Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl zonada quraşdırılmış ART pavilyonda xalqımıza məxsus qədim sənət nümunələrinin, milli-mədəni irsimizin nümayiş olunduğu sərgi-ekspozisiyalar buranı ziyarət edən yerli və əcnəbi qonaqlar tərəfindən maraqla qarşılanır. Şəkinin tanınmış şəbəkə ustası, Əməkdar mədəniyyət işçisi Hüseyn Hacımustafazadənin əl işlərinin sərgiləndiyi guşə də ziyarətçilərin diqqətini cəlb edib.
AZƏRTAC-ın bölgə müxbiri sərgidən qayıdan şəbəkə ustası ilə Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanasında görüşüb, sərgi ilə bağlı təəssüratlarını öyrənib.
Belə mötəbər tədbirə dəvət almağına görə böyür qürur hissi keçirdiyini bildirən Hüseyn usta deyib: “Şəbəkə sənəti ilə 15 yaşımdan məşğulam. Artıq 36 ildir ki, bu sənətdəyəm. İndiyədək dəfələrlə ölkəmizdə keçirilən, eyni zamanda, xaricdə təşkil olunan nüfuzlu beynəlxalq sərgilərdə iştirak etmişəm, mükafatlar almışam. COP29 çərçivəsində təşkil olunan sərgidə iştirakım isə mənim yaradıcılığım üçün xüsusi əhəmiyyət kəsb edir. Sərgiyə tədbirin təşkilatçıları tərəfindən dəvət almışdım. Əl işlərimin sərgilənməsi üçün ART pavilyonda böyük bir guşə ayrılmışdı. Pavilyon çox böyük olduğuna görə sərgiyə Şəkidəki emalatxanamda, həmçinin sərgi salonumda olan bütün şəbəkə nümunələrini aparmışdım. Ümumilikdə, 20-dək əsərim nümayiş olunurdu. Mənə ayrılan üç gün müddətində əl işlərimlə Yaşıl zonanı ziyarət edən yerli və xarici qonaqların demək olar ki, böyük əksəriyyəti tanış oldu. Özümün ixtira etdiyim, müəllifi olduğum kürə şəkilli şəbəkə qonaqların xüsusilə böyük marağına səbəb olurdu. Ziyarətçilərə izah edirdim ki, bu şəbəkə nümunəsi ancaq Azərbaycana, Şəkiyə aiddir”.
Hüseyn usta sərgidə ziyarətçilər üçün ustad dərslər də keçib, onlara şəbəkənin detal və şüşələrinin quraşdırılmasını əyani şəkildə nümayiş etdirib. “Əcnəbi qonaqlar kiçik ölçülü kürə şəkilli şəbəkənin sökülüb yığılmasına böyük maraq göstərir, bu işi özləri etməyə çalışırdılar. Bəzən özüm də kömək edirdim. Ziyarətçilərə şəbəkə sənətinin tarixi barədə məlumat verərək izah edirdim ki, ata-babalarımız bu sənətlə çox qədim zamanlardan məşğul olublar. Xarici qonaqlar şəbəkə sənətinin indiyədək rast gəlmədikləri qeyri-adi bir sənət növü olduğunu söyləyirdilər”.
COP29 çərçivəsində təşkil olunan sərgidə iştirakının yaradıcılığına böyük stimul verdiyini, onu daha da ruhlandırdığını vurğulayan Hüseyn Hacımustafazadə deyib: “Sərgidə bir daha əmin oldum ki, insanların şəbəkə sənətinə böyük marağı var. Ona görə də sənətkar yerində saymamalı, yeni ideyalar, üslublar axtarıb tapmalıdır. Təkrarçılıqdan qaçmaq lazımdır. Hazırda böyük ölçülü şəbəkə əsəri hazırlamağı düşünürəm. Ölçüsü 2x3 metr və ya daha da böyük ola bilər. Yeni əsərimdə klassik şəbəkə elementlərindən istifadə etməməyi düşünürəm. Əsəri özümə məxsus eskizlərlə işləyəcək, öz yaradıcılığımı, zehnimi, düşüncələrimi əks etdirəcəyəm. İstəyirəm ki, növbəti mötəbər sərgilərdə yeni bir işlə iştirak edim. Artıq hazırlıq işlərinə də başlamışam. Böyük ehtimalla, 3-4 aya ərsəyə gətirə biləcəyəm”.