20 Avqust 2023 09:15
4022
Mədəniyyət
A- A+

Sənətə və sənətkara qayğı nümunəs

 

Prezident İlham Əliyev tərəfindən milli mədəniyyətimizin inkişaf strategiyası uğurla həyata keçirilir

 

Bəşər mədəniyyətinə incilər qazandıran, özünü orada ifadə edən hər bir ölkə zəngin sərvətləri ilə birgə yüksəlir və inkişaf edir. Mədəniyyət ona dəstək verən hər bir topluma əbədiyyət qazandırır. Tarix boyunca onun yeni nailiyyətlərinə yol açır. Bu reallığı düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın mədəni irsinin dünyada təbliği istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə daha çox üstünlük verir.

Ölkə rəhbəri cəmiyyət həyatının bütün əhəmiyyətli istiqamətləri kimi, mədəniyyət sahəsində də aydın, məqsədyönlü siyasət yürüdür. Milli irsin qorunması, inkişafı, dünyada təbliği, Azərbaycanın dövlət maraqlarının təmin olunması üçün müasir dövrün güclü təsir vasitələrindən olan mədəniyyət diplomatiyasının imkanlarından istifadə, zəngin mədəni ənənələrə əsaslanan yeni inkişaf meyillərinin formalaşmasına dəstək bu siyasətdə mühüm yer tutur. Prezident 
İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, biz bu məsələlərə daha geniş kontekstdən baxmalıyıq: "Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz".
Bu, təkcə milli mədəniyyətimizə deyil, ölkəmizin iqtisadi, siyasi yüksəlişinin, beynəlxalq mövqeyinin təməl prinsipi olan mədəni-mənəvi dəyərlərimizin işığında xalqımızın, cəmiyyətimizin gələcəyinə uzaqgörən bir baxışdır.
Milli mədəniyyətimizin inkişafında özünəməxsus xidmətləri olan sənət adamlarının dəyərləndirilməsi, onlara ən yüksək səviyyədə dövlət qayğısı Prezident İlham Əliyevin mədəniyyət siyasətinin əsas səciyyəvi xüsusiyyətlərindəndir. Dövlət rəhbərimizin həyata keçirdiyi mədəniyyət siyasəti cəmiyyətimiz tərəfindən həm dəstəklənir, təqdir edilir, həm də ölkəmizin bu günü və gələcəyi üçün böyük faydalar yaradır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin son aylarda görkəmli sənət adamları ilə bağlı imzaladığı müvafiq sərəncamlar ictimai rəğbətlə qarşılanır. 
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə son aylarda görkəmli dirijor Rauf Abdullayev "Heydər Əliyev mükafatı", Xalq yazıçısı Elçin Əfəndiyev və sevilən aktyor Ramiz Məlik "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", tanınmış kino xadimi Oqtay Mirqasımov, müqtədir aktyor Rasim Balayev "İstiqlal" ordeni, Xalq yazıçısı Mövlud Süleymanlı "Şərəf" ordeni, təkrarsız ifaları ilə qəlblərdə daimi yer tutan Akif İslamzadə "Şöhrət" ordeni ilə təltif olunublar. 
Həm sənəti ilə könülləri fəth etmiş görkəmli opera müğənnisi, həm də unudulmaz Müslüm Maqomayevin yadigarı gözündə gördüyümüz Tamara Sinyavskayanın Azərbaycan mədəniyyətinin təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti də "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə qiymətləndirilib. Eləcə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Qusman "Şərəf" ordeninə layiq görülüb. 
Bütün bunlar mədəniyyətə həssas münasibətin, bu sahənin dövlət və cəmiyyət həyatındakı roluna verilən önəmin, sənət adamlarına diqqət və qayğının təzahürüdür. Tarixboyu böyük dövlət adamlarının qüdrəti həm də onların milli-mənəvi dəyərlərə, mədəni irsə münasibəti əsasında müəyyənləşib. Milli mədəniyyətin və bu vasitə ilə ümumən bəşər mədəniyyətinin inkişafına yol açan dövlət rəhbərlərini tarix həmişə sonsuz rəğbət hissi ilə xatırlayıb və hər zaman da xatırlayacaq. Çünki insanın bu dünyadakı əsas missiyası məhz mədəniyyət yaratmaq, onu nəsillərdən-nəsillərə ötürməkdir. 

 

Sənət əbədidir

Zaman dəyişir, hər yeni dövr inkişaf reallıqları üzərində öz əlavələrni və düzəlişlərini edir. Dialektikanın əsas inkişaf qanunauyğunluqlarına əsasən bir nəsil özündən əvvəlkinin yaratdıqları üzərində ondan daha mükəmməlini ərsəyə gətirməyə çalışır. Əsl sənət və mədəniyyət isə əbədi qalır. Özündən sonrakı dövrlərin həyat gerçəkliklərinə də bələdçilik edir. 
Digər tərəfdən bazar iqtisadiyyatının, biznes yanaşmasının getdikcə insanların həyatına daha çox hakim olduğu, ciddi bir dəyəri, mənəvi-tərbiyəvi keyfiyyəti olmayan kütləvi mədəniyyətin əsl sənəti getdikcə küncə sıxışdırmağa başladığı müasir dünyamızda dövlət rəhbərlərinin qalıcı mədəniyyətə, məşhur sənət adamlarına bu cür diqqət və qayğısı xüsusilə önəmlidir. Prezident İlham Əliyev bu sahədə bir çox siyasi liderə nümunə göstərir. Dövlətimizin rəhbəri əslində müasir dünyada sənətə, sənətkara münasibətin necə müəyyənləşməli olmasının meyarlarını yaradır. Qloballaşmanın milli mədəniyyətlərə, xalqların mənəvi dəyərlərinə qarşı böyük təhdidlər yaratdığı indiki çağımızda onları yaşatmaq və gələcəyə ötürmək üçün addımlar atır. 
Ötən il dünyaşöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin Bakıda abidəsinin açılışı və 80 illik yubiley tədbirləri keçirildi. Yubiley tədbirində Prezident İlham Əliyevin şəxsən iştirakı, Müslüm Maqomayev haqqında xoş xatirələrini bölüşməsi mədəniyyətə hörmətin, diqqət və qayğının, səsimizi, sözümüzü dünyaya yetirən sənət adamlarına verilən dəyərin ifadəsi kimi yaddaşlara yazıldı. Müslüm Maqomayev xalqımızın adını hər zaman qürurla andığı böyük azərbaycanlılardandır. Prezident İlham Əliyev abidənin açılış mərasimindəki çıxışı zamanı Müslüm Maqomayevin sənət uğurunu təcəssüm etdirən iki faktı xüsusi xatırlatdı. Hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə artıq Sovet İttifaqının Xalq artisti idi. 
Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri müstəqillik dövründə də hər zaman yüksək qiymətləndirilmiş, o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdu. 
Bir mühüm faktı da qeyd edək ki, mədəniyyət sahəsində görülən işlər, atılan məqsədyönlü addımlar ölkəmizə mədəniyyət diplomatiyası istiqamətində də böyük uğurlar qazandırmaqdadır. Son onilliklərdə mədəniyyət diplomatiyası anlayışından tez-tez istifadə edilir. Bu, insanlar arasında qarşılıqlı anlaşma yaratmaq məqsədilə mədəniyyət və incəsənətin gücündən istifadədir. Azərbaycan beynəlxalq aləmdə zəngin potensiala və yüksək mədəniyyətə malik ölkə kimi nüfuz qazanıb, qısa müddətdə ümumdünya mədəniyyət diplomatiyası cərəyanına fəal şəkildə qoşularaq, özünü mədəni mübadiləyə, xalqların mənəvi yaxınlığına açıq, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və qorunmasına qadir dövlət kimi tanıtmağı bacarıb, bu istiqamətdə ciddi nəticələr qazanıb. Xalqımızın milli-mənəvi dəyərlərinin dünyada təbliği, mədəni və humanitar əlaqələrimizin genişlənməsi, əsrlər boyu bəşər mədəniyyətinə nadir töhfələr vermiş şəxsiyyətlərimizin müasir dünyaya təqdimatı Azərbaycanın xarici siyasət kursunun mühüm istiqamətidir.
Bu il Azərbaycan peşəkar milli teatrının 150 yaşa gəlib çatması əlamətdar tarixi hadisə kimi qeyd olundu. 1873-cü ildə bu xalqın ən öndə gedən, fədakar ziyalıları tərəfindən əsası qoyulmuş Azərbaycan teatrı xalqımızın misilsiz mədəni sərvətidir. Bu sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan Prezidentinin mədəniyyət siyasətində xüsusi yer tutur. Dövlət başçısı teatr sənətinin ölkəmizin ictimai-mədəni həyatındakı fəal rolunu hər zaman yüksək dəyərləndirir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz imkanlarından istifadə zərurətini aktuallaşdırır. Ölkə rəhbərinin Azərbaycan teatrının inkişafı yönündə apardığı işlər konkret bir istiqamətlə məhdudlaşmır. Bu proses ardıcıl, davamlı və məqsədyönlüdür. Prezidentin cəmiyyət həyatının digər sferaları kimi, bu sahədə də verdiyi strateji qərarların məqsədi Azərbaycan teatrının layiq olduğu mövqeyə yüksəlməsinə, qloballaşan dünya teatr məkanına inteqrasiyasına dəstək olmaqdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" 3 fevral 2023-cü il tarixli sərəncamı bu əhəmiyyətli milli dəyərimizə verilən qiymətin ifadəsi kimi böyük rəğbət doğurur. Sərəncamda oxuyuruq: "Dramaturgiyamızın tarixinin hər bir inkişaf mərhələsində Azərbaycan teatrı orijinal aktyor məktəbi ilə əlamətdar olmuş, yüksək səhnə mədəniyyətinə malik sənətkarlar və istedadlı rejissorlar nəsli yetişdirmişdir. Ölkəmizdə bütünlüklə milli dəyərlər zəminində dolğun fəaliyyəti üçün geniş inkişaf perspektivləri açılan teatrlar şəbəkəsi vardır".
Müstəqillik bərpa edildikdən sonra teatrımız tarixi ənənələrə söykənərək dövrün ruhuna uyğun milli zəmində inkişaf üçün yeni imkanlar qazandı. Ölkəmizdə teatrlar şəbəkəsi daha da inkişaf etdirildi. Azərbaycan teatrlarının dünyaya çıxmaq, onun inkişaf proseslərindən bəhrələnmək imkanları daha da genişləndi. 2013-cü il martın 1-də Azərbaycan Prezidenti "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" sərəncam imzaladı. Həmin ilin iyun ayında yubileylə bağlı təntənəli mərasim keçirildi. Mərasimdə xüsusi qeyd olundu ki, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzağa Əliyev, Sidqi Ruhulla, Fatma Muxtarova, Ülvi Rəcəb, Mustafa Mərdanov, İsmayıl Osmanlı və başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində Azərbaycan teatrı bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə - Avropa və rus klassiklərinin, Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf edib. Bu iki istiqamət ölkə teatrında milliliklə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaradıb. Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə S.Vurğun teatrı, İ.Əfəndiyev teatrı kimi anlayışlar Azərbaycan mədəniyyətinin mühüm hadisələri olub. Üzeyir bəy Şərqdə ilk dəfə olaraq "Arşın mal alan", "O olmasın, bu olsun" kimi klassik operettalar yazaraq onları teatrımızın səhnəsinə gətirib.
Sənətə, sənətkara diqqət və qayğısını heç zaman əsirgəməyən, milli mədəniyyətimizin inkişafı strategiyasını əzmlə həyata keçirərək ictimai şüurun inkişafına mühüm töhfələr verən dövlətimizin rəhbəri İlham Əliyevin sərəncamında da qeyd edildiyi kimi, 150 yaşına çatan Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. 
2023-cü il Azərbaycan kinosunun da 125 illik yubileyi ilə əlamətdar oldu, reallıq, çağırışlar və hədəflər mövzusunda forum keçirildi. Həmin forumda Azərbaycan kino sənətinin üzləşdiyi problemlər, perspektivlər müzakirə edildi, onların həlli yolları, yeni inkişaf istiqamətləri haqqında danışıldı. Hər zaman olduğu kimi, indi də milli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayan Azərbaycan kino sənətinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", ölkə rəhbərinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 1 mart 2019-cu il tarixli sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, Prezident 
İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapıb. 

 

Bizi birləşdirən dəyərlər

İstənilən xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında onun mənəvi dəyərləri mühüm rol oynayır. Həmin dəyərləri şərtləndirən dil, inanc sistemi, adət-ənənələr, mədəni özünəməxsusluqlar onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərir. Azərbaycan Prezidenti dəyərlərimizə milli vəhdətimizin əsas təminatçılarından biri, eyni zamanda xalqın tarixi yaddaşını yaşadan, bu yaddaşı torpağın yaddaşı ilə qovuşduran qırılmaz bir bağ kimi yanaşır. Nəsillər arasındakı əlaqənin əsas elementi kimi qiymətləndirir. 
Prezident İlham Əliyev müasir Azərbaycan gəncliyinin də bu dəyərlərə hörmət ruhunda böyüyüb tərbiyə olunmasına çalışır. Çünki bu dəyərlər ruhunda yetişmək Vətənə sevgidir, keçmişə ehtiram, gələcəyə ümiddir, yaşlı nəslin təmsilçilərinə hörmətdir, onların inamını doğrultmaqdır. Tarixi mirasa sahib çıxıb onu göz bəbəyi kimi qorumaqdır. Qəhrəmanlıqdır, cəsarətdir, əzmkarlıqdır, Vətən uğrunda hər cür fədakarlıqlara hazırlıqdır. Eyni zamanda fərqli mədəniyyətlərə hörmət ruhudur. 
Ölkə rəhbərinin məhz bu dəyərlər ruhunda yetişdirdiyi gənc nəsil 44 günlük Vətən müharibəsində tarixi zəfərimizi qazandı. Qarabağın, Şərqi Zəngəzurun azadlığına nail oldu. Ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu nəslin fəal təmsilçiliyi, yaxından iştirakı ilə bu gün tarixin ən güclü Azərbaycanı qurulur, yeni şərəfli səhifələri yazılır və mədəniyyət istiqaməti bu səhifələrdə yenə də ən aparıcı istiqamət kimi diqqəti cəlb edir. 
Azərbaycan Prezidentinin təşəbbüsü, dəstəyi və bir çoxunda şəxsən özünün iştirakı ilə Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər mədəniyyət tədbirlərinin əsas məqsədlərindən biri də budur. 

 

İstedadlara dəstək

Böyük mədəniyyəti güclü istedada malik insanlar yaradır. İstedad hər nə qədər müstəsna qüvvə olsa belə onun da dəstəyə ehtiyacı var. Diqqət və qayğı görməyən istedadlı insanın parlaması, öz işığını hər zaman qoruyub saxlaması çox çətin olur. Bu, əsasən yaradıcı adamlara aiddir. Amma bütün yaradıcı adamları birləşdirən bir ümumi cəhət var. Onlar istedadlarının dəyərləndirildiyini, ortaya qoyduqları sənət nümunələrinin diqqət çəkdiyini və onlara layiqli qiymət verildiyini duyub hiss etmək istəyirlər. 
Azərbaycan Prezidenti İlham Əliyevin elə son aylarda bu istiqamətdə imzaladığı fərman və sərəncamlar təkcə tanınmış mədəniyyət xadimlərinin əməyinin layiqincə qiymətləndirilməsini əhatə etmir, eyni zamanda ictimai şüurumuzun inkişafında xüsusi rolu olan mədəniyyət məbədlərimizə layiq olduğu qiyməti verir. Cəmiyyət üçün bu cür dəyərlərə aydın münasibət meyarı yaradır. 
24 iyun 2023-cü ildə Azərbaycan Milli Kitabxanasının, 6 iyul 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında sərəncamlar bunun nümunəsidir. 
Ölkəmizdə yetişən gənc istedadlar da dövlət rəhbərimizin diqqətindədir. "Heydər Əliyev adına təqaüd"ün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2023-cü il tarixli sərəncamı gənc istedadların dəstəklənməsi, motivasiya edilməsi məqsədini daşıyır. Belə bir təqaüdə layiq görülmək yüzlərlə zəkalı gəncimiz üçün gələcəyə açılan qapı, onların həyat yolunun ilk ən böyük uğurlarından biri olacaq. 
Bütün bunlar Azərbaycan dövlətinin nə qədər hərtərəfli inkişaf proqramlarına malik olduğunu, mədəniyyətin, təhsilin, biliyin gücü ilə öz böyük hədəflərinə doğru addım-addım irəlilədiyini göstərir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video