13 May 2023 10:50
791
Mədəniyyət
A- A+
Sənətin zirvəsində

Sənətin zirvəsində

 

Ömrünə yazılan ilk illərin ünvanı Şuşa şəhəri olub. Görkəmli rejissor, teatrşünas, tənqidçi, pedaqoq Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada dünyaya gəlib. Atası Əsədulla papaqçı olub.
Mehdi Məmmədovun uşaqlıq illəri çətin zamanlarda keçib. Araşdırıcıların yazdığına görə, elə dolanışıq, gün-güzəran dərdi Əsədullanı vadar edib ki, ailəsini də götürüb Bakıya gəlsin. 1922-ci ildən Bakıda məskunlaşıblar. Bakıda 7 illik məktəbdə oxuyanda Mehdi Məmmədovun könlündə bir sənət sevgisi yaranıb. Onun aktyor olmaq arzusuna düşməsində o vaxtlar qadın rollarının ifaçısı kimi tanınan Cəlil Bağdadbəyovun təsiri olub. 
Mehdinin aktyorluq istəyi dindar atasını hövsələdən çıxarıb. Əsədulla oğluna acıqlanıb və onu fikrindən daşındırmağa çalışıb. Ancaq atası Mehdi Məmmədovu fikrindən daşındıra bilməyib. 
O, 1931-ci ildə yeddiillik məktəbi bitirdikdən sonra Bakı Teatr Məktəbinə daxil olmaq istəyib. Çəlimsizliyinə görə Mehdi Məmmədovu qəbul etməyiblər. Həmin il Bakı Türk İşçi Teatrının yardımçı heyətinə qəbul olunub. Həmin teatrın tamaşalarında kütləvi səhnələrdə çıxış etməyə başlayıb. 1932-ci ildə o, Bakı Teatr Məktəbinə daxil olub. 1935-ci ildə həmin məktəbi bitirərək təhsilini davam etdirmək üçün Moskvaya yollanıb.  Moskvada Ali Teatr Sənəti İnstitutunda oxuyub. 1940-cı ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Moskvada ali təhsilini tamamladıqdan sonra təyinatla Gəncəyə göndərilib. Gənc rejissor Gəncə Dövlət Dram Teatrında çalışıb. Həmin teatrda "Bahar", "Madrid", "İntiqam", "Qatır Məmməd", "Məşədi İbad", "Od gəlini", "Oqtay Eloğlu", "Toy", "Vaqif", "Nə yardan doyur, nə əldən qoyur", "İntizar", "Nizami", "Partizan Kostya", "Vasvası xəstə" əsərlərini səhnələşdirib.
1945-ci ilin sentyabrında Bakıya gəlib. Paytaxtın ayrı-ayrı sənət ocaqlarında müxtəlif illərdə tamaşalar hazırlayıb. 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası Milli Dram Teatrında ilk işi olub. Fasilələrlə bu teatrda "Yaşar", "Gənc qvardiya", "Aydınlıq", "Əliqulu evlənir", "Rəqs müəllimi", "Dağılan tifaq", "Çiçəklənən arzular", "Müfəttiş", "Mehmanxana sahibəsi", "Prokurorun qızı", "Yağışdan çıxdıq, yağmura düşdük", "Uzaq sahillərdə", "Şadlıq sorağında", "Alov", "Kəndçi qızı", "Canlı meyit", "Xəyyam", "İblis", "İnsan", "Meşşanlar", "Dəli yığıncağı" əsərlərinə səhnə quruluşu verib. Opera və Balet Teatrında isə o, "Sevil", "Lakme", "Azad", "Leyli və Məcnun", "Koroğlu", "Toska" operalarına quruluş verib. Rus Dram Teatrında Mehdi Məmmədov "Həyatın dibində", "Mənim Nadejdalarım" dramlarını səhnələşdirib.
Mehdi Məmmədov 1942-1945-ci illərdə Gəncə Dövlət Dram Teatrında, 1956-1960-cı illərdə Opera və Balet Teatrında, 1960-1963-cü illərdə Akademik Milli Dram Teatrında, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında  rejissor kimi fəaliyyət göstərib. Araşdırıcıların yazdıqlarına görə, Mehdi Məmmədov rejissor kimi ən çox Akademik Milli Dram Teatrında tamaşalara quruluşlar verib.
Müəllimlik onun fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutub. Sənətşünaslıq doktoru Mehdi Məmmədovun "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitabları nəşr edilib.
O, teatr sənətində ilk addımlarını aktyor kimi atıb. İşçi teatrında "Yanğın"da Gənc aqronom, "Kölgə"də Bəxtiyar, Teatr Məktəbində "Qaçaqlar"da Karl Moor, "Almaz"da Hacı Əhməd, Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda "Günəş övladları"nda Evstiqneyko, "Günahsız müqəssirlər"də Neznamov rollarını ifa edib. 
Mehdi Məmmədov aktyorluq fəaliyyətini kino sənətində və Radio teatrında da davam etdirib. O, "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilib. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib. 
Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov 1949-cu ildə respublikanın Əməkdar incəsənət xadimi, 1958-ci ildə Azərbaycan SSRİ Xalq artisti, 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. 1984-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə Azərbaycan Dövlət mükafatı alıb. "Oktyabr inqilabı" ordeni, iki dəfə "Qırmızı əmək bayrağı ordeni ilə təltif edilib.
Fəal teatrşünas olan Mehdi Məmmədov 1971-1976-cı illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimlərı İttifaqı) sədri seçilib. Alimin "Rejissor sənəti", "Həyat və sənət yollarında" kimi elmi kitabları dəyərli dərsliklərdir.
Mehdi Məmmədov dövrünün məşhur sənətkarlarından olub. O, yalnız istedadı ilə deyil, həm də yaraşığı ilə seçilib, sevilib. Teatrşünas Aydın Talıbzadə "Mehdi müəmması və ya sənətdə konseptual Hamletizm" adlı kitabında yazır: "...Və qızlar-qadınlar onun qamətinə, görkəminə, Hamletsayağı ədalarına, filosof görünüşünə, səsinin ecazkar tembrinə vurulub Mehdini necə ki, fanatları müasir "ulduzları"n hər addımını izləyir, bax eləcə izləyirdilər. Hətta öz şəxsi hesablarına bilet alıb onun ezamiyyətə getdiyi şəhərlərə yollanırdılar... Təki öz qəhrəmanlarına yaxın olsunlar, onunla təmasda olsunlar... Mehdi maqnit kimi qadınları özünə cəzb eləyirdi: ancaq bunun üçün məxsusi şəkildə heç bir səy göstərmirdi; hərçənd dəblə və səliqəli geyinməyindən də qalmırdı".
Mehdi Məmmədov aktrisalar Barat Şəkinskaya, Şəfiqə Məmmədova ilə evli olub. Barat Şəkinskaya ilə evliliyindən dünyaya gələn böyük oğlu Elçin Məmmədov məşhur teatr rəssamı idi. Digər oğlu Ülvi Mehdi (anası Şəfiqə Məmmədova) aktyor, kinoşünasdır. 1983-cü ildə altmış beş yaşlı Mehdi Məmmədov özündən xeyli cavan olan qadınla ailə qurub. Onların Vüqar adlı oğlu dünyaya gəlib. Vüqar Məmmədov rejissordur.
Mehdi Məmmədov 1985-ci il yanvarın 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

19:24
26 Aprel

Bu gün IX sinif şagirdləri imtahan veriblər

16:36
26 Aprel

Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir

16:26
26 Aprel

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq

16:23
26 Aprel

Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib

16:13
26 Aprel

“Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına

15:47
26 Aprel

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

14:30
26 Aprel

“The Times” qəzeti: Hörmüz boğazında 600-dən çox gəmi qalıb

14:27
26 Aprel

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

12:38
26 Aprel

Prezident İlham Əliyev: Vaşinqtonda baş verən atışma məni dərindən sarsıtdı

11:01
26 Aprel

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

10:33
26 Aprel

Bəşəriyyətin sağalmayan yarası: Çernobıl faciəsindən 40 il keçir

09:35
26 Aprel

ABŞ-də şam yeməyində atışma törədən şəxsin kimliyi məlum olub YENİLƏNİB 

08:54
26 Aprel

Bu gün 55 mindən çox IX sinif şagirdi imtahan verəcək

08:52
26 Aprel

Sevastopola dron hücumu: ölən və yaralananlar var

08:49
26 Aprel

Avropa Azərbaycan Mərkəzi Nyu-York merinin əsassız açıqlaması ilə bağlı bəyanat yayıb

08:48
26 Aprel

İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

08:46
26 Aprel

Türkiyə Prezidenti Çanaqqala qəhrəmanlarını yad edib

23:03
25 Aprel

Daha bir güləşçimiz Avropa çempionu olub

22:53
25 Aprel

Netanyahu “Hizbullah” hədəflərinə kütləvi zərbələr endirməyi əmr edib

22:45
25 Aprel

Premyer Liqa: “Qəbələ” evdə “Araz-Naxçıvan”la heç-heçə edib

21:02
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!