təyinatdan sonrakı müsahibələrinin birində qeyd edirdi ki, onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağı barədə qərar məhz Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi: "Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam".    

21 fevral 2017-ci ildən keçən tarix salnaməsinin hər səhifəsi bu inamı doğruldan layiqli işlərlə, real əməllərlə, parlaq nəticələrlə zəngindir. Heydər Əliyev Fondunun çoxşaxəli layihələrinin uğurlu təcrübəsinə əsaslanaraq, bu illərdə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin ən mühüm istiqamətlərindən biri sosial sahəyə aid olmuşdur. Dövlətimizin genişmiqyaslı sosial inkişaf proqramlarının icrasında, bu çərçivədə görülən işlərin bilavasitə nəzarətdə saxlanmasında çox mühüm rol oynamış, həyata keçirilən sosial siyasətin öz məqsədlərinə çatmasına, bu sahəyə yönələn resurslardan səmərəli şəkildə istifadə edilməsinə, ən yaxşı beynəlxalq təcrübələrin, innovasiyaların tətbiqinə nail olmuşdur. 

Dövlətimizin sosial dəstəyi, diqqət və qayğısı ilə əhatə olunmuş hər bir Azərbaycan vətəndaşı bu nailiyyətləri gündəlik həyatında hiss edir. Əhalinin sosial müdafiəsi sahəsində ədalət meyarlarının bərqərar olması, sosial xidmətlərdə ehtiyacı olan hər kəs üçün bərabərliyin, şəffaflığın, hesabatlılığın təmin edilməsi, proseslərin rəqəmsallaşdırılması, müəyyən dövrlərdə sosial müdafiə sahəsində mövcud olan neqativ halların aradan qaldırılması bunun bariz nümunəsidir. 


Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə layiqli töhfələr


Mehriban xanım Əliyeva keçmiş qaçqın və məcburi köçkünlərin sosial təminatı sahəsində də mühüm işlər görmüşdür. Təsadüfi deyil ki, o, Azərbaycanın Birinci vitse-prezidenti kimi ilk müşavirəsini də məhz qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məsələlərinə həsr etmişdir. Rəhbərlik etdiyi layihələr çərçivəsində respublikamızın müxtəlif bölgələrində yeni yaşayış kompleksləri tikilmiş, minlərlə məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunmuşdur. 

2020-ci ildə qazandığımız tarixi Zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra bu istiqamətdə fəaliyyətin yönü dəyişməkdədir. Bir vaxtlar erməni işğalçılarının doğma yurdlarından didərgin saldıqları, uzun illər ölkəmizin müxtəlif məkanlarında min bir əziyyət içində yaşayan soydaşlarımız artıq məcburi köçkün adı ilə vidalaşıblar. Qarabağ və Şərqi Zəngəzurdakı azad yurdlarımıza Böyük qayıdış başlanıb. İndi keçmiş məcburi köçkünlər üçün evlər, yaşayış kompleksləri öz ata-baba yurdlarında tikilir. Mehriban xanım Əliyeva Qarabağın, Şərqi Zəngəzurun dirçəlişinə yenə də mühüm töhfələr verir. Erməni vandallarının işğal dövründə tar-mar etdikləri tarixi abidələrimizin bərpası, yenidən həyata qaytarılması istiqamətində Birinci vitse-prezidentin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Heydər Əliyev Fondu genişmiqyaslı tədbirlər həyata keçirir. Şuşa şəhərindəki Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Çöl qala, Mamayı, Saatlı məscidlərinin, Ağdam və Zəngilan şəhərlərindəki cümə məscidlərinin təmir-bərpası, Şuşada, Hadrutda, Daşaltıda yeni məscidlərin inşası Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə sevgisinin Qarabağda, Şərqi Zəngəzurda nəcib əməllərə çevrilən ifadəsidir.   

Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə görkəmli şairimiz Vaqifin Şuşa şəhərindəki muzey-məqbərə kompleksi və büstü də əvvəlki görkəmində bərpa olunub. Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən qəbirüstü məzarı yenidən həyata qaytarılıb. Zəfər rəmzimiz olan Şuşada dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin heykəli ucaldılıb. Şuşanın tarixi yaddaşında xüsusi yer tutan məşhur tarzən Sadıqcanın evində, Mehmandarovların malikanə kompleksində, Şirin su hamamında bərpa-quruculuq işləri görülüb. Şuşada tarixi görkəmində bərpa olunan yaradıcılıq mərkəzi, Milli Xalça Muzeyinin Şuşa filialı, "Yasəmən" hoteli də bu gün Azərbaycan dövlətinin qüdrətli əlləri, böyük sevgisi ilə dirçəldilən azad Şuşamıza Mehriban xanım Əliyevanın hədiyyəsidir.

Azad yurdlarımızın dirçəlişinə dəstək təkcə maddi-mədəniyyət abidələrinin bərpası ilə məhdudlaşmır. Mehriban xanımın yaxından iştirak etdiyi mühüm layihələrlə Qarabağın dünyanın tanınmış mədəniyyət mərkəzlərindən birinin - Şuşanın statusu, şöhrəti də yenidən özünə qayıdır. Hər il ən yüksək səviyyədə qeyd edilən "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər bu kimi mədəni tədbirlərlə dünya bu əzəli yurdumuzu yenidən kəşf edir. Şuşada yeni teatr, konsert salonları, sərgi məkanları yaradılır. Qarabağda, Şərqi Zəngəzurda əhalinin yeni evlərinə qayıdışına həmahəng şəkildə məktəblər, uşaq bağçaları, tibb müəssisələri və başqa infrastruktur obyektləri inşa olunur.


Həssas təbəqəyə xüsusi qayğı


Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin ailələri, döyüşlərdə yaralanmış hərbçilərimizin sağlamlıq durumu da daim Mehriban xanımın nəzarətindədir. Onun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən müvafiq layihələr çərçivəsində qazilərimiz dünyada ən müasir protez istehsalçıları kimi tanınan şirkətlərin yüksəktexnologiyalı məhsulları ilə təmin edilirlər.  

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi məqsədilə Birinci vitse-prezidentin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda, Gəncədə, Yevlaxda onlar üçün regional informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə gözdən əlilliyi olan və görmə imkanları məhdud insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə internetə çıxış, internetdə lazımi informasiyaların tapılması və s. üçün imkanlar təmin edilib. 

Mehriban xanım əlilliyi olan uşaq və gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, onların yaradıcılıq potensialının inkişafına da dəstək verir. Heydər Əliyev Fondu sosial xidmət müəssisələrində, habelə ahıllar üçün sosial xidmət məkanlarında mütəmadi olaraq aksiyalar, dövlət himayəsində yaşayanlara, aztəminatlı ailələrə dəstək məqsədli ardıcıl tədbirlər təşkil edir. 

Mehriban xanım Əliyeva özünüməşğulluq proqramının genişləndirilməsi prosesinə də xüsusi diqqət yetirir. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan "Sosial bağlar" layihəsi çərçivəsində son illərdə yüzlərlə aztəminatlı ailə üçün müxtəlif özünüməşğulluq təsərrüfatları yaradılıb.

Ölkənin Birinci vitse-prezidentinin yüksək humanizminin, həssas əhali qruplarına diqqət və qayğısının təcəssümü olan və çox mühüm sosial əhəmiyyət daşıyan layihələrdən biri də son illər müxtəlif bölgələrimizdə tikilən "Məzun evləri"dir. Bu çoxmənzilli yaşayış binaları dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilir. 


Elm və  təhsillə qurulan gələcək


İllər əvvəl olduğu kimi, bu gün də Mehriban xanımın fəaliyyətində Azərbaycanın təhsil sisteminin müasirləşdirilməsi, qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması mühüm yer tutur. Yada salaq ki, 2005-ci ildən Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı, ölkəmizdəki bir sıra dövlət və özəl qurumların dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb", eləcə də "Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək" layihələrinin reallaşdırılmasına başlanmış, ölkəmizin müxtəlif regionlarında yüzlərlə təhsil və səhiyyə ocağı tikilmiş, eləcə də mövcud olanlar yenilənərək əhalinin istifadəsinə verilmişdir. 

Mehriban xanımın təhsili, geniş mənada sosial tərbiyə məsələlərini uzun illərdən bəri əsas fəaliyyət prioritetlərindən biri kimi müəyyənləşdirərək bu istiqamətdə sistemli iş aparması heç də təsadüfi deyil. Tarixboyu elmə, təhsilə mühüm diqqət verən ölkələr, cəmiyyətlər irəli gediblər. Bəşəriyyət indi də bütün nailiyyətlərinə görə bu sahələrin inkişafına zəhmət sərf edən şəxsiyyətlərə borcludur. Bu mənada Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahələrində həyata keçirilən layihələr Azərbaycanın bu günü və gələcəyinə ən böyük xidmətdir.     

Azərbaycanın Birinci vitse-prezidentinin bir neçə il əvvəl Heydər Əliyev Fondunun xətti ilə irəli sürdüyü "Təhsilə dəstək" layihəsi vacib əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində hər tədris ilində keçmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə, ölkəmizin milli azlıqlar yaşayan bəzi bölgələrinin məktəblərində təhsil alan şagirdlərə dərsliklər, müxtəlif tədris ləvazimatları hədiyyə edilir. Mehriban xanımın müəllifi olduğu "Təhsilə dəstək" layihəsi çərçivəsində indiyə qədər Azərbaycanla yanaşı, bir sıra başqa ölkələrdə - Pakistanda, Niderland Krallığında, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada da yeni məktəblər tikilib, yaxud əsaslı təmir edilərək yerli icmaların istifadəsinə verilib. 

Birinci vitse-prezidentin irəli sürdüyü təşəbbüslər sırasında Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin, Talassemiya Mərkəzinin və başqa bu kimi tibb müəssisələrinin tikilərək əhalinin istifadəsinə verilməsi də mühüm yer tutur. Bütün bunlar ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsi məsələsinin Mehriban xanım Əliyeva üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. 


Sevgi, şəfqət, mərhəmət


Bu gün Mehriban xanımın ölkəmizin ali rəhbərliyində təmsilçiliyi dövlətimiz, xalqımız üçün gördüyü mühüm işlər Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi təntənəsidir. Qadınlara geniş hüquqların verilməsi, onların cəmiyyətdəki layiqli mövqeyinin təmin olunması ilk növbədə sağlam nəslin formalaşması, xalqın genetik saflığının qorunub saxlanması baxımından vacibdir. Xanımlara özünütəsdiq imkanı yaratmaq, onların qabiliyyət və bacarığından səmərəli şəkildə istifadə etmək sağlam gələcək barədə düşünən hər bir dövlətin ümdə vəzifəsidir. Mehriban xanım Əliyevanın timsalında Azərbaycanın qadın hərəkatında güclü dövlət, ədalətli cəmiyyət və azad qadın anlayışları bir-birinə möhkəm tellərlə bağlanaraq sosial-mədəni inkişafımızın mütəhərrik qüvvəsinə çevrilir. 

Mehriban xanım sülh elçisi olaraq fərqli sivilizasiyalar, dinlər arasında körpü yaradan, fərqli mədəniyyətlərə hörmət ruhu aşılayan şəxsiyyətdir. Bu gün  Azərbaycanın dünyada dialoq məkanı kimi tanınmasında, xalqımızın əsrlərdən bəri malik olduğu tolerantlıq, multikulturalizm ənənələrinin dünyada diqqət doğurub xoş örnəyə çevrilməsində Azərbaycanın Birinci vitse-prezidentinin əməyi çox böyükdür. Bütün bunlar dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin təşkilinə Mehriban xanımın da böyük zəhmət sərf etdiyi humanitar forumların, müxtəlif mədəni təşəbbüslərin sayəsində mümkün olmuşdur. Məhz bu fəaliyyət nəticəsində 2008-ci ildə paytaxtımızdan start götürmüş "Bakı prosesi" bu gün dünyada mədəniyyətlərarası dialoq, multikulturalizm sahəsində ən uğurlu platformalardan biri kimi qəbul olunur. Bu istiqamətdə apardığı ardıcıl fəaliyyətlə, mədəniyyət incilərimizin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği ilə  Mehriban xanım Azərbaycanın mədəniyyət diplomatiyasının uğurları üçün də misilsiz işlər görür.

Ən mühümü isə Birinci vitse-prezident bütün dinlərin, mədəniyyətlərin bəşəriyyətə təlqin etdiyi ali dəyərləri - insana sevgini, şəfqəti, xeyirxahlığı, köməyə ehtiyacı olanlara əl tutmağı, eləcə də çağdaş dünyamızda bu dəyərlərin daşıyıcılarına nə qədər böyük ehtiyacın olduğunu öz fəaliyyəti ilə təsdiqləyir. Mehriban xanımın xeyirxah əməlləri xeyirxahlığın mahiyyətindən daha üstündür. O, öz xeyir əməlləri, şəxsiyyətinin miqyası ilə cəmiyyət üçün yeni dəyərlər formalaşdırır, ictimai meyarlar yaradır. Xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat normalarına çevirir. Birinci vitse-prezidentin həyat və fəaliyyət meyarlarına görə hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı hissləri əsas yer tutmalıdır: "O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir". 

Ötən il ölkəmizin evsahibliyi etdiyi COP29 tədbiri çərçivəsində də Mehriban xanım Əliyevanın fəaliyyəti mühüm məqamlarla yadda qaldı. Onun müxtəlif ölkələrin birinci xanımlarının iştirakı ilə təşkil olunmuş "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusundakı konfransda çıxışı xüsusilə əhəmiyyətli idi. Azərbaycanın Birinci vitse-prezidentinin COP29 tədbirindəki fəaliyyəti ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi töhfələri və gənclərin bu prosesdəki rolunun önəmini bir daha nümayiş etdirmiş oldu. 

"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız". Bunlar söz xatirinə deyilmiş adi kəlmələr deyil. Mehriban xanım Əliyevanın həyatı Yer üzünün ən dəyərli əşrəfi olan insanın ictimai missiyasını dərk etdiyi anlardan seçdiyi həyat qayəsidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsini də məhz belə bir məsuliyyətlə artıq 8 ildir davam etdirir.  

Ötən illər ərzində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin gördüyü işlərin mahiyyəti də, miqyası da çox böyükdür. Mehriban xanım Əliyevanın fəaliyyəti sosial, mədəni və humanitar sahələri əhatə edərək Azərbaycanın inkişafına mühüm töhfələr vermişdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Norveçdə kosmosa peyk buraxılışı uğursuz olub  

19:07
30 Mart

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti beynəlxalq konfransda gənc nəslin tərbiyəsində irsin rolundan danışıb  

18:36
30 Mart

Azərbaycan Ordusunda Ramazan bayramı qeyd olunub  

17:39
30 Mart

Britaniya miqrasiya ilə bağlı sərt tədbirlərə start verir  

17:13
30 Mart

Almaniya klubunun baş məşqçisi istefaya göndərilib  

16:10
30 Mart

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!